Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bilderberq klubu: Pərdəarxasi hakimiyyət?


Bağlı qapılar arxasında qəbul edilən qərarlar bəşəriyyətə nələr vəd edir?


Bu təşkilat haqqında çox yazılıb, çox danışılıb. Bununla yanaşı, onun strukturu haqda informasiya həddindən artıq azdır, fəaliyyəti haqda isə əfsanələr dolaşır. Onu «dünya hökuməti», «bəşəriyyətin müqəddəratını həll edən» adlandıranlar arasında yalnız  konspiralogiya həvəskarları yox, həm də kifayət qədər ciddi mütəxəssislərə də rast gəlinir. Ola bilsin, bu şayiələrin yaranması təşkilatın işində ən nüfuzlu siyasətçilərin, maliyyəçilərin və mütəfəkkirlərin  iştirakı ilə bağlıdır. 
Beləliklə, tanış olun - Bilderberq klubu.

İlk iclasın 60-cı ildönümü ilə eyni günə salınan toplantıya dəvət edilənlər arasında nüfuzlu şəxslərin olması bu elitar iclasa xüsusi təmtəraq verirdi

Hər şey necə başladı?

Bilderberq klubu beynəlxalq və regional miqyaslı siyasi, iqtisadi, mədəni dairələrin, özəl biznes və bank sahəsinin ən nüfuzlu şəxslərinin illik qeyri-formal yığıncağıdır. Bu yığıncaqda hər il 100-dən artıq insan iştirak edir. Onların tərkibi klubun rəhbər şurası tərəfindən diqqətlə seçilərək müəyyənləşdirilir. İştirakçılar bu konfransın nəticələrindən  istifadə edə bilərlər. Lakin onların toplantıdakı çıxışların, iddiaların detallarını açıqlamağa  ixtiyarları  yoxdur.

Klub adını Hollandiyanın Osterbek şəhərindəki «Bilderberq» otelindən götürüb. Toplantı iştirakçılarının Amerika xüsusi xidmət orqanlarının himayəsi altında ilk görüşü məhz orada keçirilib. O zaman Avropa hələ İkinci Dünya müharibəsində aldığı yaraları sağaltmaqla məşğul idi. Qalib ABŞ-ın isə Köhnə Qitə üzərində hökmranlığını qurmağa ehtiyacı var idi.

Amerikalılar Avropanın daxili işlərinə birbaşa müdaxilə edə bilmirdilər. Çünki bu, avropalıların qəzəbinə səbəb ola bilərdi. Belə olan təqdirdə, transmilli şirkətlərin və NATO üzvü olan dövlətlərin fəaliyyətini koordinasiya etmək üçün hansısa «alyans»ın yaradılmasına ehtiyac var  idi.

Klubun ilk toplantısının təşkilatçıları arasında Rokfellerlər Fondunun prezidenti Devid Rokfellerin və Karneqi Fondunun prezidenti Cozef Consonun adlarını çəkmək olar. Yeri gəlmişkən, klubun mənzil - qərargahı Karneqi Fondunun Nyu-York ofisində yerləşir.
Bilderberq klubunun təsis sammitində digərləri ilə yanaşı, ABŞ-ın  Mərkəzi Kəşfiyyat İdarəsinin, Londonun Kral Beynəlxalq Münasibətlər İnstitutunun, Şröder Bankının rəhbərləri, həmçinin «Nyu-York tayms», «Vaşinqton post» kimi mətbuat orqanlarının nüfuzlu təmsilçiləri də olub. Təşkilatın əsas sahibləri isə Lourens Rokfeller və Ed Rotşild idi - klub üzvlərini məhz onlar seçirdilər.

Klubun ilk sədri hollandiyalı şahzadə, Niderland kraliçasının həyat yoldaşı Bernard olub. Maraqlıdır ki, vaxtilə o, nasist Almaniyasında ali hərbi rütbədə xidmət edirdi. Amma bu, Bernardın ötən əsrin 50-ci illərinin əvvəllərində Rotşildlər ailəsinə məxsus Royal Dutch Shell neft korporasiyasının əsas səhmdarına çevrilməsinə mane olmamışdı.

Təşkilatın yaradılmasından sonra qarşıya qoyulan əsas vəzifə öz mərkəzi bankı, sonradan vahid valyutası olan Avropa superdövlətinin yaradılması və Avroatlantizm (bu ideologiyanı müharibədən sonra Böyük Britaniya irəli sürsə də, onu Şimali Amerika və Avropa dövlətləri ilə siyasi, iqtisadi və hərbi yaxınlaşmanı təmin etmək məqsədilə ABŞ hökuməti uğurla həyata keçirirdi) prinsiplərinin möhkəmləndirilməsi idi. 
Son  hədəf isə vahid qlobal hökumətin yaradılması olaraq müəyyənləşdirilmişdi.

 “Creme de la creme” 

Bilderberq klubu 3 dairədən formalaşır. «Xarici dairə» kifayət qədər genişdir və klub iştirakçılarının yarıdan çoxu oraya daxildir. Onlar klubun hədəfləri, strategiyanın reallaşdırılması üsulları haqqında o qədər də məlumatlı deyil. İkinci və daha qapalı sayılan dairə 35 nəfərdən ibarət olan «idarə komitəsi»dir. Bu dairəyə daxil olan insanlar, demək olar ki, klubun işi və məqsədləri haqda hər şeyi  bilirlər. 

Ən kiçik dairə isə «məşvərətçi komitə»dir. Onun, təxminən, 10 üzvü var. Təşkilatda baş verən hər şey haqda məhz həmin insanlar məlumatlıdırlar və qərar qəbul etmək səlahiyyətləri də onlardadır.

Bu gün sözügedən komitənin daimi üzvləri arasında Edmund de Rotşildin, Devid Rokfellerin, Zbiqnev Bjezinskinin, Henri Kissincerin, Romano Prodinin, Niderland kraliçası Beatriksin, Britaniya taxt-tacının varisi şahzadə Çarlzın, İspaniyanın kral ailəsinin adlarını çəkmək  olar. 

Son illər  toplantılarda ABŞ-ın dövlət katibi postunu tutmuş 6 nəfər iştirak edib. Onların arasında Kondoliza  Rays, Kolin Pauell və Hillari Klinton da olub. Yeri gəlmişkən, sonuncunun həyat yoldaşı Bill Klinton da klub üzvüdür. Böyük Britaniyanın hazırki baş naziri Devid Kemeron da daxil olmaqla, Birləşmiş Krallıq hökumətinə rəhbərlik etmiş  6 şəxs də iclasa qatılıb. Bundan başqa, toplantıda Fransa, Finlandiya, İslandiya, Almaniya, Belçika, Portuqaliya, Polşa, Kanada, İsveç, o cümlədən Aİ və NATO-nun yuxarı eşalonlarının nümayəndələri də olublar.

Bilderberg mütəxəssisləri, Qərb dövlətlərinin hökumətlərində və böyük çox millətli şirkətlərin rəhbərliyində əsas mövqelərə iddialı  olan namizədlərin əvvəl klub iclaslarında nəzərdən keçirildiyini və müzakirə edildiyini bildirməkdədirlər.

Klubun əsas üzvləri elmi - texniki proseslərə də təsir göstərirlər. Nəzərə alsaq ki, dünyanın milli, regional və qlobal elmi-tədqiqat konstruktor mərkəzləri məhz  Bilderberq klub üzvlərinin rəhbərlik etdikləri maliyyə mərkəzləri tərəfindən maliyyələşdirilir, bu fikir, o qədər də mifik təsir   bağışlamaz.

«Bilderberq konfransı ətrafında nə qədər şayiələr dolaşsa da, bir şey dəqiqdir: Bilderberq klubu, ilk növbədə, milyardlarla dollar potensial investisiyadır», - deyə tədqiqatçı, Niderlandın Hərbi Sənədlər İnstitutunun elmi işçisi, Avropa tarixinə dair bir neçə kitabın müəllifi Cerard Aalder bildirir.

Əlçatmaz divarlar arxasında 

Klubun yubiley toplantısında NATO-nun baş katibi Anders Foq Rasmussen, ABŞ və Böyük Britaniya kəşfiyyatlarının sabiq başçıları Devid Petreus və Kit Aleksandr, Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard, Britaniya kəşfiyyat xidmətinin başçısı Con Soers və digərləri də iştirak ediblər. İclasa Avropa ölkələrinin bir neçə naziri, Avropadan, Amerikadan, Cənubi Koreyadan və Yaponiyadan olan nüfuzlu siyasətçilər, alimlər və biznesmenlər də qatılıblar.

Bu il toplantının gündəliyinə  aşağıdakı  məsələlər daxil olub: Ukrayna, İrandan Çinədək nüvə diplomatiyası, dünya  iqtisadiyyatının dayanıqlı bərpası perspektivləri,  Avropa Parlamentinə bu yaxınlarda keçirilmiş seçkinin nəticələri və avroskeptizmin artması, Yaxın Şərqin yenidən formalaşması, demoqrafik problemlər, demokratiya və orta sinfin gələcəyi, məlumatların məxvilik problemləri…

Gündəlikdəki son maddə müəyyən qədər istehzalı səslənir. Çünki dünyada məxfilik probleminin olub-olmadığına dair suala cavabı dünyanın ən məxfi  toplantılarından birində axtarırlar. Üstəlik Kopenhagendə son toplantının keçirildiyi otel 3 metr hündürlüyündə iki qat divarla hasara alınıb. Nəticədə antiqlobalçılar şüarlarını yetərincə uzaq məsafədən qışqırmaqla kifayətlənməli  olublar. Tədbiri işıqlandırmağa çalışmış 2 jurnalist isə  dərhal  həbs edilib.

Təsəvvür edin ki, Google şirkətinin İdarə Heyətinin sədri Erik Şmidt və Facebook-un əsas investorlarından olan Piter Til Britaniya kəşfiyyatının başçısı Con Soers, Milli Təhlükəsizlik Agentliyinin direktoru və Mərkəzi Təhlükəsizlik Xidmətinin başçısı, o cümlədən, ABŞ-ın Kibernetika komandanlığnın rəisi Aleksandr Kit ilə bizim şəxsi həyatımızı müzakirə edirlər.

Əksər  skeptiklər iddia edir ki, Bilderberq Klubu sadəcə eks-məmurların və kübar  insanların fikir mübadiləsi apardıqları zərərsiz bir toplantıdır. Amma Qərb elitası haqqında azacıq təsəvvürü olan insanlar üçün aydındır ki, yüksək ranqlı məmurlar üçün «sabiq» sözü demək olar ki, mövcud deyil. Onlar bir təşkilatda xidmətlərini başa vurduqdan sonra asanlıqla başqa orqana keçir, dövlət işlərini özəl bizneslə və əksinə qarışdıra bilirlər. İnternetdə sadə bir axtarış verməklə əmin ola bilərsiniz: «sabiq» məmurlar bu və ya digər beynəlxalq qurumlarda fəal ictimai-siyasi fəaliyyətlə məşğuldurlar, transmilli şirkətlərin və bankların direktorlar  şuralarında iclaslar keçirirlər. Dövlət katibləri, nazirlər, nüfuzlu fondların idarə heyətlərinin rəhbərləri kürsülərinə heç də Aydan gəlib düşmürlər, postlarında fəaliyyətlərini başa vurduqdan sonra isə bağ evlərinə çəkilərək memuarlar yazmaqla da məşğul olmurlar. Kəşfiyyat orqanları haqda isə danışmaq belə, artıq olar. «Sabiq kəşfiyyatçı olmur» ifadəsi bütün mənalarda öz aktuallığını qoruyub saxlayır. Bu cür toplantıları adi istirahət və ya məsləhətləşmə adlandırmaq da olmaz. Hansısa transmilli şirkətin dəqiqəsi qızıl olan prezidentinin və ya direktorlar şurası üzvünün vaxtını hansısa dəbdəbəli oteldə qocaman veteranların əhatəsində öldürdüyünü təsəvvür etmək çətindir. Üstəlik, məsum qocalar və onların cavan pərəstişkarları sadəcə xoş atmosferdə  görüşmək naminə bir araya gəlirlərsə, onda görüşün keçirildiyi otel nədən ikiqat, üçqat hasarla əhatəyə alınır, dünyanın ən yaxşı xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən mühafizə olunur?

Son görüşün  bitməsindən çox az müddət sonra, ilk baxışda bir-biri ilə uyğun gəlməyən bir sıra hadisələr yaşanıb. İspaniya Kralı I. Juan Carlos, oğlu Asturias Şahzadəsi Felipe də Borbónun lehinə taxtından çəkildiyini elan etdi.  Avropadakı kral ailələrinin gücü dünya ictimaiyyətinə simvolik bir iqtidar olaraq təlqin edilməyə çalışılsa da, bunun heç də belə olmadığı adi bir həqiqətdir. Monarxiya başında olanların ölkənin eyni zamanda ali baş komandanı olmaları buna nümunə olacaq faktorlardan biridir. Kralın bu addımını bəzi güclərin təzyiqi nəticəsində atdığı mətbuata sızan xəbərlər arasında idi.

Yığıncaqdan bir həftə belə keçməmiş dünya xəbər agentliklərinin diqqətindən başqa bir xəbər demək olar ki qaçmış oldu. Dünyanın ən əhəmiyyətli və ən zəngin maliyyə qurumlarından biri olan Vatikan Bankına nəzarət edən təşkilat kimi tanınmış  Maliyyə İnformasiya İdarə heyəti üzvlərinin hamısı, Papa Francis tərəfindən istefaya göndərildi. Bu idarə, 2010-cu ilin dekabr ayında ötən il qəribə bir şəkildə Papalıq taxtından istefa etmiş (və ya "etdirilmiş") Papa XVI. Benedikt tərəfindən qurulmuşdu. Papa Francisin bu qərarı, Vatikan Bankının keçmişlə olan bütün əlaqələrinin qırılması və bankın qlobal maliyyə sisteminə inteqrasiya olması almanına gəlməkdədir. Təbii ki, bu addım qlobal maliyyə bosslarının maraqlarına xidmət edir.

Yadınızdadırsa, yığıncaq mövzularından biri də  Orta Şərqin yenidən formalaşdırılması idi. Və budur on gün belə keçmədən İraqın "yenidən formalaşdırılmasının" şahidi olduq. İŞİD-in əməlləri  İraqı üç yerə bölərək "şəkilləndirmək"dən başqa bir şey idi bəyəm? 
Təbii ki yaşanan bütün bu hadisələrin yığıncaq ilə birbaşa əlaqəsini sübut edən hər hansısa bir dəlil yoxdur. Lakin unutmayaq ki, son illərə qədər klubun mövcud olması mövzusundakı məlumatlar da dedi- qodular və şübhələr səviyyəsində  idi.

Bu gün isə Klubun öz saytı var, orada rəhbər komitənin üzvlərinin adları yerləşdirilib və s. Bu nədir? Hər şeylə maraqlanan insanlar üçün güzəşt, zülmətə bürünmüş müəmmanın üzərinə işıq salmaq cəhdi, yoxsa özünəinamın göstəricisi? 

Bilderberq Klubunu adi icra orqanı saymaq  olmaz.  Bəlkə də orada qəbul olunan hər bir qərar Avropa Komissiyası, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Böyük Yeddilik kimi təşkilatların fəaliyyətinin  əsasını təşkil edir.

Daha sonra isə  qəribədir ki, hər hansısa bir dövlətin başçısı qəfil "legitimliyini itirir", o vaxtadək heç tanınmayan birisi isə "millətin xilaskarı" kimi qarşımıza çıxır və ulduzu parlayır, fərqli ölkələrdə etiraz aksiyaları təşkil edilir və bir başqa ölkələr dərhal bu hadisələr üzündən "öz narahatlıqlarını dilə gətirirlər "...

Budəfəki müzakirələrin nə ilə bitəcəyini, dünyanın ən güclülərinin Marriot Copenhagen otelində hansı qərarları qəbul etdiklərini demək olar ki, sammit iştirakçılarından başqa heç kəs bilmir. Döğrudanmı,  televiziyalar qarşısında oturaraq  yeraltı sərvətlərlə zəngin torpaqlarda terror hücumlarının  “təsadüfən” edildiyini seyr edərkən, doğru dürüst səbəbini anlamadığımız iqtisadi böhranlar üzündən işimizi itirərkən, həqiqətən də bizi idarə edən insanlara səs verib- vermədiyimizi özümüz - özümüzdən soruşarkən belə biz yenə də onları xatırlamayacağıq? 

Küçələrdə biri birlərinə daş və qaz bombası atanlar, Suriyada və Ukraynada eyni millətdən olmalarına baxmayaraq bir-birilərinə snayper durbinindən baxanlar bunu düşünəcəklərmi? Düşünəcəklərsə, əllərindəkini əsil hədəfə yönəltməyə görəsən vaxtları çatacaqmı?

Dr. Fuad HİLALOV –araşdırmacı yazar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar