Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avtoşlara şad xəbər var


Mahir Qabiloğlu yazır


Nədənsə çoxlu pul qazanmağım gəlib. Həvəsə düşmüşəm. Nəfsimi boğa bilmirəm. Qısa müddət ərzində varlanmaq istəyirəm. Yox rüşvətli, “hörmət”li bir iş istəmirəm. Halallıqla milyoner olmaq istəyirəm. Artıq marketinq araşdırmalarına da başlamışam.  Dövrü mətbuatı yaxından izləyirəm. Bir boş sahə axtarıram ki, burnumu soxum. Amma görürəm ki, heç bir burunluq da yer yoxdur. Hamısı tutulub. Ağzını da bərk-bərk tikiblər.

Bir qədər araşdırma apardıqdan sonra axır ki, tapdım. Qərara aldım ki, Zığ-Aeroport beton yolunun bir tərəfli hissəsini, yəni ki, Aeroporta gedən hissəsini icarəyə götürüm. Özü də gecə saat 12-dən səhər saat 6-ya qədər. Artıq Bakı şəhər İcra Hakimiyyətinə təqdim etmək üçün Biznes-Plan da hazırlamışam.

Yazmışam ki, son illər respublikamızda  yol hərəkəti qaydalarına riayət olunması sahəsində  nə qədər ciddi işlər görülsə , cərimələr sərtləşdirilsə də insan ölümüylə nəticələnən qəzaların sayı artmaqdadır. Ona görə də mən humanist addım ataraq bu beton yolu icarəyə götürmək, hər iki sonluğunda laqbaum qoymaq istəyirəm. Qoy  avtoşlar gəlsinlər, öz bahalı avtomobillərini   və  mühərriklərin güclərini nümayiş etdirsinlər. Giriş haqqı hər maşın üçün 200 manatdır.  Trasa buraxılan  hər bir kəs dilindən iltizam verməlidir ki, başına bir iş gəlsə, yəni ki, yaralansa, ya da Allah eləməmiş həlak olsa yolun rəhbərliyi məsuliyyət daşımır. Çünki bir də gördün bütün nəsli durub gəldi üstümə ki, bəs  gül kimi tərbiyəli, qanacaqlı, abırlı uşağımız  ölüb, başı da qızıldan. Deyəcəksiniz ki, belə bir qanun yoxdur. Var. Necə olur ki, əməliyyata girən xəstənin özü, ya adamları əməliyyatdan sağ çıxmadığı  halda həkimin heç bir məsuliyyət daşımamasına qol çəkə bilir, maşını saatda 240-300 kilometr sürətlə sürməyə gələn, dirigözlü ölümə gedən aftoş yox.  Trasın da adın qoyacağam “Cənnət yolu”. Qoy cəlbedici olsun. “Cəhənnəm yolu” qoysam qorxub gəlməzlər, ona görə.

Trasda DYP, yanğınsöndürmə, fövqəladə hallar, təcili tibbi yardım, evakuator, molla, ölü maşını xidmətləri də fəaliyyət göstərəcəklər. Avtoşlar əvvəlcədən tibbi yoxlamadan keçəcəklər. Əgər içkili-hallıdırlarsa trasa buraxılacaqlar. Nəyə görə? Bunu da nəzərə almışam. Başlarına bir iş gəlsə ağlamağa yer olsun. Qohumları desin ki, ayıq olsaydı, belə qələt eləməzdi, dostları içirdib yoldan çıxarıblar yazıq uşağı.

 Ötüşməyə çıxanlar girov olaraq xarici saatlarını, qızıl əşyalarını, maşınları əzilib şil-küt olarsa əzik maşınlarını  yolun rəhbərliyinə təhvil verməkləri barədə müqavilə də imzalayacaqlar. Yolda əzdikləri işıq dirəyi və digər yol-mühəndis qurğularının əvəzi olaraq. Yox elə bilməyin ki, mən bu əşyaları və əzik maşınları zapçast edib sataraq əlavə gəlir götürmək fikrindəyəm. Əsla. Əksinə, Azərbaycanda analoqu olmayan “Qaramat muzey”i yaradacağam. Açıq hava altında  əzik maşınlar muzeyi, qapalı bir yerdə isə qaqaşlardan qalan əşyaların nümayişi. Çünki saytlarda şəkillərə baxıb inanmayanlar gəlib burda hər şeyi gözləriylə görə bilərlər. Muzeyə  giriş isə pullu olacaq.

İndi deyəcəksiniz ki, hər maşına 200 manat almaqla necə milyoner olmaq istəyirsən? Düz deyirsiniz. Ona görə də Biznes planda digər ekstremal insan növləri də nəzərdə tutulub.

“Cənnət yolu” MMC-də “MAHİRAZ” qumar oyunları  təşkil ediləcək. Mərc qoşmaq istəyənlər burda toplaşa bilər və canlı yayımda ötüşməni seyr edə, həm də pul qazana bilərlər. Ümumi mərcin 20 faizi isə MMC-nin hesabına keçiriləcək. Mərcə ilk olaraq üç kateqoriya salınacaq: ötəcək, ötməyəcək, şil-küt olacaq.


Bizə özünü yandırmaq istəyənlər də müraciət edə bilər. Onlara xüsusi, müəyyən müddət oda davamlı paltar geyindiriləcək və sonra əllərinə iki litrlik fanta qablarında benzin veriləcək ki, özlərini yandırsınlar. Trenajora həmin adamdan xəbərsiz  ailə üzvləri də dəvət olunacaq. Bütün bu proses və ailə üzvlərinin reaksiyası, qışqırıq səsləri lentə alınıb SD diskdə ona təqdim ediləcək ki, baxandan sonra özü qərar versin. Özünü yandırmaq yaxşıdır, ya yox?   

Avtoşlar  maşın sürərkən yola qəflətən yiyəsiz it-pişik, lap inək də buraxılacaq. Əlbəttə ki, xəstə mal-heyvan. Burda mən cəmiyyətə iki qat xeyir verəcəyəm. Birincisi  aftoşlar bu canlıları vurarkən dərk edəcəklər ki, maşını vəhşi kimi sürmək həm də  insanların da həyatına təhlükədir. İkinci tərəfdən isə küçələrdə boş-boş gəzən, quduzluq və digər xəstəliklər yaradan heyvanların sayı azalacaq. Bazarlarda isə kilosu 3-4 manata satılan mal əti qəhətə çıxacaq. Deyəcəksiniz ki, ekoloqlar, təbiəti qoruyanlar  bunun əleyhinə çıxarlar, imkan verməzlər. Onlar heç cınqırlarını da çıxarmayacaqlar. Danışsaydılar  labaratoriyalarda heyvanların üzərində aparılan dərman sınaqlarına qarşı çıxardılar da. Axı, bu  elədiyim də insanların gələcək sağlamlığı, təhlükəsizliyi üçündür. Bir də ki, belə canlı sevəndirlər gedib qara kürüləri bazar piştaxtalarından yoxa çıxartsın. Körpə nərə balıqlarının ovlanmasının və satışının qarşısını alsınlar. Nəhayət ağac kəsilmələr, qanunsuz ovçuların, brakonyerlərin sayını azaltsınlar. Cərimə kəsməklə yox e... əməli mübarizə.

İndi də deyəcəksiniz ki, niyə şəhərə yox, Aeroport istiqamətinə gedən yolu icarəyə götürürsən? Ona görə ki, humanist adamam. MMC-də aerokassa da fəaliyyət göstərəcək. Qəza törədərək yaralanan aftoşun və ya yanındakının həyatını nəyin bahasına xilas etmək  və  hətta xarici ölkələrin qabaqcıl tibb müəssilərinə çatdırmaq üçün aeroporta maneəsiz girişi təmin etmək məqsədiylə bu marşrut seçilib. Ona görə də “Cənnət yolu” MMC-yə na təşrif buyuranlardan əvvəlcədən  xarici pasportlar da tələb olunacaq.

 Sonra mən yaşadığım evin damını icarəyə götürəcəyəm. Dünya standartlarına uyğun elastik kəndirlər gətirib ora bərkidəcəyəm. Özünü damdan atıb öldürmək istəyənlər üçün treninqlər keçirəcəyəm. Kəndiri ayaqlarına bağlayıb 20-ci mərtəbədən buraxacağam üzüaşağı. İkinci mərtəbəyə çatanda kəndir dartılaraq yenidən onları  20-ci  mərtəbəyə qaldıracaq. Görüm bundan  sonra özlərini öldürmək fikrinə düşəcəklər, ya yox?

Son bəhanəniz. İndi də deyəcəksiniz ki, bəs ictimaiyyət sənin bu layihənə qarşı çıxacaq. Əsla. Əksinə. Əhalinin bütün təbəqələri, istər varlı olsun, istər kasıb, istər vəzifəli olsun, istər işsiz, hamısı mənə uğurlar arzulayacaqlar. Hətta maddi dəstək verənlər də olacaq. Vəzifəli, varlı sevinəcək ki, övladlarına görə daha onları işdən çıxarmayacaqlar, qəzetlərdə, saytlarda biabır etməyəcəklər. Axı, mənim “Cənnət yolum” dövlətin lisenziyası əsasında fəaliyyət göstərəcək. Avtoşların da hərəkəti tam qanuni hesab olunacaq. Buna görə valideynlər heç bir məsuliyyət daşımayacaqlar. Oğullarından da çox sevdikləri  vəzifələrini itirmək qorxusuyla üz-üzə qalmayacaqlar. Əksinə, “gördünüz, dünən mənim oğlum X6-yla Bentlini ötdü”, yaxud da “oğlum maşınıyla inəyə necə qoymadı... inək cırıq-cırıq oldu” deyə qürrələnəcəklər də. Kasıbların mənə verməyə bir şeyləri olmasa da təkcə duaları bəsimdir. Çünki xarici, bahalı maşınlara ağızlarının suyu axa-axa baxıb, onların altında qalaraq şil-küt olmaqdan qurtulacaqlar.(modern.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar