Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Biz bu filmə baxmışıq


Doğrudan da “bir millət, iki dövlət”dir


Yoxsa başqa yerlərdə qarışıqlıq, həyata təhlükə olanda insanları ölümdən qorumaq üçün evdə oturmağa çağırırlar, Türkiyə və Azərbaycanda isə küçələrə çıxmağa. Bunu “xalqın seçdiyi hakimiyyəti qorumaq haqqı” adlandırmaq demaqoqiyadır. Xalqın seçdiyi hakimiyyət bütün xalqın hakimiyyəti olur. Səs çoxluğundan istifadə edib əleyhinə səs verənləri əzmir. Qışqır-bağır, pafos, saxtakarlıq korrupsiyanın aşkar əlamətləridir. Məşhur aforizmdə deyilən kimi: “Harda patriotizmdən, vətəni, dövləti qorumaqdan çox danışırlarsa deməli orda oğurlayırlar”. 

Başqa bir aforizm də durumu dəqiq ifadə edir: “İstənilən hakimiyyət insanı korlayır, əxlaqını pozur, mütləq hakimiyyət isə mütləq pozur” (19-cü yüzil ingilis siyasətçisi və tarixçisi lord Con Akton demişdir). Yəni bu gün Türkiyəni idarə edən adam hardasa 10 il qabaq bəlkə daha normal keyfiyyətlər daşıyırdı. Dəyişmədilərsə, türk xalqında buna siyasi, elektoral güc tapılmadısa deməli durum xarabdır. 

Şəxsən mən son günlər əvvəlki kimi ürəklə “Türkiyəmiz” yaza bilmirəm. Artıq oranı öz dövlətim saymağım çətinləşib. Əslində Azərbaycan və Türkiyə rəhbərlərinin saxta mehribançılığı da bunda ciddi rol oynayıb. Həmin münasibətlər üzündən biri o birinə əcaib viza tətbiq edib, o biri isə azərbaycanlıya göstərmədiyi hörməti suriyalı ərəb qaçqınlara göstərib “istəsələr 3 milyonuna vətəndaşlıq verərik” deyib. 

Uzun illər Türkiyədə demokratiyanın qarantı kimi Qərb yönümlü ordu görülürdü. Hərbi çevriliş edəndə də nisbətən qansız edir, sonra hakimiyyəti sivil, mülki vətəndaşa verirdilər. Latın Amerikasında, Afrikada generalların qurduğu uzunmüddətli hərbi xunta rejimləri Türkiyədə demək olar yaşanmayıb. Ancaq indi ordu-xalq, ordu-partiyalar münasibətləri tam zədə alıb. Ortada düşmənçilik, nifrət, qana çağırış şiddətlənib. Dialoq məhv edilib, ölkə bir “uzun adamın” nifrət dolu monoloqlarına meydan ediləndə başqa nəticə gözlənmirdi. 

Deyirlər xalq Ərdoğanı dəstəklədi, meydanlara axışdı. Bəs o zaman çevriliş cəhdini edənlər, ardından tutulan minlərlə adam kimdir? Adiləşən terroru İŞİD-in boynuna yaz. “Ərgənəkon”, “Balyoz” davalarında tutduğun və işgəncə verdiyin türk zabit elitasını fətullahçılara yüklə. Lap deyək bu qiyamı da Yunanıstan təşkil eləyib, axı qiyamçıların helikopteri o tərəfə uçmuşdu! Əladır. Əsl xarici qara qüvvələrin, dövlətçiliyin sarsılmasını istəyən mason-sorosçu-amerikanların-filanın işləridir. Ancaq bəs onda sən kimsən? Siyasətin “ayfon” ekranından timsah göz yaşları axıtmaqdır? 

Xalqın əmin-amanlığını qorumaq seçilmiş hakimiyyətin bir nömrəli vəzifəsidir. Ancaq hərbi polis və ordu paytaxta hücuma keçirsə, belə dövlətin adı nədir? Orta Doğunun yeni Suriyası. Liviya. İraq. Siz Azərbaycanın Liviya ilə “Bir millət, iki dövlət” adlanmasını, adının yanaşı çəkilməsini istərdinizmi? Mən istəməzdim. Baxmayaraq bayrağımız da az qala eynidir. Liviya dinarını çəkən rəssam isə böyük ehtimal manatı çəkən rəssam olub - o dərəcə qarışıq salmaq olar. 

Yeri gəlmişkən, Türkiyə ilə bağlı bir mif də Liviya mifinin təkrarıdır. Guya iqtisadi inkişaf var. Guya camaat krantı açanda süd gəlir. Ancaq Amerikanın-zadın bunu gözü götürmür. Bu lotular yaddan çıxarır ki, Amerika Liviya məsələsinə ümumiyyətlə uzun müddət qarışmadı. Liviyalı üsyançılar aylarla yalvarırdı ki, gəlin bizi Qəddafinin əlindən alın. O zaman bu lotular Qərbi duruma qəsdən qarışmamaqda suçlayırdılar. Maraqlı mənzərədir, eləmi?

Amma dezinformasiya savaşı mühitində, KİV-lərəə qoyulan saysız qadağa və senzura şəraitində bunu hansı kütləyə izah edəcəksən? Adamların həqiqəti özlərinin tapıb müəyyən etməsi üçün azı 3-4 azad, müstəqil, nüfuzlu informasiya mənbəyinə çıxış imkanları olmalıdır. Nə Türkiyədə, nə Azərbaycanda bu qalmayıb. O üzdən, bədbəxt çevrilişçilər “AzTV”-nin yerli variantına - TRT kanalına əl bulamışdılar. Çünki çaşmışdılar, bilmirdilər başqasını tutmağın hansısa mənası varmı.

Bizdə bu temada köhnə bir anekdot var. Oğrular bankı yarırlar, birdən böyürdən jurnalist çıxır, kamera ilə çəkir. Oğrunun biri maskasını çıxarıb gülə-gülə kameraya əl yelləyir. O biri oğru deyir, adə, sən neynirsən, üzünü gördülər. Maskasını açan deyir: “Narahat olma, bunlar AzTV-dən gəliblər, onsuz ora heç kim baxmır”.

Zamin Hacı(musavat.com)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar