Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dələduz bələdiyyə sədrinə həbs tələb olundu


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Sevil Massivi” MTK-nın vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam edəcək


Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən ötən prosesdə məhkəmə baxışının başlaması barədə qərar qəbul edilib, dövlət ittihamçısı ittiham aktını elan edib.

İş üzrə zərərçəkən Aybəniz Abbasovanın nümayəndəsi Abdulla Əfəndizadə deyir ki, məhkəmədə Hökməli bələdiyyəsinin sədri Mirnemət Mirəziz oğlu Miradıyev barəsindəki qətimkan tədbirinin başqa növü ilə əvəzlənməsi və digər şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün vəsatətlə çıxış edib. 

Nümayəndə hesab edir ki, Hökməli bələdiyyəsinin sədri barəsində seçilmiş heç yerə getməmək haqda qətimkan tədbiri həbs qətimkan tədbirş ilə əvəz olunmalıdır:

“Məlum olduğu kimi, 2014-cü ilin avqust ayında ”Sevil Massivi" MMC-nin təsisçisi və rəhbərliyi dələduzluq və vergidən yayınma halları ilə əlaqədar barələrində cinayət işi başlanıb və onlar həbs edilib. Çox təəssüflər olsun ki, ibtidai istintaq sona çatarkən zərərçəkən tərəfə iş materialları ilə tanış olmağa, vəsatətlər təqdim etməyə imkan yaradılmadı. Belə ki, zərərçəkən kimi tanınmamız barədə məktub bizə gec çatdı. Prokurorluğa iş materialları ilə tanış olmaq üçün getdikdə müstəntiq yerində olmadı. 

Ən qəribəsi odur ki, iş materiallarının xeyli müddətdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmasına baxmayaraq, zərərçəkən tərəfə heç bir rəsmi məlumat verilməyib. Bu isə tərəflərin çəkişmə prinsipinə məhkəmə tərəfindən də əməl edilməməsidir. Mətbuatdan xəbər tutdum ki, demə, 7 iyul 2015-ci il tarixdə məhkəmənin hazırlıq iclası keçirilib. Sonradan məhkəməyə zəng vurduqda məhkəmə iclasının 16 iyul 2015-ci il tarixə salındığı bildirildi. İyulun 10-da ibtidai istintaq vaxtı təqdim etdiyim sənədləri təkrarən məhkəməyə təqdim etdim".

A.Əfəndizadə deyib ki, məhkəməyə təqdim etdiyi sənədlər sırasında təqsirləndirilən şəxslər - Aynur Zeynalov və digərlərinin barəsindəki həbs qətimkan tədbirinin heç yerə getməmək barədə qətimkan tədbirinə dəyişdirilməsi haqda vəsatət də olub: 

“Belə ki, onların təmsil etdikləri ”Sevil Massivi" MMC müqavilə ilə fiziki və hüquqi şəxslərə verdikləri torpaq sahələrini, tikdikləri mənzilləri həmin şəxslərdən başqa digər şəxslərə satmayıblar. Yəni vətəndaşları aldatmayıblar. Vətəndaşların da bütün pulları istintaq orqanları tərəfindən onların ofisindən götürülüb, pullar əvvəlcə Hökməli bələdiyyəsində olub, Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə təhvil verilib. Nümayəndəlik də kefi istədiyi adamlara həmin pulların müəyyən faizini almaqla ödəyib. Lakin biz zərərçəkən tərəflər bu neçə ay ərzində dəfələrlə gedib, pullarımızı tələb etsək də, bizə pulu növbəti ayda ödəyəcəkləri vədi ilə aldadaraq yola salıblar. Sonda 3 iyul 2015-ci ildə bildiriblər ki, pullar ödənməyəcək. Əgər həqiqətən də təqsirləndirilən şəxslər tərəfindən həmin torpaq sahələri və tikintilərlə əlaqədar hər hansı cinayət xarakterli əməllər var idisə, nəyə görə Abşeron rayon Hökməli bələdiyyəsinin rəhbəri Mirnemət Miradıyev və icra hakimiyyəti rəhbərliyi cinayət məsuliyyətlərinə cəlb edilməyiblər?" 

Nümayəndə deyir ki, iş materialları ilə onlara ətraflı tanış olmağa imkan verilmədiyindən təqsirləndirilən şəxslərin neçə nəfər olması, Hökməli bələdiyyəsinin sədri M.Miradıyevin cinayət məsuliyyətinə cəlb olunduğunu, lakin digərlərindən fərqli olaraq barəsində qətimkan tədbirinin hələ ki, həbslə yox, başqa yerə getməməklə əvəz olunmasından xəbərsiz olub: 

“16 iyul 2015-ci il tarixli məhkəmə iclasında hakim bütün vəsatətlərimizi səthi elan edərək, təqsirləndirilən şəxslərin barəsindəki həbs qətimkan tədbirlərinin başqa yerə getməməyə dair iltizamla dəyişdirilməsi barədə fikirlərimi qəsdən, bilərəkdən dəqiq göstərmədi. 

Hələ bu azmış kimi vəsatətimə qoşmada təqdim etdiyim 5 nüsxədə surətlərini də nə təqsirləndirilən şəxslərə, nə də onların vəkillərinə verdi. İclas vaxtı hakim tələm-tələsik bütün zərərçəkənlərdən məcburən ancaq pullarını istəmələri barədə ifadələr almağa çalışdı. Amma bizimlə yanaşı bir çox zərərçəkən Mirnemət Miradıyevin həbs olunmasını tələb etsək də, hakim buna da qanuni reaksiya verməkdən yayındı”. 

Nümayəndə qeyd edir ki, “Sevil Massivi” MMC-nin rəhbərindən külli miqdarda rüşvət aldığını etiraf etmiş Mirnemət Miradıyev həbs olunsun: “Camaata kömək edən, başqaları kimi bir yeri 5-10 nəfərə satmayan şəxslər - Aynur Zeynalov və başqaları isə buraxılsınlar. Külli miqdarda rüşvət almasını boynuna almış Mirnemət Miradıyev azadlıqda gəzdiyi bir vaxtda MMC-nin vəzifəlilərinin həbsdə olması böyük ədalətsizlikdir”.

Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin ötən il iyulun 25-də yaydığı məlumata görə, “Sevil Massivi” MTK-da külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması faktına əsasən Vergilər Nazirliyində başlanmış cinayət işi üzrə istintaq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib. Kooperativin təsisçisi Aynur Zeynalovun kooperativin direktoru Elçin İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmalarında, habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etmələrində şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən onlara Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edilənlərlə yanaşı, Hökməli bələdiyyəsinin sədri Mirnemət Miradıyevin bələdiyyə ərazisində yerləşən torpaq sahələrini A. Zeynalov və E.İsmayılovun bilavasitə şərait yaratmaları ilə müxtəlif şəxslərə sataraq ümumilikdə sonunculardan 170 min manat məbləğində rüşvət almasında şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən ona Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə ağır xəstəliyi ilə əlaqədar barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. 

İstintaqla həmçinin müəyyən edilib ki, “Sevil Massivi” MTK-nın məsul şəxsləri Hökməli bələdiyyəsinin sədri M. Miradıyevlə əldə etdikləri şifahi razılaşmaya əsasən, bələdiyyənin mülkiyyətində olan 30 hektar perspektiv inkişaf torpaqlarını, eləcə də ayrı-ayrı şəxslərin mülkiyyətində olan “At yalı” və “Sonalı sahəsi” adlandırılan 110 hektar örüş torpaqlarını qanunsuz olaraq zəbt edərək həmin torpaqların vətəndaşlara faizsiz kreditlə satışını həyata keçiriblər. 

Vətəndaşlar tərəfindən isə həmin torpaq sahələrində layihə-smeta sənədləri olmadan, dövlət qeydiyyatına alınmadan 200 fərdi yaşayış evinin tikintisi həyata keçirilib. Kredit ödənişləri başa çatdıqdan sonra bələdiyyəyə məxsus olmayan sahələr bələdiyyə tərəfindən hərraca çıxarılmaqla satılaraq vətəndaşların adlarına rəsmiləşdirilib. Bundan başqa, “Sevil Massivi” MTK tərəfindən qeyd olunan ərazinin təyinatına uyğun olmadan orada 100-dən artıq çoxmənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulub, onlardan 4-də ilkin tikinti işləri həyata keçirilib. Bununla belə, təyinatına görə örüş torpaqları olan həmin sahələrdə qanunsuz tikiləcək çoxmənzilli yaşayış binalarından vətəndaşlara mənzillər satılıb. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar