Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş redaktorlar Ramiz Mehdiyevin qaldırdığı məsələləri müzakirə etdilər


“Yeni Azərbaycan” qəzeti internet və çap mediası rəhbərlərinin iştirakı ilə informasiya təhlükəsizliyi məsələlərinə həsr olunmuş dəyirmi masa keçirib


Tədbirdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və KİV rəhbərlərinin iştirakıa ilə keçirdiyi müşavirədə qaldırılan  aktual məsələlər müzakirə edilib.

“Yeni Azərbaycan” qəzetinin təşkil etdiyi dəyirmi masada bu nəşrin baş redaktoru Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs media” qrupunun rəhbəri Bəhruz Quliyev, “Gündəlik Teleqraf” Media Holdinqinin rəhbəri Aynur Camalqızı, “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Elçin Hüseynov, Modern.az saytının baş redaktoru Elşad Eyvazlı, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli və digər media nümayəndələri iştirak edib.
 
Hikmət Babaoğlu bildirib ki, avqustun 29-da Ramiz Mehdiyevin yanında keçirilmiş müşavirədə ölkənin informasiya təhlükəsizliyi və ekstremal vəziyyətdə Azərbaycan mediasının davranışları müzakirə olunub. O, Azərbaycanın internet media məkanında informasiyaya nəzarət olunmasında və informasiya ilə davranış qaydalarında müəyyən problemlərin nəzərə çarpdığını qeyd edib:
“Bilirik ki, müharibə vəziyyətində yaşayan ölkələrdə informasiya resursları başlıca institusional vasitələrdən biri kimi çıxış edir və bəzi hallarda ölkədəki ictimai əhval-ruhiyyəni idarə edir, onu yönləndirir. Bəzi hallarda isə yayılan informasiyalar əks tərəfin, yəni düşmən tərəfin hərbi kəşfiyyat orqanları üçün bir növ mənbə rolunda çıxış edir. Ona görə də, haqlı olaraq, qeyd edildi ki, belə məsələlər hüquqi məsuliyyət yaratmalıdır və Azərbaycan Konstitusiyasının müvafiq maddələrinə uyğun olaraq hərbi sirlərin, dövlət sirlərinin ictimailəşdirilməsi və paylaşılması hüquqi məsuliyyət yaradır. Buna görə də, istər klassik, istərsə də sosial medianın, bu məsələdə olduqca həssas davranması vacibdir. Hesab edirik ki, müşavirədə qoyulan məsələlər, edilən tövsiyələr Azərbaycan sosial mediasını keyfiyyət etibarı ilə yeni mərhələyə daşıyacaq”.

Vüqar Rəhimzadə deyib ki, kütləvi informasiya vasitələrinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı 1999-cu ildə qəbul edilən, 2002-ci ildə isə əlavə və dəyişikliklər olunan qanunda yenidən əlavə və dəyişikliklərə ehtiyac yaranıb. 
“Həmin qanunda elektron medianın xüsusi yeri olmalıdır. Çünki bugünkü elektron media 2002-ci ildəki elektron mediadan kəskin şəkildə fərqlənir. Bu gün ölkəmizdə əhalinin 70 faizdən çoxu internet istifadəçisidir”. 

Ordunun olduqca strateji bir sahə olduğunu xatırladan baş redaktor bildirib ki, çox vaxt ordu ilə bağlı ictimaiyyətə düzgün məlumatların verilməməsi, yanlış məlumatların internet resurslarında yayılması halları baş verir. Bu isə xüsusilə müharibə şəraitində olan bir ölkədə nə qədər ciddi narahatlıqlar doğurur, bunu anlamaq elə də çətin deyil.
“Ona görə də, hesab edirəm ki, qüsurlu fəaliyyətə yol verən və dövlət üçün strateji sahəyə qeyri-ciddi yanaşan media orqanları, - istər yazılı, istərsə də elektron media orqanları olsun, - Azərbaycan cəmiyyətinin güclü qınağına məruz qalmalıdır. Həqiqətən də bu gün ölkəmizin bəzi media orqanlarında yer alan materiallarla yaxından tanış olandan sonra Azərbaycanın hərbi hissələri, orduda gedən proseslər, bütövlükdə cəmiyyətdə baş verən proseslər barədə məlumatların düşmən kəşfiyyatı tərəfindən əldə edilməsi elə də çətinlik törətmir”.

Bəhruz Quliyevin sözlərinə görə, indi qlobal dünyada informasiyanın bir dəqiqə ərzində yayıldığı nəzərə alınsa, onda bu zaman meydana çıxa biləcək problemlərin səviyyəsini təxmin etmək çətin deyil. “Eyni zamanda, hərbi sirrin, dövlət sirrinin yayılması və ya hansısa formada ictimailəşdirilməsi, bəzilərinin buna bilərəkdən yol verməsi də qarşıya həll edilməsi vacib olan başqa bir problem çıxarır. Yayılması qadağan olunan informasiyaların, dövlət sirrinin, hərbi sirrin yayılmasının əziyyətini dövlət, xalqımız çəkir”. 

Aynur Camalqızı informasyia təhlükəsizliyini kifayət qədər əhəmiyyətli və aktual məsələ hesab etdiyini deyib. 

“Düşünürəm ki, bu, vaxtında açılmış müzakirədir. Doğrudan da, ön cəbhədə baş vermiş sonuncu məlum hadisələr bir reallığın üstünü açdı ki, Azərbaycanda elektron KİV-lər ekstremal situasiyada işləmək qabiliyyətinə malik deyil və bu sahədə kifayət qədər boşluqlar var, bu boşluqlardan istifadə edən qeyri-peşəkarlar ölkəmizin milli təhlükəsizliyinə ciddi şəkildə təhdidlər yaradırlar. Bəzi KİV-lərdə hansısa kəndlərin, guya, boşaldılması, hətta Azərbaycanın Ermənistan ərazisinə raket atması kimi bir sıra absurd xəbərlər, çox təəssüf ki, media müstəvisinə daşındı. Bu, hansısa insanlar tərəfindən məqsədli şəkildə ortaya atılmışdı, yaxud Azərbaycan jurnalistikasında olan qeyri-peşəkarların işi idi, bunu deməyə çətinlik çəkirəm, çünki əlimdə fakt yoxdur. Amma bir şeyi dəqiq demək olar ki, bu, doğrudan da, qeyri-peşəkarlığın nəticəsi idi. Çox təəssüflər olsun ki, Azərbaycan media məkanında, xüsusən, günbəgün artan elektron informasiya vasitələrində kadr çatışmazlığından biz çox ciddi əziyyət çəkirik. Çox təəssüflər olsun ki, ali məktəblərdə jurnalistika ixtisası üzrə təhsil almış məzunlarda belə peşəkarlıqla bağlı ciddi problemləri var. Ona görə də, mən hesab edirəm ki, informasiya təhlükəsizliyi ilə bağlı problemlərin aradan qaldırılmasında qanuni müstəvidə görüləcək tədbirlərin təkmilləşdirilməsi ilə yanaşı, kadr hazırlığı məsələləri istiqamətində də ciddi addımların atılmasına ehtiyac var”. 

Elçin Hüseynov deyib ki, sözügedən dövrdə yayılan məlumatlar üç nəticəyə gətirib çıxardı. Birincisi, hansısa saytlar, jurnalistlər, mətbu orqanları reytinqini artırmaq üçün bu cür yanlış informasiyalara yer verirdilər. İkincisi, hansısa məqsədə xidmət edirdilər, nəhayət, peşəkarlıq səviyyəsinin aşağı olmasından dolayı belə informasiyaları cəmiyyətə təqdim edirdilər. 

“Bir faktı nəzərə çatdırmaq istəyirəm. Təkcə ötən il Azərbaycanda 350-yə yaxın xəbər saytı yaradılıb. Və bu tendensiya artmaqda davam edir. Gəlin özümüzə sual edək, bizə ildə 350 xəbər saytının yaradılması lazımdırmı? Və bu saytlar aralarındakı reytinq mübarizəsində hansı addımları atır? Bunun nəticələrinin necə olduğu və olacağı, görünür, onları narahat etmir. Əlbəttə, mən də düşünürəm ki, dəyişiklik etmək lazımdır. Amma biz oturub gözləməməliyik ki, bunu kimsə bizim əvəzimizə etsin. Xarici təcrübədə bunun kifayət qədər örnəkləri var. Biz də o təcrübələrdən faydalanmalıyıq. Məsələn, müharibə şəraitində olan ölkələr bu şəraitdə hansı tədbirləri görüb? Yaxud, bu gün necədir? Qanunvericiliyə dəyişikliklərlə bağlı təkliflər var. Amma bu dəyişikliklər elə olmalıdır ki, bugünkü inkişafa uyğun olsun, eyni zamanda, internet media məkanında, belə demək mümkünsə, özbaşınalığın da qabağını ala bilək”. 

Elşad Eyvazlı bu kimi tədbirlərin dövlətçilik üçün çox əhəmiyyətli olduğunu vurğulayıb. 
“Bu gün hər kəs əvvəlcə öz fəaliyyətinə nəzər yetirməlidir. Azərbaycan dövlətçiliyinə qarşı fəaliyyət göstərməmək, dövlətçiliyə qarşı çıxmamaq üçün bircə səbəb var: azərbaycanlı olmaq. Qeyd olundu ki, bu gün bəzi xəbər saytları reytinq dalınca qaçır, oxucuların sayını göstərən sayğaclara məqsədli müdaxilə olunur və s. Nəyə lazımdır? Hər kəs cəmiyyət qarşısında hesabat verməlidir. Əgər kiminsə səhvi varsa, dövlətçiliyə, milli maraqlara zidd fəaliyyət göstərirsə, səhv məlumat yayırsa, cəmiyyətə hesabat verməlidir. Biz, əlbəttə ki, hüquq-mühafizə təşkilatı deyilik. Amma biz də istəyirik ki, kim dövlətə, millətə qarşı fəaliyyət göstərirsə, bunlar araşdırılsın, hüquqi qiymət verilsin. Hazırda Mətbuat Şurasında mediada Qarabağ mövzusu ilə bağlı araşdırma aparılır. İlin sonunda nəticələr açıqlanacaq. Onda kimin bu problemə yanaşması, onu təqdim etməsi hansı səviyyədədir, ortaya çıxacaq. Ya da başqa bir problemə nəzər yetirək. Jurnalistin istehsal etdiyi məhsul onun yazdığı yazıdır. Bu, onun əziyyətinin bəhrəsidir. Amma mən öz yazdığım yazıdan həzz ala bilmirəm. Çünki yazını yazırsan, sayta qoyursan, bir saatdan sonra o yazı sənin deyil. Və ya bir qəzetdə hansısa məqalə çıxır. Bir dəqiqə sonra başqa bir sayt o yazını öz məhsulu kimi təqdim edir. Artıq oxucu üçün maraqlı deyil ki, yazı müəllifi olan qəzetə baxsın. Bu da başqa ciddi problemdir”.

Emin Həsənli deyib ki, cəbhə bölgəsində ermənilər təxribat törədəndən üç gün sonra media və qeyri - hökumət təşkilatları təmsilçiləri ilə birgə döyüş bölgəsində səfərdə olub. 
“Hamımız gördük ki, həmin ərazidə yaşayan insanlarımızın əhval-ruhiyyəsi necə yüksəkdir. Ordumuzun hazırlıq səviyyəsi erməni təxribatlarının qarşısının alınmasında bir daha özünü göstərdi. Yəni, həm cəmiyyətimizdə, həm də ordumuzun şəxsi heyətində ruh yüksəkliyi var. Belə olduğu təqdirdə, bəzi xəbər saytlarının, media qurumlarının yalan, düşmən təxribatlarına şərait yaradan və onlara dividend qazandıran informasiyaları dövriyyəyə buraxması hansı məntiqə, hansı vətəndaşlığa, milli hisslərə uyğun gəlir? Əvvəllər ayda bir dəfə çıxan qəzetlər var idi, onların bəziləri öz fəaliyyətləri ilə qeyri-ciddi qəzet imici qazanmışdı. İndi onların yerini internet saytlar alıb. Bu, iyul ayının sonu, avqust ayının əvvəllərində bir daha özünü göstərdi. Bəs nə etmək lazımdır ki, bu kimi halların qarşısı alınsın? Hər birimiz çox diqqətli olmalıyıq”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar