Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının mərkəzindəki avtobus marşrut xətləri yenilənəcək



Maliyyə Nazirliyinin müraciəti əsasında avtobus şəbəkəsinin yenidən təşkil edilməsi ilə bağlı texniki təkliflər hazırlanıb


Bakı şəhərində ictimai nəqliyyatla bağlı əhalinin narazılığı ilə hər zaman qarşılaşırıq. Yeni avtobuslar gətirildi, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi yaradıldı, hətta kart sisteminə də keçid prosesi aparılır. Amma görülən işlərə baxmayaraq, problemlər də qalmaqdadır. Hər kəs ictimai nəqliyyatda problemlərin çox olduğundan, avtobuslarda insan sıxlığından, tıxaclardan şikayət edir.

Müsahibim Leyla Musayeva deyir ki, marşrut avtobuslarının hazırkı işindən narazıdır və dəyişikliyin olmasını tək o yox, hamı istəyir: “Ən çox da avtobuslarda adamların sıxlığından yoruluram. Bəzən o qədər adam yığırlar ki, dayanacaqda düşməyə belə çətinlik çəkirik. Yay aylarında isə bu sıxlıq dəhşət olur. Dəyişiklik olacağını çoxdan gözləyirik. Sürücülərin də maarifləndirilməsi üçün işlər aparılsa, yaxşı olar”.

Artıq bu sahədə problemlərin həlli üçün təkliflər də irəli sürülüb. Təklifin müəllifi Asiya İnkişaf Bankıdır. Əsas məqsəd Bakı şəhərinin mərkəzində ictimai nəqliyyat sisteminin yenidən təşkili və optimallaşdırılmasıdır. Təklifin əsasında nəqliyyat vasitələrinin sıxlığını aradan qaldırmaq məqsədilə şəhər mərkəzində avtobus marşrut xətlərinin şəraitə uyğunlaşdırılması durur. Bu barədə "Report"a Azərbaycanda səfərdə olan Asiya İnkişaf Bankının (ADB) şəhərsalma üzrə baş mütəxəssisi Devid Marqonstern bildirib. Onun sözlərinə görə, Azərbaycan Maliyyə Nazirliyinin müraciəti əsasında Bakıda şəhərin mərkəzinin avtobus şəbəkəsinin yenidən təşkil edilməsi ilə bağlı texniki təkliflər hazırlanıb. Hazırda layihə "Baku Bus" MMC, digər sərnişindaşıma operatorları və "Bakı Sərnişin Nəqliyyatı" MMC tərəfindən müzakirə edilir.

Mütəxəssisin fikrincə, Bakının mərkəzində nəqliyyat vasitələrinin sıxlığı, sərnişindaşıma ilə məşğul olan yüzlərlə fərdi operatorun daha çox sərnişin yığmaq üçün apardığı rəqabət, avtobusların hər dayanacaqda dayanması nəticədə yol şəbəkəsinin həddindən artıq yüklənməsinə gətirib çıxarır. Bu isə hər bir vətəndaş üçün olduqca təhlükəli şəraitdir. "Məlum olduğu kimi, "Baku Bus" MMC dövlət tərəfindən yaradılıb və Bakıya artıq yeni avtobuslar da gətirilib. Bizim təklifimiz şəhər mərkəzinin avtobus şəbəkəsinin, yəni marşrut xətlərinin yenidən təşkili və optimallaşdırılmasıdır. Yeni layihədəki təkliflərdən biri hazırkı sərnişindaşıma sistemini bir qədər dəyişməkdən ibarətdir. Mərkəzdə avtobus marşrutlarının dəyişdirilməsini təklif edirik. Çünki hazırda əksər marşrutlar avtobusların rəqabəti nəticəsində çox təkrarlanır. Təkliflərimizə görə, marşrut xətləri optimallaşdırmalı, lisenziya ayrıca marşrutları idarə edəcək operatorlara verilməlidir. Düzdür, bir gecədə bir sistemdən başqasına keçmək çətindir", - D.Marqonstern bildirib.

Nəticə etibarilə bütün inkişaf etmiş ölkələrdə sərnişindaşıma operatorlarının sərnişin sayına görə deyil, əksinə, neçə kilometr məsafə qət etməklə üstünlük qazandıqlarını vurğulayan ekspert bu cür sistemin avtobusların daha çox sərnişin toplamaq naminə bir-biri ilə rəqabətə girmələrinin qarşısını aldığını qeyd edib: "Bu isə nəticədə ekoloji təmizliyə, rahatlığa, sürücünün nəzakətli davranışına, ümumilikdə ictimai nəqliyyatın daha dostyana olmasına gətirib çıxarır".

Bundan başqa, layihəyə dayanacaqların yerinin dəyişdirilməsi, keçidlərin yenidən təşkili, işıqforlar, küçə hərəkətinin idarə edilməsi və s. məsələlər daxildir. ADB-nin nəqliyyat sahəsi üzrə ekspertlərinin təklif etdiyi yeniliklərə bir sıra innovativ həllər də daxildir. Yeni təklifdə avtobus xətlərinin əks axını, yəni ancaq avtobusların bir istiqamətdə, digər ümumi nəqliyyat vasitələri isə əks istiqamətdə hərəkət etməsi məqamı da əksini tapıb.

Yerli mütəxəssislər də bu sahədə dəyişikliyə ehtiyac olduğunu vacib sayırlar. Problemin həlli üçün öz təkliflərini də irəli sürürlər. Təhlükəsiz Yol Alyansının koordinatoru Şahin Camalov qəzetimizə açıqlamasında bildirdi ki, Bakının bugünkü avtonəqliyyat sistemi, yol hərəkəti ilə bağlı təhlükəsizlik məsələləri çox ciddi, narahatverici həddədir: 

“Tək mən yox, dövlət rəsmiləri, ölkə başçısı da bu problemlə bağlı narahatlığın olduğunu bildirib. Problemin həlli istiqamətində bu günə qədər müxtəlif addımlar atılıb və işlər davam etdirilir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi quruldu. Amma hələ ki istənilən effekti vermir. Yeni avtobuslar gətirildi, işləmə qaydasında müəyyən dəyişikliklər edildi. Bunlar da çox ciddi effekt vermir. Hesab edirəm ki, dünya ölkələrinin təcrübəsini tətbiq etməklə sonda normal bir forma yaratmaq mümkün olacaq. Dünyanın hər bir yerində avtobus və metrolarla yanaşı, kütləvi daşımaçılıq həyata keçirən tramvay və trolleybuslar var ki, Azərbaycanda onlardan istifadə olunmur. Bu, xüsusilə Bakı şəhərində nəqliyyat sistemini ciddi çətinliklərə salan amillərdən biridir. Bu sistem tətbiq olunarsa, yaxşı nəticələr verə bilər. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi əsasında insanlar dayanacaqlarda avtobusların nə qədər vaxta gələcəyini, yaxınlaşacağını, yolların hansı hissəsində tıxac olub-olmamasını öyrənməyə çalışırlar. Bu sistem tətbiq olunub, mexanizm də işləyir. Amma hələ ki, özünü tam doğrultmayıb. Ola bilsin ki, bu proses bir-iki ilə öz həllini tapsın. Amma hazırda bu məsələlərdə də ciddi problemlər mövcuddur”.

Ş.Camalov deyir ki, avtobuslarda kart sisteminə tamamilə keçid aparılarsa, bu, bir çox problemlərin həllinə gətirib çıxara bilər: “Azərbaycana müasir avtobuslar gətirilsə də, hələ də avtobuslarda kart sisteminə keçid birmənalı şəkildə tətbiq oluna bilmir. Kart sisteminin tətbiqi müəyyən problemlərin qarşısını almağa kömək edəcək. Avtobus sürücüsü yalnız idarəedici olmalıdır. O kimin nə qədər pul verdiyini, kimdən nə qədər pul almalı olduğunu, axşam evə nə qədər pul aparacağını düşünməməlidir. Ona görə də bu problemlərin həlli istiqamətində ciddi işlər görə bilmirik. Metro nəqliyyatında vaqonların dəyişilməsi ilə bağlı məqamları mətbuatda görürük. Yeni metro vaqonlarının gətirilməsi təqdirəlayiqdir. Hesab edirəm ki, bunların hər biri ayrı-ayrılıqda düzəldikdən sonra ümumilikdə, Bakıdakı nəqliyyatın təhlükəsizliyi, vəziyyəti haqda danışmaq olar”.

Müsahibimiz onu da bildirdi ki, aidiyyəti qurumlar yeni tətbiq olunan bütün qaydaları test rejimində sınaqdan keçirirlər. Həmin metodların hansı effekt verməsi isə zamanla müəyyən olunur: “Nəinki yol-nəqliyyat, ümumiyyətlə, Azərbaycanda baş verən bütün hadisələr insanların hüquqi dövlətə uyğunlaşması, nəqliyyat, sürücü, piyada mədəniyyətinin formalaşması müəyyən zaman alan amildir. Bakıda nəqliyyatın sistemləşdirilməsi, bütün qaydalara riayət olunması hələ bir müddət zaman aparacaq”.

Ekspert Azər Allahverənov isə bildirdi ki, şəhər nəqliyyatında daim təkmilləşdirmə işi aparılmasına ehtiyac var: “Təkmilləşdirmə işləri sıxlığın azaldılması, sərnişinlər üçün əlverişli mühitin yaradılması, yol qəzalarının miqyasının azaldılması və s məsələləri əhatə edən geniş kontekstdə gedəcək. Bu tədbirlər yol hərəkətinin təkmil şəkildə qurulmasına xidmət etməlidir. Ona görə də bu müstəvidə istənilən təşəbbüs alqışlanır. Hazırda qaldırılan təşəbbüs yol infrastrukturu sahəsində problemlərin həllinə xidmət edən bir məsələ olacaq. Şəhərin müxtəlif yerlərində daim yaşanan tıxacların tam aradan qaldırılmasına xidmət etməsə də, ən azından bunun azalmasına kömək edəcək”.

A.Allahverənov onu da bildirdi ki, yenilik və dəyişiklikləri ilk olaraq pilot layihə kimi sınaqdan keçirmək və effektiv nəticə alındığı təqdirdə tətbiq etmək daha yaxşı olar: “Hər bir sistemin özünün konkret icra müddəti var. Müəyyən olunmuş bir vəzifələr var ki, onlar icra müddətini şərtləndirir. Əgər vəzifələr spektri geniş olarsa, onun icrasına daha uzun müddət tələb oluna bilər. Ediləcək dəyişikliklərin konkret olaraq vəzifələri və icra olunacaq məsələlərlə bağlı məlumatlı deyiləm. Amma istənilən halda, effektiv nəticə əldə etmək istəyirlərsə, qısa müddətdə hər hansı bir pilot layihə səviyyəsində sınaqdan keçirməlidirlər”. (kaspi.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar