Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arzular hara aparır


Bəziləri deyirlər ki, biz dəyişməmişik, dəyişməyəcəyik. Heç bunu bizdən tələb edən də yoxdur. Bəziləri isə vətən qarşısında fantastik xidmətlərindən dəm vururlar


Belə söhbətləri oxuyanda mən futbol oyununda mərc qumarında pul qoyanları, bir də Britaniya kraliçası ilə Bernard Şounun dialoqu haqda məşhur pritçanı xatırlayıram. İkincini təkrar yazmıram, çünki azı iki dəfə yazmışam.

Futbolda isə qumara qoşulan komanda, sadəcə, oynamır. Yəni sənə təkcə fəaliyyətinə görə deyil, fəaliyyətsizliyinə görə də rüşvət verə bilərlər. Sonra isə sən laap yuxarıdan, misal üçün, komandanın sahibindən aldığın 50 min dollarlıq ənamı düşünmədən (guya) həmin sponsorun hansısa aşağı liqa komandasında masajistdən 50 manat istəyən birisini danlayarsan. Onu “reket” adlandırarsan. Əla deyilmi? Əladır.

Necə deyərlər, çəkilin qırağa, əlahəzrətin başını xırda-mırda problemlərlə qatmayın. Bu əhvalat kilsədə olubmuş. Bir biznesmen gəlir dua eləyir, deyir, ya rəbb, mənə 1 milyon dollar qazanmaqda, Mayamidəki o villanı almaqda, nə bilim, “Miss Üstüaçıq” yarışmasının qalibi olmuş gözəlçə ilə evlənməkdə yardım et. Bu vaxt baxır görür yanında başqası dua edir: “Ya rəbb, acam, çörək pulu üçün 50 qəpik yetir”. Biznesmen cibindən 1 manat çıxarıb buna verir, deyir rədd ol, kişinin başını qatma, ciddi projelərimiz vardır.

Bir anekdot da var, yadımıza tez-tez düşür. “Məni də öldürdülər”. Bilənlər bilməyənlərə danışsın. İndən belə bu cür olacaqdır - bilənlər bilməyənlərə danışacaq. Həsən bəy Zərdabi də elə bunu nəzərdə tutmuşdu və deyəsən, yaratdığı şeyin ömrü buna görə heç 2 il çəkməmişdi. Camaat, sadəcə, o şeyi iqnor edirmiş. İt boğuşdurmağa, xoruz döyüşdürməyə, Nataşa ilə güləşməyə paranı sel kimi axıdan məşədilər, kərbəlayı və hacılar millətin dərd-sərini oxumağa qəpik qıymayıblar. O vaxt ermənilərin mətbuatı artıq 80 yaşında idi. Erməni dilində ilk jurnal 1794-cü ildə çap olunmağa başlamışdı. Özü də Hindistanda.

Hərçənd, bizim də bir təsəllimiz var ki, “Molla Nəsrəddin” jurnalının çapı üçün ilkin kapitalı ayıran, borc, kredit verən adam elə bir məşədi tacir olubdur. Demək hardasa işıq ucu həmişə qalır. Bilmirəm niyə, bu yerdə yadıma Səməd Qaraçöpün misrası düşdü: “Gedib asılmağa iki ağac var, Çörək ağacıdır, dar ağacıdır”. 1987-ci ildə yazıb. Gör nə qədər uzaqgörən adam olubdur.

Keçən həftə Ağsu rayonunda çox kədərli bir intihar haqda oxudum. Bir az sinik yanaşmadır, əlbəttə, bütün intiharlar kədərlidir, ancaq bu hadisədəki 60-65 yaşlı kişi cibinə sellofanda məktub qoymuş, sonra bir kisə daşı boğazına bağlayıb kanala atılmışdı. Çıxmağa heç bir ümid yeri olmasın deyə. Məktubda isə polis idarəsinin məlumatına görə, bu naməlum şəxs belə yazıbmış: “Ölümümdə heç kimi günahkar bilmirəm, şikayətim yoxdur, ARZULARIMA ÇATMADIĞIM ÜÇÜN ÖZÜMÜ ÖLDÜRDÜM” (fərqləndirmə mənimdir - Z.H.).

Arzularına çatmayıb, şikayəti yoxdur, ölümündə də kimsəni günahkar bilmir... Əsl azərbaycanlı ölümüdür. Bizim hamımızın alın yazımızı sanki bu kişi öz məktubunda əks etdiribdir. Biz hamımız elə bu cür intihar etmişik, intihar etməkdəyik. Hərəmizi bir cür öldürüblər. Boğazımıza daş dolu kisə asıblar. Bəzi kisələri isə qiymətli daşla doldurublar. Bəzi kisələri medalla. Bəzi kisələri çörəklə. Arvad-uşaq doldurulan kisələr də var, məşuqə-katibə doldurulanı da. 

Böyük Mirzəmiz demişkən, Allah sənə rəhmət eləsin, Qoqol.

Zamin HACI
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar