Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azadlıq təntənəsi...


Bəli, düz 25 il... Ölkə müstəqilliyinin 25-ci ilini qeyd edir


Bir söz deyəcəm, amma onu qəribçiliyə salmayın, irad-filan tutmayın. Bəzən mənə elə gəlir ki, gənc Azərbaycan dövləti bizim - meydanlarda gecələyənlərin, onun böyüyüb-ərsəyə gəlməsi üçün öz həyatını belə əsirgəməyən minlərlə insanın “uşağı”dır. Bir daha deyirəm ki, irad tutmayın, qınamayın məni, dövlətdən söz düşəndə başqa bənzətmə tapa bilmirəm, başqa cür hisslərimi ifadə edə bilmirəm...

Amma mənə həm də elə gəlir ki, bu “uşağı” bizim əlimizdən aldılar və böyütmək üçün özgələrinə verdilər... 

Biz isə az qala, valideynlikdən məhrum edilmiş “ata-ana”lar kimi onun böyüməsini kənardan seyr etməli olduq...

Bu, bizi əzdi, üzdü... Ona görə ki, başqa “ata-ana” həm də başqa bir “uşaq” deməkdir. Başqa tərbiyə və başqa məktəb deməkdir... Bu illər ərzində çox vurnuxduq, çox əlləşib-vuruşduq, amma öz “uşağı”mıza bizi heç yaxın da buraxmadılar. Amma usanmadıq, yorulmadıq, onun üçün nəsə etməyə çalışdıq. Bu yolda dünyasını dəyişənlər, məhbəsə düşənlər, ölkədən didərgin olanlar, qovulanlar, infarkt, ya insult keçirənlər oldu!.. 
Amma əlimiz ona çatmadı... İndi də 25 yaşını uzaqdan, kənardan seyr etməli olmuşuq. Əvvəldə dedim ki, mənim bənzətməmi qüsurlu hesab etməyin... 

Bilirəm, elələri tapılacaq ki, “Bunlarda hələ bir iddiaya bax! Az qala dövləti də özünküləşdirmək, öz ”uşaq"ları kimi təqdim etmək istəyirlər!" - deyəcəklər. Amma bizim heç nəyə iddiamız yoxdur və bir azca əvvəldə yazdıqlarım da sadəcə, bənzətmə idi, hislərimi ifadə etmək üçün vasitə idi... 

Ona görə də hissiyyatımı cilovlayaraq sadə bir üsluba keçmək istəyirəm. Cəmiyyəti həmişə mərtəbəli, yaruslu təsəvvür etmişəm. Bir mərtəbəsində yaşlılar, o birisində orta yaşlılar, digərində isə gənclər və uşaqlar cəmləşiblər. Biz də 80-ci illərin nəsli də artıq yaşlaşmaq ərəfəsindəyik. Bütün sahələrə yeni nəsil gəlir. Qocalmayan, “Qocaldım!” deməyən yalnız bizim hakimiyyətin bəzi məmurlarıdır. Bəli, hamımız qocalırıq. Bunu heç etiraf etməmək olarmı?..

Nəsillərin biri-birinə bir qədər tərəddüdlə yanaşması, hətta inamsızlıq göstərməsi adi haldır. Ona görə də çalışıram ki, mümkün qədər bu hisdən uzaq olum. Amma bir sual yenə də içimi-didib dağıdır: görən, bu ölkədə hansı nəsil, hansı cəmiyyət formalaşır? Bu cəmiyyət ölkənin azadlığını və müstəqilliyini qorumaq iqtidarında olacaqmı? Bunun üçün zəruri fədakarlıq göstərəcəkmi?..

Bir daha deyirəm ki, bu, sadəcə, bir nəslin digərinə inamsızlığı deyil, indi ölkədə baş verən ictimai “erroziya”nın doğurduğu narahatlıqdır...

Ətrafıma baxıram. Heç bilirsiniz, nə görürəm? Bəli, mən başa düşürəm. İnsan hakimiyyətə inanmaya bilər. İnsan müxalifətə də, hətta, ümumiyyətlə, siyasətə və siyasətçilərə inanmaya da bilər. Amma insan nəyəsə inanmalıdır axı!.. 
Mən heç nəyə inanmayan insandan qorxuram. Hətta “Hər şeyə şübhə et!” devizi ilə yaşayanların da inamı var. Onlar da ən azı ona inanırlar ki, heç nəyi doqma kimi qəbul etmək olmaz və təsadüfi deyil ki, belələrinin sırasından həqiqət axtaran böyük filosoflar, alimlər çıxıb...

Amma ümumiyyətlə, heç nəyə inanmamaq... Bu, artıq qəliz məsələdir. Bəzən bizim nəslə sadəlövhlər, ən yaxşı halda romantiklər deyirlər. Bəlkə də burada da bir həqiqət var. Umberto Eko yazırdı: “Deyirlər ki, insanlar guya heç nəyə inanmır, bəla isə bundadır ki, onlar hər şeyə inanırlar!..”.

Bəli, bizi, bizim nəsli də həqiqətən də qınamaq olar. Biz hər şeyə olmasa da, çox şeyə inanırdıq... 

Səbəbi o idi ki, böyük inamımız vardı. Həqiqətən də inanırdıq ki, azadlıq insan üçün də, millət üçün də hər şeydən irəlidir və hər şeydən üstündür...

İnanırdıq ki, o gün - azadlıq günü həqiqətən də gələcək və hamımız azad-xürrəm olacağıq! Buna görə hər şeyə hazır idik - mələk də olurduq, qaragüruh da... Bu amal naminə, bu inam uğrunda kim hara barmağını tuşlayırdısa, ora cumurduq. Bəzən də tuşlanan barmaqların arasından şeytanların barmağını görmürdük. Bəlkə də bizim ən böyük və ən bağışlanmaz qüsurumuz idi bu...

Amma nə etmək olar? İnanmazsınız, amma bu gün təsəllini N.Makiavellinin bir fikrində tapırıq. Bəli, Makiavelli deyirdi ki, məqsəd vasitəyə bəraət qazandırır...

Məqsəd ulu idi, uca idi... Dünyada milli azadlıqdan uca nə ola bilər?!. Dünyadan milli müstəqillikdən müqəddəs nə ola bilər?!. Biz nə etdiksə, hansı yanlışlıqları yapdıqsa, bunun naminə, bunun xatirinə etdik! Ən azı bugünkü halımıza, vəziyyətimizə baxıb yalan danışmadığımıza tamam əmin ola bilərsiniz -  hamımız, necə deyər, bir həsirik, bir də ki, Məmməd Nəsir!..

Bəli, elə günahlar var ki, onları bağışlamaq olar. Bizi hərəkət etdirən azadlıq təşnəsi idi. Nə etdiksə, nə qüsur, hətta nə qələt yapdıqsa, yalnız və yalnız bunun naminə etdik...

Hüseynbala Səlimov(musavat.com)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar