Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çevik addımlı, dəyişkən mövqeli, hazırcavab dahi – Uinston Çörçill


Qərb dövlətlərində, xüsusən İngiltərədə onu Avropanın ən güclü siyasətçilərindən biri, xarizmatik lider hesab edirlər


Siyasətdəki bütün fəndlərə mahir şəkildə yiyələnmiş, bir sıra tarixi qərarlara imza atmış, gələcəklə bağlı proqnozları özünü doğrultmuş Uinston Çörçill, doğrudan da, dövrünün tanınmış siyasi xadimi, parlaq zəkası ilə seçilən dövlət rəhbəri idi.
 
PİA.AZ bildirir ki, publika.az yeni “Portret” rubrikası çərçivəsində hərbçi, jurnalist, yazıçı, siyasətçi, Böyük Britaniyanın keçmiş baş nazirinin həyatı ilə bağlı maraqlı məqamları, faktları sizə təqdim edir.
 
Saray, qadın tualeti, yoxsa soyunma otağı?
 
1874-cü ildə dünyaya gələn Çörçillin həyatının ayrı-ayrı vaxtları ilə bağlı müxtəlif söz-söhbətlər, şayiələr, həqiqətə bənzəyən və bənzəməyən versiyalar hələ də dolaşmaqdadır. Hətta bəziləri onun Blenheym sarayında, bəziləri qadınların soyunma otağında dünyaya göz açdığını yazır. Çörçillin guya qadın ayaqyolunda doğulması da son vaxtlar sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Bütün bunlar dahi ingilisin həyatının hələ də maraq dairəsində olduğunu göstərir. Malboro hersoqunun nəslindən olan gələcəyin dahi siyasətçisi uşaqlıqda hərbçi olmaq arzusunda idi. Yeniyetmə yaşlarında ordu sıralarında xidmətə başlayan Çörçill bir sıra hərbi əməliyyatlarda iştirak etdi. O, hərbi jurnalist kimi maraqlı məqalələr hazırlayır, jurnalist fəaliyyətini davam etdirirdi. Lakin ciddi intizamın hökm sürdüyü yeknəsəq ordu həyatı, habelə ardıcıl hərbi ekspedisiyalar Çörçillin bu sahəyə olan marağının azalmasına, onun siyasətə baş vurmasına səbəb oldu. Bunun başqa səbəbləri də vardı – Çörçill daim öndə olmağa can atır, çalışdığı sahədə karyera qurmağa səy göstərirdi. Bütün bunlar bir yana, XIX əsrin sonu – XX əsrin əvvəllərində Avropanın bir sıra ölkələrində, o cümlədən İngiltərədə siyasi cərəyanlara maraq artmaqdaydı. Bu isə mütaliəni sevən və nitqlərini, çıxışlarını daim təkmilləşdirən Çörçill üçün parlaq gələcək vəd edirdi.    
 
İki partiya dəyişən siyasətçi: o olmasın, bu olsun
 
Erkən siyasi fəaliyyətdə Çörçill üçün əsas hədəf heç də ideyalar yox, hakimiyyətə aparan ən qısa yolun haradan keçdiyini müəyyənləşdirmək idi. Ona görə də bir-birinə kəskin rəqib olan, siyasi kursları təzad təşkil edən Mühafizəkarlar və Liberallar partiyaları arasında manevr etdi. Beləcə o, siyasi mənsubiyyətini bir neçə dəfə dəyişdi. Əvvəlcə Mühafizəkarlar partiyasına üzv olan Çörçill bu siyasi təşkilatdan parlamentə seçildi. Daha sonra Liberallar Partiyasına üzv oldu, İngiltərədə “yumşaq” siyasi xəttin tərəfdarlarının cəbhəsinə keçdi. Lakin bir qədər sonra yenidən mühafizəkarların yanında yer aldı.  
 
Çörçillin siyasi səhnədə yüksəlməsi əsasən Mühafizəkarlar Partiyası ilə bağlı idi. Partiyaya üzv olduqdan cəmi bir neçə il sonra hökumətin tərkibindəki pillələrlə uğurla qalxan Çörçill əvvəlcə Britaniyanın öz ərazisindən 107 dəfə böyük olan müstəmləkələrə nəzarəti əlinə aldı. Daha sonra ticarət naziri vəzifəsinə təyin olundu. Çox keçmədən Çörçill ölkənin iqtisadi sahədəki bəzi problemlərini həll edə bildi. Bundan sonra isə daxili işlər naziri vəzifəsinin səlahiyyətlərinin icrasına başladı. Nə qədər qəribə də olsa, o, çalışdığı ayrı-ayrı sahələrdə tabeliyindəki şəxslərlə dil tapa bilirdi. Onun karyera zirvəsinə ucalması prosesini ləngidən əsas qara xətt Birinci Dünya Müharibəsinin gedişində müəllifi olduğu bir neçə əməliyyatın uğursuzluğa düçar olması ilə bağlıdır. Bu məğlubiyyətlər Britaniyaya maddi və insan itkiləri baxımından olduqca baha başa gəldi və Çörçill nüfuzdan düşdü.
 
Lakin cəza müddəti iki ildən bir qədər artıq çəkdi. Liberallar Partiyasının rəhbəri Lloyd Corc 1916-cı ildə Britaniyanın baş naziri vəzifəsinin səlahiyyətlərinin icrasına başladıqdan cəmi 1 il sonra Çörçillin kadr potensialından istifadə etməyi qərara aldı. Bu dəfə keçmiş hərbçiyə nazir vəzifəsi təklif edildi və Çörçiıl ona göstərilmiş etimadı bir neçə ay ərzində doğrultdu, Britaniya hərbi sənaye sahəsində bəzi uğurlara imza atdı. O cümlədən, yeni tankların istehsalı artdı. Bütün bunlar Lloyd Corcun kadr seçiminin doğru olduğunu göstərirdi.     
 
Sovet Rusiyasının ən böyük qənimi
 
Çörçill nazir olduğu müddətdə belə, uzaq məsafəli çıxışlar etməyi sevən, ayaqlarını yorğanından kənara uzadan siyasətçilərdən biri idi. Kapitalizm, xüsusən İngiltərənin sahibkarları ilə eyni mövqedən çıxış edən, iri biznesmenləri müdafiə edən Çörçill 1917-ci ildə Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi xəbərini özünəməxsus nifrətlə qarşıladı. O, həmin illərdə də, habelə İkinci Dünya Müharibəsindən sonra da Rusiyanın qərb sərhədlərinin genişlənəcəyindən, başqa sözlə desək, bolşeviklərin Avropada özlərindən asılı dövlətlər formalaşdıracağından ehtiyat edirdi. Hadisələrin sonrakı gedişi göstərdi ki, Çörçill haqlı imiş. Bu barədə bir qədər sonra…
 
Petroqradda və digər şəhərlərdə bolşeviklərin hakimiyyətə gəlməsi xəbərindən qəzəblənən  Çörçillin dilindən bu sözlər qopdu: “Hə, onlar dərhal xüsusi “islahatlar”a başlayacaqlar”. Bolşeviklərin Rusiyada genişmiqyaslı edam aktlarını həyata keçirməsi haqda xəbərləri soyuqqanlılıqla qarşılayan Çörçill “Onlardan başqa heç nə gözləmək olmazdı” deyib, qırmızılarla bağlı proqnozlarının doğru çıxdığını bir daha sübut etdi. O, qırmızılara qarşı xüsusi plan hazırlamağa başladı. Hətta onun həyata keçirilməsi yollarını da göstərdi. Gələcəyin baş naziri öz ölkəsində də ingilis oliqarxıyasının mövqelərinin daimi mühafizəçisi kimi çıxış edən mühafizəkar siyasət yürüdürdü. Şübhəsiz ki, Çörçillin sovetlərə qarşı bu nifrətindən Moskvada da xəbərdar idilər. Bolşeviklərin lideri və gənc hökumətin ilk rəhbəri Lenin onu “Sovet Rusiyasının ən böyük qənimi” adlandırırdı. Rusiyada vətəndaş müharibəsinin hələ davam etdiyi belə bir həssas dönəmdə bolşeviklərə Çörçill kimi güclü əlavə düşmən qazanmaq lazım deyildi.   
 
Ağır sınaqlar: xalqa heç bir vəd verməyən yeni baş nazir
 
Çörçillin hərbi dəniz naziri vəzifəsinin səlahiyyətlərinin icrasına başlaması həm Böyük Britaniya, həm də Avropa  üçün ən gərgin vaxtlara təsadüf etdi. Hitler Qdansk mübahisəsini və Polşa ilə böhranı bəhanə gətirərək, Varşavaya qarşı hərbi əməliyyatlara başladı. Polyaklara yardım boyun olmuş Fransa və Britaniya hökumətləri Almaniyaya könülsüz müharibə elan etdilər. Halbuki buna maraqları o qədər də güclü deyildi. Polşanın diz çökdürülməsi üçün Hitlerə cəmi 4 həftə vaxt itirmək lazım gəldi. İngilislərin və fransızların 7 ay cəbhədə heç bir əməliyyat aparmadıqlarını görən alman füreri hərbi qüvvələrini Fransaya yönəltdi. Mayın 10-da başlayan hərbi əməliyyatlar Parisin faşistlər qarşısında diz çökdürülməsinə hesablanmışdı. Elə həmin vaxtlarda müdafiə naziri vəzifəsinə təyinat alan Çörçill 6 ay sonra Britaniya hakimiyyətinin əsas sükanını ələ keçirdi. Bu, ingilislər üçün ən ağır sınaq anları idi. SSRİ-yə qarşı hücumla bağlı məxfi plan hazırlayan Hitler Britaniyaya dənizlərdə, okeanda meydan oxuya bilmədiyini görüb, ingilis şəhərlərinin bombardman edilməsi əmrini verdi. Nəticədə, on minlərlə dinc insan faşist  təyyarələrinin atdığı bombaların qurbanına çevrildi. Baş nazir postuna  yiyələnmiş Çörçill çıxışlarında bildirdi ki, o, hələlik ingilis xalqına axıdılan qanlar, ağır zəhmət və göz yaşlarından başqa heç nə vəd verə bilməyəcək. Doğrudan da, belə idi, Çörçill haqlıydı. Alman təyyarələrinin gecə bombardmanından sonra səhərlər xalq qarşısına çıxan baş nazir küçədə insanlarla görüşür, onlarla mehriban və səmimi söhbət edirdi. Çörçilli ingilis xalqına sevdirən əsas cəhətlərdən biri də Britaniyanın belə ağır -  Almaniya və İtaliya kimi güclü, təhlükəli düşmənlərlə meydanda tək qaldığı vaxtlarda təbəssümünü itirməməsi, hər kəsin üzünə gülümsəməsi idi. O, dağıntılar arasından çıxan insanlarla zarafatlaşır, onlara ümid verirdi. Lakin sadə insanlarla söhbətlərdə baş naziri sancanlar da az deyildi. Bir dəfə Çörçillin “biz düşmənlərimizi məğlub edəcəyik” kimi ümidverici vədlərinin cavabında Londonun qadın sakinlərindən biri “Siz çəkilin kənara, meydanı bizə verin, özümüz də qalib gəlməyi bacarırıq” demişdi. Pərt olan Çörçill dərhal söhbətin məcrasını dəyişmişdi.       
 
SSRİ-ni haqlamış bəla bizim bəlamızdır”: səhrada qələbə axtaran ağır xəstə
 
SSRİ rəhbəri Stalin ingilis rəsmilərinin və Çörçillin kəşfiyyatçı əlaltılarının dəfələrlə etdikləri xəbərdarlıqlara məhəl qoymadı. Elə bu səbəbdən, milyonlarla hitlerçi 1941-ci il iyunun 21-dən 22-ə keçən gecə səhər saat 03:45 radələrində dünyanın ən böyük imperiyasının torpaqlarını ayaqladılar. Bu, Çörçillin həyatının ən sevincli anlarından biri idi – indi Britaniya meydanda tək deyildi. Üstəlik, Hitler öz qoşunlarını iki cəbhəyə ayırdığından, onun Londona hücumları da səngiyəcəkdi. Elə həmin gün radiodakı çıxışında Çörçill “SSRİ-ni haqlamış bəla bizim bəlamızdır” deyə vaxtilə “bələkdə boğmaq istədiyi bu məşum bolşeviklər dövlətinə” dəstəyini ifadə etdi. Özünün də dediyi kimi, “Hitlerə qalib gəlmək üçün şeytanın özüylə də ittifaqa girməyə hazır olan” Çörçil Almaniyanı diz çökdürmək üçün bütün vasitələrdən istifadə edirdi. İkinci Dünya Müharibəsi onun üçün həm sınaq, həm də yüksəliş dövrü idi. Ona görə ki, əhali arasında Britaniyanın baş nazirinin tərəfdarlarının sayı artmışdı. Lakin Çörçillin iş rejimi də kəskin dəyişmişdi: o, gecə-gündüz işləyir, çox az dincəlirdi. Küçəyə çıxdıqda, əhali ilə görüşlər keçirdikdə yüzlərlə insan Britaniyanın xilaskarı kimi qarşıladıqları bu qocanı böyük hərarətlə salamlayırdılar. Çörçill əlilliyi olan Ruzveltdən və kabinetindən günlərlə kənara çıxmayan Stalindən fərqli olaraq heç nədən ərinmir, ordu hissələrinə, hətta gərgin döyüşlərin getdiyi ərazilərə baş çəkirdi. 1942-1943-cü illərdə ingilislərin ən çox qorxduqları və çəkindikləri alman zabiti “Səhra tülküsü” ləqəbli faşist marşalı Ervin Rommel idi. Hitlerin bu təcrübəli zabiti Şimali Afrikada bir sıra uğursuzluqlarla üzləşmiş italyanların köməyinə yetişərək, ingilisləri geri oturtdu. Məğlubiyyətlər Çörçill əsgərlərinin mənəvi-psixoloji vəziyyətinə, döyüş hazırlığına olduqca pis təsir göstərdi. Əsgərlərin ruh yüksəkliyi aşağı düşdü. İnfarktdan yenicə ayılmış baş nazir ağır xəstə olmasına baxmayaraq, Afrika səhralarına üz tutdu, isti küləyin gətirdiyi qumların gözlərinə dolmasına əhəmiyyət vermədən, hərbçilərlə görüşdü. Həkimlərin məsləhətlərinə baxmayaraq, dalbadal siqar yandıran baş nazir daim gülümsünür, general Montqomeriyə bir sıra məsləhətlər verirdi. Ordunun şəxsi heyətinin ruh yüksəkliyi üçün bu, çox böyük addım idi.
 
XƏİ, Qeydrixin qətli, sındırılmış “Eniqma”  
 
Bəlkə də, çoxları  bilmir, Hitlerin generallarının aradan götürülməsində, Almaniyanın işğalı altında olan ərazilərdə həyata keçirilən gizli əməliyyatlarda, xüsusi aktlarda, partlayışlarda, sabotajlarda iştirak edən iştirak edən xüsusi hərbi birləşmələri məhz Çörçill yaratmışdı. Keçmiş hərbçi Xüsusi Əməliyyatlar İdarəsi (XƏİ) adlı hərbiləşmiş kəşfiyyat qrupu yaratdı. XƏİ-yə xüsusi hərbi hazırlıq görmüş, fiziki cəhətdən güclü olan 19-23 yaşlı şəxslər cəlb olunurdu. Çörçillin özü hər gün fiziki hazırlıq keçən və xüsusi əməliyyatlara hazırlaşdırılan döyüşçülərin məşqlərində iştirak edirdi. Hitlerin Çexoslovakiyanı idarə edən qəddar generalı Reynhard Qeydrixin aradan götürən çex əməliyyatçılarını məhz Çörçillin idarəsi hazırlamışdı. Bütün bunlar bir yana, Çörçillin daim əlaqə saxladığı ingilis kəşfiyyatı faşistlərin “Eniqma” kəşfiyyat sisteminin məxfi şriftlərini və kodlarını böyük peşəkarlıqla açmışdı. Məhz buna görə idi ki, Britaniyanın baş naziri “Abver”in ona qarşı sui-qəsd əməliyyatları barədə dəfələrlə əvvəlcədən xəbərdar edilmişdi. Almanlar isə bundan 1974-cü ildə xəbər tuta bildilər.         
 
Soyuq müharibə, ağır xəstəlik və tənha siyasətçi
 
SSRİ ilə kapitalizm dünyası arasında onilliklər ərzində mövcud olmuş “soyuq” müharibəyə start məhz Çörçillin kapitalist dövlətlərinə kommunistlərə qarşı çağırışıyla başlamışdı. Çörçillin bundan əvvəl də SSRİ-yə qarşı nifrəti göz önündə idi. Britaniyanın uzaqgörən diplomatı hələ İkinci Dünya Müharibəsinin gedişindəcə ABŞ-Britaniya birləşmiş ordusunun SSRİ hərbi birləşmələrini mümkün qədər Avropanın şərqində qarşılamasına tərəfdar idi. Çörçill bilirdi ki, Almaniyanı təslim etmək üçün qərbə yol açan Stalin bu regionda özündən asılı sosialist dövlətləri formalaşdıracaq. Belə də oldu. Avropanın şərqində və mərkəzində Moskvadan asılı vəziyyətdə formalaşdırılmış rejimlər Çörçillin haqlı olduğunu göstərdi. Uinstonun ABŞ-a qarşı olduqca həlim münasibəti isə İngiltərəni uzun illər AİB-dən, indiki Avropa İttifaqından kənarda qoydu. Belə ki, Çörçillin, habelə onun xələflərinin ABŞ-a qarşı sevgisini əsas gətirən Fransa prezidenti Şarl de Qoll Britaniyanın o zamankı Avropa İqtisadi Birliyinə qoşulmaq xahişinə veto qoydu. Məhz buna görə də ingilislər onilliklər boyu “müştərək bazar”dan kənarda qaldılar.  
 
İkinci Dünya Müharibəsinin son aylarında vəzifəsindən kənarlaşdırılan Çörçill bir müddət siyasi səhnədə görünmədi. O, bu müddət ərzində yenə mütaliə edir, habelə ədəbi məqalələr hazırlayırdı. Təxminən 10 il sonra yenidən baş nazir vəzifəsinə yiyələnən Çörçill mühafizəkarların tərəfdar olduqları siyasi xətti uğurla icra etdi. Lakin səhhətində yaranmış problemlər ikinci vəzifə səlahiyyətlərindən imtina etməsi ilə nəticələndi. Beyninə qan sızan baş nazir gərgin fəaliyyətdən uzaqlaşdı. Ömrünün sonuncu onilliklərini səbrini itirən, psixi gərginliyi keçirən Çörçill nəinki bir vaxtlar yaxın münasibətlərdə olduğu doslarından, müttəfiqlərindən, hətta bəzi doğmalarından da kənar gəzir, vaxtının çox hissəsini təkliyə qapanırdı. 1965-ci ilin soyuq yanvar günlərində dünyasını dəyişmiş Çörçili ingilislər indi də barmaqlarını cütləşdirib “V” (ingilis dilində “qələbə” sözünün baş hərfi) işarəsi verməklə, siqarları, hazırcavablığı, habelə sadə təbəssümü və gözlənilməz replikaları ilə yad edirlər.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar