Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ kəşfiyyatının ilk çevriliş əməliyyatı


Generalların ələ alınması, 10 saatlıq döyüş


Mərkəzi Kəşfiyyat İdarəsi Vaşinqtonun dünya ağalığını necə təmin edir?

President George W Bush visits CIA Headquarters, March 20, 2001.

SSPİ-nin dağılmasından sonra öz təsir gücünü bütün dünyaya yaymağa çalışan ABŞ-ın, maneələrlə üzləşdikdə birbaşa hərbi müdaxilədən də çəkinmədiyini biz İraq, Yuqoslaviya, Əfqanıstan kimi ölkələrin timsalında əyani görə bilmişik. Lakin bütün dünyada, o cümlədən də Azərbaycanda inanırlar ki, ABŞ-ın öz təsir gücünü yaymaq üçün istifadə etdiyi populyar metodlardan biri də ona biət etməyən ölkələrdə dövlət çevrilişlərinin təşkil olunmasıdır.

Çağdaş dövrdə Gürcüstanda “Qızılgül” (2003), ardınca Ukraynada “Narıncı” (2004), ərəb coğrafiyasında – Tunis, Misir, Yəmən, Liviyada baş verən qanlı inqilabların arxasında ABŞ kəşfiyyatının durduğuna dair dərin inanc formalaşıb. Hətta deyilənlərə inansaq, İstanbulda “Gəzi parkı” olaylarının, bu günlərdə Yerevanda vüsət alan xalq etirazlarının da təşkilatçısı Amerikadır.

Zaman-zaman ABŞ kəşfiyyatının Azərbaycanda da çevriliş etmək niyyətində olduğu haqda iddia və ittihamlar irəli sürülüb. Belə ittihamları biz çox vaxt hakiyyət təmsilçiləri və dəstəkçilərinin dilindən eşidirik. Bəzi hallarda belə ittihamların rəsmi istintaq materiallarında əks olunduğunun da şahidi olmuşuq.

ABŞ-a qarşı dövlət çevrilişi ittihamlarının ən çox yayıldığı coğrafiyalardan biri də Latın Amerikasıdır. Buranın avtoritar liderləri tez-tez belə sensasion iddialarla çıxış edirlər.

Dünyada baş verən bütün xalq etirazları, inqilablar və hakimiyyət çevrilişlərinin arxasında ABŞ kəşfiyyatının durduğuna inanmaq, əlbəttə ki, qeyri-ciddilik olar. Lakin heç şübhəsiz ki, Latın Amerikasından Asiyaya, Afrikadan Avropayadək, bütün dünyada ABŞ-ın öz düzənini, öz dünyasını qurmağa çalışdığı da təkzibolunmaz faktdır və biz son illərdə belə cəhdlərin nə qədər intensivləşdiyini açıq şəkildə görə bilirik. Xüsusən də zəngin neft ehtiyatları olan region və ölkələrdə ABŞ-ın fəallığı daha aydın nəzərə çarpır. Şübhəsiz ki, Azərbaycan da belə dövlətlərdən biridir.

Tarixdən məlumdur ki, ABŞ-ın ilk dəfə uğurlu dövlət çevrilişi əməliyyatını həyata keçirdiyi ölkə İrandır. Dövrümüzdə cərəyan edən bir sıra qlobal hadisələrlə paralellər aparmaq və müəyyən nəticələr çıxarmaq baxımından əhəmiyyətli olduğunu nəzərə alaraq, 1953-cü ildə İranda Müsəddiq hökumətinin devrilməsi əməliyyatının qısa tarixçəsini təqdim edirik.

***
shah

1948-ci ildə İranda İngilis-İran nefi şirkətinə (İİNŞ) qarşı fəal çıxışlar başlandı. Şirkət hələ 1933-cü ildə konsessiyalarının müddətini daha 60 il uzadaraq, İranın neft sərvətləri üzərində sərəncam vermək hüququnu özündə saxlamışdı.

4 fevral 1949-cu ildə Məhəmməd Rza şah Pəhləviyə təşkil olunmuş sui-qəsddən sonra repressiya dalğası başladı – mütərəqqi qəzetlər qadağan olundu, kütləvi həbslər həyata keçirildi. Amma 1950-ci ildə və 1951-ci ilin əvvəlində İİNŞ-ə qarşı hərəkat güclənməyə başladı, ölkə boyu mitinq dalğaları yayıldı, 1933-cü il müqaviləsinin ləğvi, İİNŞ müəssisələrinin və bütün digər imperialist konsessiyalarının milliləşdirilməsi, demokratik təşkilatların və mətbuatın fəaliyyətinə hüquq verilməsi şüarları altında nümayişlər keçirildi.
Neft sənayesinin milliləşdirilməsi hərəkatına 1949-cu ildə 68 yaşlı Mohəmməd Müsəddiq tərəfindən yaradılmış Milli Cəbhə başçılıq edirdi.

Varlı torpaq mülkiyyətçisi, ixtisasca hüquqşünas olan, İslam hüququ, maliyyə və digər məsələlərə həsr olunmuş bir sıra əsərlərin müəllifi olan Müsəddiq 1921-1924-cü illərdə nazir postlarında çalışmış, sonra uzun illər siyasətdən kənar qalmışdı. M.Müsəddiq tərəfindən yaradılmış Milli Cəbhə, əsasən, milli burjuaziyanın maraqlarını qoruyurdu, amma bu təşkilata İran tərəfindən müstəqil xarici siyasətin yeridilməsini istəyən demokratik qüvvələrin nümayəndələri də daxil idilər. Türkiyəli diplomat və ədəbiyyatçı Yaqub Qədri Qaraosmanoğlu yazmışdı ki, doktor Müsəddiq siyasi səhnəyə qəhrəman və azadlığın, konstitusiyanın müdafiəçisi kimi çıxıb.

1949-cu ildə o, bəyan etdi ki, seçkilər zamanı «öz deputat qrupu ilə birlikdə hiddətləndirici qanunsuzluqla üzləşib» – Müsəddiq bir müddət Tehrandan çıxarılaraq, öz mülkündə yerləşdirilib. Bununla da o, əzabkeş obrazı əldə etmiş və xalq arasında daha böyük nüfuz qazanmışdı. Xalq onun qayıdışını müqəddəs bir təzahür kimi qarşılamışdı.
15 mart 1951-ci ildə İran məclisi neft sənayesinin milliləşdirilməsi haqqında qanun qəbul etdi, 29 aprel 1951-ci ildə isə Müsəddiqin başçılığı altında hökumət formalaşdırıldı. Yeni hökumətin əsas vəzifəsi 15 mart 1951-ci il qanununun həyata keçirilməsindən ibarət oldu.

museddiq

Xarici siyasətdə Müsəddiq əvvəlcə Amerikaya oriyentasiya etdi. Amerikalılar isə neft sənayesinin milliləşdirilməsi hərəkatından ingilislərin mövqeyini laxlatmaq məqsədilə istifadə etməyə və İran neftini ələ keçirməyə cəhd göstərirdi. Amma anti-imperialist hərəkatın miqyası amerikalıları məcbur edirdi ki, Britaniyalılarla birgə hərəkət etsinlər və İrana təzyiq göstərməklə, hökuməti milliləşdirmə haqqında məlum qanunu yerinə yetirməkdən çəkindirsinlər.
Amma Müsəddiq hökuməti ABŞ-ın və Britaniyanın tələblərini qəbul etmədi. 1951-ci ilin oktyabrında hökumət bütün ingilis mütəxəssisləri ölkənin neft mədənlərindən və neft emalı zavodlarından kənarlaşdırdı. İngilislər tərəfindən elan olunmuş blokadaya cavab olaraq, Müsəddiq məcburiyyət qarşısında qalaraq, Sovet İttifaqı ilə ticarət müqaviləsi bağladı və Macarıstan, Polşa və Çexoslavakiya ilə danışıqlara başladı.

Müsəddiqi devirmək istiqamətində imperialist intriqaları (iqtisadi və diplomatik təzyiq, müxtəlif provakasiyalar) və 1952-ci ilin iyulunda Müsəddiqi devirmək cəhdi (hətta o, bir ay ərzində hakimiyyətdən kənarlaşdırıldı) güclü xalq nümayişləri nəticəsində uğursuzluğa düçar oldu. 22 oktyabr 1952-ci ildə Böyük Britaniya ilə diplomatik münasibətlər kəsildi və Britaniyanın bütün nümayəndələri İrandan çıxarıldı.
Eyni zamanda, fəhlə, kəndli və demokratik hərəkatının güclənməsindən qorxan Müsəddiq hökuməti imperialistlərin və İranın mühafizəkar qüvvələrinin hücumlarına qarşı radikal tədbirlər görmədi.

Müsəddiqin rəqibləri isə dünyanın bu bölgəsində siyasi və iqtisadi mövqeyini itirməkdən ehtiyat edərək, yatmamışdı. Əvvəlcə onunla mübarizəyə Mİ-6 ingilis kəşfiyyatı girişdi. Qurumun başçısı Sinkler öz müavini Ceyms İtonun qarşısında amerikalılarla təmasa girmək tapşırığı qoymuşdu. Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) o saat problemin mahiyyətini anladı. Üstəlik də Coul və Allen Dalles qardaşları uzun illər İİNŞ-nin işlərini aparmış «Salliven end Kromvell» vəkil şirkətinin həmkarları idilər.
0017_Ruzvelt-Kim

Ruzvelt-KimÇevriliş hazırlığı ilə ABŞ prezidenti Teodor Ruzveltin nəvəsi, MKİ Orta Şərq şöbəsinin rəhbəri və bu rayonda MKİ-nin baş rezidenti Kermit (Kim) Ruzvelt məşğul olmağa başladı. Milliləşdirmə problemi ilə yanaşı, Ruzvelti çox da böyük olmayan İran kommunist partiyasının fəaliyyəti qəzəbləndirirdi. Onun fikrincə, partiya müsəlman dünyasında kommunist ideyalarının bələdçisinə çevrilə bilərdi.

Kermit Ruzvelt İrana yola düşür və dərhal gizli fəaliyyətə keçir. O, Müsəddiqi əvəzləyəcək namizədin hazırlanması məqsədilə, sonuncunun rəqibləri ilə gizlicə görüşür. Ruzvelt həmin namizədi general Fəzlallah Zahidinin şəxsində tapır. Amma bu seçim ingilislərin narazılığı ilə qarşılanır. Çünki o, hələ 1942-ci ildə almanyönlü mövqeyinə görə, ingilis xüsusi xidmətləri tərəfində görəvdən salınmışdı. Buna baxmayaraq, ingilislər bununla barışmalı oldular, çünki məhz MKİ ümumi layihənin – MKİ-nin «Ayaks» və Mİ-6-nın «Sapoq» əməliyyatlarının həyata keçirilməsi üçün yetərli maliyyə imkanlarına malik idi.

Ruzvelt ingilislərdən xəbərsiz şahla görüşür və bildirir ki, amerikalılar onu taxtda saxlamaq qərarına gəliblər. 1952-ci ilin avqustunda amerikalı general Norman Şvarstkopf (İraqa qarşı Fars körfəzində müttəfiqlərin həyata keçirdiyi «Səhrada tufan» əməliyyatının gələcək baş komandanının atası) İrana gəlir. O, İranda ilk dəfə olmurdu və 1942-1948-ci illərdə İran polisinin yenidən təşkilinə rəhbərlik etmişdi və bu zaman general Zahidi ilə yaxınlaşmışdı. Budəfəki gəlişin səbəbi kimi köhnə dostlarla görüşmək istəyi ortaya atılmışdı (Zahididən başqa o, digər generallarla da görüşmüşdü).

Nəticədə, «Vətənin xilası komitəsi»ndə birləşən bir çox iranlı general və zabitlər amerikalılarla birbaşa əməkdaşlığa getmək qərarına gəldilər. Onların arasında ordunun 2-ci Bürosunun şefi general Müqəddəm və SAVAK-ın gələcək iki direktoru – Teymur Baxtiyar və Nemətulla Nəsiri də var idi.

10 avqust 1953-cü ildə Allen Dalles və ABŞ-ın İrandakı səfiri Loy Henderson Cenevrədə şahın ögey bacısı prinsessa Əşrəflə görüşürlər. Bu enerjili qadın amerikalıların tam dəstək verəcəyini qardaşına çatdırmaq üçün dərhal İrana yola düşür. İsveçrədə olarkən, Dalles İranda dövlət çevrilişinin detallarını dəqiqləşdirir, rolları bölüşdürür və uyğun direktivləri MKİ-ninTehrandakı nümayəndələrinə göndərir.

Dövlət məmurlarının və zabitlərin «satın alınması» üçün MKİ 19 milyon dollar ayırmışdı. General Şvartskopf bu vəsaiti Zahidi tərəfdarları arasında bölüşdürmüşdü.

General Şvartskopf kimi köməkçisi və general Zahidi kimi nökəri olan Kim Ruzvelt özünü bacarıqlı sui-qəsd təşkilatçısı kimi göstərir. Hər şey Hollivud «boyeviki» ruhunda oynanılır və Müsəddiq özünə sadiq ordu hissələrini Tehrana gətirsə də, bir faydası olmur. Çünki o, xalq kütlələrini özünün müdafiəsinə ya cəlb edə bilmir, ya da bunu istəmir.

00022
19 avqust 1953-cü ildə Kim Ruzveltin xeyli böyük agent qrupu gəzəyən artist görkəmində Tehranın mərkəzində səhnəcik oynayır. Sonra səhnəcik mitinqə çevrilir. Sıralarında çoxlu insan olan və MKİ-nin pulu ilə satın alınmış böyük kütlə Müsəddiqin öldürülməsini tələb etməyə başlayır. Tezliklə nizamsızlıq bütün şəhəri bürüyür. Elə bu zaman da general Zahidinin ordusu Tehrana daxil olur.

On saatdan artıq qızğın döyüş gedir. Hökumət qüvvələri məğlub olur. General Zahidi hakimiyyətə gəlir. Müsəddiq həbs edilir (sonradan o, 3 illik həbs cəzası alır, bu müddəti «yatandan» sonra, özünün Əhmədabaddakı mülkündə yaşayır və 1967-ci ildə vəfat edir).

1953-cü ilin dekabrında Zahidi hökuməti Böyük Britaniya ilə diplomatik münasibətləri bərpa edir. 1954-cü ildə Beynəlxalq neft konsorsiumu (BNK) ilə Cənubi İran neftinin işlənməsi hüququ verən razılaşma sənədi imzalayır. 1955-ci ildə isə İran aqressiv Bağdad paktına qoşulur.

İran tarixinin, Müsəddiqin «neft inqilabı» adlandırılan bu mərhələsi belə sona çatır. Amma İran neftini geri qaytarmaq ingilislərə müyəssər olmur. Amerikalılar beynəlxalq konsorsiumda «gözlənilmədən» onların tam hüquqlu həmkarına çevrilir. Çevrilişin baş təşkilatçısı Kermit Ruzvelt də öz payını alır. Kəşfiyyatdan gedən Kim «Qalf oyl korporeyşn»də qulluğa daxil olur, 1960-cı ildə isə bu müəssisənin vitse-prezidenti olur.

Amerika səfirliyi uzun müddət Müsəddiqin devrilməsində iştirakını danır. Amma bu barədə mətbuatda dəfələrlə məlumatlar yayılıb. Yalnız 1963-cü ildə Allen Dalles özünün «Kəşfiyyat incəsənəti» kitabında etiraf edir ki, Müsəddiqə qarşı olan qüvvələrə «kənardan dəstək verilib».

***

İranda bu dövlət çevrilişi əməliyyatını dönəmin ABŞ prezidenti Eyzenhauerin sanksiyalaşdırdığı faktı da sonralar öz təsdiqini tapır. Müsəddiqin devrilməsi ABŞ-ın xarici ölkədə həyata keçirdiyi ilk dövlət çevrilişi kimi tarixə düşür. Lakin bu, hələ başlanğıc idi. Sonralar MKİ hələ çox ölkədə ABŞ-ın maraqlarına zidd gedən hakimiyyətləri taxtdan salacaqdı. Bu əməliyyatların əksəriyyətində isə, 1953-cü ildə İranda olduğu kimi, “biət etməyən” hakimiyyətlərin daxildən parçalanması işinə mühüm əhəmiyyət veriləcəkdi…

Vaqif NƏSİBOV(azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar