Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arıq bayraqdarın yaxalanması


Neçə vaxtdan bəri ölkədə ilk mitinq oldu, siyasi dustaqlara azadlıq tələb edildi, minlərlə şəkil çəkildi, yüz minlərlə söz danışıldı, hamısı bitdi, amma mitinqdə İŞİD bayrağı qaldırılması haqqında söhbət davam edir


Görəcək iş idi, o adam qaldırmaq istədiyi bayrağı doğru-dürüst açmamış cəbhəçilər tərəfindən danaboyun edilərək stadiondan çıxarılıb, polislərə təhvil verilib, amma hələ də “Müxalifətin mitinqində İŞİD bayrağı dalğalandırıldı” tipli başlıqlar qoyanlar, ciddi-ciddi bu olayı şərh edənlər var.

Məsələn, deputat Aydın Mirzəzadə bu hadisədən uzaq gedən (burdan təxminən Dəməşqə qədər) nəticələr çıxararaq deyib: “Milli Şuranın keçirdiyi mitinqdə AXCP fəalları tərəfindən ”İraq-Şam İslam Dövləti" (İŞİD) terrorçu təşkilatının bayraqlarının qaldırılması onların çox şübhəli əlaqələrindən xəbər verir".

Anadolu türkləri belə yerdə adətən “vay bəəə” deyirlər, bu tərəflərin türkləri isə hiddətlərindən əvvəlcə nə deyəcəklərini bilmirlər, sonra cürbəcür qəzəbli cümlələr qururlar. 

Amma iddiada məntiq çatışmazlığı göz önündədir. Əgər o “İŞİD bayraqdarı”nı və bayraqlarını meydana müxalifətçilər gətirmişdisə, nədən onu özləri tez-tələsik danaboyun edib stadiondan çıxarırdılar? Qoyardılar, adam heç olmasa beş-altı şəkil çəkdirərdi. İkincisi, adam cəbhəçiydisə, polis onu niyə bölməyə aparan kimi də azad edirdi, terror qruplaşmasının üzvü kimi torba tikib içəri basa bilməzdimi? 

Çünki siyasi fəalları heç nə üstündə, quru-quru şər-böhtana salıb tutan hökumət, prinsipcə, belə bir fürsəti buraxmamalı idi, hətta onu axşam telekanallarda danışdırıb etiraf-zad almalıydı. Amma bunu etmədilər, Elman Türkoğlunun peşəsinə ortaq olmayan istəyən həvəskar bayraqdarı buraxdılar, o da gedib saytlara intervü verdi, dedi, guya bayrağı ona tanımadığı şəxs verib.

Ona görə də əlahəzrət məntiq deyir ki, başabəla bayraqdar təxribatçı olmağına təxribatçıdır, amma hökumətin göndərdiyi təxribatçıdır. 

Müşahidə qabiliyyəti iti olan şəxslərdən biri deyir ki, o adam ştatda olan hal şahidlərindən biridir, işi-gücü onun-bunun üzünə durub işverənlik etməkdir.

Adamın narkotik maddə üstündə yatıb-çıxan, amma bir daha içəri düşmək istəməyən “barıqa”ya (xırda çaplı narkotacir) oxşadığını deyənlər də var.

Onun barəsində ən səviyyəli ifadə odur ki, adam hansısa tikintidə fəhlə işləyir, ondan artıq deyil.

Yenə saqqalı uzun, şalvarı gödək olsaydı, onu səmimi İŞİD-çi saymaq olardı.
Görünür, Milli Şuranın mitinqinə “İŞİD-çi bayraqdar” göndərilməsi ideyası son anda ağıla gəlib və lazımi profilaktik tədbirlər, hazırlıq işləri görə bilməyiblər. Məsələn, bir ay əvvəldən adamın saqqalını uzatmaq, şalvarını gödəltmək lazım idi ki, vətəndaş İŞİD-ə rəğbət bəsləyənlərə oxşasın. 

Onda AzTV daha yaxşı reportajlar verə bilərdi. Yoxsa “bayraqdar” tutub aparan cəbhəçiləri göstərib deyirmiş, MTN-çilər İŞİD bayrağı qaldıran təxribatçını vaxtında zərərsizləşdirdilər. Gör ha, MTN-in zərərsizləşdirdiyi terrorçu-təxribatçı dünən az qala brifinq keçirirdi.
Bir də mitinqdə ciddi şəkildə qorxanlar olub. Bir nəfər yazmışdı ki, “İŞİD bayraqdarı”nın yaxalandığı vaxt hadisə yerinin yaxınlığında olub və eşidib ki, kimsə “onun əlindəkini alın” deyə qışqırır. Adamlar hesab ediblər ki, yəqin “bayraqdar”ın əlində qumbara, bomba var və indicə partladacaq. Ancaq məlum olub ki, söhbət onun əlindəki qara bayrağın alınmasından gedir. 

Burdan da belə çıxır ki, bizim İŞİD-çimiz də, necə deyərlər, “kitayski”dir, üstündə bomba-filan gəzdirmir, siqaret və alışqandan başqa da bir şeyi yoxdur. 
Beləcə, hökumət meydana arıq “bayraqdar” göndərməklə təkcə Milli Şuranın mitinqinə kölgə düşürmədi, həm də İŞİD-in məlum beynəlxalq reputasiyasına zərbə vurdu. İndi İŞİD-çilər məcburdur yeni başkəsmə videoları çəkib yaysınlar ki, öz qorxunc obrazlarını bərpa etsinlər və azərbaycanlı “İŞİD-çi”nin təpə-qapaz edilməsi kadrlarını görən region xalqları onları fağır hesab etməsinlər.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Ən çox oxunanalar