Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəbhədə vəziyyət daha da gərginləşdi


Düşmən ölkə yeni təxribatlara əl atdı, Ermənistan regiondakı neft korporasiyalarını hədələdi


AŞ PA-nın qış sessiyasındakı müzakirələrdə həmsədrlərin nümayişkəranə şəkildə müdafiə etdiyi işğalçı Ermənistan son günlər daha da aqressivləşib. 

Son bir həftədə cəbhədə iki Azərbaycan əsgərinin erməni təxribatları nəticəsində şəhid olması da bunun əyani sübutudur.  Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, fevralın 3-də saat 17.50 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid olub.

Nazirlikdən bildirilib ki, Silahlı Qüvvələrimizin həmin istiqamətdə yerləşən bölmələrinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində təxribat qrupunun 3 üzvü məhv edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı “Yeni Müsavat”a bildirdi ki, düşmən təxribatı Azərbaycanın şimal-qərb istiqamətində törədilib: “Düşmənə atıcı və digər silahlarla cavab zərbələri endirilib və ilkin ehtimala görə, düşmənin 3 hərbçisi məhv edilib”. 
V.Dərgahlı erməni tərəfin öz itkiləri ilə bağlı məlumatları gizlətdiyini də vurğuladı. Nazirlik sözçüsü düşmən ölkənin işğal olunmuş ərazilərdən kənarda gərginliyi artırmasının məqsədli olduğunu dedı: “Təbii ki, məqsədli şəkildə dövlət sərhədlərimiz boyu gərginlik yaradırlar. Sonuncu hadisələr işğal olunmuş ərazilərdən kənarda baş verib. Düzdür, biz cəbhə xəttini bölmürük, amma bu hadisələr kifayət qədər diqqət çəkir. Deməli, burada xüsusi məqsəd var”. Düşmən ölkə ordumuzun  Ermənistana məxsus minik avtomobilini hədəfə aldığını iddia etsə də, Azərbaycan tərəf bunu dezinformasiya adlandırıb. V.Dərgahlı bildirdi ki, erməni tərəfi dövlət sərhədindəki təxribatı ört-basdır etmək və Azərbaycanı günahlandırmaq məqsədilə guya mülki şəxsə məxsus “VAZ-2106" markalı avtomobilin vurulması barədə absurd xəbər yayıb: ”Azərbaycan Silahlı Qüvvələri beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət edərək heç vaxt dinc əhalini, mülki obyektləri və avtomobilləri atəşə tutmayıb. Bu kimi məlumatların heç bir əsası yoxdur və növbəti erməni yalanıdır".



“Əgər iki ölkə toqquşarsa, Azərbaycan birtərəfli qaydada məhvetmə müharibəsi aparacaq”. Bunu isə Ermənistanda “komandos” ləqəbi ilə tanınan ehtiyatda olan general-mayor Arkadi Ter-Tadevosyan dilə gətirib. (publika.az). Erməni cani Qarabağda müharibə olacağı təqdirdə Azərbaycan və Türkiyənin Ermənistanı məhv edəcəyini etiraf edib: “Müharibə olacaqsa, biz vuruşacağıq. İndi müharibə ehtimalı daha böyük görünür”. Erməni “komandos” ölkəsinin Azərbaycana qarşı xain planını da açıqlayıb. “Bizim raketlərimiz Azərbaycanın neft-qaz yataqlarına tuşlanıb və müharibə olacaqsa, biz onları partladacağıq” deyə, iddia edib. “Arxalı köpək qurd basar” prinsipindən çıxış edən erməni cinayətkarlar həm qorxudur, həm də qorxduqlarını nümayiş etdirirlər. Şübhə yox ki, bu cür hay-küylə Ermənistan Rusiyanın və KTMT-nin dəstəyini qazanmağa cəhd göstərir. “Ermənistanda hər dəfə ara qarışanda, işləri çətinə düşəndə dar gün üçün saxladıqları, əlləri qana bulaşmış canilər yada düşür və ortalığa atılır”. Bunu erməni generalı Arkadi Ter-Tadevosyanın Azərbaycana qarşı növbəti hədə-qorxu dolu çıxışına dair ANS-in sorğusuna cavab olaraq keçmiş hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant, keçmiş korpus komandiri Yaşar Aydəmirov deyib. 

Y.Aydəmirov bildirib ki, “komandos” ləqəbli bu üzdən iraq “qəhrəman” hələ də keçmiş xülyalarının eyforiyası ilə yaşayır. “Onun bugünkü real vəziyyətdən, qüvvələr nisbətindən, cəbhədəki durumdan, Silahlı Qüvvələrimizin sərəncamında olan texnika və vasitələrdən, ən əsası isə Azərbaycan əsgərinin döyüş ruhundan ümumiyyətlə xəbəri yoxdur. Düşmən anlamalıdır ki, torpaqların işğaldan azad olunması uğrunda Silahlı Qüvvələrimiz istənilən an əməliyyat həyata keçirməyə qadirdir və qalib gələcəyimizə əminik”.



Milli Məclisin Müdafiə, Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a dedi ki, Arkadi Ter-Tadevosyanın hədələri və cəbhədəki son vəziyyət iki səbəblə bağlıdır: “Birincisi, Suriya ətrafında dairə qapanır və Rusiya son raundda qalib gəlmək üçün Cənubi Qafqazı dünyaya xatırladır. Yəni bizim regionda Qərbin iqtisadi dayaqlarını hər an sarsıda biləcəklərini nümayiş etdirməyə çalışırlar. İkincisi, ermənilərdə mötəbər kəşfiyyat məlumatları Azərbaycanın bütün cəbhəboyu mövqeyinin kəskin bir şəkildə gücləndiyini təsdiqləyir. Hər gün atəşkəsin pozulma intensivliyi qarşı tərəfi resurs və canlı qüvvə itkisinə məruz qoyur. Dünən iki tankın məhv edilməsinin siz hansı qiymətə başa gəldiyini və onların yerinə yetirdiyi hərbi əhəmiyyəti konkret hesablaya bilərsiniz. İrəvana gedən tabutlar artdıqca, Sərkisyanın aparatından müxtəlif direktivlər gəlir, lakin səngərdə dayanan erməni o əmrləri əvvəlki tək yerinə yetirmək gücündə deyil. Ona görə həmin general hazırda Suriya problemi ətrafında Londona toplaşan dövlətlərə neft kəməri hədəsi ilə cavab verməklə özlərini İŞİD-dən heç nəylə fərqləndirmirlər. Qərb neft məsələsində çox həssasdır və belə avantürist bəyanatı verən faşistlərdən daha pisdir. Çünki Adolf Hitler belə, Bakını və neft hövzələrini bombalamaq əmrini verə bilməmişdi. İndi ermənilər bp ilə savaşamı çıxıblar?”



Bu arada ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşikin mandatının daha bir il müddətinə uzadılması  ironiya doğurur. ATƏT Daimi Şurasının iclasında polşalı diplomat 20-ci dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub. Hansı ki, bu vəzifəni 1997-ci ilin yanvarından icra edən A. Kaspşikin heç bir ciddi fəaliyyəti nəzərə çarpmayıb. “ErmənistanAzərbaycan arasında təmas və sərhəd xəttində baş verən silahlı toqquşmalar narahatlıq doğurur”. Bunu isə ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer “The Huffington Post”da nəşr olunan “ATƏT Avropanın təhlükəsizliyi üçün niyə əvəzedilməzdir?” başlıqlı yazısında bildirib. 

(APA). Müəllif qeyd edib ki, Dnestryanı, Dağlıq Qarabağ kimi münaqişələr bütün ATƏT məkanında çətinliklərə və durğunluğa gətirib çıxarır: “Biz atəşkəsi stabilləşdirmək, etimad qurmaq, kiçik, lakin əməli nəticələri olan addımlar ataraq, eləcə də iqtisadi mübadilələri genişləndirərək insanların gündəlik həyatlarını inkişaf etdirmək istəyirik. Dağlıq Qarabağ  münaqişəsinə gəldikdə, təmas və sərhəd xəttində baş verən silahlı toqquşmalar narahatlığa səbəb olur. Almaniya ATƏT-in Minsk Qrupunun himayəsi ilə danışıqların intensivləşdirilməsinin tərəfdarıdır. Bununla bağlı ən mühüm addımlardan biri atəşkəs rejiminin pozulması ilə bağlı mexanizmin yaradılmasıdır”. 

Ştaynmayer ATƏT-ə sədrlik edən dövlət kimi Almaniyanın qurum çərçivəsində konsensusun gücləndirilməsi istiqamətində çalışacağını da diqqətə çatdırıb. Görünür, son vaxtlar rəsmi Bakının ATƏT-ə, Minsk Qrupu həmsədrlərinə qarşı kəskinləşən mövqeyi qurum rəhbərliyini “narahat olmağa” sövq edib. Ancaq bu, nəyi dəyişir ki? Beynəlxalq təşkilatlar 20 ildən çoxdur “narahatdır”, ancaq bu narahatlığın fonunda erməni işğalı davam edir, işğalçılar ərazilərimizdə PKKSuriya terrorçularını belə məskunlaşdırmaqda davam edirlər, qarşılığında hansısa sərt addım müşahidə edilmir. 

Bu arada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfər edəcəyi xəbəri yayılıb. Ermənistan XİN başçısı E.Nalbəndyan bu səfərin tezliklə baş tutacağını deyib. Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov isə həmsədrləri qınayan mövqe sərgiləyib. Eyni zamanda Azərbaycan XİN həmsədr ölkələrə AŞ PA-dakı müdaxilələrinə görə etiraz edib. Bundan əvvəl ölkə prezidenti İlham Əliyev diplomatları AŞ PA sessiyasındakı müzakirələrlə bağlı tutduqları ədalətsiz mövqeyə görə sərt tənqid edib. Deməli, onların Bakıda xoş qarşılanmayacağı məlumdur. 



Z.Oruc da hesab edir ki, Avropa Şurasında yaşanan son hadisələr diplomatiya tarixi üçün çox utancverici səhnələr olduğundan ATƏT həmsədrlərinin regiona gözlənilən səfərini böyük xalq etirazları və siyasi boykot qərarı ilə qarşılamaq lazımdır: “Onsuz da gizli dəhlizlərdə cərəyan edən sövdələşmələri və münaqişə vasitəsilə Azərbaycanı idarə etmək siyasətini hər zaman ağır bir şəkildə həyatımızda hiss etmişik. Lakin qoca Avropa demokratiyasına son hayqırı teatr pərdəsinin arxasında dayanan ssenaristləri tamam ifşa etdi və onların keçmişdəki statusla regiona gəlməsini zərbə altında qoydu. Parlament üzvlərinin mənsub olduqları ölkələrin məmurları və ümumiyyətlə hökumətlər tərəfindən belə total basqıya məruz qoyulması, müxtəlif maraq qruplarının millət vəkillərinin azadlığının buxovlanması siyasi mərkəzlərin gücünü deyil, AŞ PA-nın gerçək zəifliyini və əldə alət oldugunu növbəti dəfə təsdiqlədi”. 

Deputat qeyd etdi ki, “Minsk üçlüyü” son hərəkətləri ilə legitimliyini tamam itirdi və Qarabağ münaqişəsinin həlli missiyası ilə yaradılmış bir təşkilatın süqutuna sonuncu fərman oldu: “İndi həmin diplomatlar xeyli deklorativ izahatlarla  Azərbaycana gələrək yenidən xalqdan etimad istəyəcəklər və prezidentlərin görüşünün təşkili adı ilə növbəti dövrün əsarət planlarını icraya yönəltməyə çalışacaqlar. Ona görə də yeni həll planlarından daha çox Minsk Qrupundan xilas olmağın yollarını tapmalıyıq. Hazırda bölgədə yeni siyasi şərait formalaşır. İran aktiv bir şəkildə dünya siyasətinə qayıdır. Əvəzində Türkiyə ətrafında yeni geopolitik güc mərkəzinin qurulması üçün Qərbin Ərdoğanla müxtəlif layihələrinin işə düşdüyünü görə bilərik. Ona görə də Azərbaycanın iqtisadiyyatı yeni relslərə daşındığı kimi, Qarabağ prosesini də alternativ yollarla həllinə çalışmalıyıq. Minsk Qrupu işğalı əldə saxlayaraq varlığını sürdürdükcə, heç bir razılaşmaya gedilməyəcək. Rusiya və Amerika Qarabağ məsələsində razılaşa bilməzlər”.

Xatırladaq ki, E.Məmmədyarov son açıqlamasında “Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Tələb edirik ki, Minsk Qrupu fəaliyyətini bu istiqamətdə qursun. Azərbaycanın torpaqları işğal altındadır. BMT TŞ-nin üç daimi üzvü Minsk Qrupuna rəhbərlik edir, lakin heç bir irəliləyiş olunmayıb. Həmsədrlərin Strasburqa ünvanladığı məktub çox gülüncdür. Mən Rusiya, Fransa və ABŞ xarici işlər nazirlərinə məktub ünvanlamışam və Bakının mövqeyini onların diqqətinə çatdırmışam. Azərbaycanın istənilən məsələni beynəlxalq arenada qaldırmaq kimi suveren hüququ var və heç kimin ölkənin suveren işlərinə qarışmaq haqqı yoxdur. Dağlıq Qarabağla bağlı hansı məsələni qaldırmaq istəyiriksə, bu bizim öz işimizdir. Buna müdaxilə edə bilməzlər. Onlar Avropa deputatlarına təzyiq göstərə bilməzlər. Bu məntiqsizlikdir”, - deyib. Kifayət qədər sərt mövqedir, gözləyək, görək nazirə cavab nə olacaq..? (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar