Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ədalət Azərbaycan dövlətinin təməlidirmi?




“Adicə televizorda görürük ki, şikayətçi vətəndaş göstəriləndə əlində onun leyhinə məhkəmə qərarı olduğu halda yenə də kömək istəyir”


Azərbaycanda məhkəmə orqanları vətəndaşların ən çox şikayət etdiyi qurumlardan biridir. Qeyd edək ki, saytımızın elektron poçtuna daxil olan şikayətlərin əksəriyyəti bir qayda olaraq məhkəmələrin ədalətsiz qərarlar çıxarması barədə olur.  Elə buna görə də, PİA.AZ-ın əməkdaşının sosial şəbəkə vasitəsi ilə keçirdiyi növbəti  sorğunun mövzusu Azərbaycan məhkəmələri olub.

Qeyd edək ki, hələ ən qədim zamanlarda məhkəmə sistemi hər dövlətin əsas strukturlarından biri olub. Çünki hər bir hakimiyyət öz mənbəyini Tanrıdan aldığını iddia etdiyinə görə ədalət hər bir hakimiyyətin əsas atributu olaraq çıxış edirdi. Hətta Roma imperiyasında respublika dönəmində dövləti idarə edən konsullar və daha sonra imperatorlar sadə vətəndaşların məhkəmələrində hakim rolunda çıxış edirdilər və elə onların əsas vəzifələri də elə bu hesab olunurdu. 

Çağdaş dövrümüzdə isə bir qayda olaraq məhkəmələr dövlətin əsas sosial-ideoloji sütununu təşkil edən ədalət prinsipinin atributu rolunda çıxış edir və demək olar ki, bütün rejimlərin əsas qanunlarında məhkəmələr müstəqil dövlət qurumu olaraq göstərilir. 

Azərbaycan konstitutsiyasına görə də məhkəmələr müstəqildir və hər hansı bir dövlət qurumunun məhkəmələrə təzyiqi yol verilməz hesab edilir. Amma buna baxmayraq, bir çox hallarda vətəndaşlarımız məhkəmələrdə ədalətin və qanunların tapdanması ilə üzləşirlər. Bu bəzən ayrı-ayrı məmurların məhkəməyə göstərdiyi təzyiqlə baş versə də, əksər hallarda hakimlər öz maraqları naminə qanunları heçdən görür və ədaləti ayaqlar altına atırlar. Bəs insanlarımızın Azərbaycan məhkəmələrinin ədələtinə nə qədər inamı var? Və Azərbaycan məhkəmələri dövlətin ədalət atributu olaraq çıxış edə bilirlərmi?

PİA.AZ-ın əməkdaşı bu suallarla sosial şəbəkə vasitəsi ilə aktiv vətəndaşlara müraciət edib. Onların fikirlərini olduğu kimi oxucularımızın diqqətinə cəlb edirik:


Cavid Cabbarlı: “Azərbaycanda məhkəmə sisteminə güvənməyə gəldikdə, təəssüfdən başqa bir şey xatırlamıram”

Vətəndaş və İnkişaf Partiyasının sərd müavini Cavid Cabbarlı hesab edir ki, əmlak bölgüsü, aliment, boşanma və bu kimi prosesləri istisna etsək, məhkəmələrdə ədalət sisteminin iflic olduğunu demək olar:

“Hakimiyyətin uzun ömürlü olması üçün əsas şərtlərdən biri, bəlkə birincisi ədalətdir. Bunu tarix isbat edib. Ədalətsiz hakimlər uzunömürlü olmayıblar. Bu fakta xüsusi diqqət ayrılmalıdır. Azərbaycanda məhkəmə sisteminə güvənməyə gəldikdə, təəssüfdən başqa bir şey xatırlamıram. Bizdə məhkəmələr mövcud iqtidarın siyasi maraqlarını təmin etməklə məşğuldur. Ya hakimiyyətin birbaşa siyasi tapşırığını icra edir, ya da hakimiyyətin siyasi kursuna uyğun qərar qəbul edirlər. Əmlak bölgüsü, aliment, boşanma və bu kimi prosesləri istisna etsək, məhkəmələrdə ədalət sisteminin iflic olduğunu demək olar. 

Təbii ki, bu proseslərdə də rüşvət halları kifayət qədərdir. Hesab edirəm ki, Azərbaycan hakimiyyəti ömrünü uzatmaq üçün məhkəmə siyasətinə göz gəzdirməlidir. Əks halda həm hakimiyyət, həm də dövlətimiz və xalqımız üçün çox ciddi fəsadlar gözlənilə bilər. Məhkəmə sistemi hər bir fərdi ədalətin bərpasını təmin etmirsə, onu dövlətin ədalət simvolu hesab etmək olmaz”.


Coşqun Eldaroğlu: “ Əzrayıl balama dəyməsin, balası lazım deyil ”

Jurnalist Coşqun Eldaroğlu bildirir ki, məhkəmələr ədalət prinsiplərinə o qədər xəyanət edir ki, uzun-uzadı şərh verməyə də ehtiyac yoxdur:

Azərbaycanda məhkəmə sistemi, adətən, siyasi hakimiyyətin sifarişlərini yerinə yetirən, hökumətin iradəsinə uyğun qərarlar çıxaran cəza institutudur. Məhkəmələr ədalət prinsiplərinə o qədər xəyanət edir ki, uzun-uzadı şərh verməyə də ehtiyac görmürəm. Azərbaycanlıların məhkəməyə münasibəti belədi: “Əzrayıl balama dəyməsin, balası lazım deyil”. İnsanlar hüquqlarının məhkəmədə qorunacağına qətiyyən inanmırlar. Bu ölkədə məhkəmə sistemi daha çox hakimiyyətə lazımdır”.


“Bizdə pul gücünə məhkəməni istənilən qaydada udmaq olar”

Menecer Mahir Rəşidov qeyd edir ki Azərbaycanda müstəqil məhkəmə yoxdur:

“Məhkəmə demokratik bir ölkənin vətəndaşlarının arxalandığı, güvəndiyi müstəqil orqandır. Çox təəssüflər olsun ki, bizdə bu belə deyil.Çünki bizdə pul gücünə məhkəməni istənilən qaydada udmaq olar. Qardaş Türkiyədə məhkəmə müstəqil və tam olaraq demokratik qaydada fəaliyyət göstərir, lakin bizdə yox”.


Aqil Ələsgər: “Məhkəmələr millətin vicdanı olmalıdır”

Məhkəmələrə olan inamsızlığın tək Azərbaycanda deyil, digər ölkələrdə də  olduğunu “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgər irəli sürdü:

“Məhkəmələr millətin vicdanı olmalıdır. Millət onun çıxardığı qərarı mühakimə etməməlidir. Təəssüf ki, Azərbaycanda məhkəmə sisteminə inam azdır. Lakin, bu bütövlükdə məhkəmə sisteminə inamsızlıq anlamına gəlməməlidir. 2008-ci ildə Elnur Aslanovun tapşırığı məhkəmədə keçsəydi, hakim məni çoxdan həbs etdirmişdi. O zaman Allah qarşımıza şərəfini fətullahçılara satmayan hakim çıxardığı üçün qarşımıza dövlət gücü ilə çıxan şəbəkə istəyinə nail oldu. Yəni, bu səbəbdən məsələ ilə bağlı birmənalı qərar vermək çətindir. Bir sözlə, məhkəməyə işin düşdüsə, Allaha dua etməlisən ki, qarşına vicdanlı hakim çıxsın. Bu sadəcə Azərbaycanla bağlı deyil, digər ölkələrdə də eyni vəziyyət keçərlidir. Türkiyədə yaşananlar göz önündədir. Sırf Gülən istədi deyə minlərlə insan aylarla, illərlə həbsdə qaldı. Bu da Türkiyədə məhkəməyə etibarı azaltdı”.


Murad Məmmədov: “Azərbaycanda hələki insan hüquqlarından başqa hər şeyin maarrifləndirilməsi var”

Sosial mövzular üzrə təlimçi, blogger Murad Məmmədov İlahi ədalətdən başqa çarəmizin olmadığını söylədi:

“Hər bir vətəndaş hüququnun pozulduğunu hesab etdiyi bütün məsələlərdə ilkin olaraq, məhkəməyə müraciət etməlidir. Lakin çox təəssüf ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti hüquqları pozulduğu zaman məhkəməyə müraciət emirlər. Məsələni bir çox halda ya rüşvət, yada zorakılıqla özbaşına həll etmək çalışırlar. Bu isə çox yanlışdır. Bunada səbəb əksər hallarda Azərbaycan vətəndaşlarının bir çoxunun öz hüquqlarından xəbərsiz olmasıdır.

 Dövlətin öz vətandaşlarının hüquqlarını bilmələri üçün marifləndirici tədbirlər görməlidir. Amma hələki insan hüquqlarından başqa hər şeyin maarrifləndirilməsi var.  

Azərbaycan məhkəməsi ölkənin ədalət atributu olaraq çıxış edə bilməz. Çünki bir sıra məhkəmə proseslərinin qərəzli və yanlış qərarlarla müşayət olunması göz qabağındadır. Həmçinin də, məhkəmə qərarlarının icra olunmasında böyük boşluqlar var. Adicə televizorda görürük ki, şikayətçi vətəndaş göstəriləndə əlində onun leyhinə məhkəmə qərarı olduğu halda yenə də kömək istəyir. Buna görə də, hələki İlahi ədalətə ümid etməkdən başqa çarəmiz yoxdur”


Şərif Ağayar : “Məhkəmə hakimiyyəti sisteminə hazır deyilik”

Yazıçı Şərif Ağayar  bir cümlə ilə Azərbaycan məhkəmə sisteminin ədaləti ilə bağlı öz rəyini bildirdi:

“Biz konstitusiyada təsbit olunan məhkəmə hakimiyyəti sisteminə hazır deyilik. Bu qədər deyə bilərəm”




Sevil Əmirxanlı: "Hüquq iqtidarın fahişəsidir"

Müəllimə Sevil Əmirxanlı fikrincə isə belə gedərsə, məhkəmələr ədalətsizliyin atributuna çevrilə bilər və Azərbaycan məhkəmələrinin ədalətli olmasını arzulayır:

“Ədalət hər bir hakimiyyətin əsas atributu olmalı olduğu kimi , məhkəmələr bu atributun qoruyucu mələyi olmalıdır. Mixail Bakunin demişdi: "Hüquq iqtidarın fahişəsidir". Təəssüflər olsun ki, bu bütün dünyada belədir. Bir çox hallarda, qanun məhkəmələrin əlində rezin topa bənzəyir, sərf edildiyi istiqamətdə yönəldilir. Düşünürəm ki, Azərbaycan da bu baxımdan istisna deyil. Məhkəmələrimizin fəalliyyətində xoşagəlməz hallar mövcuddur. Bir çox xoşagəlməz halların aradan qaldırılması üçün Azərbaycan məhkəmələrinin daha ədalətli olmağını arzu edirəm. Çünki qanun və ədalət satılarsa, ədalətsizlik atributa çevrilə bilər”.



Məhəmmədəli Qəribli: “Azərbaycanda xalqı narazı salan hakimiyyət qollarından ən öndə duranı məhkəmələrdir”

Jurnalist Məhəmmədəli Qəriblinin dediyinə görə, məhkəmə sistemindəki vəziyyət Məhkəmə Hüquq Şurasından birbaşa asılıdır:

“Hesab edirəm ki, Azərbaycanda xalqı narazı salan hakimiyyət qollarından ən öndə duranı məhkəmələrdir. Azərbaycan məhkəmələrində ədaləti bərpa etmək demək olar ki, müşkül məsələyə çevrilib. Bunun şahidi olmaq üçün öz işinin ora düşməsi lazımdır. 

Bu gün hüquq sistemində yaranan ən böyük paradoks məhkəmələrin prokurorluqdan ehtiyat etməsidir. Son qərarı hər zaman məhkəmə verir, ancaq buna baxmayaraq, onlar prokurorluğun razılığı olmadan ədalətli qərarı belə verməkdən çəkinirlər. Bu da, əksər hallarda prosesual normalara uyğun məhkəmə istintaqının aparılmadığını üzə çıxarmış olur. İbtidai istintaqda prosesual hüquqi nəzarəti həyata keçirən qurum qarşısında yaranan asılılıq əksər hallarda məhkəmələri notariat rolunu oynamağa sövq etdirir. Yəni onlar işə ibtidai istintaqın gəldiyi qənaət çərçivəsində baxır, cəzanı da həmin həddə təyin edirlər.

Məhkəmələrdə vəziyyətin hansı səviyyədə olmasını bilmək üçün Məhkəmə Hüquq Şurasının verdiyi qərarlara diqqət etmək lazımdır. 

Son illər ərzində həmin ali qurum bir çox hakim barəsində intizam məsuliyyətinə cəlb etmə, hakim səlahiyyətlərinə vaxtından əvvəl xitam verməklə bağlı əlaqədar qurumlar qarşısında vəsatətlə çıxış edib. Deməli, dövlətin özü də məhkəmə hakimiyyətində olan neqativliklərin aradan qaldırılmasında maraqlıdır. Bu olduqca vacib bir məsələdir. Çünki qanunvericiliyə görə, məhkəmə hakimiyyəti heç bir qurumdan asılı deyil. Hətta Prezidentin belə onun işinə müdaxilə etməsi yolverilməzdir. Belə olan təqdirdə, məhkəmələrə olan inamın bərpası, vətəndaşın öz ölkəsinin femidasına güvənə bilməsi ən vacib faktorlardan biri olmalıdır. Bunu güclü dövlət olmağın şərtləri diqtə edir”.


Yusif Məhəmmədoğlu: “Məhkəmələr prokurorluq orqanlarının çıxardığı qərarları çox zaman qüvvədə saxlayırlar”

Məhkəmə sisteminin böyük qismininin sifarişli həyata keçirildiyini yazıçı -jurnalist Yusif Məhəmmədoğlu irəli sürür:

“Öncəliklə sualınıza görə təşəkkür edirəm. Çox təssüflər olsun ki, bu gün məhkəmə sisteminin böyük bir qismi sifariş və ya maddiyat üzərindən qərarlarını çıxarırlar yaxud da prokurorluq orqanlarının çıxardığı qərarları məhkəmələr çox zaman qüvvədə saxlayırlar. Bu isə ictimaiyət və əhali arasında narazılıq yaradır. 

Avropada və ümumiyyətlə Qərb ölkələrində məhkəmələr tam müstəqildir. Müstəqil olduqları kimi də hər zaman dövlətin mənafeyini üstün tuturlar. Çox istərdim ki, bizim də məmləkətimizdə belə məhkəmə sistemi olsun”


Rüfət Dərin: “Əksər hallarda məhkəmələr ədalətin təminatçısı kimi yox, opponenti kimi çıxış edir”

Müsahibatçı Rüfət Dərin isə hakimlərin müstəqil olmadığını bildirdi:

“Təəssüf hissiylə deməliyəm ki, Azərbaycanda başqa sahələrdə olduğu kimi, məhkəmə sistəmlərində də ciddi problemlər var. Qərarlar çox vaxt sifarişli olur, hakimlər müstəqil deyil. Siyasi məhbusların çox olması, Qərbdən yerli məmurlara qoyulan sanksiya xəbərlərindəki siyahıda hakimlərin çox olması buna əyani sübutdur. Əksər hallarda məhkəmələr ədalətin təminatçısı kimi yox, opponenti kimi çıxış edir”.


İntiqam Valehoğlu: “Məhkəmələrin nöqsanları da var”

Jurnalist İntiqam Valehoğlu fikrini lakonik bildirdi:

“Qısaca olaraq bildirim ki, bəzi istisnaları nəzərə almasaq, məncə, çıxış edə bilirlər. Təbii ki, nöqsanlar da var”.



Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar