Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eksponatların tarixə nifrəti


Həmişəki kimi, yenə ətrafımızda baş naziri dəyişdilər, yenə Artur müəllim gündəmə gəldi


Qəzetlər yazdı ki, Artur Rasizadənin baş nazirliyi dönəmində Türkiyədə 7 baş nazir dəyişdirilib. Yeri gəlmişkən, bu ilin mayı Artur müəllim üçün başqa önəmli tarixin bayram edilməsi ilə yadda qalacaqdır: o, 1996-cı ilin mayında Azərbaycana baş nazir qoyulubdur və 2003-cü ildə ulduzlardan gələn bəla nəticəsində qısa müddətə vəzifəni gələcək prezidentə bağışlamasını çıxmaq şərti ilə, bu ilin mayında baş nazirliyinin düz 20 ili tamam olmuşdur! 

Türkiyə hələ şükür eləməlidir, bu 20 il ərzində Artur müəllim Yaponiyanın nə az, nə çox - 11 baş nazirinin dalıyca su atmışdır! Elə ona görə Yaponiyanın sunami basdı, neçə yapon yazıq oldu. Baş naziri dayanıqlı olan dövlətlərdə sabitlik yaranırmış. 

Ancaq Azərbaycanda tarixi eksponat təkcə Artur müəllim deyil ki... Yapistlərin çoxu belədir, qədim dövrlərdən bizə yadigar qalmışlar. Sadəcə, baş nazir mağmın adamdır, Elçibəy demişkən, əlimizə bir fağır baş nazir düşüb, sağdan da vururuq, soldan da. Bilirik bizə heç nə etməyəcək. Bəlkə haqqında yazanlara nəsə eləməyə Artur müəllimin heyi də qalmayıbdır. Bu gün onu yada salmağımın səbəbi isə elə qədimlik mövzusuna bağlıdır. Çox təəccüblü haldır: özü qədim eksponat olan yapistlər Bakının, Azərbaycanın qədim tarixinə qənim kəsilmişdir, yüzlərlə abidələrimiz dağıdılmış, buldozer qabağına verilib yox edilmişdir. 

Bəzən dostlar xarici ölkələrdə gəzib-gördükləri binaların şəkillərini sosial şəbəkədə paylaşırlar. Misal üçün, bu yaxında tarixçi alim Altay Göyüşov Almaniyanın hansısa şəhərindəki... 12-ci əsrdən qalma binanın fotosunu paylaşmışdı! Təsəvvür edin, 800 il yaşı olan bir neçə qatlı, zamanın təsiri ilə qapqara qaralmış bir bina şəhərin içində durmaqdadır. Nə bir kəsin ağlına gəlir ki, onu qaşıyıb ağartsın, nə də buldozerlə dağıdıb yerində hotel-fahişəxanadan-zaddan bir şey tiksin. Bakıda isə cəmi yüz il qabağın binalarını darmadağın elədilər. “Sovetski” adlanan məhəllədəki neçə-neçə tarixi bina son günlər dağıdıldı, bunlardan biri Abbas Mirzə Şərifzadənin yaşadığı bina idi. Şərifzadə Azərbaycan teatr, kino sənətinin banilərindən biridir, ilk aktyorlarımızdan biri, ilk kino rejissorumuz sayılan adam idi, 1937-ci ildə elə indiki yapistlərin babaları onu güllələmişdi. 

Şərifzadənin yaşadığı o tarixi binanı nəyin bahasına olursa-olsun qoruyub saxlamaq lazım idi. Ancaq Azərbaycan tarixinə düşmən kəsilənlər bunu etmədilər. Eyni zamanda bu cinayət əməlinə Azərbaycan Milli Elmlər Akademiyasının, Mədəniyyət Nazirliyinin də adı bulaşıbdır. Nazirlər KabinetiBakı ŞİH isə icraçıdır. İzah edim. 

Hələ bir neçə ay qabaq, konkret yazsam 2016-cı ilin fevralında Yasamal Rayon İcra Hakimiyyətində “Sovetski”nin köçürülməsi komissiyasına başçılıq edən Səməd İslamov belə açıqlama vermişdi: “Ərazidə 171 tarixi abidə var ki, bunun 76-sı Nazirlər Kabinetinin və Mədəniyyət Nazirliyinin qərarı ilə tarixi əhəmiyyətə malik olmadığından söküləcək. Hazırda daha 8 tarixi bina, o cümlədən Mirzə-ağa Əliyev 115-də yerləşən Abbas Mirzə Şərifzadənin evi ilə bağlı Elmlər Akademiyası və Mədəniyyət Nazirliyi tərəfindən araşdırma aparılır. Onların gəldikləri qərardan sonra bəlli olacaq ki, həmin binalar da sökülsün ya yox”. Mayda aparılan söküntü onların necə qərar verdiyini göstərir. Bax, indi biz AMEA və Mədəniyyət Nazirliyindən tariximizin düşmənlərinin adbaad siyahısını tələb etməkdə haqlı olarıq. Millətin də öz qərarı olmalıdır: bu alimlər və məmurları “sökmək” lazımdır, ya yox? Qoy ən azı AMEA alimcikləri bizə bildirsinlər ki, Şərifzadənin yaşadığı binanı nə üçün tarixi-mədəniyyət abidəsi siyahısından siliblər. 

Hələ bu harasıdır, həmin ərazidə daha 21 bina Nazirlər Kabinetinin, konkret Abid Şərifovun (Alabala ləqəbli) imzası ilə tarixi abidələr siyahısından çıxarılıb, 23 mayda sökülməsinə icazə verilib. 

Nazim Hikmət Stalini bəyənməzmiş. Şairin son sevgililərindən biri Vera Tulyakova xatirələrində yazır ki, bir gün İlya Erenburq Nazimdən soruşdu: “Doğrudanmı Stalinin heç bir bəyəniləsi cəhəti yox idi?” Nazim dedi: “Vardı. Gəl sənə bir əhvalat danışım. Bəlkə də bu, uydurmadır, ancaq yaxşı əhvalatdır. Bir gün Moskvanın yenidən qurulması projesini hazırlayan memar Stalinlə görüşdə deyir ki, gəlin Kreml ətrafındakı kilsəni sökək. Bununla Qızıl Meydana daha geniş yol açılar. Masanın üstündə ərazinin maketləri varmış, memar kilsənin maketini yıxıb vəziyyəti daha əyani göstərir. Bu vaxt Stalin qəzəblə bağırır: ”Qoy yerinə kilsəni! Qaytar qoy yerinə deyirəm sənə!" Beləcə, kilsə salamat qalır. 
Yazıqlar olsun, bizdə heç vaxt belə qışqıranlar olmadı.  

Zamin HACI(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar