Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş Nazirliyə kimlər iddialıdır?


Bir neçə oliqarx bu posta sahiblənmək üçün mücadilə verir, ancaq daha şanslı namizəd Fikrət Məmmədovdur; Pənah Hüseyn: “...İkinci Artur Rasizadə tapmaq problemi var”


“Yeni Müsavat” bir neçə gün öncə baş nazir Artur Rasizadənin səhhətində problem yaranması haqda məlumat vermişdi. Xəbərdə iddia olunurdu ki, ölkənin ikinci səlahiyyətli siması - A.Rasizadənin iş yerində vəziyyəti pisləşib və təcili yardım çağırılıb. Bundan sonra baş nazir dərhal xəstəxanaya aparılıb. Hörmətli Artur müəllimin hələ də müalicə olunduğu gələn xəbərlər sırasındadur.

“Yeni Müsavat”a daxil olan məlumatda o da iddia olunur ki, Artur Rasizadənin səhhəti artıq bu postda qalmasına heç cür imkan vermir və o, yanvarın ortalarında istefaya gedəcək...

Baş nazirin dekabrın 12-də mərhum prezident Heydər Əliyevin anım mərasimində görünməməsi də A.Rasizadənin xəstə olması ilə bağlı məlumatları aktuallaşdırmış oldu. Nazirlər Kabineti də bu xəbəri de-fakto təsdiq edən məlumat yayıb.
***
Ekspertlərin fikrincə, A. Rasizadənin indiyədək baş nazir postunda qalmasının əsas səbəbi bu vəzifəyə eynilə onun kimi iddiasız, klanı olmayan, əmrə müntəzir olan başqa birinin tapılmamasıdır. Həmçinin bildirilir ki, yeni baş nazir təyinatı hakimiyyətdaxili qruplaşmaların savaşının güclənməsinə gətirib çıxara bilər, bu üzdən indiyədək Rasizadə özü də istefaya getmək niyyətində olsa belə, həmin postda saxlanılıb. Baş nazir postu Azərbaycan Respublikasının Konstitusiyasına görə, dövlət quruluşunda ikinci mühüm post sayılır və onun əhəmiyyəti həm də ondadır ki, hər hansı səbəblərdən fəaliyyətdə olan prezident vəzifəsini icra edə bilməyəndə onun səlahiyyətləri baş nazirə keçir. Bu səbəbdən, həmin postu tutan şəxsin göstəriciləri, iddia əmsalı və sədaqəti xüsusi nəzərə alınır. Artur Rasizadə tipi isə bu cür vəziyyət üçün xüsusilə yararlı sayılır.  

Ancaq indi görünən budur ki, onun sağlıq durumu Nazirlər Kabinetinin rəhbəri vəzifəsində qalmağa imkan vermir və məsələ artıq konkretləşib.

““Əli Həsənovun (Qaçqınkom) qardaşı Ramiz Həsənovun ağzından çıxan xəbəri yazıram: “Artıq Əli müəllimin baş nazir olması həll oldu”

Məhz bu səbəbdən iqtidar daxilində baş nazir postuna iddialıların hərəkətliliyi başlayıb. Bu proses üzdə görünmür, lakin içəridə ciddi bir mücadilənin getməsi dəqiqdir.
Dərhal onu qeyd etməyə lüzum var ki, bu cür mücadilənin hədəfi heç də vuruşaraq, o posta sahiblənmək deyil. Burada seçim imkanı müstəsna hal kimi ölkə prezidentinə məxsusdur və indi hörmətli İlham Əliyev iqtidarının bütün nöqtələrinə ciddi şəkildə nəzarəti həyata keçirə bilir. İddialı qrup və  şəxslərin davaları əslində bir-birilərinə qarşıdır. Kim ki, namizədlər, iddiaçılar siyahısında ola bilər, onları ictimaiyyətin və prezidentin gözündən salmaq üçün incə, bəzi hallarda hətta qaba texnologiyalardan istifadə olunur. Bu zaman  mətbuatın imkanlarından da geniş istifadə olunur. Diqqətəlayiq hal budur ki, indi qarşılıqlı savaşan klanlar yalnız ölkə mətbuatında deyil, xarici mətbuatda da bir-birinə qarşı kompromat müharibəsi aparırlar.

Bu posta iddialılar sırasında isə daha öncələrdən fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, ədliyyə naziri Fikrət Məmmədovun, maliyyə naziri Samir Şərifovun, nəqliyyat naziri Ziya Məmmədovun, baş nazirin birinci müavini Yaqub Eyyubovun, Standartlaşma və Patent Agentliyinin rəhbəri Ramiz Həsənovun, hətta spiker Oqtay Əsədovun da adları hallanıb.

“Yeni Müsavat”ın mənbələrinin fikrincə, gələcək baş nazir də burada adları çəkilən şəxslərdən biri olacaq. Lakin o da vurğulanır ki, prezident tamamilə fərqli, konflikt tərəflərindən olmayan birisini də bu posta təqdim edə bilər.  

Mövzuya ictimaiyyətin də reaksiyası maraqlıdır. Belə ki, məlum yazı dərc edildikdən sonra onun musavat.com saytında yerləşdirilən internet versiyasına maraqlı şərhlər yazılıb.
Hakimiyyətdə vəzifə tutduğu şübhə doğurmayan bir oxucu baş nazirin dəyişdirilməsi ehtimalına münasibətini yazıb: “Bəli, tam doğrudur bu xəbər. Əli Həsənovun (Qaçqınkom) qardaşı Ramiz Həsənovun ağzından çıxan xəbəri yazıram: ”Artıq Əli müəllimin baş nazir olması həll oldu".

Samir psevdonimli bir oxucu isə yazıb: “Baş nazir Ramiz Ayvaz oğlu Həsənov olmalıdır”.
Seymur adlı başqa bir psevdonimlə yazan oxucu isə başqa bir maraqlı informasiya yazıb: “FHN-də Elmar Ramiz oğlu Hüseynova general-mayor hərbi rütbəsi verilib. Bu insanı Kəmaləddin Heydərovun yerinə hazırlayırlar. Kəmaləddin müəllim isə buradan ancaq və ancaq baş nazir postuna gedir...”

Redaksiyamıza özəl olaraq daxil olan başqa bir xəbərdə isə deyilir ki, baş nazir vəzifəsinə ən şanslı namizəd ədliyyə naziri Fikrət Məmmədovdur. Bu barədə “Yeni Müsavat” bir dəfə də yazıb. O, bir çox parametrlərinə görə bu vəzifəyə daha uyğun gəlir; qruplaşma adamı deyil, klanı yoxdur, adı şəxsən korrupsiya və rüşvətxorluqda demək olar hallanmayıb, ən əsası, prezidentə sadiqdir.

Əlbəttə, bəri başdan birmənalı şəkildə yeni baş nazirin kim olacağını söyləmək çətindir. Hansısa deyilənlər yalnız ehtimallar ola bilər.

Maraqlıdır, bu postun spesifikasını praktik olaraq bilən sabiq baş nazir Pənah Hüseynin məsələyə yanaşması necədir? O, bu posta iddialılar sırasında adları çəkilən şəxslərdən hansı daha şanslı, yaxud uğurlu variant hesab edir? Bu suallarla Pənah bəyə müraciət etdikdə, ondan maraqlı cavab aldıq: “Azərbaycanın mövcud üsul-idarəçilik şəraitində baş nazirin kim olması həlledici siyasi hadisə deyil.  Lakin elə buna görə də indiki sistemdə ideal baş nazir elə Artur Rasizadədir.

Gizli deyil ki, iqtidarın ikinci bir Artur Rasizadə tapmaq problemi var. Bu elə asan olsaydı,  2003-cü ildən bəri məsələ həll edilərdi. Məsələ ondadır ki, avtoritar və məmur - oliqarxiya rejimində baş nazir  formalaşmış qüvvələr balansını poza bilən element ola bilər”.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar