Şənbə, 20 Aprel 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

“Təbiətə qayıdış” fəlsəfəsi: Cənnətə açılan qapı


“Çölçü Klubu”nun rəhbəri: “Siz dünyanın hansısa ölkəsinə öz geyiminiz, düşüncənizlə getsəniz, orada qəbul ediləcəksiniz. Ancaq o ölkələrə bir avropalı kimi getsəniz, maraq çəkməyəcəksiniz. Çünki siz özünüz deyil, onlardan biri olursunuz. Çölçülük bizi özümüzə qaytaran bir düşüncə tərzidir və bizi özümüz olmağa həvəsləndirir”


Bir dostumun sosial şəbəkə üzərindən etdiyi bir paylaşım  “Çölçü Klubu” ilə tanışlığıma və klubun iştirakçısı olmağıma vəsilə oldu. 

Əsasən çölçü deyəndə ağıla gələn ilk fikir təbiət, açıq hava olduğuna görə klubun fəaliyyəti barədə məlumat toplamaq üçün internetə üz tutdum və ağlıma gələn ilk fikrin elə reallığı əks etdirdiyini gördüm. Azərbaycanda bir ilk olaraq qəbul edilən “Çölçü Klubu”nın fəaliyyəti ekstrim və adrenalin sevənlər üçün əvəzolunmaz ola bilər. Təbii ki, klub barədə ətraflı məlumatları az sonra oxuya biləcəyinizə görə, indi klub üzvlərinin dediyi kimi, axına keçim.

photoslide_title

 “Cənnətməkan” Əmbil gölü


Səhər saat 07:48-də Şabran rayonunun Zeyvə kəndinə getmək üçün Bakıdan yola çıxdıq. Bir neçə saatlıq yolçuluqdan sonra Şabrana çatdıq. Əslində Şabran rayonunun bu qədər əsrarəngiz təbiətə malik olduğunu düşünmürdüm. Yolboyu əhatələnən yaşıllıqlar, dağlıq ərazilər insanın ruhunu oxşayır. Elə bu zövqlə gedib çatdıq Şabran rayonunun Zeyvə kəndinə. Öncəliklə qeyd edim ki, bu adda kənd təkcə Şabranda yerləşmir. Şərurda, Goranboyda və bir çox bölgələrimizdə eyniadlı Zeyvə kəndinə rast gələ bilərsiniz. Bizim üz tutduğumuz Zeyvə kəndi isə Qədim Şabran torpağında bir yurd yeri olub. Sıx meşələrlə əhatə olunan bu ucqar dağ kəndi rayon mərkəzindən təxmini 30-35 km uzaqlıqda yerləşir. Kəndin əhalisi əsasən  tatlardan ibarətdir. Bəzi araşdırmaçılara görə, Zeyvə sözünün mənası “bucaq, güşə, künc” deməkdir. Və kəndin ucqar ərazidə yerləşməsini də elə bununla bağlayırlar. 

Həmçinin kənddən Zeyvə adlı çay da keçir. Bununla yanaşı, kənddə çoxlu sayda bulaq və şəlalələr var. Kənddən bir qədər aralıda isə Səməd bulağı və Əmbil gölü yerləşir. Bizim məqsədimiz isə Əmbil gölünə çatmaqdır. Ancaq kənd ərazisində müəyyən yerdən sonra yolların əlverişsiz olması  dağ maşınlarından istifadənin vacibliyinə əsas verir. Elə biz də dağ maşını vasitəsilə gəlib çatdıq Səməd bulağına. İsti havada buz kimi bulaq suyunun necə ləzzət etdiyini söyləməyə yəqin ki, ehtiyac yoxdur. 5-10 dəqiqəlik fasilədən sonra Əmbil gölünə getməyə başladıq. Təbii ki, dağ maşını burada artıq işə yaramır. Ona görə də sıx meşəlikdən keçmək üçün necə deyərlər, öz gücünə güvənməlisən. Sıx meşəlikdə irəlilədikcə ekstrim hallarla yanaşı, yorğunluq da artıq özünü göstərməyə başlayır. Əgər sizdə aşağı təzyiq problemi varsa, yüksəkliyə qalxdıqca yüngül başağrısı, qulaqlarınızda tutulma kimi hallarla üzləşə bilərsiniz. Yüksəklikdən asılı olaraq nəfəs almağın çətinləşməsi isə hər kəs üçün keçərlidir. Yorucu və eyni zamanda zövqlü qətetmədən sonra, nəhayət, Əmbil gölünə çatdıq. 

photoslide_title

Azərbaycanın ən gözəl 10 gölündən biri də Əmbil gölü hesab olunur. Deyilənə görə,  gölün adı ərəb dilindəki “əm” (camaat, icma), tat dilindəki “bil” (bataqlıq) sözlərindən əmələ gəlib və icma, camaat gölü mənasını verir. Əmbil gölünə hansı mənbədən suyun gəlməsi məlum deyil. Ancaq hesab edirlər ki, gölün dərinliklərində bulaq qaynayır və gölün suyunun duru olması da bununla bağlıdır. Gölün gözəlliyi görəndən sonra bütün yorğunluqlarını unutmağa başlayırsan və bununla yanaşı, “hər şeyə dəyərmiş” düşüncəsində olursan. 

Təbii ki, texnologiyanı da özümüzlə ora aparmışdıq. O gözəlliyi çəkməmək ən azından günah olardı. Onu da qeyd edim ki, gölün ətrafını çirkləndirənlər fiziki və hüquqi şəxs qismində inzibati qaydada 700 manatdan 8500 manatadək cərimə edilirlər. Yəni, nə zamansa Əmbil gölünə getmək istəsəniz, ətraf mühitinin təmizliyinə riayət etməlisiniz. 

photoslide_title

İrəliləyən dəqiqələrdə qidalanma və rahatlıq tam təmin olunandan sonra “Çölçü Klubu”nun təlimçisi, “Çölçü Klubu” televiziya layihəsinin aparıcısı Azər Kazımlı ocaqların qalanması və  növləri barədə iştirakçılara maraqlı və maarrifləndirici məlumatlar verdi. Daha sonra isə peşəkar türk oxculuğu təlimçisi, çölçü Durmuş Güneş türk oxculuğunun tarixi barədə iştirakçılara ətraflı  məlumat verməklə yanaşı, oxatmanın qaydasını  əyani  şəkildə bizlərə göstərdi. Ümumilikdə, axın çərçivəsində iştirakçılar həyatda qalma üsulları ilə təlimatlandırıldılar, motivasiya təlimləri və indiyə kimi tanış olmadığımız bir sıra  fərqli oyunlar keçirildi.

Etiraf etməliyəm ki, gündəlik stress və gərginlikdən uzaqlaşmağınız üçün ay ərzində azı bir dəfə də olsa bu cür gəzintilərdə iştirak etməyiniz məqsədəuyğundur. Bizə belə maraqlı və yaddaqalan gün yaşatdıqlarına görə iştirakçılar adından “Çölçü Klubu”nun idarə heyətinə təşəkkür edirəm.

photoslide_title





















Çölçülük və yaxud “təbiətə qayıdış” fəlsəfəsi

Eltən Qədimbəyli: “Çölçülük müasirlik və milliliyi özündə sintez edən bir düşüncə tərzidir”.


İndi isə klub barədə ətraflı məlumat almağınız üçün PİA. AZ-ın əməkdaşının “Çölçü Klubu”nun rəhbəri Eltən Qədimbəyli ilə olan müsahibəsini oxucularımıza təqdim edirik:

- Eltən bəy, “Çölçü yaşam öyüdləri” axını nədir ? Və “Çölçü Klubu” layihəsini həyata keçirməyinizin hansısa özəl bir səbəbi varmı?

- Ümumiyyətlə, çölçülük alternativ bir mədəniyyətdir, həyat tərzidir, həyat fəlsəfəsidir. Bizim fəlsəfəmizdə çölçülər öz dillərində danışmağa daha çox üstünlük verirlər. Ümumiyyətlə, çölçülük dünyada “bushcraft” kimi tanınır. Əgər siz “Survivor” verilişlərinə baxmısınızsa, orada həyatda qalan insanlar barədə də məlumatlar var. Əslində bu gün dünyada “təbiətə qayıdış” fəlsəfəsi çox geniş yer alır. Çölçü də öz keçmişindən və mədəni irsindən ilham alaraq bu cür axınlara qoşulur. Yəni, çölçülük müasirlik və milliliyi özündə sintez edən bir düşüncə tərzidir. Eyni zamanda axının yaranma səbəbi bizim özümüz olmağımızdan yaranan istəyə bağlıdır. Biz fikirləşirik ki, bu gün Azərbaycanda gənclər arasında bir əziklik kompleksi var. Onlar daim öz mədəniyyətlərini digər ölkələrin mədəniyyətlərindən daha aşağı hesab edirlər. 

Bu kompleksin yaranma səbəblərindən biri gənclərimizin öz milli düşüncələrinə, fəlsəfələrinə, ideologiyalarına çox az  bələd olmaqlarıdır. Biz gəncləri maarrifləndirmək, milli duyğuları formalaşdırmaq, müasirliyi və milliliyi sintez edib yeni düşüncə tərzinin yaranması üçün çalışırıq. Yəni, siz dünyanın hansısa ölkəsinə öz geyiminiz, düşüncənizlə getsəniz, orada qəbul ediləcəksiniz. Ancaq o ölkələrə bir avropalı kimi getsəniz, maraq çəkməyəcəksiniz. Çünki siz özünüz deyil, onlardan biri olursunuz. Çölçülük bizi özümüzə qaytaran bir düşüncə tərzidir və bizi özümüz olmağa həvəsləndirir. 

- Çölçülük axını yeni düşüncə tərzi ilə yanaşı, insanlara daha nələr verə bilər?

- Biz effekt üçün çalışmırıq və belə deyim, konkret nəticə gözləmirik. Biz öz yolumuzla gedirik. Biz effektdən çox, özümüzün doğru bildiklərimizi edirik. Bizim üçün toplumun fikri o qədər də vacib deyil. Əsas odur ki, biz qarşımıza qoyduğumuz məqsədə doğru hərəkət edirik. Yəni, bizi öz fikirlərimiz başqa fikirlərindən daha çox maraqlandırır. Hesab edirəm ki, bu gün müəyyən qədər öz məqsədimizə nail olmuşuq. Bu gün “Çölçü” deyəndə  insanlar fərqli bir düşüncə sahibi olduğumuzu bilirlər və fərqli münasibət göstərirlər. Bizi dəstəkləyən ziyalılarımız çoxdur. Biz mütəmadi olaraq mətbuatda da müəyyən insanların bizimlə bağlı fikirlərini paylaşırıq. Biz hələ ki ilkin addımlarımızı atırıq. Çünki 2 yaşımız heç yoxdur. Bizim fikrimiz hələ ki körpə fikirdir, amma gələcəkdə bunun güclənəciyinə ümid edirəm. 

photoslide_title

Eltən Qədimbəyli: “Çölçülük bizi özümüzə qaytaran bir düşüncə tərzidir və bizi özümüz olmağa həvəsləndirir”. 


- Gənclər arasında bu axına maraq hansı səviyyədədir?

- Bizim klubumuza üzv olmaq bir az çətindir. Bizim axınlarımıza qatılmaq olar, amma üzvlük məsələsində çox həssas davranırıq. Çünki çölçü üçün qoyduğumuz standartlar həddən artıq yüksəkdir. Klubumuzun üzvləri var, amma biz yeni üzv qəbul etmədən öncə 7 axına qatılmasının tərəfdarıyıq. Bu 7 axın boyunca sərgilədiyi danışıq, davranış, digər insanlarla münasibət qurmaq bacarığı, vətənə və millətə münasibətinin səviyyəsini müşahidə edirik. Biz əsasən vətənini və millətini sevən insanlara üstünlük veririk. Eyni zamanda yaradıcı və işgüzar gənclər standartlarımıza daxil olan amillərdən biridir. Siz “Çölçülər” arasında bekar və avara adam görə bilməzsiniz. Bura gələn insanların yaradıcı insan olmalarına xüsusilə diqqət edirik. Çünki maraqsız adamla yola çıxmağın özü belə maraqsızdır. Əgər siz bir insandan hansısa bir yenilik öyrənmirsinizsə, o insana vaxtınızı boş yerə sərf etməməlisiniz. Çölçü fəlsəfəsinə görə, insan üçün ən önəmli nüans zaman, vicdan və sağlıqdır. Bu üç amili heç bir kapitalla geri gətirə bilməzsiniz. Bu amillər çox dəyərlidir. 

- İştirakçılar üçün bir çox oyunlar təklif etdiniz və bəzi oyunların keçmişə dayandığını söylədiniz. Bəs, öz axınınızın yaratdığı oyunlar varmı?

- Xeyir, bizim yaratdığımız oyunlar yoxdur. Ümumiyyətlə, çölçü yeni heç nə öyrətmir. Biz sadəcə unudulmuşları xatırladırıq və müasirliklə sintez edirik. Biz dünya oyunları içərisində bizə maraqlı olan oyunları seçirik və eyni zamanda tariximizdə olan qədim xalq oyunlarını araşdırırıq. Nəticədə bu gün oynanıla biləcək oyunları seçirik. Biz seçdiyimiz oyunlarımızla diqqət, məntiq, fizik və s. bağlı  bir çox fərqli təlimlər keçirik. Bu cür təlimlərlə gənclər istər-istəməz faydalanırlar. 

Məsələn, bəziləri gedib sonradan bunu təkrar edəcəklər. Həmçinin həyatda qalma ilə bağlı müəyyən təlimlər veririk. Məlumdur ki, biz müharibə şəraitində yaşayırıq. Buradakı bir çox gənclərimiz əsgər gedəcəklər. Deyək ki, onlar meşə şəraitinə düşdülər və ocaq qalaya bilmirlər. Ona görə də biz çalışırıq ki, təlimlərimizi daha da mükəmməlləşdirək, gələcəkdə nəzərdə tutulan təlimlərimiz üçün  Türkiyə, Rusiya və başqa xarici dövlətlərdən də həyatda qalma təlimçilərini gətirək. 

Eltən Qədimbəyli: “Siz “Çölçülər” arasında bekar və avara adam görə bilməzsiniz. Bura gələn insanların yaradıcı insan olmalarına xüsusilə diqqət edirik”.


- Professional səviyyəyə çatandan sonra beynəlxalq aləmə açılmaq kimi hədəfləriniz var?

- Bizim hal-hazırda yaxın qonşu ölkələrimizlə əlaqələrimiz var. Məsələn, Kosovada “Çölçülük Klubu”nun filialı var. Həmçinin bir çox universitetlərlə danışıqlar aparırıq və “Çölçülük Klubu”nin filialını orada da yaratmaq istəyirik. Eyni zamanda Kütahyada filialımız açılması üzrə danışıqlar gedirik. Dünyanın bir çox “bushcraft”ları ilə əlaqələrimiz var və biz təmaslarımızı sürdürürük. Klub istədiyimiz səviyyəyə çatandan sonra müəyyən beynəlxalq layihələr həyata keçirməyi planlayırıq.

Gülşən ŞƏRİF
pia.az

photoslide_title
photoslide_title
photoslide_title
photoslide_title
photoslide_title
photoslide_title
photoslide_title
photoslide_title
photoslide_title
photoslide_title
photoslide_title
Etiket:
loading...