Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Düşmənin faydası


Deyəsən, uzun illərdir əlimə siqaret qutusu götürməmişdim. Dostlardan birinin masa üzərində buraxdığı qutunu sanki ilk dəfə görürmüşcəsinə çək-çevir etməyə başladım


 Siqaretin sağlamlığa ziyanlı olması barədə Səhiyyə Nazirliyinin xəbərdarlığı nədənsə xoşuma gəldi. İllər öncəsinə, bu zəhəri ara-sıra çəkdiyim vaxtlara qaytardı məni.

Demək ki, sistemlər, rejimlər, dövrün tələbləri dəyişsə də, dünyada insana yönəlik bütün xəbərdarlıqlar öz məzmununu dəyişmirlər. Bu formada xəbərdarlıqlar insanların davranışlarını, vərdişlərini necə, dəyişdimi? Hər halda, burada hansısa faiz göstəricisi müəyyənləşdirmədən rahatlıqla söyləmək olar ki, mahiyyəti üzrə dəyişən insan sayı elə də çox deyil. Bütün ilahi mesajların aktual mövzusu da insanın dəyişməsinə çağırışdır. Bütün müqəddəs kitablarda hər səhifədə xəbərdarlıq nidası cümlənin önünə çıxarılır. Burada İman və Bilgi modelinə uyğun dəyişmədən söhbət gedir.

Azərbaycan cəmiyyətinə, konkret insanımıza tarix zamanı boyunca xarakterimizə, mental quruluşumuza əhəmiyyətli təsir göstərən dörd etnik sistem olmuş: ilk olaraq daha qədimdən bəri farslar, İslamın doğuşundan sonrakı dövrlərdə ərəblər, son iki yüz il ərzində ruslar və nəhayət, son bir əsr ərzində ermənilər. Bizim millət və dövlət olmamızda öz daxili impulslarımızdan daha çox xarici təzyiq amili əhəmiyyətli rol oynamışdır. Üzücü odur ki, geriliyimizin diaqnozunu müəyyənləşdirməyə çalışan düşünürlərimiz həmişə bu xarici cinahları neqativ tərəfdən qiymətləndirməyə çalışmışlar, bu isə özümüzdən qaynaqlanan natamamlıqları görməkdən yayınmamız üçün əlimizə bəhanə vermişdir.

Təsəvvür edin ki, Azərbaycan bir məkan olaraq həmişə fars zəkasının yaratdığı fəlsəfi təlimlərin və dini-mistik məktəblərin aurası içində yer almışdır. İslamın doğuşundan sonra da Azərbaycan, anti-İslam Şuubiyə hərəkatının əsas ocaqlarından biri olaraq qalmışdır. Səlcuq-Oğuz türklərinin gəlişindən sonra da ərazidə çoxluğa çevrilməyimizə rəğmən, digər türk topluluqlarından fərqlənərək fars-şuubiyyə zəkasının İslamın içində öz milli din modeli qurması prosesinə də ən çox yardım edən bir zümrə olmuşuq. Biz əslində farslara tarix boyu dövlətçilik ruhu və fəlsəfi məktəb ənənəsi baxımından uduzmuşuq. Bu natamamlığımızı görə bilmədiyimizə görə bu günün Azərbaycanında belə problemlərin kökünü farsların hansısa sirli bir çubuqla düşüncəmizi, inancımızı idarə etməsində görməyi özümüzə təlqin etmişik. Özümüzdən “fars zülmü”, “fars əsarəti” kimi hədəf ifadələr də uydurmuşuq. Əsl həqiqətdə İran dövləti fars tarix və fəlsəfə ənənəsinə əsaslanmasaydı, bu ölkədə yaşayan sadəcə qanı qanımızdan olan qardaşlarımızın az-çox türk kimliyinə isnad edən müqavimət duyğusu formalaşmayacaqdı. Heç indiyəcən bu sualı qarşımıza qoymamışıq ki, nədən Yaxın və Orta Şərqdə fars düşüncə modeli ən çox bizi öz təsiri altına ala bilmişdir. Əslində 1918-ci ildə yaradılan Azərbaycan Cümhuriyyəti də mahiyyətcə anti-İran dövlətidir və onu yaradanlar da rus ekolundan çıxan şəxsiyyətlərdir. Yəni bu düşüncənin sındırıldığı tarix məhz 1918-ci ildir. Bu da düşmən saydığımız bir etnik sistemin bizə bəxş etdiyi fayda.

İslam kimi bir dini bəxş etmiş ərəb düşüncə sisteminə qarşı yenə də “ərəb işğalı”, “qılınc müsəlmanı” terminlərini uyduraraq, guya gələn mükəmməl əxlaq dininin hansısa dəyərimiz məhv etdiyinə özümüzü inandırmışıq. Əslində isə insanlıq adına qazandığımız bəlkə də ilk ümumbəşəri dəyər İslamın özü idi və bu fürsəti də doğru seçimlə qiymətləndirməkdən uzaq düşdük. Halbuki biz ərəblərin gətirdiyi İslamla deyil, farsların ötürdüyü İslam tarixinin intriqaları ilə iç-içə yaşamağa üstünlük verməklə inanc baxımında dualist bir xarakter daşıyıcısına çevrildik. Düşmən saydığımız ərəblərin gətirdiyi mədəniyyəti də, faydanı da doğru mənimsəyə bilmədik.

Taleyimizdə, tariximizdə ən ciddi dönüş faktı “rus zülmü, işğalı, müstəmləkəsi” dediyimiz bir hadisə ilə başlar. Gülüstan, Türkmənçay rus işğalının başlanğıcı olmaqla yanaşı, həm də milli dirçəlişin başlanğıcı, xalqın bir hissəsinin İranlı kimliyindən modern Türk kimliyinə qovuşması tarixi kimi baxılmalıdır. Rus işğalla yanaşı, bizi molla mədrəsənin içindən çıxarıb məktəbin içinə soxdu, Qori seminariyasına çağırdı, qəzet buraxmaq, kitab oxumaq vərdişi aşıladı, hərbi biliklərə yiyələnmək imkanı da gətirdi. Hərçənd ki, bir çoxumuz məktəbi “uşqol” deyə lağlağıya qoyduq, qəzet oxuyanı “Babı” deyib ələ saldıq, hərbiyə getməkdən yayındıq, ancaq barmaqla sayılacaq öncül insanlarımızın hesabına rus mühitindən yetişən intellektual bir elita üzə çıxara bildik ki, bunun da nəticəsi Azərbaycan Xalq Cümhuriyyəti oldu. Sovet dövrü də təqribən bizə amansız qətliamlarla yanaşı elm, sənət və başqa sahələrdə az-çox faydalı miras buraxa bildi. Yəni bizdən bir addım öndə olan düşməndən faydalanmaq faktını ruslarla münasibətimizi araşdırdığımızda daha rahat dərk edə bilərik.

Eyni minvalla bir əsrdən artıq davam edən erməni təcavüzü, işğalı, qətliamları bizim üçün həm Qarabağı, həm Zəngəzuru, həm də bütövlükdə Azərbaycanı ərazi anlayışından çıxarıb Vətənə çevirdi. Bu Vətənin bir hissəsini itirəndən sonra bizlərdə onu müqəddəs bir dəyər kimi sevmək instinkti yaratdı. Özümüz yarada bilmədiyimizi düşmənin təzyiqi bizim üçün gözlədiyimizdən daha sürətlə yaratdı. Bu gün sevinməliyik ki, erməni adında bir düşmənimiz var və təsəvvür edin ki, bu düşmən bizi bir-birimizə qənim kəsilməkdən, həsəddən, paxıllıqdan, nifrətdən az-çox qoruya bilir. Biz artıq müqavimət göstəririk, biz artıq diplomatik savaş veririk, biz artıq hərəkətdəyik və müstəqil dövlət quruluşunun hesabına millət xarakterinə malik olmağa başlayırıq. Bu gün müqayisə etməyə erməni olduğuna görə biz natamam şəkildə də olsa, nələrəsə hazırlıq görməyə başlayırıq. Bəzən bir böyük itki bir insan həyatının faydalı dəyişimi üçün təkan olur. Millətlərdə də bu belədir, dövlətlərdə də. Yəni ermənilər bizim gələcəyimiz barədə düşünməyimiz üçün bir xəbərdarlıq işarəsidir. Xəbərdarlığı söymək, inkar etmək, görməzdən gəlmək əvəzinə, düşünmək, düşünərək həyat tərzini, yanlış görüşləri, davranışları dəyişmək daha doğru olmazmı? Ən azı düşməndən üstün mövqeyə gəlmək üçün bunu etmək məcburiyyətimiz var.

İndi bir siqaret qutusuna baxıram, bir Səhiyyə Nazirliyinin xəbərdarlığına, bir də öz xarakterimə. Hər zaman bu qutu da olduğu kimi qalacaq, Səhiyyə Nazirliyi də səhhətimizlə bağlı xəbərdarlığını edəcək. Qalır dəyişə biləcəyimiz, təkmilləşdirə biləcəyimiz bir şey - xarakterimiz. Ən azı düşmənin faydasını zərərlərin, faciələrin içindən seçə biləcək qədər yetkin xarakterimiz olmalıdır...

Fazil MUSTAFA


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Fazil Mustafadan İran ordusuna çağırış:"Onlar "Ümid"dən gəldilər, siz də "Xudafərin"dən girin!"

Fazil Mustafa:"Onlar haqlarını sizlərə çətin ki, halal etsinlər..."

“Özünü rayonun kiçik padşahı kimi aparır” - Fazil Mustafa İçra başçısı haqda

Rusiyaya yaxınlaşmaq Rusiyadan uzaqlaşmaqdan daha qorxuludur

“Anlamadıq ki, bizim hakimiyyət həzzimizin bədəli Şuşanın, Laçının itkisidir”

“İt hürən tərəfə gedənlər xalqın qaragüruha qazandırdıqları məxluqlardır"

Ən çox oxunanalar