Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir fotonun tarixçəsi - Nəsillərin mübarizəsi...

Məmməd Süleymanov yazır...


1941-ci ilin 26 oktyabrında Minskdə nasistlər 12 antifaşisti türmədən çıxarıb asmaqla bu şəhərdə ilk nümayişkaranə edam aksiyasını icra edir. Edam olunanlar sırasında 17 yaşlı Mariya Bruskina və 16 yaşlı məktəbli Vladimir Şerbaçeviç də vardı. Onları əsirlikdəki Sovet əsgərlərinin qaçışını təşkil etməkdə suçlayırdılar.



Bruskina 1941-ci ilin mayında 10-cu sinfi bitirir. Ali təhsil almağa imkan tapmır - müharibə başlayır. O, Belarusiya Politexnik institutunun binasında təşkil olunan hospital-düşərgədə tibb bacısı kimi işə başlayır (orada Sovet hərbi əsirləri saxlanılırdı), elə oradaca fəhlə Kirill Trus və Olqa Şerbaçeviçin (16 yaşlı Vladimirin anası. Oğlu və əri ilə birlikdə edam olunur) rəhbərlik etdiyi gizli təşkilata qoşulur. Oktyabrın 14-də həbs olunur və 12 gün sonra edam edilir.

Nasistlər edam aksiyasını sənədləşdirirlər, fotolarını çəkirlər.30-dan çox foto sonralar nasist cinayətlərinin ifşası üçün Nürnberq məhkəməsində də göstərilir. Sovet rejissoru Mixail Romm o fotoları “Adi faşizm” filmində nümayiş etdirir, 1967-ci ildə isə rejissor Vitali Çetverikov bu haqda “1941-ci ildə həlak olublar” adlı sənədli film də çəkir.

Sonra onillər keçir, həmin fotolar 1997-ci ildə Almaniyada Hamburq Sosial tədqiqatlar institutunun təşkil etdiyi “Vermaxtın cinayətləri” adlı səyyar sərgidə nümayiş etdirilir. Səyyar sərgi Münhendə təşkil olunanda seyrçilərdən biri - 60 yaşlı jurnalist Anneqrit Ayxxorn fotolardan birində öz atasını tanıyır - o, 17 yaşlı Maşa Bruskinanın boynuna kəndir salan zabitin yaxınlığında dayanmışdı. Qadın bayılır - o, müharibədən əvvəl jurnalist işləmiş və 1943-cü ildə Şərq cəbhəsində həlak olmuş atası Karl Şeydemannı indiyədək müharibə illərinin nümunəvi əsgəri sayırdı. Bir neçə gün sonra o, “Züddöyçe Zaytunq” qəzetinə “Mənim atam hərbi cinayətkardır” başlıqlı müsahibə verir, yaxınlarının qınağına tuş gəlir, neonasistlərin təhqirlərinə məruz qalır. O, bu ağır yüklə daha 8 il yaşayır və 2005-ci ildə intihar edir.



Bu sonluğun simvolik tərəfi onda idi ki, fotodakı cəllad əslində başqa adamdı, jurnalist qadının atası deyildi. Ancaq bu, intihardan sonra bəlli olur.

Misalın əsas simvolikliyi isə valideyninə qarşı çıxan və ağır həqiqətin altında əzilərək tab gətirə bilməyən övladın uduzmasında idi. Onun atası həqiqətən də heç bir ekzekusiyada iştirak etməmişdi. Ancaq atalar-övladlar dilemmasındakı xüsusi hal ümumiləşdirilərək bütün əvvəlki nəslə də şamil edilmişdi ki, bu da kökündən səhvdir. Çünki bu, nasizmə qarşı döyüşmüş on minlərlə alman antifaşistinin xatirəsiini tapdamaq olardı (çoxsaylı neytrallar hesabdan deyil). Üstəlik, əgər Hanna Arendt şərin banallığından yazıbsa, Xeyirin də banallığı var - əks halda bəşər çoxdan məhv olmuşdu.

Üstəlik, bu necə kəskinləşmiş mərhəmət hissidir ki, övladda yalnız konkret öz atasına münasibətdə baş qaldırır? Yəni, o kəndirin 17 yaşlı qızın boynuna keçirilməsini izləyən şahid başqa birisi, özgəsinin atasıdırsa, reaksiyası neytraldır. Axı şər anlayışı istisnalar və fərdilik tanımamalıdır? Kamyunun sözləri ilə desək, “Şərlə ya mübarizə aparırlar, ya da əməkdaşlıq edirlər”. Üçüncü variant varmı?..

***

Bu tip faktlardan bəzən nəsillərin mübarizəsini əsaslandırmaq üçün yararlanmağa çalışırlar. Yəni, valideynlərin günahının (o cümlədən illüzor) bədəlini övladlar ödəyir. Yaxud, sonrakı nəsillər həmişə əvvəlkilərdən daha proqressiv və humanist olur, onlar əcdadlarına ağıl öyrədə, yol göstərə bilərlər və keçmişin neqativlərinə görə valideynlər total məsuliyyət daşıyır - xeyiri seçən də, şəri icra edən də, neytral qalan da. Ancaq belədirmi?

Yazıçı, Osventsim məhbusu, antifaşist-partizan Primo Levi ölüm düşərgələrində gördüyü dəhşətləri müharibədən az sonra qələmə alıb redaksiyaları gəzəndə onu heç bir naşir illər boyu çap etmir - hamı olanları unutdurmağa çalışırdı. Yalnız 1960-cı illərdə buz qırılır, Levinin çox ağır həqiqətlərdən bəhs edən (o cümlədən, ölüm düşərgələrində cəlladlarla əməkdaşlıq edən yəhudilər - zonderkomanda haqda)  “İnsandırmı bu?” və “Yox olanlar və xilas olanlar” kitabları məşhurlaşır. Ancaq gördüyü dəhşətlərdən, insan zorakılığı və qəddarlığının necə asanlıqla üzə çıxıb kütləviləşməsi kimi acı həqiqətdən sarsılan Levi sonunda intihar edir. Bu, 1987-ci ildə - müharibənin bitməsindən 42 il sonra baş verir. Yəni, uzun zaman kəsiyi də dərin yaraları sağalda bilmir.



“Yox olanlar və xilas olanlar” əsərində Primo Levi fürerin yaxın dostu və sevimli arxitektoru (habelə, silah sənayesi naziri) Albert Şpeyerdən də söz açır. Şpeyer Nürnberq məhkəməsində özünü günahkar sayır, vicdan əzablarından danışır, cinayətlərdə iştirak etmədiyini və xəbərsiz olduğunu söyləyir və edamdan qaça bilir. Onu 20 illik həbs cəzasına məhkum edirlər və 1966-cı ildə Şpandau türməsindən azadlığa buraxırlar. Məhbəsdə o, “Şpandau gündəlikləri”ni yazır, sonra çap etdirir və Osventsimdə baş verənlərin özü üçün böyük travma olduğunu vurğulayır.

Primo Levinin bir alman dostu Şpeyerlə dəfələrlə görüşür. Sonuncu görüş 1978-ci ildə olur. Bəlli olur ki, bütün bu illərdə Şpeyer keçmişi dəfələrlə analiz edib, baş verənlərə əvvəlki neqativ münasibətini də dəyişib (Levi yazır: “Şpeyer ona eqosentrik, özünün “fironun yanında arxitektor olduğu” dövrləri ilə fəxarətindən partlamağa hazır olan qoca təəssüratı yaratdı”). Bir sözlə, yazıçının alman dostu keçmiş nasist rəhbərindən dərin peşmançılıq hissi ilə ayrılır.

Göründüyü kimi, söhbət eyni nəslin övladlarından gedir - qurbanlıq Primo Levi öz Qiyam, müqavimət və işgəncələr qismətini şüurlu şəkildə seçmişdi. Onu bu yola humanizmə inamı aparmışdı. Cəllad Şpeyer də öz yolunu şüurlu şəkildə seçmişdi, onu fürerin arxitektoru, estet dostu və silah naziri olmağa zorla, avtomat qarşısında məcbur etməmişdilər. Sonunda isə 1981-ci ildə Şpeyer ömrünü isti yataqda və tövbə etmədən başa vurur, Primo Levi isə 1987-ci ildə intihar edərək və başa düşülmədən.

Onları yalnız eyni nəslə mənsub olduqlarına görə eyni cərgədə qoymaq hansı sərsəmin ağlına gələ bilər? “Nəsillərin mübarizəsi”ni aktuallaşdıranlar üçün isə fərdlər yoxdur, yaş kateqoriyası var. Və onlar özləri də çox vaxt fərqinə varmadan oynadıqları oyunun tələb etdiyi qaydaları icra edirlər. Çünki, “nəsillərin mübarizəsi” anlayışı həm də cəmiyyəti nəzarətə götürmək, istədikləri səmtə dəyişmək, fraqmentarlaşdırmaq, təxirəsalınmaz həll tələb edən mühüm problemlərdən yayındırmaq alətinə çevrilib...

Məmməd Süleymanov(virtualaz.org)
pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Bir fotonun tarixçəsi - Nəsillərin mübarizəsi...

Bakı yanğını və “azyaşlılar”ın idarəçiliyi...

Ən çox oxunanalar