Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dayanacaqlardan əldə olunan gəlirlər kimin cibinə gedirdi?


Yeni sərəncam yeraltı dayanacaqların “bazar”ını genişləndirdi


Bakıda qanunsuz parklanma yerləri ləğv olundu. Bakı şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbovun imzaladığı sərəncam prezidentin son müşavirəsində səsləndirdiyi iradların aradan qaldırılmasına hesablanıb.

Küçələrdəki parklanmanın ləğv olunması isə onu göstərir ki, yeraltı dayanacaqların “bazar”ı genişlənəcək. Eyni zamanda qiymətlərə də təsirsiz ötüşməyəcək.

Ümumiyyətlə, yeni tikilmiş yeraltı dayanacaqlar bütün standartlara cavab verdiyi halda niyə insanlar maşınlarını qanunzsuz parklarda saxlamağa üstünlük verirlər? Yeraltı dayanacaqlarda gələn gəlirlər hara gedir? Bu dayanacaqlar kimlər tərəfindən idarə olunur? 

“Qiymətlər bahadır”

“Şəhərdə insanların ən çox getdiyi yerlər “28 Mall”, “Park Bulvar”, “Metro Park” ticarət və əyləncə mərkəzləridir. Həmin mərkəzlərin altındakı dayanacaqlardan istifadə edirik. İlk 15 dəqiqə pulsuzdur. Amma heç kim ora 15 dəqiqəyə girib-çıxa bilmir”. 

Bunu Bakı şəhər sakini Bəxtiyar Qasımov deyir. Onun özlərinə görə, dayanacaqların baha olması sərfəli deyil: “Bütün dayanacaqlarda 1 saat 1 manat edir. Bir saatdan 1 dəqiqə keçdisə, 3 manat ödəməlisən. Bir dəfə kinoya getdik, sonra çay içdik. 4-5 saat “28 Mall”da vaxt keçirdik, çıxanda 7 manat ödədik. Bu məbləğ bir adamın gündəlik qazancıdır. Bu qədər pulu maşın üçün vermək olmur”. 

Digər şəhər sakini İlhamə Məmmədovanın da maşını var. O da dayanacaqardakı bahalıqdan narazıdır: “Mənim iş yerim “Qış bulvarı”nın yaxınlığında yerləşir. İşə maşınla gələndə dayanacaqda saxlayıram. Bu da gün ərzində 7-8 manat deməkdir. Günlük qazancım 10 manatı keçmirsə, necə onun 8 manatını dayanacağa verim? Əgər qiymətlər ucuz olsa, heç kim maşınını bayırda saxlamaz. Bəzən girib görürsən o boyda dayanacağın yarısı boşdu. Bunun bir səbəbi var - bahalıq”.

Hər iki sürücü cərimələrin də çoxluğundan gileylidir. 

“Kartın itməsi üçün də fantastik cərimə edirlər - 40 manat. Halbuki bu kart adi kağızdandı, plastik kart olsaydı yenə demək olardı ki, müəyyən xərc tələb edir. Üstəlik cəriməni ödəyincəyə qədər maşını çıxara bilmirsən. Bəzən üstündə o qədər pul olmur. Pulu tapıb gəlincəyə qədər də xeyli vaxt gedir. Məcbur olursan həmin müddətin yerhaqqını da ödəyəsən”  deyir Bəxtiyar Qasımov. 

“Yayda hamı gedir bulvara. Bir vaxtlar maşını Hökumət Evinin yanında saxlayıb, gedirdik. 20-30 qəpik xərcimiz çıxırdı. İndi maşınla şəhərə çıxmaq əlavə xərcdi. Saathesabına sayılsa, bəlkə də sərf edər. 1 saatdan 1 dəqiqə keçən kimi 3 manat ödəmək adama təsir edir. Adam doyunca istirahət edə də bilmir. Fikrin qalır saatda ki, çox vaxt getsə, çox pul ödəyəcəksən. Maşın elə bir şey deyil axı cibinə qoyub gedəsən”.  Bunu da Bəxtiyar Qasımov deyir. 

Qiymətlər necə tənzimlənir?

“Qış bulvarı”nın altında tikilən 3 mərtəbəli 4500 tutumlu avtomobil dayanacağının hər mərtəbəsində 1500 avtomobil saxlamaq mümkündür. Avtomobillər üçün əsas giriş  Füzuli küçəsindəndir.
Parkın adını açqlamaqdan çəkinən nəzarətçisi deyir ki, əgər avtomobilini 1 saata qədər burada saxlamaq istəyirsənsə, onda 50 qəpik ödəməlisən. 4 saata qədər saxlayırsansa, o zaman hər saatı 50 qəpikdən hesablanır. Lakin 4 saatdan 8 saata qədər müddətə 3 manat ödənilir.

8-12 saat aralığında 4 manat, 12-16 saat aralığında 5 manat, 16-24 saat aralığında isə ödəniş 6 manatdır.

Nəzarətçi deyir ki, maşını hər gün dayanacaqda saxlayan adam üçün aylıq kart almaq daha sərfəlidir. Aylıq kartın qiyməti isə 100 manatdır. Kart sahibləri gündə bir neçə dəfə dayanacaqdan istifadə edə, hətta 30 gün maşınını burada saxlaya bilər.

Azadlıq meydanının altındakı dayanacaqda da qiymətlər 1 manatdan başlayır: 0-2 saat - 1 manat, 2-5 saat - 2 manat, 5-12 saat - 3 manat, 12-24 saat - 6 manat. Bu dayanacaq 24 saatlıq istifadə üçün ən ucuz qiymətə xidmət göstərən dayanacaqdır. Lakin bu dayanacaqda da itirilmiş çekə görə cərimə yüksəkdir – 30 manat. Dayanacaqda güzəştlər yalnız məmurlara edilir.

"MBA LTD" Qiymətləndirmə və Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimov Mövqe.az-a bildirib ki, dayancaqların qiyməti investorların istəyindən asılıdır: "İstəyirlər ki, qısa müddətdə qoyduqları investisiyanı çıxarsınlar. Amma qiyməti bazar tənzimləyir. Bazarda tələb varsa, qiymət artır. Amma ümumən orta qiymət avtomobil sahiblərinin ödəmə qabiliyyətinə nisbətən yüksəkdir. Avtomobil dayancaqlarının sayı artdıqca, burada qiymətlər də düşəcək. Bu gün həmin dayanacaqlar hər avtomobilə düşən kvadratmetrə görə azlıq təşkil edir. Dayanacaq sahibləri də bundan yararlanmaq istəyirlər”.

Ekspert dayanacaqların qiymətinin əslində necə olmasını da proqnozlaşdırıb: “Hazırda iş günü ərzində 9:00-19:00 arasında avtoparkın qiymətləri 1 manat təşkil etməlidir. Amma gecə tarifi dəyişə bilər. Yaşayış massivlərində də qiymətlər yarım gün üçün 1 manat olmalıdır. Əgər ticarət mərkəzinin, gəzinti yerlərinin yaxınlığındadırsa, ilkin saatları pulsuz, həmin vaxtdan sonra isə aşağı qiymətə saat hesabı olmalıdır”.

Nəqliyyat Nazirliyindən bildirilir ki, dayanacaqlar icarəyə götürüldüyündən qiymətləri də sakibkarlar müəyyənləşdirir. Buna görə də nazirlik özəl şirkətə təsir edə bilməz.

Dayanacaqları kim idarə edir?

Dayanacaqların dövlət büdcəsi hesabına tikildiyi məlum olsa da, onların hansı şirkət tərəfində işlədildiyi və dövlət büdcəsinə nə qədər vəsaitin ödənildiyi açıqlanmır. 

Mətbuatda gedən məlumatlara görə, Azadlıq meydanındakı dayanacaq Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbova, “Qış bulvarı”ndakı dayanacaq isə merin qardaşına məxsus şirkətlər tərəfindən idarə olunur. Ancaq şirkətlərin adı bəlli deyil. 

Lakin H.Abutalıbov deyilənləri inkar edir. O, mətbuatda dərc olunanları yalan, böhtan hesab edir.

Qanunvericiliyə görə, bu cür müəssisələrin icarəsi tender vasitəsilə şirkətlərə verilir. Ancaq bu tenderin necə keçirilməsi ilə bağlı da heç bir məlumat yoxdur. Elə iqtisadçı ekspert  Məhəmməd Talıblı da “Azadlıq”a verdiyi açıqlamasında ölkədə keçirilən tenderlərin formal xarakter daşıdığını deyib: “Bəzi qüvvələr üçün maraqlı olan şirkətlər tenderdə qalib gəlir. Bu şirkətlər ölkədə bir çox iqtisadi resursları nəzarətə götürə bilirlər. Bu şirkətlər ƏDV-dən, idxal rüsumundan azad olurlar, nəticədə  az müddətdə böyük holdinqlərə çevrilirlər. Bütün bu neqativ halların həlli Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmasından keçir. Əks halda büdcə vəsaitlərinin mənimsənilməsi, tenderlərin qeyri-şəffaf keçirilməsi, büdcə daxilolmalarında  qeyri- neft sektorunun payının az olması, məmurların bu formada bizneslə məşğul olması davam edəcək”

Ekspertin sözlərinə görə, yeraltı dayanacaqları icarəyə götürən şirkətlərin xidmət qiymətləri, ödədikləri vergiyə uyğun olmalıdır: “ Bununla bağlı monitorinq aparılmalıdır və həmin şirkətin dövlətlə hansı qiymətə müqavilə bağladığı araşdırılmalıdır.  İqtisadi İnkişaf Nazirliyinin tənzimləmə müxanizmi güclü olmalıdır ki, istehlakçılar bu xidmətdən faydalansın. Vergilər Nazirliyi həmin dayanacaqlarda sayğaclar quraşdırmalıdır. Hesab edirəm ki, Nəqliyyat Nazirliyinin də bu sahibkarlıq subyektlərinə ciddi təsiri var”.

Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan sorğuya isə cavab olaraq bildirildi ki, dövlətin vəsaiti hesabına tikilən dayanacaqlar Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansındadır və həmin struktur tərəfindən idarə edilir. Yığılan vəsaitlər isə bank vasitəsilə dövlətin hesabına köçürülür. Ancaq büdcəyə köçürülən məbləğ açıqlanmadı.

Ekspertlərə görə isə dayanacaqların dövlət qurumu tərəfindən deyil, tender vasitəsilə qazanmış şirkətlər tərəfindən idarə olunması rəqabətliliyi artırar və bu da qiymətlərin enməsinə səbəb olar. 

Hər bir halda bu gün dayanacaqlardan milyonlarla vəsait əldə olunur və bunun statistikası cəmiyyətə açıqlanmır. Ümid etmək olar ki, indiyədək araşdırma aparmayan yerli QHT və iqtisadçıların diqqətini  bu məsələ çəkəcək... (qafqazinfo)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar