Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Akif Çovdarov aclıq aksiyasını dayandırdı

Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib


Prosesin gecikməsi “ənənə”si bu dəfə də pozulmadı – 11-ə təyin olunmuş iclas saat 12-də başladı. “Aclığ”ının 40-cı günündə Akif Çovdarov yenə də əvvəlkindən daha gümrah görünürdü.

İclasın əvvəlində prosesə sədrlik edən Həbib Həsənov anasının vəfatı ilə əlaqədar təqsirləndirilən Səlim Məmmədova başsağlığı verdi.

“Zərgərlik” epizodu yekunlaşdı

Xatırladaq ki, 2007-ci ildə Akif Çovdarov zərgərlik məmulatlarının hazırlanması ilə məşğul olan “Riyad Prodakşn” MMC-nin direktoru Şahmar Qurbanovu MTN-ə çağıraraq, ondan 500 min dollar gətirməsini tələb edib. Bu məbləği toplamaq üçün zərərçəkən sexini, 4 avtomobilini və evini satmaq məcburiyyətində qalıb. Pulları gətirməyəcəyi təqdirdə, Akif Çovdarov Şahmar Qurbanovu həbs etdirəcəyi ilə hədələyib.

Daha sonra MTN generalı Şahmar Qurbanovdan 4 və 5 karatlıq brilyantlar gətirməsini tələb edib. Ümumi dəyəri 380 min dollar olan zinət əşyalarını alıb soyğunçu Akif Çovdarova vermək üçün zərərçəkən tanıdığı insanlardan borc alıb, həyat yoldaşının qızıllarını satıb.

Bütün bu təqiblərdən bezmiş iş adamı 2011–ci ildə vətənini tərk edərək, Türkiyəyə köçməyə məcbur olub. Biznesini itirməklə yanaşı, müflisləşmiş milyonçu ailəsindən də ayrılıb.

Bu gün prosesdə epizod üzrə son şahid - Şahmar Qurbanovun keçmiş həyat yoldaşı Nigar Məmmədova ifadə verdi.



“Ərə getdiyimdən 2 ay sonra ev, maşınlar və sex satıldı”

Nigar Məmmədova ifadəsində bildirdi ki, 27 mart 2007-ci il tarixdə Şahmar Qurbanovla ailə qurub. Yeni ailə cəmi 2-3 ay firavan yaşaya bilib. Bundan sonra “Riyad Prodakşn” MMC-nin direktoru Şahmar Qurbanovun “Akif Çovdarovlu qara günlər”i başlayıb.

Şahidin sözlərinə görə, MTN-lə problemləri başlayandan sonra Şahmar Qurbanov sanki dəyişib başqa adama çevrilib – daim fikirli olub, evə gec gəlib, əlində olan bütün daşınar və daşınmaz əmlakı – həyat yoldaşının zinət əşyalarını, mənzilini, bir neçə ədəd avtomobilini satıb. “Pulların hara getdiyini və kimə verildiyini bilmirdim. Sadəcə olaraq, bilirdim ki, MTN-lə problemi var”, - N.Məmmədova deyib.

Şahmar Qurbanovun keçmiş həyat yoldaşı əri ilə bir neçə dəfə Dubayda olduğunu, həmin səfərlərdə ərinin kimlə görüşdüyünü və hansı alqı-satqı əməliyyatlarını apardığını bilmədiyini bildirib. Daha sonra qeyd edib ki, MTN-lə problemlər başladıqdan sonra Şahmar Qurbanov xüsusi xidmət orqanlarında çalışan İsgəndər Hüseynovla durub-oturmağa başlayıb, ailəvi dostluq yaranıb və onlarla bir dəfə ailəvi şəkildə Dubayda olublar.

“Keçmiş pozuntulara görə cərimə edə bilirsinizsə, etiraf edirəm”

İfadəsində Nigar Məmmədova deyib ki, ərinin bir neçə maşını olub və bunlardan birini – “Mercedes SLK”nı o özü sürüb. Bu yerdə Akif Çovdarovun vəkili Sadiq Rəsulov bildirdi ki, DYP-dən verilən məlumata görə, həmin avtomobil Şahmar Qurbanovun adında olmayıb və heç onun adına etibarnamə də yoxdur.

“Bəli, mənim heç sürücülük vəsiqəm də yox idi. Sadəcə, bu maşını sürüdüm. Əgər keçmiş qayda pozuntularına görə cərimə edə bilirsinizsə, buyurun, etiraf edirəm”, - Nigar Məmmədova deyib.



Kamandar Nəsibov şahid qadını və zərərçəkəni təhqir etdi

Şahidə suallarla müraciət edən Akif Çovdarovun vəkili Kamandar Nəsibov ondan soruşub ki, ərə gedərkən Şahmar Qurbanovun banklara kreditlər üzrə borclarının olduğunu bilirdimi? Buna cavab verən Nigar Məmmədova qeyd edib ki, evlilikdən cəmi 3 ay əvvəl tanış olublar və bu müddət ərzində gələcək ərinin borclarının olduğunu bilməyib: “Siz gələcək həyat yoldaşınıza borcunuzun olduğunu deyərdiniz?”

Sonra Kamandar Nəsibov bu cavabı gözləyirmiş kimi, uzun və çətin anlaşılan sual verib: “Əgər sizin ərinizin banklara borclarının olduğundan xəbəriniz yox idisə, onun o pulları banklara kreditləri qaytarmağa xərclədiyindən də xəbəriniz olmaya bilərdimi?”

30 yaşlı rusdilli xanım Nigar Məmmədova bu sualı anlamadı və “Siz də lap Lətifə xala kimi danışdınız” cavabını verdi. “Lətifə xala özünsən”, - K.Nəsibov qarşısındakı şahidin qadın olduğunu bir anlıq unutdu. Şahmar Qurbanov yerindən qalxaraq, Kamandar Nəsibova həddini aşmamasını və qadınla normal danışmağının lazım olduğunu xatırlatdı.

Məhkəmə zalında olan digər zərərçəkənlərdən biri də vəkil Kamandar Nəsibova iradını bildirdikdə, vəkil bütün etika normalarını unudaraq, zərərçəkənə rusca “А ты засунь…” - deyə təhqiramiz ifadə ilə cavab verdi.

Tərəfləri sakitləşdirməyə çalışan hakim Həbib Həsənov katiblərdən vəkilin qaba davranışı barədə protokola qeyd aparmalarını xahiş etdi.

“Kamandar, ağsaqqal adamsan, heç olmasa, yaşına hörmət et”, - hakim Həbib Həsənov bildirdi.

 

Akif Çovdarov ifadə verməkdən imtina etdi

Epizod üzrə şahidlərin də ifadələri bitdiyindən söz təqsirləndirilən Akif Çovdarova verildi. General yerindən qalxmadan halının olmadığını və danışa bilmədiyini, beləliklə də, ifadə verməkdən imtina etdiyini bildirdi.

Səlim Məmmədov anasının yasına buraxılmadı

Fasilədən sonra vəkillər iki vəsatətlə çıxış etdilər.

Təqsirləndirilən Səlim Məmmədovun vəkili Cavid Rzazadə şifahi vəsatətlə müvəkkilinin bir neçə saatlıq da osla, ötən həftənin cümə günü vəfat etmiş anasının yas mərasiminə buraxılmasını xahiş etdi. Vəkil hakimlərdən rica etdi ki, S.Məmmədovun ailənin tək övladı olduğu nəzərə alınsın.

Müşavirədən sonra hakimlər kollegiyası bu vəsatətin rədd edildiyini və məsələnin təqsirləndirilənin saxlandığı təcridxananın səlahiyyətlərinə aid olduğunu bəyan etdi.

Akif Çovdarov prokurora təhqiramiz ifadə ilə müraciət etdi

Akif Çovdarovun vəkilləri generalın tibbi ekspertizadan keçirilməsi üçün aclıq aksiyasını dayandırmağı, onun “özünə gəlməsi” üçün zaman tələb olunduğunu bildirdilər və prosesin 20 gün müddətinə təxirə salınması barədə vəsatətlə çıxış etdilər.

Vəsatətə münasibət bildirərkən bir qədər əvvəl ifadə verməyə halı olmayan Akif Çovdarova sanki “güc gəldi” və onun dili açıldı.

“Bu məhkəmənin necə bitəcəyi mənə əvvəldən məlumdur. Prokuror da nə lazımdırsa onu deyəcək, hakim də nə lazımdırsa, onu edəcək. Amma burda mənim ünvanıma artıq-əskik danışmaq lazım deyil. Prokuror orda “attanıb düşür” ki, aclığı prosesin gedişində də dayandırmaq olar. Ay kişi, mən 40 gündür aclıq edirəm. Bağırsaqlarım bir-birinə yapışıb. Bu halda məni nə ekspertiza edəcəklər? İmkan verin aclığımı dayandırım, sonra müayinə etsinlər”, - Akif Çovdarov dedi.

Müşavirədən sonra hakimlər kollegiyası vəsatətin qismən təmin olunduğunu və prosesə 14 gün fasilə verildiyini bəyan etdi.

Beləliklə, növbəti məhkəmə iclası dekabrın 19-da keçiriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar