Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Döyüşmədən günə iki-üç əsgər itirən ordu...


Azərbaycan ordusunun dünyada analoqunu deyəsən doğrudan da tapmaq mümkün olmayacaq. Axı büdcəsi 3 milyard manata çatan, durmadan ən yeni silah və hərbi texnika ilə təchiz olunan başqa hansı ordu döyüşə girmədən gündə iki-üç əsgər itirir?!


Bu ritorik sual Azərbaycan ordusundan gələn növbəti qara xəbərlə bağlı bir daha meydana çıxır. İlin əvvəlindən başlayaraq az qala hər gün baş verən hadisə yenə təkrarlanıb: əsgər tabeiçiliyindəki avtomat silahla əsgər yoldaşını öldürüb. Bununla da ilin əvvəlindən orduda əsgərin əsgəri güllələyib öldürməsi və yaralaması statistikası daha da “şişib”.

Belə halların sayı artıq 40-dan çoxdur. Əsgərlərin tabeçiliyindəki avtomat silahla özlərini güllələməsi, yaxud kəndirlə asması və ya siçovul dərmanı içib öldürməsi hallarını da bura əlavə etsək, bu gedişlə Azərbaycan ordusu ilin sonunda illərdir heç cür azalmaq bilməyən qeyri-döyüş itkilərinin sayında rekord vuracaq. Və müdafiə nazirinin 20 ildən sonra nəhayət dəyişdirilməsi bu “rekord”la yadda qalacaq.

Ancaq yenilik də var. Səfər Əbiyevin vaxtında orduda əsgər əsgəri güllələyəndə və ya intihar edəndə Müdafiə Nazirliyinin şair ruhlu mətbuat xidməti hadisənin motivini açıqlamasa da güllələmə olayının “təhlükəsizlik qaydalarının pozulması” şəklində gülünc izahatını verməkdən çox vaxt çəkinirdi. İndi isə bütün hallarda belə hadisələrlə bağlı Müdafiə Nazirliyi mətbuat xidmətinin standart açıqlaması var: “Təhlükəsizlik qaydalarının pozulması nəticəsində əsgər A. əsgər B.-ni güllələyib. Hadisə N saylı hərbi hissədə baş verib”.



Müdafiə Nazirliyinin yeni mətbuat xidmətinin yaradıcılığı hətta o qədər uzağa gedib ki, ötən həftə bir əsgər digərini sinəsindən bıçaqlayaraq öldürməsi ilə bağlı da eyni məzmunda açıqlama yaymışdı. Yəni deyilirdi ki, əsgər “ehtiyatsızlıq nəticəsində” bıçağı o biri əsgərin sinəsinə soxub. Nəticədə əsgər ölüb.

Şübhəsiz ki, düşmən tərəf - Ermənistan da Azərbaycan ordusundan hər gün gələn qara xəbərləri dörd gözlə izləyir. Yəqin Müdafiə Nazirliyində də Ermənistanın informasiya məkanında Azərbaycan ordusunun əsgərlərinin hər gün bir-birini öldürməsi, yaxud intihar etməsi faktları ilə bağlı xəbərlərin hansı formada tirajlandığını izləyirlər.

Görəsən, bu zaman generallar hansı hissələri keçirirlər?



Böyük əksəriyyəti kasıb, imkansız balalarından ibarət olan ordudan hər gün qara xəbərlərin gəlməsi, yəni kasıb-kusubun min əziyyətlə böyüdüb 18 yaşına çatdırıb vətəni qorumağa yola saldığı balasının cansız bədəninin evlərinə qayıtmasından ordudakı bu dözülməz vəziyyətə görə cavabdeh olanların vicdanları heç ağrıyırmı?

Axı “ehtiyatsızlıq və ya təhlükəsizlik qaydalarının pozulması” nəticəsində ölənlər Bakının küçələrində yüz min manatlarla qiyməti olan maşınlarda saatda 240 kilometr sürətlə şütüyən, barların, bahalı əyləncə məkanlarının daimi sakinləri olan oliqarx balaları yox, kasıb-kusubun balasıdır.

Ordudakı qeyri-döyüş itkilərinin səbəbləri barədə çox danışılıb, yazılıb. Belə görünür ki, Müdafiə Nazirliyinin rəhbərliyində aparılan dəyişikliklərə baxmayaraq aradan qalxmayıb. Hərçənd ki, YAP-da, hakimiyyətdə bu itkilərin təbii olduğunu deyirlər. Yəni belə də davam edəcək... 

Virtualaz.org


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar