Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Proqramı , geridə qalan 1 il, sakinlərin probləmləri...


Qış mövsümünün gəlişi, havaların yağıntılı və soyuq keçməsi ilə Bakıda, əsasən də Bakıətrafı qəsəbələrdə sakinlərin qarşılaşdığı problemlər də gün üzünə çıxdı


Sakinlər əsasən məhəllədaxili yolların bərbadlığından, su xətlərinin necə gəldi çəkilməsi və kanalizasiya sisteminin işləməməsi üzündən evlərinin, yolların sel-su altında qalmasından, bəzi yerlərdə ümumiyyətlə normal yolun olmamasından, məktəblərdə istilik sistemlərinin işləməməsindən və digər sosial problemlərdən şikayətlənirlər.

Bu tipli şikayətlər son günlər daha çox eşidilir. Qarşılaşdıqları çətinliklərdən bezən, bu problemlərlə bağlı müvafiq qurumlara müraciət edən, lakin heç bir nəticə əldə edə bilməyən sakinlər bir neçə qəsəbədə etiraz akisyaları da keçiriblər.

Ayrı-ayrı qəsəbələrdən virtualaz.org saytının redaksiyasına daxil olan şikayətlər də sakinlərin qarşılaşdıqları problemlərin təxminən eyni olduğunu göstərir.

Ötən ayın əvvəlindən başlayaraq havaların yağışlı keçməsindən sonra ilk etiraz aksiyası xəbəri Binədən gəldi. “Sovxoz ərazisi” adlanan yaşayış massivində 1000-dək sakin etiraz aksiyası keçirdi. Səbəb qəsəbənin yollarının yağış sularından sonra keçilməz olması idi.

Daha bir aksiya Binəqədidə oldu. Zərifə Əliyeva parkının qarşısına toplaşan qadınlar yolların bərbad olmasından şikayətlənirdilər.

Yolsuzluqla bağlı hələlik sonuncu aksiya xəbəri Ramanadan gəlib. Burada da sakinlər yolların yararsız vəziyyətdə olmasından şikayətləndi, narazılıqlarını bu şəkildə diqqətə çatdırmağa çalışdı.

Sakinlərin saysız-hesabsız şikayətləri göstərir ki, Bakının ara məhəllələrində və ətraf qəsəbələrin mərkəzi və ara küçələrində yol infrastrukturu ilə bağlı hələ də ciddi çatışmazlıqlar var.

Bəs görəsən, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları yuxarıda qeyd etdiyimiz kiçik problemlərin aradan qalxmasına niyə təsir etməyib?!

Prezident İlham Əliyevin sərəncamı ilə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair artıq iki Dövlət Proqramı təsdiq edilib. 2011-2013-cü illəri əhatə edən I Dövlət Proqramına əsasən Bakı və ətraf qəsəbələrdə xeyli iş görülmüşdü. Bakı və ətraf qəsəbələrdə yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, su və kanalizasiya, qaz, elektrik enerjisi, istilik təchizatının yaxşılaşdırılması, təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinin inkişafının təmin edilməsi məqsədilə yeni sosial obyektlərin tikilməsi və s. kimi işlər bu qəbildəndir. Bu proqramın icrasına 3 milyard manat vəsait xərclənmişdi.

Növbəti - sayca ikinci Dövlət Proqramı isə bu ilin yanvarında prezidentin sərəncamı ilə imzalandı. Proqramın icrası 2016-cı ilədək davam edəcək. Yeni proqramın icrasına başlanılmasının gələn ay artıq 1 ili tamam olacaq.

İlk dövlət proqramının da 3 il davam etdiyini nəzərə alsaq, geridə qalan son 4 ildə paytaxta ən yaxın olan Suraxanı, Binə, Binəqədi, Sabunçu kimi rayon və qəsəbələrdə yol infrastrukturu ilə bağlı çoxsaylı narazılıqların olması ciddi suallar yaradır.

2011-2013-cü illər I Dövlət Proqramına Bakı rayonlarının qəsəbədaxili və məhəllədaxili yollarının əsaslı təmiri və yenidənqurulması məsələsi salınsa da bu işlər tamamlanmadı. II Dövlət Proqramına əsasən qarşıya qoyulan məqsədlərə nəzər yetirdikdə 2014-2016-cı illərdə yolsuzluq məsələsi tamamilə aradan qaldırılmalıdır. Ümumilikdə proqrama daxil edilən bütün məsələlər öz həllini tapacağı təqdirdə Bakı və ətraf qəsəbələrin sakinləri qarşılaşdıqları problemlərdən tamamilə qurtulmuş olacaqlar. Əgər iş görülsə...

Bəs ən çox şikayətlərin edildiyi qəsəbələrdə 2014-2016-cı illəri əhatə edən dövlət proqramı çərçivəsində hansı işlər görülür? Geridə qalan bir ildə konkret olaraq proqrama daxil edilən hansı məsələlər öz həllini tapıb? Proqramın davamı olaraq görülən işlər nə yerdədir?

İqtisadi İnkişaf Nazirliyindən virtualaz.org saytının sorğusuna cavab olaraq bildirildi ki, hazırda icrası davam edən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Bakının bütün rayonlarında, qəsəbə və kəndlərində infrastruktur təminatının, o cümlədən yol-nəqliyyat infrastrukturunun, su və kanalizasiya, qaz, elektrik enerjisi, istilik təchizatının daha da yaxşılaşdırılması, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişafının sürətləndirilməsi, yeni sosial obyektlərin tikintisi, sahibkarlığın inkişafı, sənaye, kənd təsərrüfatı, turizm, ekologiya, əhalinin sosial müdafiəsi və s. sahələrdə mühüm işlərin görülməsi nəzərdə tutulub.

Nazirliyin məlumatına görə, proqram çərçivəsində 2014-cü ilin 9 ayı ərzində 42 məktəb, 17 uşaq bağçası, 3 peşə məktəbi, 1 yaradıcılıq məktəbində, 9 gənclər və idman obyektində təmir-tikinti işləri yekunlaşıb. 10 məktəb, 15 uşaq bağçası, 1 peşə məktəbi, 4 səhiyyə, 6 mədəniyyət, 25 gənclər və idman, 5 əhalinin sosial müdafiəsi obyektində isə işlər davam etdirilir.

Proqrama uyğun olaraq, Abşeron magistral kanalının 12,4 km uzunluğunda olan hissəsində yenidənqurma işləri aparılıb, Abşeron yarımadasında yerləşən 9 gölün ekoloji vəziyyətinin yaxşılaşdırılması üzrə konseptual layihələr hazırlanıb. Hazırda Böyükşor gölünün də ekoloji bərpası üzrə işlər sürətlə davam etdirilir.

Nazirlikdən o da bildirildi ki, ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə Bakı şəhərində ümumilikdə 21 hektar sahədə 34 min ədəd ağac və kol bitkiləri əkilib, 52,3 hektar ərazi neft tullantılarından təmizlənib.

Həmçinin Bakı qəsəbələrində sahibkarlığın güzəştli kreditləşdirilməsi sahəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 7 işgüzar forum keçirilib və sahibkarların iştirakı ilə maarifləndirici tədbirlər təşkil olunub.

9 ay ərzində Bakı qəsəbələri üzrə 205 sahibkara 52,1 milyon manat güzəştli kreditlər verilib və 1000-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

Balaxanı Sənaye Parkının infrastrukturunun qurulması və parka rezidentlərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir.

Nazirlikdən verilən məlumatda qeyd edilir ki, əhalinin elektrik enerjisi, qaz, istilik və su təchizatı, rabitə xidmətlərinin yaxşılaşdırılması, abadlıq və quruculuq işləri, qəsəbəətrafı və qəsəbədaxili yolların salınması işləri də davam etdirilib. Belə ki, 2014-cü ilin 9 ayı ərzində Suraxanı günəş elektrik stansiyası istifadəyə verilib. 317 elektrik yarımstansiyası və transformator məntəqələri tikilib və ya yenidən qurulub. 19 qazanxana tikilib və ya əsaslı təmir olunub. 206 yaşayış binasının istilik sistemi yenidən qurulub. Yeni elektrik, qaz və istilik xətləri çəkilib və ya təmir olunub. 22 minə yaxın “smart-kart” tipli elektron qaz sayğacı, 60 mindən çox su sayğacı quraşdırılıb, rayon və qəsəbədaxili yollara 703,6 min kv.m asfalt örtüyü salınıb.

Nazirlər Kabinetindən də dövlət proqramı ilə bağlı nəzərdə tutulan işlərin plana uyğun olaraq həyata keçirildiyi bildirildi.

Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əli açıqlamasında prezident İlham Əliyevin sərəncamı ilə həyata keçirilən dövlət proqramının uğurla davam etdirildiyini dedi.

Onun sözlərinə görə, prezidentin tapşırığı ilə bütün sosial proqramlar paytaxtda, ətraf qəsəbələrdə və rayonlarda sürətlə yerinə yetirilir və “2014-2016-cı ilərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi nkişafına dair Dövlət Proqramı”na əsasən geridə qalan zaman ərzində böyük işlər görülüb.

“2014-cü ilin əvvəlindən dövlət proqramı üzrə nəzərdə tutulan işlər uğurla yerinə yetirilir. Bakı və ətraf rayonlarda qazlaşdırma, işıq və su problemlərinin aradan qaldırılması üçün xeyli işlər görülüb. Rayonlarda və qəsəbələrdə yolların salınması işləri görülüb və davam etdirilir. Ən ucqar rayonlara belə internet çəkilib. Ölkə başçısının göstərişi ilə xalqın rifah halının yüksəldilməsi üçün nəzərdə tutulan proqramlar həyata keçirilir. Nazirlər Kabineti proqramların icrasını nəzarətdə saxlayır” - deyə Akif Əli qeyd edib.

Akif Əli dövlət proqramı üzrə nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün vəsaitin dövlət büdcəsində nəzərdə tutulduğunu da qeyd etdi. Onun sözlərinə görə, 3 illik dövlət proqramının davam etdirilməsi istiqamətində gələn il görüləcək işlərin həyata keçirilməsi üçün lazım olan vəsait 2015-ci ilin dövlət büdcəsində nəzərdə tutulub.

Dövlət proqramı çərçivəsində Bakı şəhərinin 12 rayonu üzrə təhsil ocaqlarının, mədəniyyət mərkəzlərinin, idman obyektlərinin, səhiyyə müəssisələrinin tikintisi və təmiri, su və kanalizasiya, qaz, işıq problemlərinin aradan qaldırılması, müxtəlif sosial obyektlərin tikintisi nəzərdə tutulub.

Lakin vətəndaşların çoxsaylı şikayətləri onu deməyə əsas verir ki, rayonlarda dövlət proqramı çərçivəsində görülən işlər hələ də ləng gedir. Yerli məmurlar sakinlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün lazım olan işləri görmək əvəzinə sadəcə rayon mərkəzlərində divarların üzlənməsi, ağac əkilməsi, kosmetik abadlıq işlərinin görülməsi ilə məşğuldur.

Bu dediklərimizi rayon icra hakimiyyətlərinin rəsmi saytlarında yerləşdirilən və bu ilin 9 ayına olan hesabatlarındakı məlumatlar da sübut edir.

Bu il əsasən yol, su və kanalizasiya, qaz, işıq problemlərinin ən çox yaşandığı, insanların çoxsaylı şikayətlərinin eşidildiyi rayonların dövlət proqramı çərçivəsində gördüyü işlərlə maraqlandıq. Sadalanan bu problemlər elə problemlərdir ki, havaların yağışlı və soyuq keçməsi ilə dərhal gün üzünə çıxır.

İndi isə ən problemli rayonlar üzrə görülən işlərə baxaq.

Əvvəlcə qeyd edək ki, rayonlarda bu il ərzində görülən işlərlə bağlı verəcəyimiz məlumatlar bu ilin 9 ayını əhatə edir. Hər bir RİH 9 aylıq hesabatını öz rəsmi saytında yerləşdirib. Onu da bildirək ki, dövlət proqramının tədbirlər planında rayonların qəsəbədaxili və məhəllədaxili yollarının əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) tapşırılıb.

Yerli icra hakimiyyətlərinin görəcəyi işlərə isə “abadlıq və yaşıllaşdırma sahəsində tədbirlərin davam etdirilməsi” aiddir.

Qaz, su və kanalizasiya, işıq kimi kommunal problemlərin aradan qaldırılması isə müvafiq olaraq Dövlət Neft Şirkətinə, “Azərenerji” ASC, “Bakıelektrikşəbəkə” ASC və “Azərsu” ASC-yə tapşırılıb.

Bəri başdan onu da qeyd edək ki, hər bir rayon üzrə hesabatlarda əsasən “uğurla davam etdirilir”, “görülür”, “görüləcək”, “nəzərdə tutulub”, “həyata keçirilir” kimi pafoslu raport və vədlər daha çox yer alır və hesabatlar ümumiləşdirilir.  

Binəqədi rayonu

Dövlət proqramı çərçivəsində Binəqədi rayonuna aid 40 tədbir nəzərdə tutulub.

Binəqədi Rayon İcra Hakimiyyətinin məlumatına görə, bu ilin 9 ayı ərzində rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlərə maliyyə mənbələrindən əsas kapitala 175 milyon 245 min manat məbləğində investisiya yönəldilib. Onun 149 milyon 136 min manatı tikinti-quraşdırma işlərinə sərf edilib.

Tədbirlər planına uyğun olaraq ayrı-ayrı təhsil müəssisələrinin əsaslı surətdə təmiri və yenidən qurulması işləri ardıcıl olaraq həyata keçirilir.

Məlumatda deyilir: “2014-cü ilin 2-ci rübündə əsaslı təmirinə başlanmış 157 və 298 saylı orta məktəblər ən müasir avadanlıqlarla təchiz edilərək yeni tədris ili ərəfəsində şagirdlərin istifadəsinə verilib.

Stend Atıcılığı üzrə İdman Kompleksinin sökülərək yenidən qurulması və dağ velosipedi yarışları üçün veloparkın tikintisi davam etdirilir.

Bu il ərzində 40 və 193 saylı məktəbəqədər təlim-tərbiyə müəssisələri əsaslı təmir olunub.

2014-cü ilin 3-cü rübündə prezident İlham Əliyev rayondakı 115 və 182 nömrəli orta məktəblərin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub və Ziya Bünyadov prospekti ilə Əbdülvahab Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişməsində (“Xutor dairəsi”) inşa olunan müxtəlif səviyyəli yol qovşağının açılışında iştirak edib”.

Qeyd edək ki, Binəqədi yol infrastrukturunun yararsız vəziyyətədə olması ilə bağlı ən çox şikayətlərin eşidildiyi rayonlardan biridir. Bu rayon üzrə “Təmiz Binəqədi” layihəsi həyata keçirilsə də sakinlər heç də təmiz şəraitdə yaşamadıqlarını deyirlər. Rayonda görülən işlərin əksəriyyəti mərkəz hissələrdə həyata keçirildiyindən kənar qəsəbələrin sakinləri bu təmizlikdən və görülən işlərdən məhrum olurlar.

Sabunçu rayonu

Sabunçu sakinləri ən çox yol problemi ilə üzləşən rayonlardan biridir. Sabunçunun bir çox qəsəbələrində sakinlərin yollarla bağlı ciddi narazılığı var. Məsələn, rayon ərazisində sonuncu dəfə Ramana sakinləri aksiya keçirdi. Səbəb yolların yararsız vəziyyətdə olması idi.

Sabunçunun Zabrat və Nardaran qəsəbələrində də eyni səbəblərdən müxtəlif vaxtlarda etiraz aksiyaları keçirilib.

Oktyabr ayında yağan yağışlardan sonra Sabunçu vağzalının ərazisi və bir çox ətraf məhəllələr sel suları altında qaldı. Adi yağışdan sonra evlərində çarəsiz vəziyyətdə qalan insanları FHN əməkdaşları xilas etdi. Evlərin su altında qalmasının səbəbi ara məhəllələrdə kanalizasiya sisteminin bərbad vəziyyətdə olması, bəzi yerlərdə isə ümumiyyətlə olmamasıdır. Su və kanalizasiya sisteminin olmamasına səbəb isə bu cür sonradan salınan qəsəbələrin yaşayış yeri kimi nəzərdə tutulmaması və qeyri-qanuni evlərin sürətlə tikilməsidir.

Sabunçu rayonuna 2012-ci ildə icra başçısı təyin olunan Adil Vəliyev əsasən rayonun mərkəzində abadlıq-quruculuq işləri görməklə məşğuldur. O, öncə rayon mərkəzində RİH üçün yeni və möhtəşəm bina tikdirdi. 

Sonra isə rayonun mərkəzi hissəsini - Bakıxanov (Razin) qəsəbəsini “çiçəkləndirdi”. Burada olan bütün binalar üzləndi və hazırda da üzlənir, parklar təmir edildi və edilir, dövlət idarələri yenidən tikildi və tikilir. Yolların kənarında olan mağazalar və əlavə tikililər söküldü, binaların üzlənməsi prosesi sürətlə aparıldı. Ara məhəllələrdə yaşayan sakinlər isə hələ də yada düşmür.

Qeyd edək ki, icra başçısı “Razin tolkuçkası”nda da söküntü işləri aparmaq istəyirdi. Lakin bazar işçilərinin ciddi etirazından və keçirilən aksiyalardan sonra başçı bu fikrindən daşındı.

Hazırda dövlət proqramında Sabunçu rayonu üzrə görüləcək işlərin siyahısı həddən artıq genişdir. Lakin görünən budur ki, icra başçısı hələlik rayon mərkəzini abadlaşdırmaq işi ilə məşğuldur. BŞİH isə rayonun qəsəbələrini və məhəllədaxili yollarını düzəltməyə tələsmir.

İcra hakimiyyətinin saytında 2014-cü ildə rayonun qəsəbələrində aparılan abadlıq və yenidənqurma işlərinə dair məlumatlara nəzər yetirdikdə görülən işlər siyahısında ən çox diqqətçəkən məqam binaların üzlənməsi, yol kənarlarına işıq dirəklərinin vurulması, yaşıllıqların və asfalt ötrüyünün salınmasıdır.

Hesabatda yolsuzluqla bağlı aksiyanın keçirildiyi Ramana qəsəbəsinin istirahət parkında abadlıq işləri aparıldığı, 200 şam ağacının əkildiyi göstərilir. Hesabata görə, Ramana kəndinə gedən yollarda cari təmir işləri aparılıb, Ramana döngəsindən “Yeni Ramana”ya gedən yola 300 kvadratmetr asfalt örtüyü vurulub. Bu hesabatda da işlərin davam etdirildiyi qeyd olunur...

Sabunçu RİH-dən ilin sonuncu rübü çərçivəsində də hansı işlərin görüldüyünü öyrənmək istədik. İcra hakimiyyətindən virtualaz.org saytına verilən cavab maraqlı oldu.

RİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Məhəmməd Əsədov əvvəlcə başçının birinci müavini Arzu Məmmədova ilə məsləhətləşəndən sonra bizə məlumat verə biləcəyini dedi.

İcra hakimiyyəti ilə yenidən əlaqə saxlayarkən Məhəmməd Əsədovun verdiyi cavab belə oldu: “Proqramla bağlı işlər görülür. Biz yalnız Prezident Administrasiyasına hesabat veririk”.

9 aylıq hesabatı və görülən işləri rəsmi saytında yerləşdirən icra hakimiyyəti 3 ayda görülən işlər haqda məlumat vermək istəmədi. Yəqin ki, icra hakimiyyəti öz “proqramını” yerinə yetirir və hesabatını da ilin sonunda verəcək...

Sabunçu rayonunun digər qəsəbələrində - Pirşağı, Maştağa, Zabrat, Balaxanı, Kürdəxanı, Nardaran və Bilgəhdə görülən işlərlə bağlı ümumi olaraq deyə bilərik ki, burada ağaclar əkilib, ətraf mühit tullantılardan təmizlənib, abadlaşdırılıb, bəzi yerlərə asfalt salınıb. İşlər görülür, davam etdirilir...

Xəzər rayonu

Mərdəkan, Buzovna, Binə, Türkan, Qala, Şüvəlan, Zirə və Şağan qəsəbələrini əhatə edən Xəzər rayonu da dəfələrlə sakinlərinin yolsuzluq, su, qaz, işıq məsələləri ilə bağlı şikayətlərinə görə tez-tez gündəmə gəlir. Binədə keçirilən və minlərlə sakinin iştirak etdiyi aksiya yəqin ki, yaddaşlardan silinməyib. Yol probleminə görə etiraza qalxan sakinlərdən xeylisi saxlanılaraq polis bölməsinə aparılmışdı.

Rayonun 9 aylıq hesabatında yolların təmiri ilə bağlı görülən işlərin hələ davam etdirildiyi, ümumilikdə 15 küçəyə asfalt salındığı qeyd edilir. Konkret olaraq isə hansı küçələrdə işlərin aparıldığı açıqlanmır.

Hesabata görə, bu aylar ərzində rayonda görülən işlərə 4 milyon manat vəsait xərclənib. Görülən ən effektli iş isə ağac əkini ilə bağlı olub. Hesabata görə, rayonda 9 ay ərzində 35 min ağac əkilib.

9 aylıq hesabatda əsasən bu ifadələr işlədilir: “görülür”, “davam etdirilir”, “yekunlaşmaq üzrədir”...

Hesabatda konkret olaraq görülən işlər sırasında yalnız bunlar var:

Mərdəkanda 2,6 hektar sahəsi olan Heydər Əliyev adına Mərkəzi Park istifadəyə verilib.

44 min 71 paqonmetr qaz xətti çəkilib və dəyişdirilib (bu işləri “Azəriqaz” həyata keçirib-red.).

Qala hərbi şəhərciyində 216 saylı, Şaganda 124, Binədə 121 saylı orta məktəblərin və Türkanda 6 saylı internat məktəbinin yenidən qurulması və təmiri başa çatıb.

Xəzər RİH-in saytında yerləşdirilən məlumata görə, bu aylar ərzində icra hakimiyyətinə sakinlər tərəfindən 65 müraciət daxil olub. Onların da əksəriyyəti asfalt örtüyünün salınması, qaz, su, kanalizasiya və nəqliyyat problemləridir.

Vətəndaşların bu şikayətləri bir daha onu göstərir ki, rayonun qəsəbələrində həqiqətən də bu cür problemlər var və rayon rəhbərliyinin hesabatında bu işlərin görülməsi “davam etdirilir” sözləri ilə gələcək illərə təxirə salınır.

Dövlət proqramının icrasının geridə qalan 1 ili ərzində bu problemlər hələ ki, öz həllini tapmayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar