Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dilqəm Əsgərovun Kəlbəcərə getməyinin səbəbi



Politoloq girovlarla bağlı ATƏT-in Minsk Qrupunun passivliyini tənqid etdi; deputat Serj Sərkisyana Azərbaycanda məhkəmə prosesi başlamağa çağırdı


Dağlıq Qarabağdakı qondarma rejim bu ilin yayında Kəlbəcərdə girov götürülmüş mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin üzərində “məhkəmə” tamaşasını davam etdirir.

Erməni qaynaqları azərbaycanlı mülki şəxslərin oktyabrın 29-da keçirilmiş “məhkəmə iclası” zamanı verdikləri ifadələrdən bəzi fraqmentləri dərc edib. 

Virtualaz.org-un məlumatına görə, həmin mənbələr D.Əsgərovun yenə ona qarşı irəli sürülmüş “sərhədi qanunsuz keçmə” ittihamını qəbul etmədiyini bildirirlər. D.Əsgərov deyib ki, Kəlbəcərə gedərkən orada “sərhədin” olduğunu bilməyib və hansısa pis niyyəti olmayıb. “Mən anamın qəbrini ziyarət etməyə getmişdim” deyə, Dilqəm Əsgərov bildirib.

D.Əsgərov Kəlbəcərdə qanunsuz məskunlaşmış erməni gənci Smbat Tsakanyanın öldürülməsində əlinin olmadığını da bildirib. 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə dünən mətbuat konfransında deyib ki, “Beynəlxalq təşkilatlar və böyük dövlətlər Rusiyada girov saxlanılan Nadejda Savçenko ilə bağlı göstərdikləri fəallığın bir faizini belə Qarabağda saxlanılan azərbaycanlı girovların məsələsində göstərmirlər. Beynəlxalq təşkilatların və ATƏT-in Minsk qrupunun Azərbaycanın işğal olunmuş ərazisində girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun taleyinə biganəliyi suallar doğurur: ”Onların bu məsələdəki passivliyi sülh prosesinə də kölgə salır. Sanki heç kim bizi eşitmək istəmir. Özümüz deyib, özümüz eşidirik. Şahbaz Quliyev, Dilqəm Əsgərov və mərhum Həsən Həsənov öz torpaqlarına getmişdilər. Ermənistan tərəfi isə onları “diversant” adlandırır və prezidentlərin görüş günündə qondarma “məhkəmə” şousu qurur. Ermənistanın bu məsələdə yaxasını kənara çəkməsi həqiqəti dəyişmir və İrəvanı məsuliyyətdən azad etmir. ATƏT-in Minsk Qrupunda həmsədr olan dövlətlər və başqa beynəlxalq təşkilatlar Ermənistana təsir etməli və girovların azad edilməsinə nail olmalıdır".

Politoloq qeyd edib ki, azərbaycanlı girovların “erməni yeniyetməni öldürməsi” ittihamı uydurmadır: “Bu, ictimai rəyə təsir etmək üçün bəhanə də sayıla bilər. 1967-ci ildə bir ermənin qətlində azərbaycanlılar ittiham olunurdu və ermənilər bir maşına hücum edərək 3 azərbaycanlını öldürmüşdü. Amma sonra məlum oldu ki, həmin şəxsi onun doğma dayısı öldürüb. Belə təxribatlar az olmayıb, bu cür əsassız ittihamları az eşitməmişik”.

Hüquqşünas Səməd Vəkilov isə özünün facebook səhifəsində bəyan edib ki, imkan yaradılsa, bu “məhkəmə”nin monitorinqini aparmaq üçün Xankəndinə gedər: “Əsir düşmüş həmvətənlərimiz Dilqəm Əsgərov və Şahbaz Quliyevin Xankəndində qanuni əsaslarla yaradılmamış məhkəmə tərəfindən mühakimə edilməsi heç bir beynəlxalq və milli qanunvericiliyə uyğun deyil. Məhkəmənin qanuni əsaslarla yaradılması ədalət mühakiməsinin ən vacib və bir nömrəli komponentidir. Qondarma ”Dağlıq Qarabağ Respublikasının" məhkəmə təsisatı heç vaxt ədalət mühakiməsini həyata keçirə bilməz.
İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasının 6-cı maddəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil, qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Təqsirləndirilən şəxsin gözü bağlı məhkəmə zalına gətirilməsi onun bəri başdan müdafiə imkanlarının məhdud olacağını və lazımi qaydada təmin olunmayacağını bildirir".
Deputat Zahid Oruc isə təcili olaraq Azərbaycan Məhkəməsində Serj Sərkisyana cinayət işi açılmasının vacibliyini bildirib. Moderator.az-a açıqlamasında Z.Oruc deyib ki, hazırkı erməni rəhbərliyi bizim oradakı əsirlərdən fərqli olaraq real təcavüzkarlıqla və kütləvi insan qırğınları ilə məşğul olublar. Xankəndində Dilqəm Əhmədov və Şahbaz Quliyev üzərində qurulmuş saxta məhkəmə  prosesinə qarşı Azərbaycan insanında, vətəndaşlarımızda hiddət və qəzəb nə qədər başadüşüləndirsə, vəkillə təminat, onların  hüquqlarının qorunması üçün beynəlxalq təşkilatlardan yardım istəmək də bir o qədər təbiidir. Lakin ən effektli yol Ermənistana, onun Dağlıq Qarabağdakı bədnam rəhbərliyinə qarşı Serj Sərkisyana, Seyran Ohanyana  və digər hərbi cinayətkarlara qarşı Baş Prokurorluqda açılmış cinayət işini məhkəməyə çıxarmaq, sözügedən şəxsləri qiyabi mühakimə etməkdir: “Hazırkı erməni rəhbərliyi bizim oradakı əsirlərdən fərqli olaraq real təcavüzkarlıqla və kütləvi insan qırğınları ilə məşğul olublar. 

Ona görə də Qarabağda tanınmayan məhkəmə strukturlarının belə bir prosesi keçirməsi nə qədər qeyri-hüquqidirsə, Azərbaycan məhkəməsində Sərkisyana və digərlərinə qarşı çıxarılacaq hökmlər şübhəsiz ki, qanuni sayılacaq. Azərbaycan məhkəmə sistemi, o cümlədən xarici dövlətlərin, hətta Avropa İnsan Haqları Məhkəməsinin yuridiksiyası tamamilə yol verir ki, qiyabi məhkəmə prosesləri həyata keçirilsin və qərarlar çıxarılsın. Təsadüfi deyil ki,  ölkəmizin hüquq praktikasında da bir neçə dəfə belə hallar gerçəkləşdirilib. Ona görə Dağlıq Qarabağdakı saxta məhkəmə prosesinə ən yaxşı zərbə bizim mühakimə orqanlarının addımı, adekvat reaksiyası  olardı. Eyni zamanda qeyd edim ki, həmin çıxarılmış hökmlə məlum şəxslərin Azərbaycana gətirilməsi isə beynəlxalq hüquqa müvafiq həyata keçirilir".


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar