Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan müharibə iqtisadiyyatına keçir – “manatın sirri”


Parlament sədrindən sensasion açıqlama; Oqtay Əsədov Milli Məclisdə manatın ucuzlaşması ilə bağlı məsələnin müzakirəsində “müharibə ola bilər, ona görə də bütün ehtiyatları xərcləyə bilmərik” deyib, cəmiyyətə üstüörtülü mesaj verdi; belə görünür ki, hökuməti büdcəyə əlavə vəsait toplamağa vadar edən səbəb elə müharibə ehtimalıdır


Fevralın 24-də Milli Məclisin növbəti plenar iclası keçirildi. 

Spiker Oqtay Əsədovun təklifi ilə Xocalı soyqrımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anıldı. Spiker dedi ki, Xocalı soyqırımı bəşəriyyətdə baş verən faciələrin ən dəhşətlisidir. O.Əsədov Heydər Əliyev Fondunun sədri Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə dünyada aparılan kampaniyanın yüksək nəticələr verdiyini, bir sıra ölkələrin parlamentlərinin, ABŞ-ın 15 ştatının icra və qanunverici orqanlarının Xocalı soyqırımını tanıdığını bildirdi.

Spiker əlavə etdi ki, Milli Məclisin 20-dən çox deputatı xaricdə keçirilən Xocalı soyqırımı ilə bağlı tədbirlərdə iştirak edirlər. Spiker Xocalı cinayətlərinin cəzasız qalmayacağına əminliyini ifadə etdi.

Cari məsələlərlə bağlı çıxış edən deputat Elmira Axundova kənd yerlərində elektrik enerjisinin vaxtaşırı kəsilməsindən danışdı. Deputat dedi ki, fevralın 20 və 21-də Masallıda seçicilərlə görüş keçirərkən acınacaqlı vəziyyətin şahidi olub: “Seçicilər deyir ki, əsas problem transformator və elektrik dirəklərinin, naqillərinin köhnə olmasıdır”. Onun sözlərinə görə, Masallının 100 kəndində elektrik xətləri və dirəkləri 1960-cı illərdən qalıb. E.Axundova dağ rayonlarına qartəmizləyən maşınlar və digər texnikaların alınmasını da təklif etdi.

Fərəc Quliyev Mərkəzi Bankın manatın kursu ilə bağlı atdığı addımın narazılığa səbəb olduğunu deyib ölkə gündəminin əsas mövzusundan danışdı. Yaranmış vəziyyətdən sui-istifadə hallarının olmasından da bəhs edən F.Quliyev müəyyən tədbirlərin görülməsini zəruri saydı: “Hökumət antiböhran proqramını işə salmalıdır”. Deputat monopolistlərə “kəmərlərini sıxmağı” tövsiyə etdi. Həmçinin Milli Məclisin müvafiq komitəsində müzakirələr aparmağı faydalı saydı. 

Vitse-spiker Bahar Muradova isə çıxışında Xocalı soyqırımına diqqət cəlb edərək qeyd etdi ki, bu günlər xalqımız üçün ən hüznlü günlərdən biridir. O bildirdi ki, vaxtilə Xocalı hadisələrindən danışarkən hətta daxildə günahkar axtarışına çıxmışdıqsa, artıq erməni faşizminin gerçək mahiyyətini çatdırmaq üçün beynəlxalq miqyasda ciddi işlər aparılır. B.Muradova dedi: “İş nə yerə çatıb ki, hətta ermənilər açıq şəkildə bəyan edirlər ki, Xocalı hadisəsində günahkar keçmiş prezident Ayaz Mütəllibov və AXC-dir. 

Bunu onunla izah edirlər ki, Xocalıdan əhalinin çıxması üçün dəhliz yaradılmışdı, ancaq əhali ordan çıxarılmadı, çünki AXC ilə Mütəllibov arasında hakimiyyət mübarizəsi gedirdi. Bu, ondan irəli gəlir ki, bizim bəzi siyasətçilərimiz yaxın hədəfləri uğrunda mübarizə apararkən öz açıqlamalarına diqqət etmirlər. Biz daxildə aparılan mübarizələrdə qurşaqdan aşağı zərbə vurmağa çalışmamalıyıq, çünki bu, sonradan bizim əleyhimizə istifadə olunur”. B.Muradova onu da dedi ki, ermənilərin bu iddialarının cavabı ATƏT-in son toplantısında verilib. Sonda vitse-spiker bir daha deputatları günün əsas müzakirə mövzusu olan Xocalı soyqırımından danışmağa, bütün diqqəti ermənilərə yönəltməyə çağırdı.

İqbal Ağazadə isə Mərkəzi Bankın 21 fevral tarixli qərarına münasibət bildirəcəyini dedi. O bildirdi ki, Mərkəzi Bank 5 gün əvvəl verdiyi vədə xilaf çıxaraq manatın kursunun saxlanılacağı barədə özünün yaydığı press-relizin əleyhinə qərar qəbul edib: “Bank əhalini aldadıb və əhaliyə külli miqdarda ziyan vurub. Bu gün nazirliklər ”süni qiyməti artırırlar" deyərək supermarketlərin üzərinə gedir. Bir gündə 34 faiz qiyməti artıran qurum başqasını nədə günahlandıra bilər? Necə ola bilər ki, vətəndaşın cibinə bu şəkildə girilir? Bahar xanım deyir ki, bugünlərdə Xocalı məsələsindən bəhs etməliyik. Razıyam. Ancaq bu gün ölkə əhalisini sonsuz dərəcədə narahat edən məhz bu məsələdir. Bu gün banklarda 7 milyard pulu olan əhaliyə 3 milyard ziyan vurulub, kompensasiya verilmir. Bu gün idxal məhsullarının böyük əksəriyyəti ərzaq məhsullarıdır. Bahalaşmaya görə vətəndaşa 34 faiz kompensasiya verilməlidir. İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Xidməti qiymətlərin spekulyantlar tərəfindən süni şəkildə şişirdildiyini bildirib. Devalvasiya nəticəsində bank əmanətçilərinə 3 mlrd. manat ziyan dəyib. Əhalinin əmanətlərinin ümumi həcmi isə  7,2 mlrd. manat təşkil edir. Tələb edirəm ki, hökumət bütün sahələrdə əhaliyə dəyən zərəri ödəsin".

Zahid Oruc isə dedi ki, Mərkəzi Bankın qərarını millətimizin mənafeyinə uyğun hesab edir: “Maksimum bir ay ərzində onlar bankın qərarını bizim kimi müdafiə edəcəklər. Bunu tədricən etmək dollar milyonçularının xeyrinə idi. Mən bu qərarı açıq mətnlə müdafiə edirəm”.

O.Əsədov isə İ.Ağazadəyə cavab olaraq bildirdi ki, əhalinin banklardakı kreditlərinin 50 faizdən çoxu dollarla deyildi: “İki ay ərzində vətəndaşlar öz vəsaitlərini konvertasiya etmək imkanları əldə ediblər. Bu müddətdə  4,5 mlrd. dollar  konvertasiya edilib”. Spiker onu da dedi ki, qiymətlərin qalxmasına qarşı dövlət tərəfindən tədbirlər görüləcək: “Mənə məlum olduğu kimi, ərzaq məhsullarının 70%-i daxili istehsaldır və qiymət artımı olmamalıdır. İqtisadiyyat və Sənaye Nazirliyi manatın devalvasiyası fonunda qiymətlərin saxlanması planını hazırlayır”.

Ardınca parlament sədri kifayət qədər sensasion fikirlər söylədi. Spiker açıq şəkildə bildirdi ki, manatla bağlı qərar Azərbaycanın müharibə şəraitində olması ilə əlaqədar verilib. “Hökumət manatın məzənnəsini bacardığı qədər saxladı. Lakin Azərbaycan Ermənistanla müharibə şəraitindədir, aktiv hərbi əməliyyatların və digər hərəkətlərin başlana bilməsi imkanlarını istisna etmir. Bundan ötrü isə əlavə vəsait lazımdır. Müharibə vəziyyətində olan ölkəyik, hər şey ola bilər, müharibə də. Ona görə də bütün ehtiyatları xərcləyə bilmərik. Bu məsələlərdən açıq danışmaq istəmirəm. Gələcəyi də düşünmək lazımdır, bu gün bütün ehtiyatları dağıda bilmərik” deyə, O.Əsədov vurğuladı. 

Yeri gəlmişkən, bir müddət öncə “Yeni Müsavat” müdafiə naziri Zakir Həsənovun vaxtaşırı cəbhə xəttində olmasına, davamlı hərbi təlimlərə diqqət çəkərək Azərbaycanın ciddi müharibə hazırlıqlarına başlaması barədə manşet yazısı dərc etmişdi. Hesab olunur ki, Azərbaycan, sadəcə, müharibəyə təhrik edilir və Ermənistanın son zamanlar təxribat-diversiya addımları da buna hesablanıb. Bu mənada müşahidəçilər Qarabağda hər an böyük savaşın başlayacağı barədə proqnozlar irəli sürür. O.Əsədovun da bu sözlərlə manatla bağlı addımın sirrini açmış oldu. Belə görünür ki, hökumət əhalinin ciddi narahatlığına səbəb olan addıma, sadəcə, məcburiyyətdən gedib və  buna vadar edən səbəb də ciddi müharibə ehtimalıdır. Məlumatlara görə, manatın kursunda edilmiş dəyişiklik nəticəsində Azərbaycan dövləti 4 milyard manat əlavə gəlir əldə edib ki, bu da hərbi büdcə qədər vəsait deməkdir. Eyni zamanda bu məbləğ Ermənistanın dövlət büdcəsindən də xeyli çoxdur.

****
Daha sonra iclasda çıxış edən deputat Siyavuş Novruzov hökumətin xalqın maraqları naminə addımlar atacağını dedi: “Burada dərhal bəyanat verməyə ehtiyac yoxdur, hökumət bunu hesablayır və təqdim edəcək. Hökumətin Milli Məclisdə hesabatı olacaq. O zaman biz görəcəyik ki, hansı addımlar atılıb. Populizmdən də kimlərsə nəsə qazanmaq istəyirsə, mənasız bir şeydir. Hesab edirəm ki, real iqtisadi faktorlara əsaslanıb, məsələni  həll etmək hökumətin borcudur. Xalqın maraqlarını qorumaq bu hökumətin çiynindədir. O baxımdan da hökumət öz addımlarını atacaq”.

Fazil Mustafa Xocalı ilə bağlı görülən işlərin effektinin olduğunu dedi. Deputat bildirdi ki, Xocalı ilə bağlı beynəlxalq aləmdə qərarların qəbuluna çalışmaq lazımdır. F.Mustafa da manatın devalvasiyasından danışdı: “Əhalinin aztəminatlı hissəsi üçün hökumət tərəfindən addımlar atılmalıdır. Təqaüdçülər, həkimlər, müəllimlər, hərbçilərlə bağlı qərarlar verilməlidir ki, daha ciddi problemlər yaranmasın”.

Vahid Əhmədov əvvəlcə bəzi deputatları bilmədiyi mövzulardan danışmaqda qınadı və Mərkəzi Bankın rəhbərliyini sərt ittiham etdi. Dedi ki, manatın devalvasiyası lazım və labüd idi: “Amma milli valyutanın devalvasiyası yumşaq şəkildə həyata keçirilməli idi. Mən dəfələrlə Mərkəzi Bankla əlaqə saxlamışam, son iki gün əvvələ qədər deyiblər ki, manatın kursu ciddi şəkildə dəyişməyəcək. Çox təəssüf ki, Mərkəzi Bank öz sözünün üstündə dayanmadı. Bu, ciddi prosesdir, insanlara öz təsirini göstərəcək. Bölgələrdə artıq unun, şəkər tozunun qiymətində süni qiymət artımları müşahidə olunur. Hökumət bunun qarşısını almalıdır. Həmçinin əhalinin banklardan götürdüyü kreditlərlə bağlı hökumət addımlar atmalıdır. Sahibkarlar dollarla böyük məbləğdə kreditlər götürüb, onların qaytarılmasında problemlər yarana bilər. Həmçinin Vergilər, İqtisadi İnkişaf nazirlikləri süni qiymət artımlarına qarşı mübarizə aparmalıdır”. V.Əhmədov qeyd etdi ki, devalvasiyaya 2014-cü ildən başlanılsaydı, biz bu günə düşməzdik: “Bu, Mərkəzi Bankın birbaşa səhvidir, Mərkəzi Bank buna cavabdehdir”.

İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə söz alıb dedi ki, neftin qiymətin aşağı düşməsi gərgin situasiya yaradıb. Büdcədə neftin qiyməti 90 dollar götürülüb, ancaq bu gün neftin qiyməti 60 dollardır: "Bu şəkildə ilin sonuna qədər davam edərsə, Azərbaycan dövlətinin büdcəsinin kəsiri 6-7 milyard dollar olacaq. Manatın sabit qalması üçün dövlət hər ay 2,4 milyard itirirdi. Bu da Ermənistanın büdcəsi qədərdir". Z.Səmədzadə də hökuməti ciddi tədbirlərə çağırdı: “Mən əminəm ki, Azərbaycan hökuməti və xalqı bu çətinlikdən də çıxacaq”. 

O.Əsədov məsələnin neftlə əlaqələndirilməsini düzgün saymadı. Nefti olmayan İsveçrə və Danimarkanın da milli valyuta ilə bağlı çətinliklə üzləşdiyini dedi: “Mən İqtisadi İnkişaf Nazirliyi ilə də danışdım. Əminəm ki, ərzaqların qiymətinin artmasına imkan verilməyəcək”.
Deputat Qüdrət Həsənquliyev isə ərzaq məhsullarının qiymətinin artıq qalxdığını dedi və təklif verdi: “Ünvanlı sosial yardım alanların müavinəti 35 faiz artmalıdır. Nəzərə alaq ki, bu təbəqə əhalinin az dolanışığı olan təbəqəsidir. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi düşünməlidir ki, necə etmək lazımdır ki, sosial yardım alanların sayı azalsın. İnsanlar ələ baxımlı olmasınlar. İşlə təmin edilsinlər, halal zəhməti ilə dolansınlar. Büdcədən bu xərclər azaldılsın”.

“Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna dəyişikliklər haqqında məlumat verən komitə sədri Hadi Rəcəbli bildirdi ki, təkilf olunan dəyişikliyə əsasən Azərbaycanda ünvanlı dövlət sosial yardımını müddəti 1 ildən 2 ilə qədər uzadılır. “Əgər vətəndaşlar əvvəllər 6 ay, sonralar isə 1 il müddətinə bu hüquqdan yararlanırdılarsa, indi yenidən heç bir sənəd düzəltmədən 2 il bu hüquqdan istifadə imkanı əldə etmiş olacaqlar”.

“Bugünlərdə dollar və manatın dəyərində fərqlərin yaranması ilə bağlı bir sıra iş adamları yaranan vəziyyətdən sui-istifadə edib pul qazanmaq istəyirlər”. Bunu isə deputat Fəzail Ağamalı bildirdi. Onun sözlərinə görə, əhali eyni ajiotajla adətən bayram ərəfələrində də qarşılaşır, çünki ölkədə süni qiymət artımları baş verir. Deputat bununla əlaqədar olaraq sərt tədbirlərə əl atılmasını vacib saydı: “Azərbaycanda süni qiymət artımlarının qarşısını almaq üçün İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilməlidir”.

Daha sonra deputatlar gündəlikdəki bir sıra qanun layihələrinə əlavə və dəyişikliklər etdilər, həmçinin "Elm haqqında" Qanun layihəsi ilk oxunuşda müzakirəyə çıxarıldı.  (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar