Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Qarabağ planına beynəlxalq dəstək axtarışında


İsrail və İrana iki rəsmi şəxsin kritik səfərinin arxasındakı tək motiv


Müharibə ehtimalının gündəmdə olması Ermənistanı öncə diplomatiya savaşında məğlub etməyi və təkləməyi diktə edir; Tehran və Təl-Əvivdən Bakıya qiymətli Qarabağ dəstəyi – “Torpaqlar sahibinə qaytarılmalıdır...” 

Bugünlər Azərbaycanın iki yüksək çinli rəsmi şəxsinin təxminən eyni vaxtda xaricə etdiyi səfərlər diqqət çəkdi. Onlardan biri - xarici işlər nazirinin müavini Araz Əzimov İsraildə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə İranda oldu. 

İlk baxışda sıradan səfər təəssüratı bağışlaya bilər, ancaq bölgədə, Azərbaycan ətrafında, məxsusən də Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış mürəkkəb situasiya nəzərə alınarsa, hər iki ziyarətin önəmi aydın olar. Bu iki səfəri əhəmiyyətli edən daha bir məqam isə İran və İsrail arasındakı ənənəvi gərgin, düşmən münasibətlərdir.

Bəllidir ki, Azərbaycan özünün böyük qonşularından biri kimi, 35 milyon güneyli soydaşımızın yaşadığı İranla yaxşı əlaqələrə malikdir. İsraillə münasibətlər də yüksələn xətlə davam edir və ölkəmizin strateji maraqlarına tam cavab verir. Yəhudi dövləti ilə Azərbaycan arasında iqtisadi-ticari, energetika (İsrail Bakı-Ceyhan neftinin alıcılarındandır), humanitar (orada sanballı Azərbaycan diasporu var) texnologiya sahəsində əməkdaşlıq genişlənməkdədir. Xüsusən də hərbi və hərbi-texniki sahələrdə iş birliyini yüksək səviyyəli saymaq olar. Azərbaycan ordusunun modernləşdirilməsində bu amilin məxsusi yeri var və onu apreldəki 4 günlük uğurlu müharibədə gördük.

***
Rəsmi məlumata görə, Araz Əzimov İsrailin Xarici İşlər Nazirliyi, parlamenti və digər dövlət orqanlarının rəsmiləri ilə görüşlər keçirib. Görüşlər zamanı iki ölkə arasında əməkdaşlığın aktual məsələləri, eləcə də Yaxın Şərq və Cənubi Qafqazda aid regional məsələlər, o cümlədən nüvə təhlükəsizliyi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bütün dövlətlərin, o cümlədən İranın nüvə enerjisindən sülh məqsədi ilə istifadə hüququnun olduğu bir daha təsdiq edilib. Həmçinin Ermənistanın Azərbaycana və bölgəyə qarşı törətdiyi təhlükələr haqqında qarşı tərəfə dolğun məlumat verilib.

A.Əzimovun keçirdiyi görüşlərdə aparıcı mövzunun Qarabağ, o sırada iki ölkə arasında hərbi sahədə əməkdaşlığın daha da inkişaf perspektivləri olduğu şəksizdir. Unutmayaq ki, Əzimov uzun illər Azərbaycan prezidentinin Qarabağ danışıqlarında xüsusi nümayəndəsi olub. Diqqətçəkicidir ki, onun İsraildə görüşdüyü yüksək çinli şəxslər arasında Knessetin (parlament) Xarici əlaqələr və müdafiə məsələlərinin sədri Zaxi Hanegbi də olub.
Doğrudur, İsrail mediası Əzimovun səfəri barədə xəbərlərdə Azərbaycan tərəfinin rəsmi məlumatından azacıq fərqli olan bir detalı açıqlayıb. 

Jewish.press.com saytı yazıb ki, Araz Əzimov Zaxi Hanegbi ilə görüşdə guya İranın nüvə ambisiyasından imtina etmədiyini söyləyib. Saytın iddiasına görə, Əzimov bu fikri İranla bağlı məsələnin müzakirəsində deyib. 

Lakin artıq məlumdur ki, Azərbaycan XİN-i bu detalı təsdiqləməyib və görüşlə bağlı “danışıqlarda İranın nüvə enerjisindən sülh məqsədi ilə istifadə hüququnun olduğu bir daha təsdiq edilib”, fikrini işlətməklə kifayətlənib. Sağlam məntiq də onu diktə edir ki, Azərbaycan-İsrail əlaqələri İranla (və ya hər hansı başqa tərəfdaş ölkə ilə) münasibətləri gərginləşdirmək hesabına qurulmamalıdır. Buna heç lüzum da yoxdur. 

Sübut kimi Bakının həm Tehran, həm də Təl-Əvivlə son illərdəki isti münasibətlərini, o cümlədən prezident İlham Əliyevin Tehrana son uğurlu səfəri və orada imzalanmış sənədləri göstərmək olar. Həmin sənədlər arasında işğalçı Ermənistanın iqtisadi-kommunikasiya təcridini daha da gücləndirən anlaşma protokolu da var. Üstəlik, bizim Qarabağ problemimiz, gündəmdə olan müharibə ehtimalı düşmənlərin deyil, dost-tərəfdaşların sayını artırmağı zəruri edir. Ki, böyük haqq savaşı zamanı siyasi-diplomatik müstəvidə yetərli müdafiəçilərimiz olsun və Azərbaycan öz hərbi qələbəsini siyasi qələbəyə çevirə bilsin. 

***
Yeri gəlmişkən, 4 günlük müharibə zamanı İsrail kimi rəsmi Tehran da Azərbaycana münasibətdə kifayət qədər obyektiv mövqe tutdu, ərazi bütövlüyümüzü dəstəkləyən açıqlamalar verdi. Bu xüsusda Araz Əzimovun İsrail səfəri ilə təxminən eyni vaxtda Dini Komitə sədri Mübariz Qurbanlının İrana getməsi həm yerinə düşür, həm A.Əzimovun səfəri ilə bağlı bəzi neqativləri kompensasiya etmək xarakteri daşıyır, həm də və ən əsası, Bakının hər iki dövlətə verdiyi önəmi nümayiş etdirir. 

Bu önəm Qarabağ məsələsinin olduqca həssas bir mərhələyə girdiyi, Bakının məsələdə güclü beynəlxalq dəstək axtarışına çıxdığı və işğalçını siyasi-diplomatik alanda da təcrid eləməyə çalışdığı dönəmdə mühüm dəyər daşıyır. Mübariz Qurbanlının İran səfəri də bu kontekstdə uğurlu sayıla, Bakının aktivinə yazıla bilər.

Məlumatlara görə, komitə sədri Tehranda İranın Ali Dini liderinin nümayəndəsi Ayətullah Müctəid Möhsün Şəbüstəri ilə də görüşüb. Komitə sədri bu görüşdə dünyanın bəzi regionlarında dini və etnik zəmində qarşıdurmaların mövcud olduğunu və həmin qarşıdurmalar nəticəsində minlərlə insanın qətlə yetirildiyini xatırladıb. Qeyd edib ki, silahlı qruplaşmalar İslam dini adından sui-istifadə edərək terrorçuluqla məşğul olurlar.

Ermənistanın Azərbaycana qarşı təcavüzünə toxunan M.Qurbanlı deyib ki, erməni vandalları Şuşada, Ağdamda və işğal altındakı digər rayonlardakı məscidləri dağıdıb, təhqir ediblər.

“Ermənilər məscidləri dağıtmaqla yalnız Azərbaycana qarşı deyil, həmçinin İslam dininə etiqad edənlərə qarşı təhqiramiz hərəkət ediblər. Bunlar cavabsız qalmamalıdır” - azərbaycanlı yetkili qeyd edib. 

Öz növbəsində Ayətullah Şəbüstəri bildirib ki, Dağlıq Qarabağ Azərbaycana məxsusdur və işğal altındakı torpaqlar qaytarılmalıdır. O, dünyada müsəlmanlara qarşı ayrı-seçkiliyin mövcud olduğunu söyləyərək, İslam həmrəylinin zəruriliyini də vurğulayıb. Azərbaycanda məscidlərin bərpasını və dini dəyərlərin qorunmasını yüksək qiymətləndirən Şəbüstəri eyni zamanda “qonşu və dost ölkənin inkişaf etməsinin sevindirici olduğunu” bildirib...

*** 
Qarabağ məsələsində Tehranın Azərbaycana dəstəyi indi ikiqat önəmlidir. Çünki işğalçı Ermənistan İranı həmişə özünə Rusiyadan sonra “ikinci nəfəslik” hesab edib. Bu nəfəsliyi qapatmaq Azərbaycanın strateji hədəflərindən biridir. Çünki o halda problemin ədalətli həlli tezləşəcək.   Bundan ötrü İranla hərbi əməkdaşlıq lazım gələrsə, ona da getmək olar. Aprel döyüşlərindən sonra Ermənistanla hərbi əməkdaşlıq təklifini rədd edən İsraillə əlaqələrə xələl gətirmədən təbii ki...(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar