Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əbədi “dost”lar, yoxsa əbədi maraqlar?



İngilislər ölkələrinin əbədi dostlarının deyil, əbədi maraqlarının olmasını vurğulamağı sevirlər


Bu baxımdan Qərb dövlətlərinin əksəriyyətinin tanımasına rəğmən bir vaxt Azərbaycanın, hətta Rusiyanın Kosovonun müstəqilliyini tanımamasını haradasa başa düşmək olardı. Amma Rusiya öz “səhv”ini tez düzəltdi, Abxaziyanı və Cənubi Osetiyanı tanıdı, Krımı ilhaq etdi, indisə Ukraynanın şərq bölgələrini ilhaq etməyə cəhd edir...

Azərbaycana gəldikdə isə haranısa ilhaq etmək bir tərəfə qalsın, hətta öz torpaqlarının bir qarışını belə qaytara bilmədi, olsa-olsa, Serbiyanın timsalında özünə yeni müttəfiq qazandı. Amma ölkənin o vaxtkı siyasi dəst-xəttini hər halda, başa düşmək olardı-ərazi bütövlüyü təhlükədə olan ölkənin ərazi bütövlüyü prinsipini önə çəkməsi və siyasətini də bu rakursda qurması elə də təəccüblü deyil, əksinə, təbiidir...

Amma Ukraynada münaqişə başlayandan, Qərblə Rusiya, xüsusən də ABŞ-la Rusiya arasında soyuqluq müşahidə ediləndən sonra Azərbaycanın xarici siyasət kursunda bir növ “ziqzaqlar” başladı-kiçik bir ölkə özünü elə apradı ki, sanki Qərb dünyası sanksiyaları Rusiyaya deyil, ona qarşı tətbiq edir...

İndi də ölkə Ukraynanın ərazi bütövlüyünü müdafiə etdiyini deyir. Amma eyni zamanda “kobzar”lara ismarış göndərir ki, başa düşsünlər ki, Rusiya Azərbaycanın yaxın dostudur və bu, azmış kimi Avropa Şurasında Rusiyanı müdafiə də edir...

Doğrusu, Rusiya ilə Azərbaycanın dostluğu haqda söz deməyə çətinlik çəkirik. Ona görə ki, əgər dostluq budursa, onda gərək biz bütün dostlarımızla münasibətlərimizə yenidən baxaq...

Rusiya Ukraynanın ərazisinin bir hissəsini ilhaq edib. Rusiya ilə Ermənistan Azərbaycan ərazisinin böyük bir hissəsini zəbt edib. Rusiya Gürcüstanın ərazi bütövlüyünü pozub...

Bu rakursdan baxanda Azərbaycanın kimin yanında olması sual doğurmamalı idi, çünki hər şey göz önündədir. Amma Azərbaycan qəribə “arbitr” rolunu tutub, bir tərəfdən Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini deyir, o biri tərəfdən də Rusiyanı bir az sıxmaq istəyən Qərb ölkələrinə elə bir üz göstərir ki, bunu Rusiyanın ən yaxın müttəfiqləri belə özlərinə rəva bilmirlər...

Bu siyasətin məğzi haqda çox düşünmüşük. İndi də düşünürük. Elə təsəvvür yaranır ki, sanki Azərbaycan dünya siyasətində cəbhələşməni çoxdan gözləyirmiş ki, illər ərzində öz içində yığılıb qalan kin-kudurəti Qərb ölkələrinin üstünə töksün...

Niyə belə oldu? Nədir bunun səbəbi? Azərbaycan siyasətində bir az infantil, bir az da kriminal aləmə xas olan düşüncə notları sezilir. Sanki Rusiyaya göstərmək istəyirlər ki, bax, əsl cəngavərlik belə olar, Qərb ölkələri sənin üstünə ayaq açmağa başlayanda biz dərhal səni müdafiyə qalxdıq...

Belə siyasətin bir mənası varmı? Vallah, çox istərdik ki, olsun və hər şey də bizim diplomatların düşündüyü kimi baş versin. Amma olacaqmı?

Burada bir kiçik detal yadımıza düşür. Moskvada birinci kursda oxuyarkən bir rus tələbəsilə Bakıdan danışırdıq. Necə oldusa, mən neftin adını çəkdim. Həmsöhbətim elə bir təəcüblə “Bakıda neft var?” deyə soruşdu ki, mən özüm də bir anlığa çaşdım: doğrudan da var, yoxsa...

O bilmirdimi ki, Bakıda neft var? Bilirdi. Rusiyanı Hitlerdən Bakı nefti xilas etmişdi. Amma bircə dəfə belə olsun bu, yüksək səviyyədə etiraf olunmadı və Bakıya hətta qəhrəman şəhər adı da vermədilər...

200 illik əsarət dövründə Azərbaycan Rusiyaya çox şey verib. Amma əvəzində nə alıb? Qonşuluqdakı Ermənistanı alıb! Rusiyanın Azərbaycana da hədiyyəsi bu olub...

Bu yaxınlarda, rus əsgərilə bağlı məsələ müzakirə edilərkən, iki rus politoloqu elə tarixi faktlar açıb dedilər ki, hamımız heyrətdən donduq ki, bunlar hər şeyi bilirlərmiş ki?!.

Onlar hər şeyi bilirlər. Amma epizodik “soyuqluq” əlamətlərinə baxmayaraq Ermənistanı heç vaxt siyasi “buksir”dən ayırmayacaqlar. Bu, Rusiyanın siyasətidir. Rusiya belə hesab edir ki, onun dostu olmaq, onu müdafiə etmək Azərbaycanın  borcudur...

Qarşıdan fevral gəlir. Təbii ki, Xocalı soyqırımının növbəti ildönümünü qeyd edəcəyik. Amma bir sual vermək istərdik... Görəsən, 366-cı alay kimin olub? Bəlkə Avropanın? Və yaxud da ki, ABŞ-ın? Doğrudan da, 366-cı alay kimin olub? (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar