Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerika Putinin rəqibini necə yetişdirdi – Navalnının portret cizgiləri


Rusiyanın əsas müxalifət lideri ABŞ-da gizli şahmat gedişlərini mənimsəyir; Putinlə revanş oyunu kimin xeyrinə yekunlaşacaq...


Eşitdiyimə görə, xüsusi təyinatlı məxfi agentləri hazırlayan qapalı məktəblərdə şahmat oyunu bir başqa cür, tam fərqli şəkildə tədris edilir. Əvvəlcə orda sənə deyirlər ki, bəs müasir şahmat oyunu feminizasiya qurbanıdır. Guya qədim vaxtlar şahmat oyununda aparıcı baş fiqur ferz, yəni kraliça deyil, şah fiquru imiş. Əvvəllər, kişilərin cəmiyyətdə at oynatdığı vaxtlar, hə, bu belə olub.

Şahmat kişi oyunu imiş. Sonralar, xüsusən intibah dövründən başlayaraq dünyada vəziyyət qadınların xeyrinə bir xeyli dəyişir. Bu “yenidənqurma” azarı əvvəlcə şah saraylarında özünü göstərir, sonra şahmat oyununda. Pərilər, pərizadlar, pəriçöhrələr, pəricadu qadınlar əvvəlcə şah saraylarını öz təsirləri altına alırlar, sonra şahmat oyununu. Şahı aparıcı fiqur statusundan məhrum edib onun hərəkət marşrutunu xeyli məhdudlaşdırırlar. Şahı bir növ oturdurlar evində. Əvəzində özləri şahmat taxtası üstə tam sərbəstlik qazanırlar.

Xüsusi təyinatlı agentlərə, bildiyimcə, şahmat dərsi bax bu məruzədən sonra öyrədilir. Bu zaman şahmat fiqurlarının yeri azca dəyişdirilir. Şah dönür aparıcı fiqura. Kraliça istefaya göndərilir bir növ.

Eşitdiyimə görə, ABŞ-ın Yell Universitetində vəziyyət belədi. Hər il ora “Yale World Fellows Program” layihəsi çərçivəsində 15 nəfər dünyanın ən passionar gənc lideri dəvət alır. Təhsil əsnasında iştirakçılar süzgəcdən keçirilir.

Hamısı deyil, bəziləri, tək-tükləri, bax, bu əsl qədim şahmat oyununa dəvət alırlar. Həmin bu oyun öz iştirakçılarında liderlik, öncüllük istedadını, əzmini birə min artırır guya.

Belə şahmatçılardan biri, ən məşhuru, ən gizlisi bilirsizmi kimdi?
Çağdaş Rusiyanın bir saylı kreativ müxalifətçi lideri Aleksey Navalnı.

***

Rusiya demokratik qüvvələri sanki qısırdılar. Yekəxana danışmalarına çox da fikir verməyin. İndiyədək çox gücəniblər, ancaq Vladimir Putin xarizmasına qarşı hələki öz alternativ namizədlərini yetişdirib onu siyasi meydançalara çıxarmağı bacarmayıblar.

Fəqət ötən ilin 13 dekabr tarixində - çox tərs bir gündə, Rusiya liberal müxalifəti, deyəsən, nəhayət, öz ayı yuxusundan ayılıb. Şeytanın qıçını sındırıb, necə deyərlər, bu sahədə. Gələnilki prezident seçkilərində iştirak edəcək öz namizədinin adını açıqlayıb.

Şeytanı qoltuq ağacları üstə təqaüdə göndərən bu şəxs, tanış olun, məşhur Korrupsiyaya Qarşı Mübarizə Fondunun əvəzolunmaz rəhbəri, çağdaş Rusiyanın ən xarizmatik, ən kreativ siyasi fiquru Aleksey Navalnıdır.

***

fB9r0uDRh9T2-750x500.jpg (59 KB)

DOSYE: ALEKSEY NAVALNI: 4 iyun 1976-cı ildə Moskva ətrafındakı Butın hərbi şəhərciyində dünyaya göz açsa da, mənşəcə özünü ukraynalı bilir. 1986-cı il Çernobl qəzasınadək məktəb tətillərini həmişə Kiyev ətrafındakı füsunkar meşələrdə keçirib.

TƏHSİLİ: 1998-ci ildə Rusiya Xalqlar Dostluğu Universitetinin hüquq fakültəsi məzunudur. Əvvəlcə Kirov vilayəti Vəkillər Palatasının üzvü imiş. Sonra ünvanını Moskva Vəkillər Palatasına dəyişib. Vəkil təcrübəsi cəmi-cümlətanı 11 məhkəmə işi ilə məhdudlaşır. Onların da ancaq ikisində özü iştirak edib, qalanlarını öz nümayəndələrinə etibar edib.

MACƏRALARI: 2009-cu ildə Kirov vilayəti qubernatoru Nikita Belıx məsləhətçi statusunda Aleksey Navalnını əməkdaşlığa dəvət edir. “Əməkdaşlıq” gurultulu cinayət işi ilə nəticələnir. Bəlli olur ki, bu bölgənin zəngin meşə sərvətləri Navalnıya göz verib, yuxu verməyib. Ortada danılmaz talan-qarət faktları var. Navalnıya qarşı cinayət işi açılır. İstintaq qovluqları başlayır günü-gündən şişib böyüməyə. Nəticədə o, 16 noyabr 2013-cü il tarixində Moskva Vəkillər Palatasının qərarı ilə öz vəkil statusundan məhrum edilir.

XARİCİ ƏLAQƏLƏRİ: Elə həmin vaxtlar, 2010-cu ildə Harri Kasparov Yevgeniya Albasın təqdimatıyla Aleksey Navalnı okeanın o biri sahilinə, Amerikaya gedərək məşhur Yell Universitetinin “Yale World Fellows Program” tədris layihəsinə qatılır. Altı aylıq bu proqramın bir neçə mərhələsi açıqdı, qalanları isə gizlin. Layihə çərçivəsində hər il dünyanın dörd guşəsindən 15 passionar, hücumçu gənc siyasi namizəd, Navalnı kimi, aşkarlanıb Yell Universitetinə gətirilir. Orda müxtəlif testlərdən, yoxlamalardan keçirilir. Barələrində xüsusi dosyelər açılır. Xasiyyətləri, davranışları, ədaları zərrəbim altında öyrənilir. Məqsəd? Məqsəd sadədi. Gələcək liderləri bəribaşdan nəzarətə götürüb lazımi axara salmaq. Sonra...
Sonrası Allah kərimdi...

***

KİÇİK HAŞİYƏ: Təsadüfə bir baxın. Sən demə, Moskvanın “Kommersant” qəzeti də öz saytında Moskva merinin virtual seçkilərini keçirirmiş həmin o vaxtlar. Səsvermə, təbii, Aleksey Navalnının tam qələbəsi ilə nəticələnir. Sonralar, 2013-cü ildə Aleksey Navalnı Moskva meri kürsüsü uğrunda əsl seçkilərə də qatılacaq. Seçicilərin 27,24 faiz səsini qazanaraq birinciliyi Sergey Sobyaninə ötürəcək.

***

KORRUPSİYAYA QARŞI MÜBARİZƏ FONDU: Məhz həmin “Yale World Fellows Program” təhsil proqramı çərçivəsində Aleksey Navalnı ilk dəfə Amerika konqresindəki müzakirələrdə iştirak etmə hüququ qazanır. 2010-cu ilin noyabr tarixində, senator Benjamin Kardinin rəhbərliyi ilə keçirilən “Rusiyada korrupsiya” dinləmələrində o, nə az, nə çox, aparıcı məruzəçi statusu qazanır özünə. Məhz o zaman Ağ Ev nümayəndələri ilk dəfə uzaqdan-uzağa Navalnını diqqətlə müşahidə edirlər. Qərara gəlirlər ki, bu şəxs “Rusiyada korrupsiya xortumuna yox deyəcək” bir saylı namizəddir. Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondunun ilk işartıları, cücərtiləri, projesi məhz bu zaman yaranıb, biləsiz. Oxşar tanış layihə amerikalılar tərəfindən Azərbaycanda da tirajlanıb müxtəlif adamlar tərəfindən. Onlara jurnalist və blogger kimliyi verib, salıblar hökumətin üstünə. Bu başqa bir mövzu olduğu üçün, hələlik üstündə çox dayanmağı lazım bilmirik.

Müqayisə edin hər iki layihəni. Görəcəksiz bu layihələr, necə deyərlər, eyni hamam, eyni tasdır. Hər ikisini elə bil eyni adam asqırıb...

***

ABŞ Senatındakı dinləmələrdən sonra Aleksey Navalnı dönür əsl Hollivud ulduzuna. Başlayır sağa-sola öz vizit kartlarını paylamağa. Sonra əl telefonundan səslənən xırıltılı bir səs Navalnını tam məxfi “Kəllə və sümük” cəmiyyətinin qapalı kofe-breyk məclisinə dəvət edir.
Navalnı içəri girərkən görür ki, vaxsey, bu nədir belə? Masa üzərində şahmat taxtası açılıb. Fiqurlar bir az fərqli şəkildə düzülüb bu şahmat taxtası üzərinə. Ferzlə şahın yerləri dəyişdirilib.

Navalnı uşaq deyil belə-belə işlərdə. Hiss edir ki, misterdən sonra master olmağın tam vaxtıdı indi. İti addımlarla masaya yaxınlaşıb şahmat taxtası arxasına keçir. Qrossmeysterlə bir-iki oyun oynayıb hamısında qələbə qazanır.

Dönür əsl gənc liderə. Siyasi şahmat qrossmeysterinə.

***

4 fevral 2017-ci ildə Sankt-Peterburqda öz ilk seçki qərargahını quran Aleksey Navalnı tezliklə necə deyərlər, “bütün tərəqqipərvər” Rusiya cameəsinin diqqətini özünə cəlb etməyi bacarır. Tanınmış foto ustası Yevgeniy Feldmanın qalın kölgəsi bu tarixdən etibarən Navalnını hər yerdə sürətlə təqib edir. Ceçki marafonun hər dəqiqəsini, ən yaddaqalan epizodlarını bittə-bittə qeydə alır. Xahiş edirəm bu qəliz fotoqrafı hərif bilib cibinizə qoymayın. 

Amerikadakı son seçki marafonunu fotoya köçürən bu usta, deyilənə görə, Yell Universitendəki “Kəllə və sümük” cəmiyyətinin Navalnıya şahanə hədiyyəsidir.

***

Öz seçki təbliğatını qurarkən Navalnı çox uzaq hədəfləri, qurbanları hədəf alır. Belə hədəflərdən biri, ən vacibi kim olsa yaxıdı hə, soruşuram sizdən?
Heç kim. Rusiya baş naziri Dmitriy Medvedyev...

Navalnı öz hakerləri ilə birgə əvvəlcə Medvedyevin twitter akkaundlarını yararaq ordan bir xeyli ifşaedici məlumatlar əldə edir. Nə əldə edir? Həəə, razıyam, bu, çox cəlbedicidir. Gəlin sizi indi bu məxfi məlumatlarla yaxından tanış edim.

Medvedyevin “krassovka” çəkmələri başına bəla oldu:

fbf8a32f69a6966282911f08ba39b507.jpg (107 KB)


Seçki marafonuna start verən Navalnı elə ilk zərbəsiylə bütün Rusiyanı titrədir. Çox götür-qoydan sonra öz bütün diqqətini ölkə baş naziri Dmitriy Medvedyev üzərində toplayır. Hakerlərinə uzaqdan göz vurur ki, bu “pleyboy”un poçt qutusunu dağıtsınlar. Hakerlər bu əmri anında göydəcə tutub Medvedyevin ən məxfi yazışmalarını öz iti qarmaqlarına keçirirlər. Bəlli olur ki, bu “şən və hazırcavab” baş nazir, “[email protected]” poçt ünvanından vaxtaşırı güclü “şoppinq” edir. Həmin email ünvanı nəzarətə götürən Navalnı axır gəlib çıxır Moskvanın Krijanovski küçəsindəki 14kZ, 307A ofisinə. Az sonra bu məxfi düyün tam açılır. Bəlli olur ki, “Texinpro” şirkətinə məxsus bu ofisdə baş “boss” Vladimir Dyaçenko elə-belə adam deyil. Medvedyevin alqı-satqı üzrə bir növ yavəridir. Məsələn, bəlli olur ki, üç ay ərzində Medvedyev bu şoppinq xətti ilə özünə 73 cür idman geyim dəsti, 20 cüt bahalı idman ayaqqabısı (“krossovka”), 30 ədəd çimərlik alt tumanı alıb.

vh9xD6aznD2R4JChcc_NYg.jpg (48 KB)


Kompromatı əldə edən Navalnı axtarışının bu nöqtəsində dayanıb səngimir. Medvedyevin twitter səhifəsindəki fotoalbomuna girir. Görür vaxsey, bu çəkmələr, köynəklər Medvedyevin ayaq pəncələrində, əynindədir ki...

***

Bu xətlə, cığırla öz araşdırmalarını davam etdirən Navalnı axır gəlib çıxır Medvedyevin milyardlarla dollar həcmində ölçülən var-dövlətinə. Bəlli olur ki, Medvedyevin bu nəhayətsiz var-dövlətini “Dar” adlanan bir müəmmalı, tam qapalı “ictimai xeyirxahlıq fondu” idarə edir. Rəhbəri...
Rəhbəri isə Medvedyevin məktəb yoldaşı İlya Yeliseyevdir.

Açılır sandıq, tökülür pambıq. Bəlli olur ki, Medvedyevin çox milyonluq “Milovka” malikanəsi məhz bu fondun halal ( bəlkə haram?) mülküdür. Kələfin ucu, burda da dayanmır. Gəlib çıxır Moskva ətrafındakı Znamenski qəsəbəsinə. Demə, bu qəsəbənin 4, 3 hektar ərazisində Medvedyevin bir başqa, daha nəhəng malikanəsi mövcuddu. İçində gör nələr var-helikopter meydançası, saunalar, hamamlar, idman meydançaları və s.i. və ilaxır.

Navalnı şahmatçıdır. Hiss edir ki, Medvedyevlə başladığı şahmat oyununda at gedişləri edib düşmənin arxasına keçmək lazımdı.

Tezliklə bir başqa həqiqət... üzr istəyirəm cinayət üzə çıxır - bəlli olur ki, bütün bunları Medvedyevə görün bir kim təmənnasız olaraq hədiyyə edib...
Rusiyanın bir saylı oliqarxı, özbək əsilli Usmanov Əlişir Burxanoviç...

Bütün bunları sənədləşdirib Rusiya ictimaiyyətinə çatdıran Aleksey Navalnı öz tədqiqatını kiçik kommentlə bitirir. Rusca hədiyyəyə “dar” deyirlər. Medvedyevin bu gizli cüzdanı, şirkəti elə belə da adlanır - “DAR”.

***

Bütün bunlar sözsüz, Vladimir Putinin diqqətindən kənarda qalmır. Martın axır günlərində o, Medvedyevi öz iqamətgahına çağırır. Videokameralar önündə itin sözünü deyir öz baş nazirinin ünvanına.

Cavab vermək əvəzində Medvedyev susur. Heç nə demir. Başını aşağı sallayır ancaq.

***

Gələnilki prezident seçkilərində Aleksey Navalnı görün bir kimlə toqquşacaq?

Vladimir Putinin şəxsən özü ilə!

Qəşəng şahmat oyunu gedəcək, görəcəksiz, bu hər iki şahmat ustası arasında.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar