Köçəri Nağıbəyli: “Partiya yaratmaq Əli İnsanovun konstitusion hüququdur, onun partiyası güclü təşkilat ola bilər”
Xəbər verdiyimiz kimi, Azərbaycanda yeni partiya yaradılır. Eks-spiker Rəsul Quliyev, sabiq deputat Hüseyn Abdullayev və keçmiş nazir Əli İnsanov üçlüyünün yeni partiya yaradacağı barədə bir neçə gün öncə məlumat yayılıb.
Rəsul Quliyevin nümayəndəsi Ağasif Şakiroğlu haqqin.az-a kimlər tərəfindən yaradılacağını açıqlamasa da, yeni partiya yaradılacağını təsdiqləyib.
Xəbərdə deyilir ki, yaradılan partiyanın fəaliyyətinin əsas xətlərindən biri də mühacirətdə olan Rəsul Quliyev və Hüseyn Abdullayevin, eləcə də həbsdə olan Əli İnsanovun hüquqlarının müdafiəsi olacaq. A.Şakiroğlu hətta yaxın vaxtlarda elan ediləcəyi gözlənilən partiyanın adının “Yeni nəfəs” olacağını da deyib: “Biz 2015-ci il parlament seçkilərində iştirak etməyi və əhəmiyyətli uğur qazanmağı planlaşdırırıq. Hazırda Rəsul Quliyevlə təşkilati məsələlərlə bağlı məsləhətləşmələr aparılır”.
A.Şakiroğlunun bu açıqlamasından iki gün keçsə də, adıçəkilən sabiqlərin nə özləri, nə də vəkilləri, təmsilçiləri tərəfindən heç bir təsdiq və ya təkzib xarakterli reaksiya gəlməyibib.
Məsələ ilə bağlı dünən Əli İnsanova yaxınlığı ilə tanınan Köçəri Nağıbəyli ilə danışdıq. K. Nağıbəyli bildirdi ki, Əli İnsanovun Rəsul Quliyev və Hüseyn Abdullayevlə birlikdə hansısa siyasi partiya yaratdığı və ya yaradacağı barədə onda heç bir informasiya yoxdur: “Əgər Əli İnsanov partiya yaratmaq istəsəydi bizim xəbərimiz olardı. Əli İnsanovun adı çəkilən adamlarla partiya yaratdığı barədə deyilənlər inandırıcı görünmür. Mən inanmıram ki, Əli İnsanov hər hansı bir partiya yaratsın. Əli İnsanov partiya yaratsa tək yaradar, niyə gedib kimlərləsə yaratsın”.
K. Nağıbəyli hesab edir ki, Əli İnsanov nə vaxtsa özü ayrıca partiya yaratsa, bu partiya cəmiyyətdə çox ciddi nüfuz qazanar və aparıcı siyasi qüvvələrdən birinə çevrilər: “Hər hansı siyasi təşkilat yaratmaq istənilən Azərbaycan vətəndaşının, o cümlədən Əli İnsanovun konstitusion hüququdur. Mən düşünürəm ki, Əli İnsanov kimi cəmiyyətdə ciddi çəkiyə malik şəxs partiya yaratsa, həmin partiya güclü təşkilat ola bilər. Onu da qeyd edim ki, Ali Məhkəmə Əli İnsanovun hüquqlarını pozmaqda davam edir. Avropa Məhkəməsinin Əli İnsanovun Ali Məhkəmənin plenumu ilə azadlığa buraxılması barədə qərarı faktiki olaraq yerinə yetirilmir. Biz Əli İnsanovun hüquqlarının pozulmasına son qoyulmasını tələb edirik.
Avropa Məhkəməsinin qərarının icrasını tələb eləyirik".(musavat)