Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Demokratiya haqda yazıları niyə oxumursan, a millət?..

İnsanlarımızın nələri oxuduqlarını, hansı mövzulara daha çox diqqət yetirdiklərini də izləməyə çalışıram. Azacıq sosioloq təcrübəsi olan adam kimi bu, ictimai ovqatı, bizim insanların nə düşündüklərini anlamaqda yardımçı olur...


Məsələn, görürəm ki, adamlarımız demokratiya ilə bağlı yazılanlara elə də maraq göstərmir. Hətta adi söhbətlərdə belə bir də görürsən ki, hamı “Əşşi, demokratiya var da... Yazırlar, danışırlar!..” - deyir... 

Amma gəl ki, yazmaq və danışmaq hələ əsl demokratiya və azadlıq demək deyildir. Üstəlik, bir yazar kimi qətiyyətlə deyərdim ki, yazılmalı olanların 95 faizini yaza bilmirik, çox vaxt yüngül gliey-güzarımızı bildirir, bir növ, deyinirik...

Əsl demokratiyaya gəldikdə, onun sanksiyaları olmalıdır, əzizlərim!.. Bu sanksiyalar isə sizin azad və demokratik seçkilərdə, referendumlarda və sorğulardakı qərarlarınızdır...
Elə sözün də sanksiyası olmalıdır. Söz eşidilməldir. Amma eşidirlərmi? Əgər deputatlara “Müsahibə verməyin!.. Nəyinizə lazımdır müsahibə vermək?!.” deyilirsə, bizim yazmağımızın və yaxud da ki, danışmağımızın faydası olarmı?.. 

Ona görə də, çalışın, azad və demokratik seçki haqqınızı qaytarın. Nə vaxt qaytarsanız, onda problemləriniz də həll olunmağa başlayacaqdır. İndi isə, az qala, hamı demokratiya haqqında deyilənləri və yazılanları görməməyə çalışır. Bilirsinizmi, bu, nəyə bənzəyir? Elə bil xəstə israrla həqiqi dərmanını qəbul etmək istəmir, onu rədd edir, başqa vasitələrlə sağalacağını düşünür...     
 
Ölkədə savadlı iqtisadçılar var. Amma onlar da sizi yalnız məlumatlandıra, bu və ya digər qərarı qəbul etməkdə yardımçınız ola bilər. Amma qərarı siz verməlisiniz, bu isə yalnız azad və demokratik seçkilərdə olar...

Elə yazarların da imkanları məhduddur. Biz də sizə yalnız köməkçi ola bilərik, siyasi qərarlarınızın formalaşmasına, situasiyaya daha adekvat qərar qəbul etməyinizə kömək edə bilərik. Amma bir daha deyirəm ki, qərarı siz verməlisiniz, özü də demokratik seçkilərdə, azad referendumlarda və sərbəst sorğularda...

Təbii, bu konteksdə siyasətçilərin də boynuna böyük missiya düşür. Burada bir məsələni xüsusilə vurğulamaq istərdim. Bizim televiziyaların, ümumiyyətlə, medianın hansı durumda olduğu bəllidir, bu haqda əlavə sözə ehtiyac yoxdur. 

Amma başqa televiziyalara da baxırıq. Məsələn, götürək Türkiyə televiziyalarını - elə orada da daha çox seriallardır, əyləncədir, nə bilim, şoudur... 

Düzdür, Azərbaycana baxanda fərq böyükdür, hər halda Türkiyə televiziyalarında müxalifətçilər və müxalif fikir də diqqətdən qalmır, müxalifətin bəyanat və fikirləri dərhal əsas xəbərlərdə yer alır... 

Amma daha çox hansı müxalifəti göstərirlər? Təbii ki, Bağçalı və Qılıncdaroğlu kimi siyasətçiləri... Ona görə ki, bu adamların həqiqətən də siyasətə real təsiri var.
Fəqət, bu da demək istədiyim əsas məqam deyil. Qılıncdaroğlunun da, Bağçalının da əsas işi heç də televiziyalarda və mediada görünmək deyil, onlar siyasi işlə, adamlarla işləməklə məşğuldurlar. 

Qərəz, qəbul etmək lazımdır ki, siyasətçinin işi, özü də əsas işi insanlarla işləmək, tərəfdar toplamaq və təşkilatlanmaqdır...

Bizim siyasətçilər isə özlərini elə aparır ki guya mediada görünsələr, xüsusən də televiziyaya çıxsa bilsəydilər, hər şey həll olunar, xalq dərhal hakimiyyət çələngini bunların başına qoyar!.. 

Halbuki elə siyasi gücə çevrilməlidirlər ki, televiziyalar da onları göstərməyə və ya yazılı media onlar haqqında yazmağa məcbur olsun, hətta hakimiyyət də buna mane ola bilməsin...  
Siyasətçi insanlarla işləməlidir. Bəlkə də mənim üçün böyük qüsur hesab edilə bilər, amma səmimi şəkildə etiraf edirəm ki, AKP hakimiyyətə gələnə qədər R.T.Ərdoğanı tanımırdım. Deməli, siyasi fəaliyyətin başqa tərəfləri də var...

Bir məsələni də demək istərdim. Siyasət və hərb tamam başqa məsələlərdir. Bunların məntiqi və düşüncə kateqoriyası da tamamilə fərqlidir. Xüsusən də dinc və demokratik siyasət tamam başqa şeydir...

Sadəcə, bu misalla fikrimi daha dolğun ifadə edəcəyimi düşünürəm. Müasir hərbin arsenalında nələrin olduğu hamıya bəllidir. Amma hətta hərbdə belə son anda qalaları və yaxud da ki, şəhərləri piyada qoşunları, rusca desək, “pexota” götürür...

Siyasət də haradasa belədir. İqtisadçılar nəyəsə münasibət bildirər, nəyisə adamlara izah edər və yaxud hökumətin siyasətini tənqid edə bilərlər. Jurnalistlər və yazarlar da yalnız ictimai rəyi formalaşdırmaqda yardımçı ola bilər. Əsas missiya yenə də cəmiyyətin və siyasətçilərin boynuna düşür, çünki yalnız onlar sözü əmələ və hərəkətə çevirə bilər...(musavat.com)


Yazar : Hüseynbala Səlimov

pia.az
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar