Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Osmanlı nurçularla əlaqəsindən danışdı


Ceyhun Osmanlı: “Bu gün kimsə o siyahını ortaya qoyacaqsa, mən avtomobilimi ona bağışlamağa hazıram”; “...məni AKP-də çox yaxşı tanıyırlar”


Sabiq deputat, “İrəli” İctimai Birliyinin keçmiş sədri Ceyhun Osmanlı uzun müddətdir ki, ictimai aktiv fəaliyyət göstərmir. 

Amma bu günlərdə, FETÖ-çularla bağlı kampaniya və istintaq başlandığı ərəfədə onun adı tez-tez hallandırılır. Onun haqqında son günlər bizim qəzetdə də ciddi iddia və ittihamlar getdi. Buna görə də C.Osmanlı özünün təşəbbüsü ilə “Yeni Müsavat”a müsahibə vermək istədikdə, biz ona bu cavab haqqını tanıdıq. O, oxumağa başladığınız bu müsahibədə barəsində yayılan xəbərlərə və son günlərin “nurçu ovu”na reaksiya bildirdi. 

- Uzun müddət idi ki, Azərbaycanda yox idiz. Burda olmamanız da sizinlə bağlı yayılan “ölkədən getdi”, “vuruldu”... tipli şayiələrin artmasına səbəb oldu. Ən azı, son parlament seçkilərində də iştirak etməməniz, ictimai-siyasi qeyri-aktivliyiniz və son olaylar buna səbəb oldu. İstərsəz birinci bu məsələyə aydınlıq gətirək.

- Birincisi, “vurulmaq” kimi ara ifadələri qəbul etmirəm. Kimsə seçkidə iştirak edir və seçkidə uduzursa, ondan sonra bunu uğursuzluq kimi qəbul etmək olar. Allaha şükür ki, məndə karyera zəminində uğursuzluq olmayıb. Cəmi bir dəfə Milli Məclisə seçkilərdə iştirak etmişəm. Və orda da seçkinin nəticələri uğurlu olub. Sonradan isə parlament seçkilərində iştirak etməmişəm. Çünki çox sadə səbəbdən. Milli Məclisin deputatı kimi fəaliyyət göstərməyimdənsə daha çox müəyyən iqtisadi layihələrdə iştirak etməyimi üstün bilmişəm. 

Bilirsiniz ki, mənim doktorluq işim iqtisadiyyatla bağlıdır. Ayrı-ayrı vaxtlarda müəyyən layihələrdə, iri miqyaslı iqtisadi layihələrdə konsultant kimi mənə müraciət olunub. Şəxsi işlərlə bağlı olan məsələni mediaya açıqlamağın zərurətini hiss etmirəm. Dövlət, ictimai yönümlü tədbirlər hamı üçündür, ictimai, dövlət vəzifəsi daşıyanda bu barədə medianı məlumatlandırmaq lazımdır. Amma hazırda mən ictimai vəzifə daşımıram. İstədiyim yerə sərbəst səfər edə, istədiyim zaman məzuniyyətə çıxa, ölkə xaricində də istənilən vaxt ola bilərəm. Səfərə gedən hər kəsi, məzuniyyətə çıxan insanları cəmiyyət destruktiv şəkildə müzakirə etməyə başlasa, bu, zərərli tendensiya olar. 

 “Azərbaycandakı türk liseylərinin məzunları Güləni nə görüblər, nə eşidiblər”

- Yay dövründə burda olmadız, səhv etmirəmsə... 

- Bəli, əsasən yayda burda olmadım. Tez-tez ölkə xaricinə səfər edirəm. Yay dönəmi isə havalar baxımdan münbit şərait yaradır ki, istirahət və şəxsi işlərlə məşğul olaq. Təbii ki, mənim hansısa iqtisadi layihədə konsultant kimi çıxış etməyim, hansısa biznesə maraq göstərməyimdə də qəribə bir şey yoxdur. Hamı kimi mənim də ailəm var və ionun da kifayət qədər geniş tərkibi var. Onu saxlamaq üçün bacardığım işlə məşğul oluram. 

- Hazırda əvvəlki kimi cəmiyyətin önündə deyilsiz, aktiv siyasi fəaliyyətlə məşğul deyilsiz. Birdən-birə, qəfil şəkildə öz köşənizə çəkildiz sanki... 

- Azərbaycan cəmiyyətinə təşəkkür edirəm ki, məni hər zaman fəal görmək istəyirlər. Çünki mən 18 yaşımdan etibarən Azərbaycan müasir gənclər siyasətində fəal olmuşam, vəzifələr daşımışam. Mən özüm fəal həyat tərzi keçirirəm. Daha çox şəxsi işlərimlə bağlıdır fəaliyyətim. Amma hər zaman demişəm ki, mən cənab İlham Əliyevin, prezidentimizin əsgəriyəm. Nə vaxt məsləhət biləcəklər, ictimai və siyasi işlərdə iştirakım məqbul bilinəcəksə, hazıram. Mən iqtisadiyyat üzrə fəlsəfə doktoruyam. Bu sahədə biliklərimi bir az da təkmilləşdirirəm. İqtisadiyyatı və biznesi daha dərindən öyrənirəm hazırda. İndi gündəmimdə siyasət yoxdur. 

- Bu qədər fəal ikən siyasətdən niyə uzaqlaşdız? Öncə “İrəli”dən, sonra parlamentdən, ardınca isə ümumən siyasətdən... 

- Mən “İrəli” sədrliyindən uzun illər əvvəl, çox sadə səbəbdən getmişəm. Çünki “İrəli” bir gənclər təşkilatıdır. Ölkədə gənclərlə bağlı yaş limiti bəllidir – 14-29 yaşı. Mən də 29 yaşım olan kimi, könüllü olaraq sədrlikdən getdim. Harada olmağımdan və hansı vəzifədə olmağımdan asılı olmayaraq, Heydər Əliyev kursunu, yolunu, azərbaycançılıq ideyalarını təbliğ edirəm. Avropa Oyunları zamanı Türkiyədə, Avropadakı, MDB-nin aparıcı media orqanlarında bu tədbirin mahiyyəti, təbliğatı ilə bağlı yazılarla çıxış etdim. Sabah da bu kimi layihələr olanda imkanım varsa, əlim çatırsa Azərbaycanın təbliğatı ilə məşğul olacam. Mən Heydər Əliyevçi bir ailədə böyümüşəm, mənimçün prioritet olan məsələlər, prinsiplərin təbliğatında hər zaman aktiv olacam. 

- Son ay yarımda, məlum “darbə” cəhdindən sonra Türkiyədə başlanan Gülən tərəfdarlarının həbsi, cəzalandırılması Azərbaycana da təsirsiz ötüşmədi. Artıq ölkəmizdə də onun tərəfdarları ilə bağlı araşdırmalar gedir, cinayət işi başlanıb, həbs olunan var... Necə qiymətləndirirsiz? 

- Məncə,  Gülən hadisələrini iki ayrı kontekstdə tədqiq etmək lazım idi. Birincisi, Türkiyənin lideri Tayyib bəyin Gülənlə arası dəyənə qədər olan və ondan sonrakı müddət. Həm Gülən, həm də AKP Türkiyə cəmiyyətinin məhsullarıdır. Ona görə də Azərbaycan, eləcə də Banqladeş insanının.... onu dəqiqliklə bilmək öhdəliyi, mənəvi, hüquqi sorumluluğu yoxdur. Biz Azərbaycan vətəndaşıyıq və ölkəmiz adına fərqli prioritetlərimiz var. Türkiyənin dərdi dərdimiz, sevinci sevincimizdir. Ona görə də məsələ yerli mediada yer tutur. Tayyib bəylə Gülən söhbətinin haçalanması 2013-cü ilin 17-21 dekabr hadisələrindən, məlum rüşvət olayları ilə bağlı qəfil həbslərdən sonra oldu... Ona qədər sizinçün də, mənimçün də, dünya üçün də onlar eyni adam idi. Uzun illər bir-birini dəstəkləyiblər. Türkiyə iqtidarının liderlərindən olan Abdulla Gül bütün ölkələrin prezidentlərinə məktub yazırdı ki, Gülən məktəblərini dəstəkləyin. Türkiyənin lideri bütün dünyaya məktub yazdığı ərəfədə hansısa bir dialoq tədbirində kimsə iştirak edibsə, onu necə qınamaq olar? Axı iştirak etməsəydi, onda da “niyə iştirak etməmisiz”, deyə, hədəfə çevriləcəkdi. Mən o tədbirlərin heç birində iştirak etməmişəm. Mənim adımı hallandırırlar. Mən Xocalı faciəsi, Azərbaycan həqiqətlərinin çatdırılması baxımdan Türkiyədəki bəzi media orqanlarında çıxış etmişəm. Amma o orqanlar da birbaşa AK Partinin media orqanları olub. Protokol bilən adamlarıq.  Türkiyəyə gedəndə də birbaşa AKP-ə müraciət etmişik ki, tədbir həyata keçiriləcəksə, harda olması, necə keçirilməsi daha məqbuldur. O baxımdan məni AKP-də çox yaxşı tanıyırlar. 

“Məni Elnur Aslanovla Azərbaycan dövləti tanış edib, mən onunla küçədə tanış olmamışam” 

- Sizi niyə “Gülənçi, nurçu” adlandırırlar? Özünüzün bir versiyanız varmı? 

- Mənim özümə də maraqlıdır. Ayrı-ayrı vaxtlarda hüquq-mühafizə orqanlarına müraciət etmişəm ki, niyə bu günə qədər bu qədər saxta məlumatlar mediada dolaşır? Xahiş etmişəm ki, bu, araşdırılsın. Saxta məktublar havada uçuşurdu. Mən o zaman millət vəkili idim. Azərbaycanın bir millət vəkili ilə bağlı saxta bir sənəd, məktub meydana çıxıbsa, bizim hüquq-mühafizə orqanlarını maraqlandırmalıdır ki, bunu kim, necə hazırlayıb, necə ötürüb. Ən azından sayt bunu yazırsa, onun rəhbərini çağırıb soruşmaq lazımdır ki, bunu niyə və nəyə əsasən yazıb. Yox, əgər, yazan bunu bilmirsə, mənbəyi tapmaq lazımdır. Bu, təkrar hal alırsa, məqsəd var. Mən ehtimal edirəm ki, burda bir neçə məqsəd var. Birincisi, kimlərsə özlərindən hədəf yayındırırlar. Əgər mənə aidiyyatı olmayan bir məsələ davamlı olaraq bir saytda müzakirə olunursa, onun bir gündəmi var. Ya o, həqiqətən də hansısa gülənçini müdafiə edir, bununla da iz azdırır. Hansısa bir radikal təriqəti müdafiə edərək, diqqəti yayındırır. Ya da hansısa qaranlıq dairələrdən pul alıb, Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirir. Bunlardan biri – adını çəkmirəm – Türkiyədən pulunu alır, amma Azərbaycanın icra başçılarını, məmurlarını tənqid edir. İllər boyu bəzi iş adamlarının deyə bilmədikləri vardı. Amma MTN olayları üzə çıxandan sonra nə qədər adamın tapdanmış haqqı üzə çıxdı.  Mən çox ümid edirdim ki, MTN-dəki həbslərdən sonra bizə qarşı daha öncədən aparılan şantajçı məlumatlar da aradan qalxacaq. Bu proseslərin həmin MTN qalmaqalının tərkib hissəsi olacağını da ehtimal edirdim. Arzu edirəm ki, baş prokurorluqda başlanan istintaq çərçivəsində bu yazıları yazan jurnalistlər də dəvət olunsun və öz mənbələrini açıqlasınlar. Sonra da o mənbələri çağırsınlar ki, bu yalan məlumatı hansı məqsədlə, kimin sifarişi ilə mediaya ötürüb. Əgər sayt özünü həm prokurorluğun, həm təhlükəsizlik xidmətinin yerində hiss edib, məlumatlar tirajlayırsa, düşməlidir ki, günün birində bunu ondan soruşa bilərlər. İndi bu saytlar AK Partidən ağıllıdır? Tayib bəy çox açıq fikirli biridir, nədənsə, kimdənsə şübhəsi varsa, bunu deyir. Bizim də AK Parti ilə əlaqələrimiz var. İki il qabaq Azərbaycan mətbuatında bir siyahı dərc olundu. Guya o siyahı Türkiyədən gəlmişdi və Azərbaycanda fəaliyyət göstərən nurçuların adı orda qeyd olunmuşdu. Mən sizə qəti şəkildə bəyan edirəm ki, o siyahı yoxdur. Bunu AK Partidən dəqiqləşdirmişəm. Bu gün kimsə o siyahını ortaya qoyacaqsa, mən avtomobilimi ona bağışlamağa hazıram. Həmin siyahı tamamən saxta, xəyal məhsulu olan bir məsələdir. 

- İstintaqdan danışdıq bayaq. Dəvət olunmusuzmu istintaqa? 

- Yox təbii ki. Allaha şükür, bizim hüquq mühafizə orqanlarının fəaliyyətindən razıyam.  Hazırda dövlət təhlükəsizlik xidmətinə Azərbaycanda şəffaf fəaliyyəti, imici ilə tanınan Mədət Quliyev rəhbərlik edir, Azərbaycanın baş prokuroru Zakir Qaralov   həddən artıq təcrübəli insandır. Sevinirəm ki, bu insanlar başlanmış dezinformasiyalara son qoyacaq. Mənim adımı hallandırmaqlarının bir səbəbi də odur ki, mən türk litseyinin məzunuyam. 

- Bu məzun məsələsindən də danışaq. Ölkədə fəaliyyət göstərən türk liseylərinin bir qisminin “Gülən məktəbləri” olması da bu kampaniyada mühüm arqument kimi diqqət gördü. O liseylərdən məzun olanlar həm də buna görə hədəfə gəldi. 

- Türk liseylərinin 99 faiz məzunu məzun olana qədər xəbəri də olmayıb ki, Fətullah Gülən kimdir.  O məzunlar Güləni nə görüblər, nə eşidiblər. Amma onlar həmin məktəblərdə kimi görüblər? Hər ay ölkənin təhsil naziri, millət vəkilləri, hansısa nazirlər məktəbə gəliblər. Məzuniyyət tədbirlərində ölkə protokolu, xarici ölkə səfirlikləri orda olub. O uşaqların həmin vaxt 11-12 yaşı vardı? 60 yaşında təhsil naziri nəyisə bilmir və şübhələnmirsə, 12 yaşlı uşaq hardan bilsin? Bundan başqa, Azərbaycandakı türk liseyləri Azərbaycan cəmiyyətinin məhsuludur.  Bu məktəblər Azərbaycan dövlətinin xeyir-duası ilə yayılıb. Təhsil Nazirliyinin qayda-qanunu ilə fəaliyyət göstərir. Verdiyi təhsil sayəsində də onun məzunları dünya olimpiadalarına yüksək yer tutublar. İndi isə Azərbaycanda bu liseylərin alternativləri, çoxlu sayda yeni liseylər, təhsil kompleksləri var. Amma zamanında yox idi. Üstəgəl, o uşaqlar həmin məktəblərə göydən düşməyiblər, imtahan veriblər. Mən o məktəbin 99-cu ildə məzunu olmuşam. Az qala 20 ildir ki, mənim bu məktəblə əlaqəm yoxdur. Amma ondan sonra AKP hakimiyyətə gəlib, Gülənə dəstək verib və sair. Çox şeyi heç Tayyib bəyin özü də bilmirdi. Məşhur videonu bilirsiz.  



Hakan Şükürün toyunda nikah şahidi Fətullah Gülən olanda, nikah məmuru Ərdoğan idi. Tayyib bəy də nikahda ona “Hoca əfəndimiz”, deyə müraciət edir. Həmin vaxt  Azərbaycan insanı haradan bilərdi ki, 20 il sonra bunlar dalaşacaq, bir birinə düşmən kəsiləcək? ...Lap tutaq ki, məktəblərdə hansısa müəllim təbliğatla məşğul olub və sair. Amma Allaha şükür ki, bu millətin ağlı var. Əgər orda hər hansı bir təhlükəli təbliğat varsa, o məktəbin valideynləri –hansıların ki, böyük əksəriyyəti hüquq mühafizə orqanlarında çalışırdılar – bundan xəbərdar olardı. Eləcə də o məktəbə gəlib-gedən məmurlar. Mən öz dövlətimə baxaram. Əgər dövlətim hansısa bir qrupu cinayətkar elan edibsə, parlamentin bununla bağlı qərarı varsa, o qrup avtomatik olaraq, həmin andan etibarən hamımız üçün düşməndir. Yoxsa ki, indi Rusiya, Gürcüstanla, İranla da yaxşı münasibətimiz var. İndi bu ölkələrin hər biri hansısa bir qrupu düşmən elan edəcəksə, biz onların ortasında qalmalı deyilik ki? Ərdoğan dünən düşünürdü ki, Rusiya düşməndir. Amma bu gün belə düşünmür. Belə çıxır, Putin Türkiyədə düşmən elan edilən kimi biz əlimizə silah alıb, ona hücum etməliydik? Şəxsən mənim üçün bu məsələdə avtoritet Azərbaycan rəhbərliyinin sözüdür, biz onun əsgərləriyik. 

- İndi isə bununla bağlı cinayət işi başlanıb... 

- Türkiyədən sonra bu işlə bağlı cinayət işi qaldırmış ilk ölkə Azərbaycandır. Demək ki, Azərbaycan bu məsələdə də Türkiyənin yanındadır. Mən bu istintaqı tamamən dəstəkləyirəm. Oğru doğrudan ələnməlidir. Hüquqi qiymət verilməli, ara söhbətlərinə son qoyulmalıdır. Azərbaycanın bütün məsələlərini qoymuşuq bir qırağa, Türkiyənin daxili bir məsələsini gündəmə gətirmişik, bir çox hallarda isə ara söhbətləri müzakirə edib. Bunun üçün dövlət, dövlətçilik var, öz hüquqi qiymətini verəcək. Bizim dövlətçilik stajımız yetəri qədərdir. Sanki mətbuatda bir qrup var, bu dövlətlə məzunlar arasında sədd çəkmək istəyir.  

- Arqument olaraq göstərirlər ki, o məzunların beyni zamanında “yuyulub”, yanlış ideologiya ilə yükləniblər.

- Deyilən kimi, beyinləri “yuyulmuşdusa”, bunu o uşaqların valideynləri bilməli və bu barədə hüquq mühafizə orqanlarına müraciət etməli idi. Bu məktəbin məzunları arasında Suriyaya gedən, kamikadzelik edən, vəhhabi cərəyanına qoşulub, özünü partladan, Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyət göstərən olub? Xeyr... 

- Bu arada “İrəli”nin yaranması, onun təyinatı barədə də müəyyən versiyalar səslənib bu müddətdə... 

- “İrəli” Azərbaycan hakimiyyətinin layihəsi və ideyasıdır. 2005-ci ildə bu təşəbbüs bir qrup fəal gənclə Əbülfəs Qarayevlə görüş əsasında dilə gətirilib, sonra isə “İlhamla irəli” adı ilə hərəkat fəaliyyətə başlayıb. Bu hərəkata xidmət edən minlərlə gəncdən biri də mən olmuşam. Kim bunun əksini deyirsə, dövlətçilik siyasətinə xəyanət edir. “İrəli”nin bütün addımları dövlətin bütün instansiyaları ilə razılaşdırılıb. Günün birində isə bu gənclərə şər atılırsa, onların dövlətə və dövlətçiliyə sadiq fəaliyyəti qərəzli qüvvələr tərəfindən  şübhə altına alınırsa, bu, təbii ki, başqalarının da gözünü qorxudur. 

- Sizə yaxınlığı ilə bilinən Elnur Aslanovun da nurçuluqda ittiham olunması, öz vəzifəsindən uzaqlaşdırılması bilinən faktdır. Ondan sonra sizin də bu cür hədəfə çıxarılmanız təsadüfdürmü sizcə? 

- Məni Elnur Aslanovla Azərbaycan dövləti tanış edib, mən onunla küçədə tanış olmamışam. Əbülfəs müəllimin təşəbbüsü ilə “İrəli” Hərəkatı ilə bağlı strategiya qurulanda bizə deyildi ki, “Prezident Aparatından cavan bir oğlan” bütün məsələlərdə sizə dəstək olacaq. Sonradan bildik ki,  bu, Elnur Aslanovdur. “İrəli” bütün nazirliklər, dövlət qurumları, administrasiyanın ayrı-ayrı şöbələri ilə əlaqədə olub. Bu təşkilatı Elnur Aslanovla bağlamaq da doğru deyil. Çünki bu, Azərbaycan dövlətinin ideyasıdır. Elnur Aslanovun bu təşkilatı kurasiyası ümumi fəaliyyətin 20 faizini də təşkil etməyib. Necə oldu ki, uzun illər hər kəs bu təşkilatdan razı oldu, onu təqdir etdi, birdən-birə üç-beş həddini bilməz adam nəsə yazdı deyə ona şər atmaq olar? Allaha şükür, nurçularla bağlı heç bir platformanın yaradıcısı deyiləm, təsisçisi deyiləm, çıxış etməmişəm, təbrik məktubu oxumamışam. Bəhs olunan hərəkatı tanıyan, onlarla görüşdüyünü deyən adamlarla məsələləri qurtarsınlar, ondan sonra aidiyyatı olmayanlara gəlib çıxarlar. Elnur Aslanovun işdən uzaqlaşması səbəbinə gəlincə, bu barədə Elnur Aslanovun Siyasi Şurasının üzvü olduğu hakim Yeni Azərbaycan Partiyasının parlament fraksiyasının rəhbəri Cənab Siyavuş Novruzov rəsmi olaraq cavab verib ki, onun işdən uzaqlaşdırılması haqqında bəhs olunan məsələ ilə bağlı deyil. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar