Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abbas Abbasova növbəti böyük zərbə

Baş nazirin sabiq birinci müavininin deputat oğlu Aydın Abbasovun Gəncədəki biznes imperiyası tamamilə çökdürüldü; Abbasovlar ölkənin ikinci böyük şəhərinin ticarət sferasından çıxarıldılar


Baş nazirin sabiq birinci müavini Abbas Abbasov və onun deputat oğlu Aydın Abbasova Azərbaycan iqtidarı daha bir zərbə vurub. “Yeni Müsavat”a daxil olan məlumata görə, hələ 2012-ci ilin sonlarında Rusiyadakı azərbaycanlı zənginlərin yaratdığı “Milyarderlər İttifaqı”nın rəhbəri olduqdan sonra rəsmi Bakının təzyiqləri ilə üzləşən A.Abbasovun Azərbaycanda bir sıra biznes layihələri çökdürülüb, onun burdakı yaxın ətrafına ciddi basqılar başlayıb.

Bugünlərdə isə A. Abbasovun Gəncə şəhəri üzrə  37 saylı Nizami seçki dairəsindən deputat olan oğlu Aydın Abbasovun bu şəhərdəki obyektləri əlindən alınıb və biznesi tamamilə sıfırlanıb. Bu barədə əldə etdiyimiz məlumatda iddia olunur ki, iki dəfə Gəncədən deputat mandatı alan Aydın Abbasovun doğulduğu şəhərdə böyük biznes imperiyası var idi. Xəbərdə qeyd olunur ki, onun biznes imperiyasına elektrik avadanlıqlarının, tikinti materiallarının  istehsalı, onların topdan və pərakəndə satış mərkəzləri, tikinti obyektləri, eləcə də atasının Türkiyədəki şirkətlərinin filialları daxil olub. Eyni zamanda deputat Gəncədə fəaliyyət göstərən bir sıra iş adamlarına “krışalıq” edib.

Məlumatda qeyd olunur ki, Aydın Abbasovun Gəncədəki biznesi Eldar Əzizovun bu şəhərə rəhbərlik etdiyi dövrdə çiçəklənib. Çünki bir zamanlar E.Əzizovla Abbas Abbasovun münasibətləri yaxşı olub. Abbas Abbasov zamanında E.Əzizova vəzifə pillələrində irəliləməsində dəstək verib. Həmçinin onun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmasında xidmətləri olub.

Elmar Vəliyevin bu postda E.Əzizovu əvəzləməsindən sonra onun Gəncədəki biznes imperiyası ilk zərbələrini alıb.

Hələ 2011-ci ildə Elmar Vəliyev Aydın Abbasova məxsus olduğu bildirilən və qiyməti 1,5 milyon manat məbləğində dəyərləndirilən özəl mülkü uçurtmuşdu.

Həmin mülk əvvəllər Mədəniyyət və Turizm Nazirliyinin balansında olan mədəniyyət klubu kimi fəaliyyət göstərib. Gəncədə “Yaşıl teatr” kimi tanınan bu klub neçə illərdir yararsız vəziyyətə düşüb və bir müddət öncə Abbasovlar tərəfindən özəlləşdirilmişdi.
O zamandan Abbasovlarla aralarında ciddi problemləri yaranan E.Vəliyev “Milyarder İttifaqı”ndan sonra mərkəzi hakimiyyət tərəfindən A.Abbasova qarşı təzyiqlərin başlamasından istifadə etməyə çalışıb. Tədricən A.Abbasovun Gəncədəki dayaqlarını zəiflədən E.Vəliyev Bakıdan aldığı dəstək sayəsində onun ölkənin ikinci böyük şəhərdəki biznes imperiyasını çökdürməklə Abbasovlara böyük zərbə vurub.

Qeyd edək ki, Abbasovların Gəncədəki biznesinə əsasən ötən ilin martında Gəncə Baş Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunan qohumları Qoca Quliyev və digər yaxınları nəzarət edib. Hələ Q.Quliyevin həbsindən dərhal sonra onun xanımı bu həbsi Abbas Abbasovla qohum olmaları ilə əlaqələndirərək, bunun təzyiq xarakteri daşıdığını bildirdi.
 
Həmin vaxt Aydın Abbasov Q.Quliyevlə qohum olduqlarını təsdiqləyərək onun xanımının bu həbsin Abbasovlarla bağlı olduğuna dair dediklərinə belə reaksiya vermişdi: “O qadının çıxışı bir həyat yoldaşı və ananın müraciəti kimi qəbul edilməlidir”.

Onu da xatırlatmaq yerinə düşər ki, prezident İlham Əliyevin bu ilin yanvarında Gəncəyə səfəri zamanı Aydın Abbasov prezidentin yanında görünmədi. Daha doğrusu, prezidentə yaxın buraxılmadı. Adətən prezidentin səfər etdiyi bölgələrdən mandat alan deputatlar belə səfərlər zamanı İlham Əliyevi müşayiət edirlər.

Abbasovlara qarşı təzyiqlərin ciddiliyi barədə isə hələ aylar öncə baş nazirin keçmiş birinci müavini ilə bir yerdə “Milyarderlər İttifaqı”nda təmsil olunan Rüstəm İbrahimbəyov və Abbas Abbasovun özü həyəcan təbili çalmışdılar. R.İbrahimbəyov müsahibələrinin birində “Abbas Abbasova zülm edirlər” demişdi. A. Abbasov isə təzyiqlər barədə danışarkən onun Bakıya gəlişinə qadağa qoyulmasını təsdiqləyərək belə bir ifadə işlətmişdi: “Mən artıq Azərbaycandan köçmüşəm. Azərbaycana qismət olsa, bir də rəhmətə gedəndə gətirərlər. İzn verərlər, orada dəfn olunaram”.

Bir müddət öncə isə Abbas Abbasov daha sensasion açıqlamalar verərək Bakıdan onun və ailəsinin ölümlə hədələndiyini bildirdi.

Bütün bunların fonunda Abbasovların Azərbaycanda vəziyyətinin çox çətin olacağı və onların bütün bizneslərinin əllərindən alınacağı gözlənilən idi. Odur ki, proses məntiqi sonluğuna yaxınlaşır.

Bir müddət əvvəl isə  “Borjomi”  sularının Azərbaycana idxalının Aydın Abbasovun əlindən alındığı barədə məlumatlar yayılmışdı. Gələn il isə onun yenidən deputat mandatı ala bilməyəcəyi heç kəsdə şübhə doğurmur.

Beləcə, Azərbaycanın böyük bir imperiyası çöküşə doğru gedir.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar