Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bura söz güləşdirmək yeri deyil

İndiki gənclər bilməz, amma biz parlamentdə sözgüləşdirmə olaylarını ilk dəfə 1989-cu ildə gördük. Ona qədər belə şey olmamışdı. Ara-sıra nəsə olmuşdusa da, onu canlı yayımla xalqa göstərməmişdilər


1989-cu ildə isə AXC liderlərindən 4 nəfər – Tofiq Qasımov, İsa Qəmbər, Sabit Bağırov və Etibar Məmmədov deputat olmadıqları halda parlamentdə (o vaxt Ali Sovet) hökumətin siyasətini  birbaşa efirdə tənqid etdilər. Qısa müddət sonra müxalifətçi jurnalist Nəcəf Nəcəfov isə respublikanın faktiki rəhbəri Əbdürrəhman Vəzirovla əməlli-başlı söz güləşdirdi.

Akt özü o qədər şiddətli oldu ki, buna qədər müxalifətə tribuna verən, kabinetində onların təmsilçiləri görüşlər keçirən Vəzirov axırda dözmədi, üzünü prokurora tutub, bu hərəkəti (söz güləşdirmə olayını) nəzərə almağı xahiş etdi, amma baş prokuror xahişi qulaqardına vurdu, nəzərə almadı. Əslində, hamı elə bilirdi ki, prokuror respublika rəhbərinin xahişini nəzərə alacaq və son 70 ildə ilk dəfə hökmdara “sən kimsən” deyə müraciət edən və tribunanı onu verməyən jurnalisti tutacaqlar.

Görünür, sonradan Vəzirovun hirsi soyudu və millətin gözü baxa-baxa ona cavab qaytaran Nəcəf Nəcəfovun həbs edilməsi xahişini tələbə çevirmədi. Bu, çətin deyildi. İclasdan sonra o, baş prokuroru kabinetinə çağırıb “Ya Nadjafov dərxal xəbs olunmalıdır, ya da partbileti postav na stol” desə, yəqin ki, birinci variant seçiləcəkdi. 

Bu, axırı yaxşı qurtaran ilk sözgüləşdirmədən sonra parlamentdə hökumət rəhbərliyi ilə ağac-ağaca qoymaq adi hala çevrildi. 

Xalq hərəkatının deputat seçilmiş rəhbərləri tez-tez istər parlamentin sədarəti ilə, istərsə də prezidentlə söz güləşdirirdilər. Bəzən lap xırda şeylər üstündə mübahisə düşürdü. Amma o vaxt deputatların dilində belə bir ifadə vardı: “Mənim filankəs bəyə (müəllimə) hörmətim var, amma o belədir (“düz demir”, “yalan deyir”, “yanılır” və s.)”.

Yaxşıydı ki, o cür sözgüləşdirmələrin sonunda əlbəyaxa dava düşmürdü və heç kimi tutmurdular. 

Gün gəldi, cəbhəçi İsa Qəmbər parlamentin sədri oldu. Bu dəfə də AXC-Müsavat hakimiyyətinin müxalifləri onunla söz güləşdirirdilər. Etibar Məmmədov sözünü bitirirdi, Rəhim Qazıyev söz alırdı, o, susurdu, Şadman Hüseyn başlayırdı, arada Tahir Əliyev də onlara qoşulurdu. Arif Rəhimzadə, Maksim Musayev və digər keçmiş partokratlara dövlət rəhbərliyi ilə sözgüləşdirmə imtiyazından bol-bol yararlanırdılar. 

Heydər Əliyev parlamentin sədri olanda isə köhnə sözgüləşdirənlər dəstəsi möhkəmcə kiridi. Birindən də, türkün sözü qık çıxmırdı, mıqq eləmirdilər.  Əlbəttə, hakimiyyətlə güləşib, onu yıxandan sonra daha söz güləşdirməyin yeri yox idi. İsa Qəmbər bir dəfə spikerlə söz-sözə gəldi və həmin gün həbs olundu.

Əvəzində meydana yeni sözgüləşdirənlər çıxdı – Tofiq Qasımov, İbrahim İbrahimli, Ədalət Rəhimli. 

Heydər Əliyev bir xeyli müddət onlara dözdü, arada “axı sən nə istəyirsən, Tofiq Qasımov” deyə dotələb və qanunpərəst müxalifətçinin arzu və istəkləri ilə maraqlandı, yaxud da İbrahim İbrahimliyə xatırlatdı ki, mən siyasətlə məşğul olanda sən öz Zeynəddin kəndinizdə ayaqyalın, başıaçıq gəzirdin. 

Bu sözgüləşdirmənin axırı yaxşı olmadı. Tofiq Qasımov və İbrahim İbrahimli bu işi yeni spiker Rəsul Quliyevin də vaxtında davam etdirəndə, onları Milli Məclis üzvlüyündən çıxardılar. Sözgüləşdirmə ehtirası bir balaca səngidi və başqa müstəviyə keçdi.
Əlbəttə, Rəsul Quliyevlə də söz güləşdirənlər vardı. Bu işdə Mirmahmud Mirəlioğlu və Nazim İmanov fərqlənirdilər. Bir dəfə də, Rəsul müəllimin təbirincə desək, İbadov Rza qəfildən spikerlə höcətləşdi. 

Nazim İmanovla spiker Murtuz Ələsgərovun dialoqlarını “sözgüləşdirmə” qrafasına salmamaq da olar. Onların vaxtında sözlər bir-birilə güləşmirdilər, gah qaçdı-tutdu oynayırdılar, gah da süpürləşirdilər. 

Son vaxtlar parlamentdə ən bariz sözgüləşdirmə fraqmentləri 2005-2010-cu illər arasında indiki spikerlə sabiq deputat Pənah Hüseynin arasında baş verirdi. Oqtay müəllim sürətli və savadlı danışan Pənah Hüseynin sözlü həmlələri qarşısında çox əsəbiləşirdi, gücü yalnız “otur yerinə” deməyə çatırdı. 

O vaxt bu hadisəni dəyərləndirən dostlardan biri o biriylə mərc gəldi ki, spiker növbəti dəfə Pənah Hüseyni deputat seçilməyə qoymayacaq, “ya o, ya mən” şərti qoyacaq. O şərt qoyuldumu, qoyulmadımı, bəlli deyil, amma Pənah Hüseyni nə 2010-da, nə də 2015-də deputat seçilməyə qoymadılar. 

2015-də seçilən parlamentdə isə, belə görünürdü ki, bir-birilə söz güləşdirən olmayacaq. Amma heç gözlənilmədən iqtidar komandasına çox yaxın olan deputat Zahid Orucla spikerin sözü artıq neçənci dəfədir çəpləşir. Hazırda sözlər meydana çıxıb özləri güləşirlər, spiker və deputata məhəl qoymurlar. Oqtay müəllim bu durumdan çox pəjmürdədir. 

Ağacan müəllim isə deyir ki, adam özündən böyüklə söz güləşdirməz. Başqaları da “parlament söz güləşdirmək yeri deyil” deyirlər. Amma deyilənə görə, parlament qədim yunanların vaxtından bəri məhz söz güləşdirmək üçün nəzərdə tutulub. 

Xülasey-kəlam, belə güman olunur ki, 2020-seçkilərində də Zahid Orucu deputat seçilməyə qoymayacaqlar.

Mərc gələn var?


Yazar : Samir SARI

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar