Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir zülmət gecə...


Hüseynbala Səlimov yazır


Hava bərk isti idi. Hətta dözülməz dərəcədə isti idi. Şəhərdəydim. Düşündüm ki, bir dəniz sahilinə baş çəkim... Mənim hərdən dənizə şikayətlənməyim var. Sahildə bir azacıq sərin yer tapır və dərdimi-gileyimi dənizə danışıram. Bu şəhərdə bəlkə də hər şey aşınır, hər şey dəyişir, köhnələr təzələnir, yenidən üzlənir, yenidən aşınır və s. və i...

Amma dəniz olduğu kimi qalır. Bizim bütün məğlubiyyətlərimizin və qələbələrimizin, yüksəlişlərimizin və enişlərimizin şahidi dəniz. Bircə o, qoca dünyada dəyişmir, biz acı siqaret tüstüsünü içimizə çəkdiyimiz kimi, o, da bizim sevincimizi və kədərimizi, acımızı-ağrımızı və pisimizi-yaxşımızı içinə çəkərək yaşayır...

Mənim ona gileyim olur - bu ölkədən və onun vətəndaşlarından, yaxınlardan və uzaqlardan... O, məni sakitcə, beşiyində yırğalana-yırğalana dinləyir...

Xəzər mənə həmişə həm də nisgilli bir dəniz kimi görünüb- ona görə ki, yurdundan-yuvasından, dəniz dostlarından, okeanlardan ayrı düşüb... Bəlkə də hər şey bir qədər başqa cür olub. O, dəniz kimi doğulmaq istəyib, amma göl olub... Necə ki, Yupiter ulduz kimi doğulmaq istəyib, amma planet olub. Necə ki, biz hamımız dünyanın ən xoşbəxtləri kimi doğulmaq istəyirik, amma başqa cür olur...

Bir mahnıda deyilir ki, dəniz bir zülmət gecə qaçar... Mən çox istəyirəm ki, bir gecə Xəzər qaçsın, dənizlərə qoşulsun, okeanlara qovuşsun...

Amma əfsus. O da elə mənim kimidir. Mən də əvvəllər çox qaçmaq istədim bu məmləkətdən. Amma...

İndi dənizlə ikimiz tək qalmışıq... Ona gileyimi danışıram, Avropa Oyunlarından danışıram, buranın istisindən, cəza yerlərinin ağırlığından bəhs etmək istəyirəm. Deyəcəyim o qədər çoxdur ki...

Amma aramızda bir lal sükut hökm sürür. Nə o bu sükutu pozmaq istəyir, nə də mən...
Düşünürük ki, elə-belə də yaxşıdır. Ürəklərin danışdığı yerdə dilin nə işi? Və beləcə bir saat, iki saat keçir... Durub evə tərəf üz tuturam... Axı mən hələ yazı da yazmalıyam...
Yol boyu çox götür-qoy edirəm ki, nədən yazım, necə yazım... Yayın öz üslubu var. Həmişə mənə elə gəlir ki, yayda hamımız-bütün bakılılar bir məhlul oluruq, ora-bura hopuruq... 
Qatarda bir-iki xarici vardı... Onlar maraqla ora-bura baxırdılar... Amma heç kim onlara fikir vermirdi...

Nə qədər qəribə olsa da, bu, məni bir az sevindirir - Bakı yenə də şəhərləşir və buranın insanları təzədən şəhərlilərə çevrilirlər...

Əvvəllər belə deyildi. Sanki hamı gözü ilə biri-birini yeyirdi. Amma indi... Bəli, indi heç kimin baxışı tuş gəlmir... Bu, artıq yaxşı haldır... Böyük şəhərin həmişə əsrarəngiz bir təəccübü olur. Bu təəccüb şəhərə yeni gələn insanlarda və bir də turistlərdə duyulur...

Amma indi artıq hər şey yaxşıdır. Daha bərəlmiş gözlərə rast gəlməzsən. Hə, bizim Bakı yenidən şəhər olmağa başlayır...

Qatarda elanların iki dildə verilməsi də gözəldir. Düzdür, bir qədər yaxşı alınmayıb, çox vaxt heç başa düşmürsən ki, nə deyirlər... Şəhərdə iki dilin də olması gözəldir. Şəhərin mahiyyətində, ümumiyyətlə, bir polifonizm olur... Bu elə bir şeydir ki, onu yalnız şəhərlilər duya bilir...

Deyilənə görə, əvvəllər şəhər-dövlətlər olub. Sonradan onların yerində indiki şəhərlər yaranıb. Amma mənə bu şəhər-dövlət məsələsi daha xoş gəlir, çünki hər şeydə bir tamlıq axtarmağı sevirəm. Hər şey tam olanda gözəl olur... 

Hər şey mükəmməl olanda gözəl olur. Şəhər də orqanizm kimi tam olanda bizə daha gözəl görünür. Əslində şəhər-dövlətlər özlərini tamam itirmədilər və tamam tükənmədilər...
Təsəvvür edin, indi dünyada şəhərlilər özlərinin merini, özlərinin hakimlərini seçirlər, özlərinin kiçik dövlətlərini qururlar... 

Bizdə isə hər şey təyinatla olur - hər şeyi yuxarıdan təyin edirlər... Ona görə də birgələşə, doğmalaşa bilmirik, bir-birimizi axıra qədər qəbul edə bilmirik...

Kiçik və hər şeydən qorxan dövlətlərdə şəhər-dövlətlərdən də qorxurlar, onları bu kiçik dövlətlərin ab-havası, yaşayış tərzi qorxudur...

Amma dünyaya baxın. Görün nələr baş verir? İndi harada meri təyin edirlər? Belə ölkələr qalıbmı? Bəlkə də qalıb... Yalnız o dövlətlərdə ki, orada hakimiyyəti heç kimlə bölüşmək istəmirlər, çünki onu hər şeydən çox sevirlər. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar