Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ artıq dünyaya demokratiya deyil, xaos dağıdır


Formalaşan 21-ci əsr və «Böyük Qaz Savaşı» - II Yazı


ABŞ şist qazı vasitəsi ilə Rusiyanı çökdürür

Avropanın qaz bazarı uğrunda böyük savaşda Rusiyanın əsas konkurenti heç də Azərbaycan, İran, İraq və yaxud da Türkmənistan deyil. Faktiki olaraq «Böyük Qaz Savaşı»nda vuruşan iki tərəf mövcuddur və Rusiyanın qarşısına aldığı tərəf məhz bu bazarı ələ keçirmək istəyən ABŞ və AB özüdür. 

Söhbət təbii ki, şist qazından (slants) gedir. Məlumdur ki, şist qazı yataqları dünyanın hər yerində var. Ən böyük şist qazı yataqları isə hazırda ABŞAvropa ölkələrində (Almaniya, Avstriya, İngiltərə, İsveç, Macarıstan, Polşa və Ukraynada ) mövcuddur. Bu qazın əleyhdarları həm şist qazının maya dəyərinin baha başa gəlməsini, həm ekologiyaya ziyan vurulması faktorunu irəli sürürlər. Əslində isə maye qazın istehsalının qarşısının alınması bir çox iri transmilli neft-qaz şirkətlərinin mənafelərinə uyğun olub. Amma indi dünyanın geosiyasi vəziyyətinin dəyişdiyi bu günlərdə artıq bu mənafelər arxa planda qalıb.

Hər şeydən əvvəl şist qazın maya dəyərinin daha baha olması indiki enerji qiymtələri ilə müqayisədə mifə çevrilib. Müqayisə üçün qeyd edək ki, Rusiyada min kubmetr qazın maya dəyəri 50 dollardan aşağı başa gəlir. Amma Rusiya qazı Avropa ölkələrinə ortalama 380-400 dollara satır. Avropa dövlətləri arasında ən ucuz Rusiya qazını Almaniya və İngiltərə alır. (təqribən 350 dollar) Rus qazını isə ən baha alan ölkələr arasında Balkan ölkələri gəlir. (Misal üçün Makedoniya min kubmetr üçün 563 dollar ödəyir). Brüsseldə keçirilən ağır danışıqlardan sonra isə, Rusiya Ukraynaya qazı 378 dollara satmağa razılıq verdi. 

Göründyüyü kimi mavi yanacağın maya dəyəri ilə satış qiyməti arasında fərq həddindən artıq yüksəkdir və bu da təbii ki, AB ölkələrini narazı salmaya bilməz. Müqayisə üçün bildirək ki, şist qazın maya dəyəri təqribən 150 dollardır. ABŞ bu qazı Alyaskadan Avropaya demək olar ki, rusların təyin etdikləri qiymətdən daha aşağı qiymətə nəql etməyə hazırdır. Digər tərəfdən artıq ekoloqlarda şist qazının istehsalı zamanı ciddi ekoloji problemlərin yaranmayacağını bildirirlər ki, bu da Avropada şist qazın istehsalına başlamaq üçün imkanlar yaradır. Yəni faktiki olaraq 5 ildən sonra Avropanın təbii qaza olan ehtiyacı minimuma enəcək ki, bu da artıq enerji istehsal edən ölkələr üçün ciddi problemə çevrilir.

Əslində bu gün dünya enerji bazarında böyük böhran süni şəkildə yaradılır. Faktiki olaraq dünya bazarında əsas neft və qaz alıcıları olan ABŞ və AB qiymətləri süni şəkildə aşağı salırlar. Hətta OPEK gündəlik hasilatı aşağı salsa belə enerji bazarında qiymətlər aşağı düşməyə davam edəcək. Çünki bunu ABŞ və AB-nin geosiyasi maraqları tələb edir. Bu geosiyasi maraq isə hər şeydən əvvəl Rus İmperiyasının parçalanmasını və imperiyanın nəzarət etdiyi torpaqların xammal sərvətlərinin nəzarətini ələ keçirilməsini tələb edir. 

Kreml can atdığı yeni güc mərkəzini yarada biləcəkmi?

Türkiyədə və bütün Avrasiya xəritəsində yaxşı anlayırlar ki, Rusiyanın tam olaraq sıradan çıxarılması dünyanın geosiyasi xəritəsini tamam dəyişəcək. Avrasiya üzərində Qərbin birmənalı hegemoniyası hökm edəcək və hazırda ABŞ və AB-nin qarşılarına qoyduqları strateji hədəf də məhz budur. Lakin Rusiyanın bir imperiya olaraq ortadan qalxmasının qarşısının alınması nə Türkiyənin, nə də Avrasiyadakı digər regional güclərin qüdrəti daxilində deyil. Hər şeydən əvvəl Rusiyanı dağıdan artıq çürümüş və heç bir şeyə yaramayan sistemidir. Elə buna görə də regional güclər daha çox özlərini Qərb hegemoniyasından qorumağa kilidləniblər. Bu son zamanlar regionda Türkiyənin yürütdyü siyasətdə açıq hiss olunur. 

Rusiyanın imperiya olaraq ortadan qalxması dünyada siyasi-iqtisadi vəziyyəti o qədər dəyişəcək ki, buna hazır olmayanlar sadəcə böyük selin qarşısında məhv ola bilərlər. Elə bu üzdən də Rusiyanın yeni ittifaq yaratmaq cəhdi Çin və Hindistan, həmçinin Türkiyə üçün göydəndüşmə fürsətdir. Onlar bu fürsəti dəyərləndirərək Rusiya ilə bir çox iqtisadi layihələrdə iştirak etməyə çalışacaqlar. Bu gələcəkdə rusların çıxdıqları və yaxud da zəiflədikləri yerlərdə möhkəmlənmək üçün və ən azından ABŞ və AB ilə kartları paylaşa bilmək üçün lazımdır. 

Ona görə də Putinin yeni ittifaq, daha doğrusu Qərbə qarşı yeni güc mərkəzi yaratmaq cəhdi bütün hallarda yəqin ki, iflasa uğrayacaq. Bunu Kremldə də yəqin başa düşürlər. Başa düşürlər ki, Ankaranın, Pekinin, Dehlinin və Tehranın maraqları Qərbə qarşı yeni güc mərkəzinin yaradılması üçün üst-üstə düşmür. Rusiyanın güclənməsi isə regionda onların daha aktiv fəaliyyətlərinə manne olur. Amma Kreml hazırda saman çöpündən yapışmaqdan belə çəkinmir. Bunun üçünsə, təbii ki, əsas alver predmeti olaraq Sibir qazını masaya qoyur. Bu Rusiya üçün ölüm-dirim məsələsidir. Çünki Qərb bazarının üzünə bağlandığı şəraitdə Rusiya üçün ən optimal bazar məhz Hindistan və Çin bazarıdır. Elə Putinin Türkiyədən sonra Hindistana yola düşməsi də, Rusiyanın yeni ittifaqa nə qədər möhtac olduğunun göstəricisidir.

Amma iş orasındadır ki, Rusiya yeni ittifaqı yaratmaq üçün xeyli gecikib. İndi isə seytnota düşdüyü üçün tələm-tələsik Qərb qarşı yeni ittifaq yaratmağa çalışır. Əslində Rusiya yeni ittifaqı qurmaq üçün Yeltsin tərəfindən demokratlar Kremldən qovulduqdan həmən sonra qolları çırmalamalıydı. Rusiya iqtisadiyyatı daha çox Çin, Hindistan, Türkiyə iqtisadiyyatı ilə müxtəlif bağlarla bağlanmalıydı. Bunun əvəzinə isə Putin keçmiş SSRİ-nin coğrafiyasını bərpa etmək kimi, ətrafda olan hər kəsi qorxudan hürküdücü avantüraya baş vurdu. Bu isə Kreml analitiklərinin (Duqin və digərlərinin) imperiya ambitsiyalarına tabe olaraq geosiyasi vəziyyəti düzgün qiymətləndirməmələrinin nəticəsi idi. Ən adi tarixi analiz bir imperiya olaraq Rusiyanın yola davam etməsinin imkansız olduğunu ortaya qoyurdu. Amma Kreml analitikləri bu həqiqəti yaxına qoymadılar və bilərəkdən ambitsiyalarının dalınca yürüməkdə davam etdilər. 

Hazırda Rusiya iqtisadiyyatının ən kiçik təzyiqlərə davam gətirməyərək sürətlə çökməsi də göstərir ki, Rusiya son 20 ildə heç də doğru yol seçməyib. Keçmiş SSRİ-dən ilham alaraq ABŞ-a qarşı «savaş açan» rus siyasətçiləri adi bir həqiqəti unudurlar ki, Rusiyanın bütün iqtisadiyyatı ABŞ-ın Federal Ehtiyat Sisteminin hardasa ancaq 10 faizini təşkil edir. Bu durumda isə Rusiyanın iqtisadi cəhətdən ABŞ-a meydan oxumasını Azərbaycanın, ya da elə Gürcüstanın Rusiyaya meydan oxuması ilə müqayisə etmək olar. Bunu Kremldə oturan siyasətçilər görə bilməsələr də, ayrı-ayrı regional güclər görməkdədirlər. Ona görə də Rusiya ilə strateji ittifaq onlara böyük gələcək vəd etmir. Bu üzdən də Rusiyaya daha çox yaxın olub, onun mirasında pay qoparmaq imkanı əldə etmək daha cəlb edicidir.

Faktiki olaraq Putin 15 il müddətində sovet dönəmindən qalan sistemin islahatı üçün heç bir şey etməyib. Bunun müqabilində isə ötən əsrin 90-cı illərindən fərqli olaraq Avropa Birliynin siyasi sistemində ciddi dəyişikliklər baş verib. ABŞ-da isə müəyyən qədər siyasi sistem təkmilləşdirilib. Əgər Kremlin analitikləri doğurdanda realist olsaydılar, Putinin qarşısına dövlətin həm iqtisadi cəhətdən, həm də siyasi cəhətdən tam olaraq islahat planı qoyardılar və bu Rusiyanı xilas edəcək əsas faktora çevrilə bilərdi. Etiraf etmək lazımdır ki, birinci hakimiyyəti dönəmində Putinin Rusiyada islahatları uğurla həyata keçirmək üçün həm resursları, həm vaxtı, həm də siyasi şərtləri mövcuddu. İndiki şəraitdə isə aparılan hər hansı bir islahat bütün hallarda Putinin hakimiyyətinin sona çatması və Rus imperiyasının bir mənalı olaraq süqutu ilə nəticələnəcək. Bu gün Rusiyada aparılacaq hər hansı bir islahat Qorbaçovun apardığı islahatlardan daha dəhşətli iflas yaradacaq. Ona görə də Putinin yeni ittifaq yaratmaq cəhdləri illuziyadan başqa bir şey deyil.

ABŞ artıq dünyaya demokratiya deyil, xaos dağıdır

Dünya hegemonu olaraq ABŞ-ın geosiyasi maraqları təkcə Rus imperiyasının parçalamaq üzərində formalaşmayıb. Bu gün dünyanın tam hüquqlu supergücü olaraq ABŞ Avropa Birliyini də yanına alaraq Rusiya ilə yanaşı Yaxın və Orta Şərqi, həmçinin Mərkəzi Asiyanı, yəni bütün «Böyük Çölü» tam nəzarətə götürməyi hədəfləyir. Yəni kiçik axsaqlıqlar olmazsa, ABŞ demək olar ki, hədəfinə çatmaq üzrədir və artıq 2000-ci illərin başlanğıcından başlayaraq Vaşinqton dünyaya demokratiya deyil, xaos dağıdır. Bu dünyanı idarə etmək üçün daha asan və daha sərfəli vasitədir.

Nə qədər acınacaqlı olsa da, ABŞ İsrailin də yardımı ilə dünyaya xaosu məhz müsəlmanların əliylə yayır. O yerlərdə ki, ABŞ-ın nəzarət etməsi azacıq da olsa təhlükə altına girir, həmin ərazilərdə radikal islamçılar peyda olur və ABŞ və İsraili özlərinin bir nömrəli düşmənləri elan edirlər. Sonrası isə istər Əfqanıstandan, istər İraqdan, istərsə də Suriyadan oxuculara yaxşı məlumdur. 

Daha əvvəllər amerikan əsgərlərinin həyatını Vyetnamda, İraqda, Əfqanıstanda təhlükə altına atan Pentaqonda indi daha əlverişli üsul tapıblar: fanatik müsəlmanları qurban vermək. 

Bu gün artıq bir çoxları üçün sirr deyil ki, İŞİD bölgədə Türkiyənin artan nüfuzuna, Rusiyanın böyük ambitsiyalarına və İranın «qalın gön» nümayiş etdrməsinin əleyhinə olaraq yaradılıb. İŞİD-in əsas komandirləri və nüvə kadrları Pentaqonun Səudiyyə Ərəbistanındakı düşərgəsində formalaşıb. Bütün muzdlu baş kəsənlər də məhz Səudiyyə Ərəbistanının maliyyəsi ilə Suriyaİraqa toplanılıb. 


Suriya da ərəb inqilabını uğurla başa çatdırmaq mümkün olmadıqda Ağ Evdə elə hesab edirdilər ki, Ərdoğan Əsəd rejimini ortadan qaldırmaq üçün türk ordusunu Suriyaya soxacaq. Bu baş vermədikdə isə bütün dünyada baş kəsənləri toplayıb müsəlman adıyla Suriyaya və İraqa yolladılar. Bunda məqsəd bütün əraziyə xaos yayaraq ərazini nəzarət altında saxlamaqdır. Həmçinin Türkiyə, İranRusiya sərhədlərində xaos yaradaraq onları bu probləmlərlə məşğul etməkdir.

Təqribən iki həftə əvvəl İŞİD qarşı mübarizədən danışan ABŞ-ın dövlət katibi Con Kerri özünü xilafət elan edən bu başıpozuqlara qarşı mübarizəninin 10 ildən artıq sürə biləcəyini bildirdi. Dövlət Katibinin bu gülünc açıqlaması ancaq bir mənada açıqlana bilərdi: Biz İŞİD-i bombalayrıq, amma İŞİD bizə hələ lazımdır.

Gələn il ABŞ ordusunun Əfqanısatandan çıxarılması haqqında qərar isə Orta Asiyada və Yaxın Şərqdə xaosu daha böyüdəcək. Artıq Rusiya bunun fərqindədir. Yəni faktiki olaraq ABŞ Əfqanıstandan çıxmaqla xaosu Orta Asiyadan Rusiya ərazilərinə sıçradacaq ki, bu da Rusiyanı doğurdan ağır vəziyyətə salacaq. ABŞ İraqdan çıxmaqla faktiki olaraq İraqSuriyanı İŞİD-in nəzarətinə verdiyi kimi, Hindistan sərhədlərindən Sibirə qədər olan əraziləri də Taliban və «əl-Qaidə»nin nəzarəti altına verəcək.

Bunula ABŞ hər şeydən əvvəl onun olmadığı yerlərdə xaosun hökm sürdüyünü bütün dünyaya göstərmiş olacaq, həm də öz rəqiblərini rəzil bir şəkildə zəiflədib yox etmək üçün yeni platformalar yaradacaq.

Ardı var…

Azər Qaramanlı
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar