Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın ən məşhur balacası


Məşhur fransız yazıçısı Antuan dö Sənt Eqzüperinin “Balaca şahzadə” povesti Cavanşir Yusiflinin orijinaldan tərcüməsi ilə “Parlaq İmzalar” nəşriyyatında işıq üzü görüb


Tərcüməçinin əsərlə bağlı yazısını “Antuan dö Sənt Eqzüperi, “Balaca şahzadə” məqaləsini təqdim edirik
 
Kim idi “Balaca şahzadə?”
 
Yazıçının özümü? Təxəyyül məhsulumu?
 
“Balaca şahzadə” povesti şübhəsiz ki, bu qəribə taleli yazıçının bəşəriyyətə ünvanlanmış sözüdür. Adicə alleqorik biçimli hekayə formasında.
 
Eqzüperi məlum olduğu kimi pilot olub, təyyarə sürüb ömrü boyu, sevgilisi Konsuello ilə də hava limanında tanış olub, Argentinada. Onu təyyarəsinə dəvət edib, havadaca deyib: siz məni öpmək istəmirsiniz? Eqzüperi insanlara təsir etməyi bacarırdı, o, bu sahədə az qala maq kimi güclü idi. Ordan qayıdanda Andre Jid, o dövrün böyük fransız yazıçısı belə demişdi: “Eqzüperi Argentinadan iki şeylə qayıtdı: həyat yoldaşı və bir romanı.”
 
Həyat yoldaşı ilə tanış olduq. Romanını oxuyub sevdik.
 
Ancaq hər bir yazıçının ömründə onun taleyi ilə yaradıcılığının kəsişdiyi nöqtəni göstərən bir əsəri olur. Ya əlinə qələm alan kimi doğulur bu əsər, ya da çox sonralar. Bəzən heç gəlmir, yolunu nə qədər gözləsən də. “Balaca Şahzadə” belə bir əsərdir. Bütün dünya oxuyub və öz dilinə tərcümə edib. Bu, həm də janrı, janr xüsusiyyətləri etibarı ilə çox qəribə əsərdir. Nəsrdirmi? Əlbəttə, poeziyanın aşıb-daşdığı nəsr. Fəlsəfədirmi? Bəli, bütün fəlsəfi təlimləri gözdən salan bir əsər.
 
“Balaca Şahzadə” insanlara nəyi təlqin edir? Çox şeyi. Həyatın mənasını. Mənalarını. Onlar arasında baş verən faciə və bədbəxtlikləri. Həyatda sevinc ilğım kimidir. Xoşbəxtlik də. Qiyamətə qədər həyat belə olur. Ancaq bir şey də var. Sən bir gül əkirsən. Səhralıqda. Onu göz yaşlarınla sulayırsan. Səhrada tək-tənha bitən bu çiçəyin həyat eşqi işığa dönüb ulduzların qəlbində cücərir və əslində dərk edirsən ki, o gül elə o ulduzun içində cücəribmiş. Və harda olsan, o ulduzun altındasan. O gülün necə nəfəs alıb-verdiyini hiss edəcəksən. Bu mənada Eqzüperinin bədahətən sevgilisinə baxıb yazdığı o dua yerinə düşür. İnsan yaşamaq üçün dua etməlidir. Geri qayıtmayan təmənnasız dua...
 
Deyildiyinə görə, təkrarsız və sirli Eqzüperi insanlar üçün bir sıra vəsiyyət qoyub getmişdi: “Məni yazdığım yerlərdə axtarın”.
 
Demək, onun əsl portreti də yazdığı əsərlərin, xüsusən “Balaca şahzadə”nin sətirləri arasındadır. Bir yazıçı kimi onun səsi, mənəvi konsepsiyası, vəzifə borcunu anlaması, həyatın qayəsinə sədaqəti - bütün bunlar onun şəxsiyyətində birləşən sabit keyfiyyətlər idi.
 
Eqzüperinin portretində əsas cizgilərdən biri budur ki, o, özünü həmişə insanlar və insanlıq qarşısında borclu hesab edirdi. Onun həyatı göylərdə keçirdi, bir yazıçı, xüsusən “Balaca şahzadə”nin müəllifi üçün bu məkan təsadüfi seçim deyildi. Onun bütün yaradıcılığı son dərəcə aydın bir məkanda sirli-sehrli mistika tülünə bürünmüşdü. 
 
Əsərin “İthaf” hissəsində belə bir məqam var: “...Bu kitabı yaşlı bir adama həsr etdiyimə görə uşaqlardan üzr istəyirəm. Bu, hesab edin ki, çox ciddi bir səbəbdir: bu yaşlı şəxs bu dünyada ən gözəl dostumdur. Başqa bir səbəb də var: bu yaşlı adam hər şeyi, hətta uşaqların adına yazılan kitabları da anlamaq iqtidarındadır. Üçüncü bir səbəb də var: bu yaşlı şəxs Fransada yaşayır, burada o, acdır, soyuqdan əsir.”
 
O dövr üçün bu, Eqzüperinin müraciət etdiyi orijinal bir üsul idi. Eqzüperi nəyə görə povestinin qəhrəmanını uşaqlar arasından seçmiş və onu yaşlı dostuna həsr etmişdi. Bu heç də təsadüfi deyildi. Onun inamına görə dünyaya uşaqların gözü ilə baxdıqda o, daha təbii və olduğu kimi görünür. Eqzüperinin bu üsulu əslində bir mesaj idi. Yəni, böyüklər artıq dünyanı korlayıblar, onu elə yerdən deformasiyaya uğradıblar ki, düzəltmək mümkün deyildir. Yəni, böyüklər bu “əyrini”, bu əyilən yeri tapmaq və düzəltmək üçün dünyaya uşaq gözü ilə baxmalıdırlar. Eqzüperi üslubu etibarı ilə çox orijinal bir yazıçı idi, onun üçün yazmaq elə təyyarə sürmək qədər məsuliyyətli bir iş idi.
 
Eqzüperinin hekayəsi forması və süjet dolanbacları etibarı ilə son dərəcə gözlənilməz və orijinaldır. Bu əsəri oxuyanda dünyada gizlin qalan mətləbləri, hər gülün, çiçəyin ətrini, qürubun və doğuşun gözəlliyini özün üçün yenidən kəşf edirsən. Fikirlər bizə uzaq ulduzların işığı kimi çatır. O, bu dünyanı sanki fəzanın hansı yerindəsə qərar tutaraq təsvir edir. Ona görə bu görüntü orijinaldır. Bu nöqtədən o, ölkəsini yox, bütün yer kürəsini görür, sözünü təkcə onun dilində danışdığı insanlara deyil, bütün bəşəriyyətə deyir. Ona qədər şairlər, yazıçılar yerin hər hansı nöqtəsindən kosmosla əlaqə, rabitə yaratmağa can atırdılar, Eqzüperi, həmin nöqtədən qopur, imtina edir, təyyarəsini sürüb uzaq ulduzlara yol alır. Bu, artıq ayaqlarının mismarlandığı, yapışıb qopmadığı bir yer deyil, burdan fəzaya qanadlandığın və geri döndüyün bir yerdir, yəni “insanların planeti”dir. Eqzüperi XX əsrin çox maraqlı nağıl süjetini və onun əsasında orijinal biçimli nəsr nümunəsini yaradıb.
 
Eqzüperi baxış bucağını radikal şəkildə dəyişdiyinə görə əsərin – “Balaca şahzadə”nin sətirlərinə bütün insanlığın müdrikliyi cəmlənib. Məsələn tülkünün şahzadəyə dediyi sözlər: “...yalnız ürəklə yaxşı görmək olur. Ən əsas şeyləri gözlə görmək olmur...”.
 
Qızılı saçlı şahzadə quzuya rəsmini çəkdiyi qutunun deşiyindən baxır. Bax, elə buna görə də o, insan sözlərinin və əməllərinin dərindən dərin mənasını anlaya bilirdi.
 
Müəllif deyir ki, həyatda ən önəmli şeyləri gözlə, gözünə eynək taxıb və ya mikroskopla baxıb görmək olmaz. Əks halda, məsələn, Balaca şahzadənin onun planetində tək-tənha qalmış qızıl gülə məhəbbətini necə izah etmək olardı. Ümid, inam, fəhm, intuisiya – bu hislər heç zaman ürəksiz insanlara nəsib olmur. Dünyada ən böyük pislik, ən dəhşətli şər ürəyin kor olmasıdır. Yalnız möcüzə və həqiqi məhəbbət ona “gözünün nurunu” qaytara bilər.
 
Balaca şahzadə əvvəldə insanları axtarırdı, sonra ona belə bir şey məlum oldu ki, insanların olmaması yaxşı deyilsə də, insanlarla da pisdir. Böyüklərin neyləməsi də ona tam qaranlıqdır. Bu dünyada nə qədər mənasız şey varsa, içi güclə doludur, harda həqiqi və gözəl şey varsa - onlar zəif və gücsüzdür. Insanda olan bütün gözəl şeylər - insanın zərifliyi, doğruçu olması, səmimiyyəti və dostluq etmək keyfiyyəti, - bunlar zəifdir və gücsüzdür. Ancaq günlərin bir günü bu baş-ayaq dünyada balaca şahzadə bilmədiyi həqiqətlə üzləşir, bunu onun üçün dostu tülkü açır. İnsanlar bir-birinə laqeyd və yadlaşmış olmamalıdırlar, onlar bir-birlərinə möhtacdırlar, hansısa dar ayaqda bir dostu xatırlasan, bu elə günəşin şəfəq saçmasına oxşayacaqdır. Bir-birinin dalınca altı planeti gəzib-dolaşan şahzadə onların hər birində bu planetin əsas keyfiyyətini əks etdirən həyat əlamətləri ilə rastlaşır. Balaca şahzadə bu planetlərdə insanı məlum çərçivədən çıxaran bütün qüsurları böyüdülmüş fokusda görür və müşahidə edir: hakimiyyət ehtirası, lazımsız qürur, sərxoşluq, yalançı alimlik. Məhz bu məqamda balaca şahzadə insan mühakiməsinin doğruluğuna şübhələnir.
 
Eqzüperi hekayəsinin elə ilk səhifəsində əsərinin əsas ideyalarından birini ön plana çəkir: dostluq. Onun fikrincə, dostluq bu dünyadakı yadlaşma və digər qüsurların buzunun qırılmasında böyük rol oynayır.
 
"Balaca şahzadə"nin əsas özəlliklərindən biri də budur ki, əslində böyüklər üçün yazılan bu kitab sürətlə uşaqların auditoriyasına daxil oldu.
 
"Balaca şahzadə"nin proobrazı kimi folklordakı səyyar süjetli sehirli nağılları götürmək olar: gözəl şahzadə məhəbbətinin alınmaması səbəbindən doğma evini tərk edir və xoşbəxtlik və macəra axtarışında yolların ağına düşür.
 
Eqzüperi bu süjeti götürüb dəyişdirir və ona ironiya ilə unudulmaz naxışlar salır. Başqa bir cəhət: balaca şahzadə obrazı avtobioqrafik keyfiyyətlərə də malikdir, həm də bəzi keyfiyyətləri etibarı ilə müəllifdən uzaq tutulur, başqa xüsusiyyətlərlə süsləndirilir.
 
Əsərin səhifələrində balaca şahzadə planetləri gəzib-dolaşır, müxtəlif  insanlarla tanış olur. Müəllifin təhkiyəsində təqdim edilən fantastik dünyalar bir-birindən fərqlənirlər. Bu planetləri müxtəlif xarakterli insanlar idarə edir. Bu yaşlı insanlar onda qəribə təəssüratlar oyadır. Planetlərin birində kral xeyirxah olsa da, hər şeyin məhz onun əmrinə görə icra edilməsini istəyir. Günlərin birində onun qarşısına bir sərxoş insan çıxır. İçdiyinə, eyş-işrətlə məşğul olduğuna görə bu adam utanır.  Ancaq utanc hissini unutmaq üçün içməkdə davam edir.  Biznesmenlə rastlaşarkən şahzadə birə-on təəccüblənir, bu adam gecəli-gündüzlü payına düşən “ulduzları” və ya fənərləri saymaqla məşğuldur, hər dəqiqə fənəri yandırıb-söndürür və yuxu yatmağa bircə dəqiqə vaxtı da qalmır.  Şahzadənin rastına çıxan coğrafiyaçı alim onu daha çox təəccübləndirir, bu adam səyyahların dediklərinə qulaq asıb qalın-qalın kitablar yazır, ancaq öz planetində nələrin olduğundan xəbərsizdir. Bütün bunlar süjetin yalnız zahiri tərəfidir. Süjetin daxili qatında başqa mətləblər yatır. Əsərin bütün fəlsəfəsi məhz buradadır. Üst qatda xəfifcə hiss edilən ironiya dərin qatlarda fəlsəfi mənaların açımına gətirib çıxarır.
 
Məsələ belədir ki, alman idealist filosofları belə bir tezislə çıxış edirdilər ki, insan Allaha bərabərdir, insan elə Yaradanın özü kimi ideya yarada və onu həyata keçirə bilər. Ancaq insan mənəvi ipostasları unudaraq yalnız maddi olan şeylər uğrunda yaşamağa başlayır. Dünyada şər o zaman kök atmağa başlayır ki, insan Allaha tən olduğunu unudur. Yalnız uşaq ürəyi, həm də həqiqi sənətkarın qəlbi merkantil maraqlardan uzaqdır və şərə qulluq etmir. Məhz bu səbəbdən romantiklərin yaradıcılığında uşaqlıq kultu qabarıq nəzərə çarpır.  Buna görə də əsərdə varlıq fəlsəfəsi bir müddəa kimi qoyulur – real varlıq keçicidir, ideal mövcudluq əbədi. İnsan ömrünün mənası ideal olana maksimum yaxınlaşmaqdadır.  Balaca şahzadə əlində əsa, ayağında çarıq bütün dünyanı gəzib dolaşaraq həyatın gizli mənalarını axtaran bir obrazıdır.
 
Eqzüperinin ən məşhur əsəri olan “Balaca şahzadə” dünyanın 100 dilinə tərcümə edilib. Onun içindən dünyaya, qəzet, jurnal və kitab səhifələrinə səpələnən aforizmlər çox məşhurdur. Onlardan bəzilərini təqdim edirik.
 
***
 
“Böyüklərə deyəndə ki, çəhrayı kərpicli gözəl bir ev gördüm, pəncərəsində ətirşah vardı, tavanında göyərçinlər”, - onlar bu evi heç cürə təsəvvür edə bilmirlər. Bunun üçün onlara belə demək lazım idi: “Mən yüz min frank dəyəri olan bir ev gördüm”, - belədə onlar heyrətlənərdilər: “Nə gözəl!”
 
***
 
“Heç hara baxmadan yolun ağına düşüb düpbədüz getsən, çox uzağa gedə bilməzsən”.
 
***
 
“İnsanlar bir bağda beş min dəfə gəzib dolaşırlar... ancaq burda axtardıqlarını tapmırlar ki, tapmırlar... ”
 
***
 
“Lovğa insanların qulağı tərifdən özgə hər şeyə kardır”.
 
***
 
“Hansısa uzaq ulduzların birinin bağrında bitən gülü sevirsənsə, gecələr səmaya bax. Bütün ulduzlar çiçəkləyəcək...”
 
***
 
“Gözlər kordur. Ürəksə görür...”
 
***
 
“Bir dəfə mən bir gün ərzində günəşin düz qırx üç dəfə batmasını seyr etdim. Bilirsən... qəhər boğazına tıxanıb qalanda, günəşin astaca, hiss edilmədən, ayaq izi qoymadan çıxıb getməsini seyr etmək gözəldir... ”
 
***
 
“Belə miskin bicliklərin və kələklərin arxasında mən şəfqəti hiss eləməliydim. Güllərin ağlı başında olmur ki! Ancaq o zaman çox gənc idim, sevgi nədir, bilmirdim”.
 
***
 
“Bilirsən... mən o gülə görə cavabdehəm... O, necə də zəifdir, müdafiəsizdir. Onun olsa-olsa dörd miskin tikanı var, bu boyda əclaf dünyanın qarşısında...”
 
Cavanşir Yusifli(kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar