Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Allahşükür Paşazadə Kamal Abdullaya qalib gəldi?


Şeyx ehsan qadağasını sındırdı; QMİ sədri hökumətin ehsan məclislərini yasaqlayan qərarını faktiki olaraq dayandırıb, hakimiyyət daxilində Paşazadəyə hücum əks təsir göstərə bilər; Şeyxin həddən artıq sıxışdırılması onun İranla yaxınlaşmasına səbəb ola bilər …


“Şeyxin yaxın adamları bəzən siyasi hakimiyyətlə kəllə-kəlləyə gəlməkdən belə çəkinmirlər. Məsələn, hörmətli Şeyximizin qudası, deputat Qalib Salahzadə 28 oktyabrda Milli Məclisdə çıxış edərək, siyasi hakimiyyətin kursunu, mövcud iqtidarın əsas ideoloqlarından sayılan Ramiz Mehdiyevinsə məlum tezislərini kəskin tənqid edib. O, bütün bunları edəndə, özünün nüfuzu ilə yanaşı, təbii ki, Şeyxin gücünü də hesablayaraq, bu faktora arxayın olaraq, bu cür şıltaqlıqlara yol verə bilir”

Hökumətin avqustun 3-cü ongünlüyündə rəsmən başlatdığı ehsan qadağası faktiki olaraq işləmədi. Xüsusən də ölkənin az qala yarısının yerləşdiyi Bakı və Sumqayıtda ehsan qadağasına faktiki olaraq əməl edilmədi; böyük “sabotaj” göz önündədir. Artıq iki aydan çox vaxt keçib və hazırda paytaxtın demək olar ki, bütün mərasim zallarında yeməkli ehsan mərasimləri təşkil olunur. Özü də hökumətin qadağa qərarına tam zidd olaraq əvvəlki kimi yemək süfrələri, meyvə, şirniyyat verilir. 

Yalnız bölgələrdə qadağalarla bağlı müəyyən məhdudiyyətlər tətbiq olunur. Yerli məmurlar kəndlərdə yas yerlərinə gedərək insanları ehsan süfrəsi təşkil etməyə qoymurlar. Ancaq bizə gələn məlumatlara görə, artıq bir sıra rayonlarda da ehsan yasaqları bir xeyli dərəcədə yumşalıb. Əvvəlki günlərdə olduğu kimi məmurlar evlərə gedib ehsan süfrələrindəki ərzağı müsadirə etmirlər. Hətta bir sıra rayonlarda artıq camaat ehsan verə bilir. Təbii ki, bəzi bölgələrdə bu iş üçün yerli məmurlara rüşvət verərək onları razı salırlar. Bununla bağlı bir neçə gün əvvəl biz də yazdıq, hətta bəzi rayon və şəhərlərdə ehsan rüşvətinin dəqiq məbləği də bəllidir. 



Ancaq əlbəttə, bu qadağa bütövlükdə respublika üzrə keçərli olmadı. Azərbaycan kimi ölkələrdə bu cür qanun və ya qərarların işləməməsinin bir səbəbi olur. Bu da çox güclü bir şəxsin yeniliyə qarşı olmasıdır. Bu nümunədə “sabotaj”çı bütün Qafqazın şeyxidir. Ehsan qadağasının işləməməsinin də əsas səbəbkarı Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə oldu. Şeyx bütün gücü və nüfuzundan istifadə edərək ehsan qadağasına qarşı çıxdı. Nəticə isə ortadadır - Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullanın başlatdığı ehsan süfrələrinə müdaxilə prosesi faktiki olaraq işləmədi.

Bu barədə daha əvvəl də yazmışdıq. Şeyx kifayət qədər böyük biznes şəbəkəsinə sahibdir və o, inanclıların liderindən daha çox  hakimiyyətdə, dövlət strukturlarında adamları olan oliqarxa çevrilib. Onun yaxın adamları bəzən siyasi hakimiyyətlə kəllə-kəlləyə gəlməkdən belə çəkinmirlər. Məsələn, hörmətli Şeyximizin qudası, deputat Qalib Salahzadə 28 oktyabrda Milli Məclisdə çıxış edərək, siyasi hakimiyyətin kursunu, mövcud iqtidarın əsas ideoloqlarından sayılan Ramiz Mehdiyevinsə məlum tezislərini kəskin tənqid edib. O, bütün bunları edəndə, özünün nüfuzu ilə yanaşı, təbii ki, Şeyxin gücünü də hesablayaraq, bu faktora arxayın olaraq, bu cür şıltaqlıqlara yol verə bilir. Bu nümunə həm də onu göstərir ki, A. Paşazadə onun biznesinə və çevrəsinə təhdidi məhz Prezident Administrasiyasından görür və bu səbəbdən də özünün parlamentdəki “toxunulmaz adamı”nı həmin ünvana qarşı danışdırır...
Təbii ki,  hakimiyyət uzun illər Azərbaycan kimi müsəlman ölkəsində mühüm olan din sahəsində Şeyxi əsas söz sahibi kimi tanıyıb. Onun avtoriteti ilə hesablaşırlar -  çünki ölkə prezidenti Şeyxi sayır və ona hörmət edir. Ancaq bütün bunlara baxmayaraq, hakimiyyət daxilində Şeyxin ciddi rəqibləri var və bu rəqiblər zaman-zaman QMİ sədrini bu və ya digər formada sıxışdırır, zəiflətməyə, gücünü, təsir imkanlarını azaltmağa çalışır. Şeyx isə hər dəfə ona qarşı olan hücumlar zamanı əsas dayağı olan ölkə prezidentindən dəstək alır. Ekspertlər də iddia edirlər ki, Şeyxi güclü edən əsas faktor da onun dövlətin birinci şəxsinə olan yaxın münasibətidir. Bir sıra şəxslərsə iddia edirlər ki, Şeyx həzrətləri bu mövqedən və münasibətdən ölkədə dinin və inanclıların nüfuzlarının qalxması, mühitin daha da yaxşılaşması üçün deyil, özünün şəxsi mənfəətləri üçün sui-istifadə edir...



Mövzuya qayıtsaq, xatırlada bilərik ki, avqustun sonlarında hökumətin qəfil qərarla yas mərasimlərində ehsan süfrələrini qadağan etməsi və bununla bağlı bütün yerli hakimiyyət orqanlarına tapşırıqların verilməsi QMİ-ni narazı saldı. Əvvəla, qərar belə görünür ki, Şeyxlə məsləhətləşmədən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və prezidentin bu sahə üzrə müşavirliyi tərəfindən alınmışdı. İkincisi, bu addım birbaşa QMİ-nin nəzarətində olan böyük bir şəbəkənin  -  Şeyxin “yas biznesi”nin fəaliyyətinə zərbə vururdu. Şeyx uzun illər şəriksiz söz sahibi olduğu sahədə başının üzərindən, özü də maraqlarına zərbə olan bir qərarın alınmasından narazı qalmışdı. Bu səbəbdən də ilk günlərdən QMİ-nin yerləşdiyi "Təzə pir" məscidindəki mərasim zalları, eləcə də şəhərin digər yerlərində fəaliyyət göstərən mərasim zalları bu qadağaya riayət etmədi, ehsan verməkdə davam etdi. 



QMİ isə bəyan etdi ki, idarə artıq 3 il əvvəldən xalqa müraciət edərək israfa yol verməməyə çağırıb, ancaq eyni zamanda QMİ bu məsələdə məcburiyyətin yolverilməz olduğunu qeyd edirdi. Beləliklə, aydın oldu ki, ölkənin əsas dini idarəsi, məscidlərə nəzarət edən qurum ehsan süfrələrinin məhdudlaşdırılmasının  məcburi olmasına qarşıdır. Bundan sonra DQİDK müəyyən qədər geri çəkilərək, məcburi olaraq ehsan süfrəsinin qadağan edilməsinin doğru olmadığını, insanların bunu könüllü olaraq etməli olduğunu bəyan etdi.  Lakin ötən həftə QMİ təmsilçisi ilə DQİDK əməkdaşının televiziya efirində az qala dava-dalaş həddinə çatan mübahisəsi göstərdi ki, dövlət qurumu ilə QMİ arasında ciddi soyuqluq var və davam edir. Bundan başqa, DQİDK rəhbərliyinin komitə yanında savadlı ilahiyyatçılardan ibarət dini maarifçilik komissiyasının yaratması onu göstərdi ki, komitə Şeyxin sahəsinə müdaxilə etməkdə qərarlıdır. Hakimiyyət içərisində məhz komitənin əli ilə Şeyxi sıxmağa, onun mövqelərini zəiflətməyə çalışan qüvvələr var.

Şeyx isə ötən iki ayda bu prosesə güclü müqavimət göstərdi. İlk gündən bu qadağanın milli adət-ənənələrə zidd olduğunu, zorakılıqla ehsan süfrələrinin məhdudlaşdırılmasının yanlışlığını, eləcə də bu cür yas mərasimlərinin keçirilməsinin məhz vəhhabilərin istəkləri və təsiri ilə həyata keçirildiyini bəyan etdilər. Həqiqətən də qeyri-ənənəvi dini cərəyanlar Azərbaycanda keçirilən ənənəvi yas mərasimlərinə qarşıdırlar. Bizə gələn bilgilərə görə, ehsan qadağası ortaya çıxdıqdan sonra və özünə qarşı ciddi təzyiqlərin başladığını hiss edən şeyxülislam dövlət başçısına xitab edib və onun bu məsələdə dəstəyini almağa çalışıb. Gələn məlumata görə, ölkənin birinci şəxsi növbəti dəfə QMİ sədrini qoruyub. 



Ancaq görünən odur ki, Şeyxə qarşı təzyiqlər davam edəcək. Onun mövqelərini zəiflətmək üçün dini sahədə hökumət xətti ilə əlavə addımların atılması baş verəcək ki, bu da Şeyxi xeyli dərəcədə narahat edir. Ancaq Şeyxin həddən artıq sıxışdırılması onun kənarda dəstək axtarmasına, İranla yaxınlaşmasına səbəb ola bilər ki, bu da Azərbaycanın maraqlarına uyğun deyil. Bu barədə QMİ sədri özü də daha əvvəllər xəbərdarlıq edib. Bu mənada hakimiyyət daxilindəki mövqe savaşlarının dini sahəyə transfer olunması Azərbaycan üçün çox təhlükəli nəticələrə gətirə bilər. Çünki indi üzdə olmasa da, Azərbaycanda xarici ölkələrin güclü “din diasporu” mövcuddur. Bu qüvvələr hər fürsətdə öz mövqelərini möhkəmləndirmək, ənənəvi İslamı zəiflətməyə çalışırlar. (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar