Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda övladlığa uşaq götürmək istəyənlərin sayı artıb


Ölkədə bu sahədə prosedurlar azyaşlıların marağına uyğun olaraq sərtləşdirilib


Heydər Əliyev Fondunun vitse-prezidenti, ölkə prezidentinin qızı Leyla Əliyevanın valideyn himayəsindən məhrum olan qız uşağını övladlığa götürməsi ölkədə övladlığa uşaq götürmək məsələsini yenidən gündəmə gətirib. Bundan sonra xeyli sayda tanınmış şəxs də övladlığa uşaq götürmək istədiklərini bəyan ediblər. 

Qəlbində mərhəmət hissi olan insanlar daha yaxşı anlayır ki, ən yaxşı uşaq evi belə ailəni əvəz etmir. Bütün uşaqların ailə ortamında yaşamağa haqqı var. Buna görə də övladlığa uşaq götürmək bəlkə də savabların ən böyüyüdür.

Son 2 ildə ölkədə övladlığa uşaq götürmək istəyənlərin sayı xeyli çoxalıb. Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Yeni Müsavat”a açıqlamasında bildirib: “Bəzən insanlar elə güman edirlər ki, bizim təşkilatımızın nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağından uşaqları övladlığa götürmək mümkündür. Lakin belə deyil. Bizim fəaliyyətimiz əsasən ailə zorakılığına qarşı mübarizə və küçə uşaqları ilə işdir. Qanunla müəyyələşmiş formada bir çox hallarda uşaqları dövlət müəssisələrinə yerləşdirməli oluruq. 2013-cü ildə ”Özgə uşaq olmur" layihəsində yaxından iştirak etdik. Məhz bundan sonra övladlığa uşaq götürmək üçün xeyli sayda müraciətlər oldu. Ötən il 60-a yaxın bu cür müraciət almışıq. Belə olan halda biz onları aidiyyəti orqanlara yöndələndirmişik. Bütün bunlar onu göstərir ki, artıq insanların qəlbində bir mərhəmət hissi yaranmağa başlayıb". 

Məlumat üçün bildirək ki, üç aylıqdan 3 yaşına qədər övladlığa verilməsi mümkün olan uşaqların mərkəzləşmiş uçotu Səhiyyə Nazirliyi tərəfindən aparılır. 3 yaşdan 18 yaş arası uşaqların övladlığa verilməsi üçün mərkəzləşmiş uçot qeydiyyatı isə Təhsil Nazirliyi tərəfindən aparılır. 

Ölkəmizdə övladlığa uşaq götürmək istəyən əcnəbilərin də sayı az deyil. Kiçik araşdırmamızdan məlum oldu ki, əcnəbilərə verilən uşaqlar əsasən qüsurlu uşaqlardır. Belə ki, dəfələrlə ailələrə təklif olunan, lakin qüsurlu olduğuna görə övladlığa götürülməkdən imtina edilən uşaqlar sonda əcnəbilərə verilir. Övladlığa uşaq götürmək istəyən əcnəbilərin demək olar ki, əksəriyyəti Rusiyada yaşayan azərbaycanlılardır. Ekspertlər bildirirlər ki, əcnəbilərə övladlığa götürülmə ilə bağlı Ailə, Qadın, Uşaq hüquqları üzrə Dövlət Komissiyası təyin olunduqdan sonra qaydalar xeyli ciddiləşib və sərtləşdikdən sonra statistikada kəskin azalma var. 

Statistikaya əsasən deyə bilərik ki, övladlığa uşaq götürmək istəyən şəxslərin əksəriyyəti 5 yaşınadək qız uşaqlarına daha çox maraq göstərir.  

Övladlığa uşaq götürmək istəyən məşhurlar...

Böyükdən-kiçiyə hər kəsə məlumdur ki, Hollivudun məşhur simaları üçün övladlığa uşaq götürmək çox adi haldır. Məsələn, Bred Pitt və Ancelina Coli,  Nikol Kidman və Tom Kruz, Evan Mak Qreqor və xanımı İv Mavrakis cütlükləri,  Şeron Stoun, Madonna, Ketrin Heyql kimi məşhurlar bu günəcən müxtəlif irqlərdən olan uşaqları övladlığa götürüb. 
Yerli məşhurlarımıza gəldikdə isə nədənsə  bizimkilər bu məsələyə o qədər də isti yanaşmaq istəmir. Doğrudur, onların arasından Xoşqədəm Hidayətqızı və Doğuş cütlüyü fərqlənərək övladlığa uşaq götürmək istədiklərini desələr də, hələ ki bunu reallıqda həyata keçirməyiblər. Xalq artisti İlhamə Quliyeva da Zimbabvedən qaradərili bir qız uşağını  övladlığa götürmək istədiyini açıqlasa da sonradan fikrini dəyişərək həmin uşağa yalnız uzaqdan-uzağa kömək istədiyini bildirmişdi. 

Bəs görəsən, övladlığa uşaq götürmək üçün hansı proseslərdən keçmək lazımdır?
 “Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxış bu barədə bildirdi ki, övladlığa uşaq götürmək istəyən şəxs ilk növbədə ərizə ilə məhkəməyə müraciət etməlidir: “Övladlığa götürmə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində qeydə alındıqdan sonra yol verilir. Bir uşaq ər-arvaddan başqa iki şəxs tərəfindən övladlığa götürülə bilməz. Ər və yaxud arvad özünün nikahdan olmayan uşağını, yəni ər və ya arvadının uşağını övladlığa götürə bilər. Eyni zamanda aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər. Övladlığa götürən şəxs nikahda deyilsə, onunla övladlığa götürülən uşağın yaş fərqi 16-dan az olmamalıdır. Məhkəmə tərəfindən üzürlü hesab edilən səbəb olduqda yaş fərqi qısaldıla bilər. Ögey ata-ana uşağı övladlığa götürəndə nəzərdə tutulan yaş fərqinin olması tələb edilmir. Ümumiyyətlə isə 18 yaşına çatmış uşaqlar övladlığa götürülə bilməz”.

Hüquqşünas bildirdi ki, əcnəbi şəxslər tərəfindən uşağın övladlığa götürülməsi Azərbaycan Respublikasının Ailə, Qadın və uşaq Problemləri üzrə Dövlət Komitəsinin razılığı əsasında aparılır: “Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən uşaqların övladlığa götürülməsinə, həmin uşaqların Azərbaycan Respublikası ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ailələrinə tərbiyə vermək mümkün olmadıqda və ya vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq yaxın qohumları, yəni bacı-qardaşları, nənə-babaları, valideynlərinin bacı və qardaşları, onların övladları tərəfindən övladlığa götürülmədikdə icazə verilir. Azərbaycan Respublikası vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə Azərbaycan Respublikasının Ailə, Qadın və uşaq Problemləri üzrə Dövlət Komitəsinin razılığı əsasında yol verilir. Azərbaycan Respublikasının vətəndaşı olan uşağın Azərbaycan Respublikasının vətəndaşları tərəfindən övladlığa götürüldükdə isə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının  iştirakı ilə mülki prosessual qanunvericilikdə nəzərdə tutulan xüsusi icraat qaydasında baxılır. Övladlığa götürənlərin və övladlığa götürülən uşaqların hüquq və vəzifələri məhkəmənin uşağın övladlığa götürülməsinin müəyyən olunması barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranır. Övladlığa uşaq götürmək istəyən şəxsin psixologiyası, maddi durumu, yaşayış tərzi ciddi araşdırılır. Hər hansı şərtlər altında, hər hansı müddətə və ya nümayəndələr vasitəsi ilə övladlığa götürmək yolverilməzdir. Uşaq öldükdə övladlığa götürməyə yol verilmir”.

Hüquq müdafiəçisinin sözlərinə görə, bacı-qardaş müxtəlif şəxslər tərəfindən övladlığa götürülə bilməz: “Uşağın mənafeyinə cavab verən hallar istisna olmaqla, qardaş və bacı müxtəlif şəxslər tərəfindən övladlığa götürülə bilməz, yəni bu yolverilməzdir. Valideynləri olan uşaqlar isə müəyyən hallar istisna olmaqla, yalnız valideynlərinin razılığı ilə övladlığa götürülə bilər. Yəni valideynlər valideynlik hüquqlarından məhrum ediliblərsə və bundan 1 il müddət keçibsə və ya qanunla müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti olmayan, yaxud xəbərsiz itkin düşmüş hesab ediliblərsə, övladlığa götürməyə onların razılığı tələb olunmur. Eyni zamanda valideynlər 6 aydan artıq müddətdə uşaqla birlikdə yaşamırlarsa, qəyyumluq və himayə orqanlarının xəbərdarlığına baxmayaraq, onun tərbiyəsində və ya saxlanılmasında iştirak etməkdən boyun qaçırırlarsa, uşağa valideynlik diqqəti və qayğısı göstərmirlərsə, övladlığa götürmə onların razılığı olmadan da icra edilə bilər. Valideyn himayəsindən məhrum olan uşaqların övladlığa götürülməsinə qəyyumların, himayədar ailənin, uşaqların yerləşdiyi müəssisələrin rəhbərlərinin razılığı tələb olunur. Lakin məhkəmə uşağın mənafeyini nəzərə alaraq bu şəxslərin razılığı olmadan da onun övladlığa götürülməsi barədə qətnamə qəbul edə bilər. 10 yaşına çatan uşaq övladlığa götürüldükdə onun razılıq verməsi zəruridir. Övladlığa götürmə haqqında ərizə verilənə qədər uşaq övladlığa götürmək istəyənin ailəsində yaşamışsa və onu öz valideyni hesab edirsə, övladlığa götürmə övladlığa götürülən uşağın razılığı olmadan da aparıla bilər”.

Ekspert hansı halda övladlığa götürülən uşağın ad, soyad, ata adını dəyişdirmək mümkün olmasından da danışdı. O bildirdi ki, yalnız 1 yaşınadək uşağın adı, soyadı, ata adı, doğum tarixini dəyişdirmək mümkündür: “Belə hallarda uşağın doğum tarixi 3 aydan çox olmayaraq vaxtı dəyişdirilə bilər. 1 yaşından sonra isə uşağın ad və soyadının dəyişdirilməsi yalnız istisna hallarda, məhkəmə yolu ilə ola bilər. Övladlığa götürülən uşağın artıq 10 yaşı varsa yalnız onun razılığı ilə bu proses aparıla bilər”.

M.Baxış onu da vurğuladı ki, övladlığa götürmənin sirri qanunla mühafizə olunur: «Övladlığa götürənlərin razılığı olmadan, onlar öldükdə isə qəyyumluq və himayə orqanının razılığı olmadan övladlığa götürmə haqqında hər hansı məlumat vermək, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarından övladlığa götürənlərin övladlığa götürülənin doğma valideynləri olmadığını göstərən çıxarışlar vermək qadağan edilir. Övladlığa götürənin iradəsi ziddinə övladlığa götürmə sirrini yayan şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar".

Bəs hansı şəxslər övladlığa uşaq götürə bilməz? 

Qanuna əsasən məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər, məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan şəxslər, qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılan şəxslər, əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilən şəxslər, səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər övladlığa uşaq götürə bilməz. Yəni Nazirlər Kabinetinin 2000-ci il tarixli, 141 saylı qərarına əsasən, vərəmin aktiv və xroniki vəziyyətdə olması, I, II və V qrup dispanser qeydiyyatında olan xəstələr, daxili orqanların, sinir sistemi xəstəlikləri olan şəxslər, bundan başqa, bədxassəli onkoloji xəstəliklər, narkomanlıq, toksikomanlıq və xronoloji alkoqolizm, infeksion xəstəliklər və ruhi xəstəlikləri olanlar da övladlığa uşaq götürə bilməz. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar