Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın tanınmış siyasi məhbusları


Hazırda ölkə zindanlarında sabiq nazirdən tutmuş partiya funksionerinə, baş redaktordan bloggerə qədər xeyli dustaq var


Azərbaycan həbsxanalarında hazırda xeyli siyasi və vicdan məhbusları var. Onların bir qismi jurnalist fəaliyyətinə, bir qismi partiya mənsubiyyəti olduğuna, başqa qismi isə sosial şəbəkələrdə hakimiyyət əleyhinə göstərdikləri fəaliyyətə görə həbs olunublar. Siyasi məhbuslar adətən dələduzluq, iğtişaş təşkiletmə və iştiraketmə, qanunsuz olaraq silah saxlama, narkotik və s. ittihamlarla həbs olunurlar.

2014-cü ilin yanvar ayında ölkədəki məhbuslarla bağlı Sülh və Demokratiya İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Leyla Yunus qanunsuz həbs olunanların siyahısını hazırlamışdı. Siyahıda Azərbaycanda 38 vicdan məhbusu və 96 siyasi məhbus olduğu qeyd olunub. 38 vicdan məhbusundan 11-i jurnalist və bloggerdir. Onlar Tofiq Yaqublu, Əvəz Zeynallı, Pərviz Həşimli, Fərəməz Allahverdiyev, Əbdül Əbilov, Sərdar Əlibəyli, Nicat Əliyev, Fuad Hüseynov, Araz Quliyev, Hilal Məmmədov, Rəşad Ramazanovdur.

Siyahıya 3 nəfər hüquq müdafiəçisinin - Anar Məmmədlinin, Qurban Məmmədovun və Bəxtiyar Məmmədovun adları daxil edilib. Hüquq müdafiəçiləri və vəkillər iddia edirlər ki, Anar Məmmədli məhz 2013-cü ildə keçirilən prezident seçkilərinin saxtalaşdırıldığı faktlarını sübut etdiyi üçün həbs olunub.

Müsavat Partiyası başqanının müavini, “Yeni Müsavat” qəzetinin köşə yazarı, vicdan məhbusu Tofiq Yaqublu martın 17-də  Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. T.Yaqublu  Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham olunub. O, yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilir.

T.Yaqublu ilə birlikdə həbs olunan REAL Hərəkatının sədri, vicdan məhbusu İlqar Məmmədov da martın 17-də 7 il müddətinə azadlıqdan məhrum edilib. İ.Məmmədova Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb.  REAL Hərəkatının sədri də 2013-cü ilin yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilir.

İ.Məmmədovun və T.Yaqublunun vəkilləri məhkəmənin ədalətsiz hökm çıxardığına görə artıq apelyasiya şikayəti veriblər. Hər iki məhbus hazırda Şəki İstintaq Təcridxanasında saxlanılırlar.

Müsavat Partiyası başqanının müşaviri, vicdan məhbusu Yadigar Sadıqova Lənkəranda II qrup Qarabağ əlili Rəşid Kərimova qarşı xuliqanlıq hərəkəti etməkdə təqsirli bilinərək barəsində Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. O, ötən il iyunun 27-də həbs olunub. Y.Sadıqov Lənkəran rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən il NİDA Vətəndaş Hərəkatının 7 üzvü həbs edildi. Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Rəşad Həsənov hazırda 1 saylı Bakı Şəhər İstintaq təcridxanasında saxlanılır.

2013-cü ilin mart ayının 14-də Rəşad Həsənov, 30-da Üzeyir Məmmədli və Rəşadət Axundov, aprelin 1-də isə Zaur Qurbanlı həbs edilib. Onlara CM-nin 228.3-cü (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, hazırlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb. İttiham sübuta yetirilərsə, onlar 5 ildən 8 ilədək azadlıqdan məhrum edilə bilərlər.

İctimaiyyət gənclərin həbsini siyasi motivli sayır. Müxalifət partiyaları və  Beynəlxalq “Amnesty İnternational” təşkilatı gəncləri “Vicdan məhbusu” elan edib. Vicdan məhbuslarının dərhal azadlığa buraxılması tələb olunur.

Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə Youtube-da yerləşdirilən “Hаrlem Shake” videosunu hazırlamaqda təqsirləndirilir. Prokurorluq ona Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinin iki bəndi ilə (221.2.1 və 221.2.2) ittiham irəli sürüb. Hazırda 1 saylı Bakı Şəhər İstintaq təcridxanasında saxlanılır.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli isə Cinayət Məcəlləsinin 192.2.2-ci, 213.1-ci və 308.2-ci maddələrində nəzərdə tutulan əməlləri törətməkdə suçlanaraq həbsə atılıb. A.Məmmədli hazırda Bakı Şəhər İstintaq Təcridxanasında saxlanılır.
2013-cü ilin fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə hüquq müdafiəçisi Bəxtiyar Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Ona qarşı CM 182.3 (Güc tətbiq etməklə pul tələb etmək) və 178.1 (Fırıldaqçılıq) maddələri ilə ittiham irəli sürülüb.   

“Bizim yol” qəzetinin əməkdaşı, moderator.az saytının direktoru, Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzinin sədri Pərviz Həşimli 2013-cü ilin sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı 2011-ci ilin oktyabr ayında Milli Məclisin sabiq deputatı, hazırda özü haqqında AR CM-nin 178-ci maddəsi ilə – dələduzluq – cinayət işi qaldırılan Gülər Əhmədovanın şikayəti ilə həbs edilib. 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Zeynallının 1 il müddətinə peşə fəaliyyəti ilə məşğul olmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum edilib. Ali instansiya məhkəməsi baş redaktorun aşağı instansiya məhkəmələrindən olan şikayətini təmin etməyib.

2013-ci ildə Xətai Rayon Məhkəməsinin hökmü ilə  “Nota-Bene” qəzetinin baş redaktoru Sərdar Əlibəyliyə 4 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq törətmək) maddəsi ilə ittiham olunub.

“Nota-Bene” qəzetinin redaktoru Fərəməz Allahverdiyev isə 2012-ci il aprelin 17-də həbs olunub. Avqustun 22-də Nizami Rayon Məhkəməsinin qərarı ilə 318 (sərhədi qanunsuz keçmə) və 220-ci (kütləvi iğtişaşlara çağırış) maddələr üzrə 4,5 il müddətinə azadlıqdan məhrum edilib.

Azadxeber.az saytının baş redaktoru Nicat Əliyev 2012-ci il mayın 20-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi açılsa da, sonradan o və onunla birlikdə həbs olunan daha bir neçə dindara qarşı əlavə maddələr irəli sürülüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin aprelin 5-də çıxardığı qərarla Xeber44.com saytının baş redaktoru Araz Quliyev 8 il azadlıqdan məhrum edilib.  O, ötən il sentyabrın 8-də Masallı rayonunda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərmək, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək ittihamı ilə həbs olunub.

Facebook sosial şəbəkəsində hakimiyyət əleyhinə siyasi fəaliyyət göstərənlər də həbs olunublar.
2013-cü ilin mayın 9-da həbs olunmuş Rəşad Ramazanova (Rəşad Ağaddin Həqiqət) qarşı CM-in 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaq və satmaq) maddəsi ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Ramazanov 9 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilib.

Facebook fəaliyyətinə görə həbs olunan bloqçu Əbdül Əbilov 2013-cü ilin noyabrında 3 aylıq həbs qəti-imkan tədbirinə məruz qalıb. O, narkotik alverində ittiham olunur. Ailəsi isə onun facebookdakı fəallığına görə həbs olunduğunu deyir. Eyni zamanda Əbdül Əbilov facebookda “Yaltaqlara dur deyək” səhifəsinin idarəçisi olub. Həbs ediləndən sonra həmin səhifə bağlanıb. O, hazırda Bakı Şəhər İstintaq Təcridxanasında saxlanılır.

Vətəndaş Həmrəyliyi Partiyasının, eyni zamanda D18 Hərəkatının üzvü olan Ömər Məmmədovun barəsində 2014-cü il yanvarın 24-də 3 aylıq həbs qəti-imkan tədbiri seçilib. Ö.Məmmədova Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə ittiham olunub.
18 yanvar 2014-ci il tarixində “Azad söz” facebook səhifəsinin admini Elvin Kərimov işdən evə qayıdarkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib. Onun haqqında 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Hazırda o, Kürdəxanı təcridxanasında saxlanılır.                                                      
2013-cü il martın 31-də ilahiyyatçı Tale Bağırzadə həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz olaraq narkotik vasitə saxlama) maddəsi ilə ittiham irəli sürülüb. İlahiyyatçı noyabrın 1-də Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

2013-cü ildə hüquqşünas Qurban Məmmədov Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Q.Məmmədov barəsində Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb.

2011-ci il oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində İslam Partiyasının 7 üzvü - partiya sədri Mövsüm Səmədova və daha 6 nəfərə hökm oxunub. Hakim Eldar İsmayılovun sədrlik etdiyi məhkəmədə Mövsüm Səmədova 12 il azadlıqdan məhrum etmə cəzası çıxarılıb.

2011-ci ilin iyunun 17-də Nəsimi rayon Məhkəməsində Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri, xalq hərəkatının liderlərindən biri olmuş Nemət Pənahlı haqda 6 il müddətinə azadlıqdan məhrumetmə haqda hökm çıxardıb. O, Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham olunub.

Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ildən həbsdədir. O, korrupsiyada ittiham olunaraq 11 il azadlıqdan məhrumetmə cəzası alıb.

Digər partiyalar- ADP, VİP, ALP, Ümid Partiyası və s. partiyalarda isə siyasi məhbus yoxdur.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar