Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir qab sirkə və bir maşın meyit


Hekayə


Bu gün sabah 30 yaşım olacaq, amma mən hələ də harada sirkə qabı görürəmsə, həmin gün yadıma düşür. Həmin gün yadıma düşdükcə də anlayıram ki, müharibə dəhşətdir, müharibə bütün xalqlar üçün faciədir və bu faciədən mənfəət güdənlər var olduqca bu faciə bitməyəcək. Çünki müharibə planlı şəkildə hazırlanmış pul qazanmaq yoludur, biznesdir.

O hadisənin üstündən 20 ildən çox vaxt keçib, ondan sonra pis günər də olub, yaxşı günlər də görümüşük. Həyat adamı ora-bura vuraraq bərkidib, yaşamağı öyrədib. Atam ondan sonra dəfələrlə cəbhədə oldu və bir neçə dəfə də mühasirəyə düşdü. Amma xoşbəxtlikdən sağ salamat qayıtdı. Mən bəxti gətirməyənləri düşünürəm.

Müharibənin qızğın vaxtları idi. Atamı cəbhəyə ezamiyyətə göndərmişdilər. Kişi o vaxtlar hərbiçi idi, gənc əsgərlərin hazırlıqdan sonra cəbhəyə yollanmalarını və orada yerbəyer olmalarını təşkil edirdi. İki həftə idi ki, ondan xəbər-ətər yox idi. Qonşulara cəbhədən tez-tez qara xəbərlər gətirirdi. Nigaranlıqdan üzülmüşdük, vəziyyət get-gedə pisləşirdi. Həyətdəki uşaqlarla bir neçə dəfə küçəmizdən keçən yük maşınlarının əsgər meyitləri daşıdığının şahidi olmuşduq. Bir dəfə aşağı küçədə belə maşınlardan biri xarab oldu. Sürücüylə yanındakı hərbiçi oğlanın başı maşını təmir etməyə qarışanda, biz xəlvəti maşının arxasına dırmaşıb meyitlərə baxmağa başladıq. Onlar bunu görən kimi bizə acıqlanaraq qovalasalar da, 5 dəqiqə ərzində meyitləri yaxşı görə bilmişdik. Gözləri yumulu olanlar heç, amma gözləri açıq olanlar sanki harasa baxırdılar. Hətta onda mənə elə gəlmişdi ki, onlardan biri lap elə mənə baxırdı. Sonra başa düşdüm ki, belə olmur.

Anam müəllim idi, qəpik-quruş maaş alan müəllim. Qardaşım atçılıq idmanıyla məşqul olurdu və arada ippodromda qalıb qara-qura işləri görürdü ki, bəlkə bir-iki manat pul qazansın. Belə vaxtlar dolanışığımız pisləşirdi. Hətta bir dəfə evdə heç çörək qalmamışdı, soyuducu da boş idi. Təkcə bir qab sirkə vardı. Yaxşı yadımdadır, qabı açıb barmağımı sirkəyə saldım və sirkəli barmağımı soraraq mədəmi aldatmağa başladım. Anam bu mənzərəni görüb çox kövrəldi, mənə yaxınlaşaraq O da mən etdiyimi təkrarladı, sirkəyə batırdığı barmağını sordu. Beləcə birlikdə nahar etdik, barmaq sovuraraq. Sonra başa düşdüm ki, “acından barmaq sormaq” olarmış, bəlkə də elə məhz bu imiş.

Səhəri qonşumuz Rəna xalanın oğlunun meyidini gətirdilər. Düşmən snayperi Rüfətin sağ gözündən vurmuşdu. İki gündən sonra atamın sağ olduğunu öyrəndik. Kişi mühasirəyə düşübmüş. Atam sağ-salamat qayıtdı gəldi, hamımız saatlarla onu iyləyib öpdük. O bizim qəhrəmanımız idi, supermenimiz idi.

Bu gün sabah 30 yaşım olacaq, amma mən hələ də harada sirkə qabı görürəmsə, həmin gün yadıma düşür. Arada indi də o maşındakı meyitlər yadıma düşür. O vaxt gözləri mənə zillənən meyidin mənə baxdığını zənn etmişdim...

Rüzgar MÖVSÜM


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar