Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın NATO-dan çəkinməsinin səbəbləri


Alyansa üzvlüyün ləngiməsi təkcə hakimiyyətin konyuktur maraqları ilə bağlı deyil; həm də acı Ukrayna “təcrübəsi”ni ciddiyə alan Bakı Moskva və Brüssel arasında hələ bir müddət də sıxılmış durumda qalmalı olacaq...


Azərbaycanla NATO-nun münasibətlər tarixi 20 ildən artıq bir dövrü əhatə edir. 1994-cü ilin əvvəlində, alyansın Brüssel sammitində NATO ilk dəfə olaraq Avropanın digər ölkələri üçün “Açıq qapı” siyasəti elan elədi və blokun Şərqə doğru genişlənməsinin əsasını qoydu.

Həmin sammitdə alyans üzvləri “Sülh naminə tərəfdaşlıq” planı qəbul etdilər və ATƏT strukturlarına daxil olan dövlətlərin hamısına NATO-ya inteqrasiya prosesinə başlamağı təklif elədilər.

Qısa müddətdə Şərqi Avropanın və keçmiş SSRİ-nin 30 ölkəsi, o sırada Azərbaycan 4 may 1994-cü il tarixdə həmin plana qoşuldu. Məhz bu tarix alyansla ölkəmizin tərəfdaşlıq münasibətlərinin başlanğıcı kimi əlamətdardır. 

Bakı ilə Brüsselin 20 illik tərəfdaşlıq əlaqələrini, ələlxüsus da son illərin əməkdaşlıq təcrübəsini qiymətləndirərkən belə qənaət hasil olur ki, Azərbaycan rəhbərliyi əgər bir yandan, Şimali Atlantika bloku ilə əlaqələri qiymətli sayırsa da, digər yandan, NATO-ya inteqrasiya prosesinin dərinləşməsi və sürətlənməsində bir elə maraqlı da deyil. Bu günədək Azərbaycan iqtidarı nəinki NATO-ya üzv olmaq haqda hansısa rəsmi müraciətlərdən yayınır, həm də prosesin yeni inteqrasiya mərhələsinə - alyansla intensiv dialoq fazasına keçməsini hər vəchlə ləngidir. 

Beləcə, bir çox başqa xarici siyasət məsələlərində olduğu kimi, ölkə rəhbərliyi vaxtı uzadır və olduqca ehtiyatlı və qeyri-müəyyən bir mövqeyə üstünlük verir. Bu mövqeyi məşhur uşaq oyunundakı sözlərlə belə ifadə eləmək olar: “Bəli və yox - amma danışmamaq”. Məsələ ondadır ki, rəsmi Bakı NATO-ya inteqrasiya prosesindən tamamilə yayınmaq da istəmir - bu, ölkənin marağında deyil və eyni zamanda hakimiyyətin özü üçün böyük risk vəd edir. Ötə yandan, NATO-nun xeyrinə birmənalı seçim eləmək və inteqrasiya ilə bağlı tələsmək də istəmir, çünki o halda bu, Moskva və Tehranla münasibətlərin arzuolunmaz şəkildə pisləşməsinə gətirə, Qarabağ nizamlanmasına gözlənilməz təzirlər göstərə və Bakının konyuktur siyasi manevr imkanlarını əhəmiyyətli dərəcədə daraldardı. 
Üstəgəl, strateji perspektivdə, “NATO standartları” həyatın bütün sferalarına daxil olduqca, bu, mövcud hakimiyyət sisteminin siyasi özünüqoruması üçün real problemlər yarada bilər. O üzdən gah qabağa, gah da geriyə addımlar atılır. Özü də belə imitasiyalı manevrlər üçün dünyada və postsovet məkanında konfrontasiyalı hadisələrin hazırkı konteksti çox geniş imkanlar yaradır. 

“Ukrayna, Gürcüstan, Moldova və Azərbaycanın ərazi bütövlüyünə Kremlin neoimperiya planlarından qaynaqlanan real təhlükələrə qarşı NATO hələ ki dəqiq zəmanətlər və real kontur-tədbirlər proqramı təklif eləmək iqtidarında deyil...”


Bununla belə, son zamanlar xüsusən də “Ukrayna olayları” və “Rusiya hədələri” amili ciddiyə alınmaqla NATO-Azərbaycan qarşılıqlı münasibətlər məsələsi yenidən fəal müzakirə predmetinə çevrilib və daha böyük siyasi maraq kəsb edir. Yada salaq ki, ta son anadək NATO-ya üzvlüyə əsasən Gürcüstan, Ukrayna və Moldovanın adı hallanırdı (GUAM ölkələri arasında), Azərbaycan isə nə özü israrlı səylər göstərirdi, nə də məqsədli şəkildə onu ikinci plana saxlayan Brüssel Bakını tələsdirirdi.

Dünyada və postsovet məkanında Qərb-Rusiya qarşıdurması ilə, Güney Qafqazda dominantlıq uğrunda geosiyasi mübarizənin kəskinləşməsi və regionun geostrateji önəminin artması ilə xarakterizə olunan mövcud situasiya kontekstində NATO bölgənin açar ölkəsi olan Azərbaycanla əməkdaşlığa daha böyük və ciddi diqqət ayırmağa başlayıb. Belə təəssürat yaranır ki, Vaşinqtonla Brüssel Azərbaycanın alyansa üzvlük prosedurunu tezləşdirməkdən daha çox, - onlar başa düşürlər ki, üzvlük böyük risklərlə bağlıdır və uzun zaman apara bilər, - rəsmi Bakının öz siyasi mövqeyində NATO-ya inteqrasiya və üzvlüyün xeyrinə aydın işarənin verilməsində maraqlıdır. Başqa sözlə, Azərbaycanın geosiyasi və energetik əhəmiyyəti nəzərə alınmaqla bu gün Bakıdan əsla NATO-ya ərizə deyil, NATOyönlü aydın və sabit mövqe tələb olunur.       

Rəsmi Bakı isə hər vəchlə belə bir əsas sualdan yayınmaqda davam edir: o, NATO üzvü olmaq istəyirmi və bu məqsədin reallaşması üçün aktiv şəkildə “işləməyə” hazırdımı? Həmçinin müəyyən qədər belə bir qəribə situasiya da davam etməkdədir: Azərbaycan hakimiyyəti daim Avroatlantika məkanına inteqrasiya kimi strateji kursa sadiq qaldığını, Brüssellə əməkdaşlıqda maraqlı olduğunu bəyanlasa da, eyni zamanda öz mövqeyini birmənalı şəkildə müəyyənləşdirməkdən və NATO-ya üzvlükdə maraqlı olduğunu rəsmən səsləndirməkdən imtina edir. Alyansın Uels sammiti Azərbaycanla blok arasında telləri bir qədər möhkəmlətsə də, hələ ki Bakının Brüssellə əməkdaşlığı sürətləndirməsi və dərinləşdirməsi üçün nə dərəcədə hazır olmasına şübhələri aradan qaldırmadı.
Azərbaycanın bu məsələdə öz mövqeyini aydın şəkildə ifadə eləməkdən qaçması və NATO-ya üzvlüyə tələsməməsinin kifayət qədər ciddi səbəbləri var. Əvvəla, rəsmi Bakı siyasi reallıqları və riskləri nəzərə alaraq NATO-ya üzvlük üçün əlverişli geosiyasi şərait təmin edilənədək özünün nüfuzlu qonşuları olan Rusiyaİranla münasibətləri pozmaq istəmir. Bakı, habelə Gürcüstan və Ukraynanın acı təcrübəsinə əsaslanaraq NATO-dan öz təhlükəsizliyinin, suverenliyi və ərazi bütövlüyünün xarici təhdidlərdən qorunması üçün daha dəqiq zəmanətlər gözləyir və bunlar olmadan özünü əlavə risklərə atmağı arzulamır. 

İkinci tərəfdən, qeyri-müəyyən vəziyyətin qalması və ehtiyatlı balanslı siyasətin izlənməsi bu gün sözsüz ki, konyuktur manevr sərbəstliyini saxlamağa çalışan Bakının praqmatik maraqlarına tam cavab verir. NATO ilə tərəfdaşlığın dərinləşməsi və təşkilata üzvlük prosedurunun sürətlənməsi ölkədə həm də sistemli dəyişiklikləri, o cümlədən liberal islahatları, demokratikləşmə və korrupsiya ilə real mübarizəni diktə edir ki, rəsmi Bakı əlbəttə ki, hələlik bunda həvəsli deyil.  

Azərbaycan üçün həlledici olan Qarabağ məsələsində alyansın əlahiddə və amorf mövqeyi də Azərbaycan cəmiyyəti və rəsmi Bakının NATOyönlü mövqeyinin güclənməsinə xidmət eləmir. Sonuncu motivi - əgər o, həqiqətən mövcuddursa - tamamilə məntiqli saymaq lazım gəlir. Düzdür, Uels sammitində alyans ölkələri Ukraynanın, Gürcüstanın, Moldova və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər və bu, nikbinlik yaradır. Di gəl ki, sadalanan ölkələrin suverenliyi və ərazi bütövlüyünə Moskvanın neoimperiya planlarından qaynaqlanan real təhlükələrə qarşı NATO hələ ki dəqiq zəmanətlər və real kontur-tədbirlər proqramı təklif eləmək iqtidarında deyil. Odur ki, Bakının ehtiyatlı, balanslı və gözləmə mövqeyini anlamaq olar.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar