Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanı İŞİD-lə müharibəyə çəkirlər - sensasion gəlişmə


Rusiya cəhənnəmə getməyə yoldaş axtarır; Moskvadan Bakıya anti-İŞİD əməliyyatlarına qoşulmaqla bağlı mesajlar gəlir; Kreml rus qırıcılarının Bəşər Əsəd rejiminə yardımı üçün hava məkanımızdan və hərbi aerodromlarımızdan istifadə etməyi planlaşdırır


Rusiya Federasiya Şurası sentyabrın 30-da ordudan xaricdə istifadə edilməsinə razılıq verəndən dərhal sonra Rusiyanın hərbi hava qüvvələrinə məxsus bombardmançı və qırıcı təyyarələr Suriyada “İslam dövləti” (İŞİD) terror təşkilatına qarşı hərbi hava əməliyyatlarına başlayıb. 

Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov Rusiya Aviasiya və Kosmik Qüvvələrinə bağlı döyüş təyyarələrinin Suriyada İŞİD-ə aid 8 bazanı vurduğunu açıqlayıb. O, “Hava hücumları nəticəsində sursat, silah, yanacaq və hərbi təchizat anbarları vuruldu. İŞİD terrorçularının dağlıq bölgədəki komandanlıq mərkəzləri də tamamilə məhv edilib”, - deyib. Konaşenkov bütün hücumların kəşfiyyat uçuşları aparıldıqdan sonra və Suriya ordu qərargahından alınan məlumatlar əsasında tərtib olunduğunu da sözlərinə əlavə edib. Müdafiə Nazirliyi sözçüsü “Rus təyyarələrində silahlar mülki infrastruktur obyektlərinə qarşı istifadə edilmədi”, - deyə vurğulayıb. 

Rusiyanın Suriya əməliyyatlarına cəlb olunması fərqli prizmalardan izah olunur. Məsələnin Azərbaycanla bağlı müzakirələri isə bizim üçün daha çox əhəmiyyətli olduğundan bu istiqamətdə araşdırmalar apardıq. Rusiya Baş Qərargahının sabiq rəisi Yuriy Baluevskiy hesab edir ki, MDB məkanının bəzi dövlətləri Rusiya tərəfindən İraq və Şam İslam Dövlətinə (İŞİD) qarşı başladılacaq əməliyyatlara qoşula bilərlər. Çünki onlar da rəsmi Moskva kimi terrorçulara qarşı mübarizə aparmaqda maraqlıdırlar. 

“Niyə bu ölkələr İŞİD-ə qarşı başladılan əməliyyatlardan kənar qalmalıdılar? Onlar da İŞİD-in məhv edilməsində maraqlıdırlar. Çünki bu təşkilat da onlar üçün təhlükə yaradır”, - deyə Baş Qərargahın sabiq rəisi bildirib. Onun sözlərinə görə, belə əməliyyatların potensial iştirakçısı kimi Ermənistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan ola bilər. 

Azərbaycan vətəndaşları arasında da İŞİD tərkibində döyüşmək üçün Suriyaya gedənlər, müharibədə ölənlər, yaxud ölkəmizə qayıdan və burada həbs edilən onlarla şəxs var. Bu mənada Rusiyadan Azərbaycana ünvanlı təklifdə hardasa məntiqə uyğunluq var. Lakin eyni zamanda İŞİD-lə açıq döyüşə girməyin nə qədər riskli olduğunu hər kəs yaxşı anlayır. Bu baxımdan Rusiyanın Azərbaycanı müharibəyə cəlb etməsi çox təhlükəlidir. Düzdür, Azərbaycan antiterror koalisiyanın üzvü olaraq İraq, Kosova, Əfqanıstana sülhməramlı göndərib. Lakin ərazisinin böyük hissəsi işğalda olan bir ölkənin hərbi əməliyyatlara cəlb olunması olduqca təhlükəli sayılır.  

Bu arada Rusiya təyyarələrinin Azərbaycanın hava məkanından keçməklə Suriyaya getməsi ətrafında müzakirələr gedir. Hələ ki məsələyə rəsmi reaksiya verilməyib. Ancaq bu istiqamətdə bir-birinə zidd xəbərlər yayılır. İddialara görə, Rusiya Azərbaycandan izn almadan hava məkanımızdan istifadə edib. Digər məlumat bundan ibarətdir ki, Xəzərin statusu ilə bağlı 5 dənizkənarı dövlət arasında razılaşma olmadığından Rusiya təyyarələri Xəzər üzərindən İran səmasına, daha sonra İraqSuriya səmasına daxil olub. 

Virtualaz.org yazıb ki, Bolqarıstan və bəzi ölkələr ABŞ-ın tələbi ilə hava məkanını Rusiya təyyarələrinə bağlayıb: “Ancaq belə görünür ki, Azərbaycan ABŞ-ın xahişini rədd edib. Elə Pentaqonun Rusiya, Ukrayna və Avrasiya regionu üzrə kuratoru Evelin Farkasın sentyabrın 18-də Bakıya etdiyi səfərin əsl məqsədi də Rusiya təyyarələrinin Azərbaycan üzərindən keçərək Suriyaya uçmasının qarşısını almaq idi. Hansı ki, Rusiya təyyarələrinin bir qrupunun məhz həmin gün Azərbaycanın hava məkanından keçib Suriyaya uçduğu indi üzə çıxır. Bu səfərdən cəmi bir neçə gün sonra Evelin Farkas istefaya göndərilib. ABŞ mətbuatı yazır ki, Pentaqonda Rusiya və Avrasiya regionu üzrə çox azsaylı mütəxəssislərdən olan Evelin Farkasın istefaya göndərilməsi onun sərt antirusiya mövqeyi ilə bağlı ola bilər”. 

Məqalə müəllifi daha sonra yazıb: “Nüfuzlu Amerika nəşrləri ehtimal edir ki, Obama administrasiyası Rusiya ilə münasibətləri yumşaltmağa çalışdığı üçün Evelin Farkası istefaya göndərib. Lakin virtualaz.org ehtimal edir ki, Evelin Farkasın istefaya göndərilməsinin səbəbi ona həvalə edilmiş missiyanın - Rusiya aviaqruplaşmasının Suriyaya yolunu kəsməsi tərəfdaş ölkələrlə razılaşdırmaq missiyasının uğursuzluqla nəticələnməsidir. Çünki Rusiyanın cəmi bir neçə həftə ərzində Suriyaya iri zərbə qruplaşmaları yerləşdirməsi və bu ölkədə ildırım sürəti ilə aviabaza formalaşdırması Krımın ilhaqından sonra ABŞ-ın mövqelərinə vurulan ikinci ən sarsıdıcı zərbədir. İndi Rusiyanın Suriyada yaratdığı yeni status-kvo Bəşər Əsəd rejiminin hakimiyyətdən uzaqlaşdırılmasına dair ABŞ-ın çoxillik səylərini heçə endirir. Və Rusiya Yaxın Şərqdə hərbi iştirakını təmin edərək bölgədə söz sahibinə çevrilir”. 

“Ekspertdən həyəcanlı xəbərdarlıq: “Rusiyanın yanında yer alması Azərbaycana baha başa gələ bilər”


“Wall Street Journal”ın yazdığına görə, təsadüfi deyil ki, Rusiya aviaqruplaşmasının Suriyada endirdiyi ilk hava zərbələrinin hədəfinin İŞİD yox, məhz ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin hazırlıq keçdiyi “mötədil müxaliflər” olduğu üzə çıxıb.

Göründüyü kimi, vəziyyət kifayət qədər mürəkkəbdir. Hətta zahirən Suriya əməliyyatlarında Rusiyanın iştirakına ABŞ-ın “yaşıl işıq” yandırdığı təsəvvürü formalaşsa da, fərqli informasiyaların yayılması tamam ayrı mətləbləri ortaya çıxarır. 

“Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu hesab edir ki, Rusiyanın Suriyada hərbi münaqişələrə qoşulması Azərbaycan üçün də təsirsiz ötüşməyəcək: “Rusiyanın xarici siyasəti aqressivləşəcək. Rusiya bəzi dövlətlərdə mövqeyini möhkəmləndirmək üçün təzyiqləri gücləndirəcək. 

Rusiya Yaxın Şərq prosesində konkret Suriyada böyük münaqişəyə cəlb olunur. Rusiya çalışacaq ki, ətrafdakı ölkələrdən, xüsusilə də keçmiş Sovet  ölkələrindən istifadə etsin. Təbii ki, bu da həmin ölkələr üçün, o cümlədən Azərbaycan üçün hərbi təzyiqlər yaradacaq”.

Qeyd edək ki, bir müddət öncə Almaniyanın “Deutsche Welle” nəşrində politoloq, Mərkəzi və Şərqi Avropa üzrə ekspert İvan Preobrajenskinin “Rusiya Suriyaya Qarabağdan yol axtarır” adlı analitik məqaləsi dərc olunmuşdu. Məqalədə bildirilib ki, Azərbaycanda Suriyaya hərbi resursların daşınması üçün Rusiyanın hərbi bazasının yaradılması variantı mümkündür. “Moskva öz qoşunlarını Suriyaya göndərmək üçün Azərbaycan ərazilərində hərbi baza açmaq hüququnu alacaq. Eyni zamanda bununla həm də Dağlıq Qarabağ ətrafında vəziyyəti ”sabitləşdirmək" istəyəcək. Bu plan dünya mətbuatına sızdırılıb. Moskva isə reaksiya gözləyir", - deyə o bildirib.

Sabiq milli təhlükəsizlik zabiti Sülhəddin Əkbər vəziyyəti “Yeni Müsavat”a şərh edərkən deyib ki, Azərbaycan öz hava bazalarından istifadə üçün zaman-zaman ABŞ-a, NATO-ya icazə verib: “Əfqanıstan əməliyyatlarında da Azərbaycanın hava məkanından geniş istifadə olunub. Ona görə də əgər Rusiya Azərbaycandan icazə istəsə, rəsmi Bakı ona ”yox" deyə bilməz.

İkincisi, Rusiya lazım gəlsə, Azərbaycandan icazə almadan da ölkəmizin hava məkanından keçəcək, Azərbaycanın ona qarşı çıxacaq bir gücü yoxdur. Üçüncüsü də Azərbaycanın hava məkanına girmədən, Xəzər üzərindən də İran-İraq-Suriya marşrutu ilə Rusiya təyyarələri uça bilər". 

Ekspert Azərbaycanın anti-İŞİD əməliyyatlarına qoşulub-qoşulmaması məsələsindən bəhs edərkən bildirib ki, Azərbaycan çox çətin durumdadır: “Bir tərəfdən İŞİD-in təhdidi var, digər tərəfdən, əgər rəsmi Bakı İŞİD-ə qarşı mübarizəyə qoşulmaq istəyirsə, 65 dövlətin qoşulduğu koalisiya var, hansı ki, Azərbaycanın strateji tərəfdaşı olan Türkiyə də orda iştirak edir. Azərbaycanın 2010-cu ildən Türkiyə ilə strateji tərəfdaşlıq, qarşılıqlı yardım haqqında müqaviləsi var. Yəni Azərbaycan bu prosesə qoşulacaqsa da, Türkiyənin yanında yer almalı və qoşulmalıdır. Rusiyanın ”blokuna", “Rusiya-İran-Suriya” blokuna qoşula bilməz. Ölkəmizin Rusiyanın yanında yer alması Azərbaycana çox baha başa gələ bilər. Qoşulmamağı da Rusiya tərəfdən təzyiqlərin artmasına gətirib çıxaracaq. Dəfələrlə deməkdən yorulmuşduq ki, getdikcə Azərbaycanın manevr imkanları daralır, rəsmi Bakı öz strateji seçimini etməlidir. Necə ki, etməyib, beləcə hər iki tərəf arasında qalacaq, qoşulmayacağı halda hər iki tərəfin etimadını itirəcək, qoşulacağı halda isə tərəflərdən birinin təzyiqi ilə üzləşəcək". 

Bundan əvvəlki aylarda bir neçə dəfə Rusiyanın Azərbaycan ərazisində hərbi baza qurmaq planını işə saldığı barədə xəbərlər yayılıb. Hətta Rusiya telekanallarından biri ölkəmizlə bağlı hazırladığı geniş reportajda “Nasosnı”dakı hərbi aerodroma - hansı ki, NATO təyyarələri də istifadə edir - xüsusi diqqət ayırmışdı. Bu mənada hesab edilir ki, Moskva İŞİD-ə qarşı antiterror əməliyyatlarında Azərbaycan aeroportlarından istifadə edə, yaxud burada hərbi baza qura bilər. Lakin S.Əkbər fərqli düşünür: “Rusiyanın İŞİD-lə mübarizəsi üçün Azərbaycanda baza qurmasına ehtiyac yoxdur. Təbii ki, Rusiyanın Azərbaycandan hərbi əməliyyatlarda iştirak haqda tələbi  uzun illərin söhbətidir. Rusiyanın istəyi Azərbaycanı tam nəzarətə götürməkdir, sərhədlərindən tutmuş hava məkanının qorunmasına qədər. Əsas hədəf Qərbin Azərbaycandan, Xəzərdən tamamilə çıxarılmasıdır. Geopolitik, geostrateji qarşıdurma sərtləşdikcə də Azərbaycan öz mövqeyini əvvəl-axır seçməlidir. Seçməyəcəyi halda, hər iki tərəfin etimadını itirəcək”. 

S.Əkbər Rusiyanın Suriya bataqlığına girdiyi barədə fikirləri də təsdiqləyir: “Strateji qarşıdurmada Amerikanın məqsədi Rusiyanın mümkün qədər geniş cəbhədə prosesə qoşulmasıdır. O qədər böyük qüvvəyə malik olan SSRİ Əfqanıstan müharibəsindən çıxa bilmədi. İndi Rusiya ilə SSRİ-nin gücünü müqayisə etmək olmaz. Rusiyanın gələnilki büdcəsi cəmi 205 milyard dollardır. Təkcə Pentaqonun büdcəsi üç dəfə bundan çoxdur. Strateji qarşıdurmada Rusiyanın şansı yoxdur. Moskva çox böyük səhvə yol verir. Ukrayna böhranı ilə yanaşı, ikinci bir böhrana girir. Əgər o boyda SSRİ bir böhrandan çıxa bilmədisə, Rusiya indiki gücü ilə iki böhrandan necə çıxacaq, bunu yaxın illərdə görəcəyik”. 

Ekspert deyib ki, Rusiyanı cəsarətləndirən Obama administrasiyasının Suriya, o cümlədən Gürcüstan və Ukrayna ilə bağlı zamanında yol verdiyi səhvləri, tərəddüdləridir. 

Bəzi müşahidəçilərin qənaətinə görə, Azərbaycan Rusiyanın başının qarışmasından istifadə edə, Qarabağın azad olunması əməliyyatını başlaya bilər. Hətta bunun üçün unikal şansın yarandığını düşünənlər var. Lakin S.Əkbər deyib ki, Qarabağ məsələsində Azərbaycan hətta Rusiyanın avantürist təkliflərinə də razılaşmamalıdır: “Azərbaycan həvəsləndirilib Ermənistanla savaşa sürüklənə bilər.

Rusiyanın planı budur ki, Azərbaycan müharibəyə başlayacağı təqdirdə bir qədər irəlilədikdən sonra ”humanitar tədbir" adı altında, necə ki, Cənubi Osetiyada etdilər - rus silahlı qüvvələrinin “MDB sülhməramlı qüvvələri” adı altında münaqişə bölgəsinə yeridilməsi planı var. Ondan sonra daha heç kim Azərbaycandan hərbi baza qurmaq üçün icazə istəməyəcək".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar