Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın ABŞ-a doğru bir addımı və... Qarabağda silahlar işə düşdü


Bakının Qərbə, ilk növbədə isə Vaşinqtona münasibətdəki ritorikasının dəyişməsi diqqətdən yayınmadı


Xüsusilə də ABŞ Dövlət Departamentinin yüksək vəzifəli iki nümayəndəsinin qəfildən Azərbaycanda görünməsindən sonra..

İlk baxışda çox qəribə metamorfoza idi - dövlət çevrilişinə cəhddə ittiham etməkdən hərbi-siyasi tərəfdaşlığa sadiq qalmaq andına qədərki dəyişiklik...

Bakıya xüsusi missiya ilə gələn Amos Hokştaynın səfərindən dərhal sonra Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, hamının həmişə və ənənəvi olaraq “rus partiyası”na aid etdiyi Nəcməddin Sadıqov ABŞ-ı hərbi əməkdaşlığı bərpa etməyə çağırdı.

Amerikalıların cavabını çox gözləmək lazım gəlmədi. Pentaqon nümayəndələri o dəqiqə Müdafiə Nazirliyinə gəldi. Qalan hər şey bağlı qapılar arxasında qaldı. Onlara əlimiz çatmır.

Azərbaycanın heç də yekcins olmayan ziddiyyətli siyasi mühitində bişib bərkimiş ekspertlər bir ağızdan vurğulamağa başladılar ki, Əliyevlə Obama razılığa gəlib.

Əlbəttə, maraqların və düşmənlərin əbədi olmaması barədəki məşhur və köhnə makiavellist həqiqəti heç kim şübhə altına almır. Lakin beynəlxalq vəziyyətin bütün mürəkkəbliyini və regiondakı durumun partlayış həddində olmasını nəzərə alanda Moskvadan mütləq əsəbi reaksiyanın gələcəyini zənn etmək o qədər də çətin deyildi. Axı Putinin avrasiyaçılıq doktrinasının əsas qayəsi məhz Qərbin, əsasən də Amerikanın postsovet məkanındakı təsirini məhdudlaşdırmaq üzərində qurulub. Kobud desək, Kremlin gözlənilmədən müstəqillik əldə etmiş keçmiş müstəmləkələrinə yanaşmasını uzun-uzadı izah etməyə ehtiyac yoxdur: ya bizimlə olmalısınız, ya da bizə qarşı olanlara qarşı çıxmalısınız.

Böyük dövlətlərin maraqlarını balanslaşdırma siyasətini yürütmək hələ heç Ukrayna münaqişəsini demirik, gürcü-rus müharibəsindən sonra daha da çətinləşib. Çünki beynəlxalq gərginliyin zəiflədilməsi prosesinə son qoyulub. İri dövlətlər yenidən “soyuq müharibə” qarşıdurması mərhələsinə qədəm qoyublar. 

Əvvəllər, Azərbaycan Qərbə qucaq açan kimi Qarabağdakı vəziyyət o dəqiqə gərginləşmişdi. Lakin bu, Heydər Əliyevin hakimiyyəti dövründə olmuşdu. O zaman Rusiyada siyasi hakimiyyət gücsüz Yeltsinlə yarımkriminal qruplaşmalar arasında bölünmüşdü. Qərb “soyuq müharibə” dövründən sonrakı illərdə regional təhlükəsizliyin qarantı rolunda çıxış etməkdə davam edirdi. Bu isə status-kvonun Kreml tərəfindən pozulması ilə bağlı istənilən cəhdi tamamilə istisna edirdi.

İndi bizim qonşuluğumuzda tamamilə başqa bir Rusiya - qisasçı, yeni imperiya ambisiyasına malik, ekspansiv, “yaşıl adamcıq”larla silahlanmış və SSRİ-nin dağılmasından sonra yaranmış dünya düzəninin inkar edən bir Rusiya var.

Əlbəttə, Rusiya texnoloji baxımdan yaxşı inkişaf etmiş Qərblə müqayisədə Azərbaycana (eləcə də digər keçmiş müstəmləkə ölkələrinə) heç nə təklif etmək iqtidarında deyil. Enerji derjavası olan, lakin texnoloji sivilizasiyadan xeyli uzaqda qalan Rusiyanın özü dərin iqtisadi depressiyadadır, öz iqtisadiyyatının üzləşdiyi xroniki enerji asılılığı sindromunu öz gücünə dəf etməyə çalışır.

Rusiyanın bizə heç nə təklif etmək gücündə olmadığını çoxdan başa düşürük. Amma Beynəlxalq Narıncı İnternasionalın timsalında təcəlla edən Gürcüstanın kədərli aibəti və Ukrayna dövlətçiliyinin süqutu ssenarisi göstərir ki, Kreml xeyli siyasi problemlər yarada bilər.

Kremldə səmimi-qəlbdən inanırlar ki, əgər Putinin və onun xüsusi xidmət orqanlarının müdaxiləsi olmasaydı, inqilabi Maydan ideyası İrəvanda olduğu kimi elə Bakıda da zəfər çalardı.

Lakin əgər axıra qədər səmimi olmalı olsaq, onda deməliyik ki, Kreml ErmənistanAzərbaycandakı elitaları Maydanın ixracına qarşı mübarizədə dəstəkləməklə bu milli elitaların maraqlarını əsas götürmürdü, əslində öz cənub sərhədlərinin müdafiəsinin qayğısına qalırdı. 2000-ci illərin sonunda AzərbaycanErmənistanda inqilab işinin qələbəsi Putin hakimiyyəti üçün böyük təhlükə mənbəyinə çevrilərdi. Rusiya narıncı həlqəyə salınıb bərk sıxılardı. Başqa sözlə, Kreml bütün bu illər ərzində “satelliti” adlanan ölkələri yox, daha çox bu təhlükəli zonadakı öz maraqlarını qoruyub.

Lakin Ukrayna ekspedisiyası Putin Rusiyası üçün çox ağır nəticələr doğurdu. Rusiya mifləşdirilmiş siyasi şiəçilik ideologiyası platformasında möhkəm dayanan qapalı və teokratik İran deyil. Rus xalqının qarnını sadəcə miflərlə və adil Allaha dərin inamla doyura bilməzsən. Bundan əlavə, məhsul ixrac edən iqtisadi modeli yaratmaq üçün Rusiyaya illərlə vaxt lazımdır - ölkənin miqyası həddən artıq böyükdür, tarixi sarsıntıların doğurduğu nəticələr həddən artıq böyükdür.

Buna görə də Rusiya üçün çox çətindir və Qərblə qızışmaqda davam edən qarşıdurma şəraitində ağır sanksiyaların altında yaşamaq bundan sonra lap çətin olacaq. Üstəlik bu sanksiyalar Putinin nəqliyyat-energetika doktrinasının üstündən qalın bir xətt çəkib. “Türk axını” layihəsi də sabun köpüyü kimi şişib partladı. Bu isə Rusiyanın Ukraynadan keçəcək enerji marşrutundan asılılığını şərtləndirir. Hər necə olsa da qaz satmaq lazımdır. Xalqı başqa cür necə yedirib saxlayacaqsan?!

Belə bir mürəkkəb vəziyyətdə böyük iqtisadi problemlərlə üzləşən (neft bazarındakı böhran, milli bank sektorunun iflic olması maliyyə sabitliyi üçün böyük təhlükə mənbəyidir) Azərbaycan Qərblə, o cümlədən ABŞ-la münasibətləri qaydaya salmalı oldu. Axı Azərbaycan iqtisadiyyatının ciddi ehtiyac duyduğu kredit və sərmayələri bizim hökumətə Qərbdən başqa heç kim, o cümlədən hegemon Rusiya da verə bilməz. Onun belə kömək etmək qüdrəti yoxdur.

Azərbaycan yalnız bir halda kəmərini bir qədər sıxa və Qərblə əvvəlki qarşıdurma siyasətini davaam etdirə bilərdi - əgər Rusiya Qarabağ məsələsində bizə kömək etsəydi. Lakin bu, bəri başdan uduzulmuş oyundur. İndiki Ermənistan məhz Kremlin öz siyasi layihəsidir, onun forpostudur. Putin onu qurban verməzdi.

Bundan əlavə, Qarabağ münaqişəsi ona görə dondurulmayıb ki, Azərbaycan hökumətinin hüsnü-rəğbətini qazanmaq naminə özünü münaqişə tərəflərinin birinə effektiv təzyiq rıçaqlarından könüllü şəkildə məhrum edəsən...

Rusiya bu halda nə uda bilərdi? Azərbaycanın inkişaf etməkdə olan ölkələrin nominal Gömrük İttifaqına, yaxud kağız üstündəki Avrasiya İttifaqına daxil olmasınımı? Axı Kreml məmurlarının sözlərinə görə, bu, daha çox Azərbaycanın özünə, daha dəqiq desək, Rusiya bazarlarına meyvə-tərəvəz ixrac edənlərə lazımdır, bu məhsulları idxal edən Rusiyaya yox.

Təkrar edirəm, Rusiya xarici siyasətdəki loyallığın əvəzinə Azərbaycana yalnız bir, yeganə xidmət göstərə bilərdi - bu da siyasi problemlərin olmamasına zəmanət verilməsidir. Kremlin və Rusiya xüsusi xidmət orqanlarının bu problemləri yaratmaq məharətinə isə hətta aqressiv Qərb paytaxtlarında da həsəd aparırlar.

İndi daha bir vacib suala cavab verək: bəs Vaşinqton Azərbaycana nə təklif edə bilər?

Ölkəmizin üzləşdiyi və gələcəkdə də üzləşəcəyi sistemli problemlərin həllində çox şey. Energetika seqmenti hələ uzun illər Azərbaycan iqtisadiyyatının sütunu olaraq qalacaq. Qeyri-neft sektorunun sıçrayışlı inkişafına olan ümidlər özünü hələ doğrultmur. Ölkənin valyuta ehtiyatları neftin ucuzlaşması fonunda nəzərəçarpacaq dərəcədə azalır. İran neftinə qoyulmuş embarqo götürüləndən sonra 2016-cı ildə nələrin olacağı hələ məlum deyil.

Azərbaycana həm qeyri-neft sektorunu inkişaf etdirmək, həm də yeni enerji layihələrini işləyib hazırlamaq və həyata keçirmək üçün kredit və sərmayələr lazımdır. Bu pullar isə yalnız Qərbdə və Vaşinqtonun nəzarətində olan dünya maliyyə-kredit təsisatlarındadır.

Bundan əlavə, “Cənub qaz dəhlizi” layihəsinin gerçəkləşdirilməsi ölkə üçün “olum, ya ölüm” məsələsidir. Vaşinqtonun siyasi dəstəyi olmadan bu geoiqtisadi layihənin həyata keçirilməsindən isə söhbət belə gedə bilməz. ABŞ-la münasibətlərdəki siyasi problemlər bu strateji layihənin qısa zamanda həyata keçirilməsini çətinləşdirir - permanent olaraq gah İtaliyada, gah da Yunanıstanda problemlər yaranır... Bu ölkələrin hökumətlərinə isə yalnız Vaşinqton təzyiq göstərə bilər. Vaşinqtonla Brüsselin SOCAR-ın Yunanıstandakı yarım milyardlıq layihəsini sözün hərfi mənasında necə batırdığını da gəlin unutmayaq. Avropa İttifaqı Yunanıstanın qaz operatoru olan DESFA şirkətinin səhmlərinin alınmasına veto qoydu və layihə batdı.

Bundan əlavə, Azərbaycanın nəhəng bankları və iş adamları ötən ildən etibarən real problemlə üzləşiblər - onlar Qərb banklarından kredit ala bilmirlər. Azərbaycan etibarsız ölkələr siyahısına daxil edilib.

Beləliklə, Vaşinqtonla problemləri həll etmədən və Qərblə qarşılıqlı münasibətlərdəki siyasi böhranı dəf etmədən Qərbin sonrakı investisiyalarına ümid etməyə dəyməz. Əgər neftin barreli 90 dollar olanda Azərbaycan Qərblə davakar ritorikanı özünə rəva görə bilirdisə, qiymətin 40 dollar (və daha az) olduğu şəraitdə belə ritorika ölkə iqtisadiyyatını tam kollaps həddinə gətirib çıxara bilər.

Lakin Vaşinqtonla münasibətlər mülayimləşəndən və ritorika dəyişəndən dərhal sonra Rusiyanın baş kəşfiyyatçısı, QRU şefi, general-polkovnik İqor Serqun gözlənilmədən İrəvana səfər etdi.

Putinin hərbi-siyasi kəşfiyyatının şefi İrəvana “Elektromaydan”ın nəticələrini təhlil etməyə gəlməmişdi. Bu cür məsələlərlə adətən digər xüsusi xidmət orqanı - Federal Təhlükəsizlik Xidməti (FTX) məşğul olur, bu, onun səlahiyyətinə daxildir. FTX isə öz işini əla gördü. İrəvan küçələri yüz minlərlə narazı insandan effektiv məxməri texnologiyaların köməyi ilə, xüsusi vasitələr və zor tətbiq etmədən təmizləndi. Forpost ölkədə arzuolunmaz məxməri inqilab xəbərdarlığı öz işini gördü...

Çox simptomatikdir ki, İqor Serqunun İrəvana səfəri gözlənilmədən Azərbaycan-Ermənistan cəbhəsində vəziyyətin yenidən gərginləşməsi ilə necə oldusa üst-üstə düşdü. Erməni xüsusi təyinatlıları Azərbaycan postlarına qəfildən hücum etdilər, nəticədə Gədəbəydə şiddətli döyüş oldu.

Cəbhədə ötən ilin avqustundan belə güclü qarşıdurma olmamışdı. Bu dəfə təkcə avtomatlar yox, minaatanlar, artilleriya və aviasiya da işə düşdü.

Nə üçün? Yoxsa Kreml Bakıya gələn amerikalı elçiləri cəbhədəki yaylım atəşi ilə qarşılamağa qərar vermişdi? Moskva bununla siyasi problemlər yaratmağa girişməyə hazır olduğunu Azərbaycana nümayiş etdirmək istəmirdimi?

Rusiya KİV-lərində Vaşinqton-Bakı münasibətlərindəki mülayimləşməni sərt tənqid edən şərhlərin peyda olmasını da bura əlavə edəndə erməni diversiya qrupunun hücumunun təsadüfi olmaması barədəki ehtimallar yaşamaq hüququ qazanar.

Yalnız bu suala cavab tapmaq qalır: Bakı üçün daha hansı siyasi problemlər hazırlanıb?

Eynulla FƏTULLAYEV(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar