Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan həmsədrlərin Bakı danışıqlarına atəşlə cavab verdi


Zahid Oruc: “Gədəbəydə baş verən əməliyyat bilavasitə Minsk Qrupuna atılan güllələrdir”; Arzu Nağıyev: “QRU rəhbərinin Ermənistana səfəri yaxşı heç nə vəd etmir”


Öz havadarlarından hərbi-siyasi dəstək alan işğalçı Ermənistanın Azərbaycana qarşı təxribat-diversiya hərəkətlərinə əl atması hər an gözləniləndir. 

Lakin məhz ATƏT-in Minsk qrupunun həmsədrlərinin Bakıya səfər etdiyi gün düşmənin mövqelərimizə xaincəsinə hücuma keçməsi elə də gözlənilən deyildi və müəyyən suallar doğurdu. 

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, "Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 24-ü gün ərzində və gecə vaxtı cəbhənin Goranboy, Tərtər, Ağdam, Füzuli rayonları istiqamətində, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədinin Gədəbəy rayonu sahəsində mövqelərimizi müxtəlif silahlardan intensiv atəşə tutmaqla aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstəriblər.

Bütün hallarda düşmənə atəşlə zərər vurulmaqla o susdurulub, hərəkət cəhdlərinin qarşısı qətiyyətlə alınıb və ən azı 5 nəfər itki verməklə geri çəkilməyə məcbur edilib. Düşmənin qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fətəliyev Eldar Səxavət oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır, hərbi qulluqçuların döyüş ruhu və mənəvi-psixoloji durumu yüksəkdir. Qeyd edək ki, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Gədəbəydə düşmənin təxribatının qarşısı alınarkən şəhid olmuş əsgəri təltif edib.

Əsgər Fətəliyev Eldar Səxavət oğlu nazirin əmri ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. E. Fətəliyev doğma Gədəbəy rayonunun Novo-İvanovka kəndində torpağa tapşırılıb.

Müdafiə Nazirliyi bəzi KİV-lərdə yer alan məlumatlara reaksiya verib. Nazirlikdən bildirilib ki, bəzi elektron kütləvi informasiya vasitələri son qarşıdurma zamanı guya 40 nəfər hərbi qulluqçumuzun mühasirəyə düşməsi, bir neçə saatlıq atışmadan sonra mühasirədən çıxmağa nail olması və 8 nəfər hərbçimizin yaralanması barədə yalan və təxribat xarakterli məlumatlar yayıb. “Ermənistanın xüsusi xidmət orqanları, o cümlədən xakerləri tərəfindən məqsədyönlü surətdə yayılan bu xəbərlər həqiqətə uyğun deyil və təəssüflər olsun ki, bəzi yerli elektron kütləvi informasiya vasitələri də düşmən yalanına uyaraq ictimaiyyətimizə yanlış məlumatlar çatdırırlar. Növbəti dəfə bildiririk ki, cəbhədə baş verən hər bir hadisə ilə bağlı məlumatların yayılmadan əvvəl rəsmi surətdə Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməsi zəruridir və vacibdir”, - deyə MN-nin məlumatına qeyd olunub.

*****
Cəbhədəki son vəziyyəti  şərh edən Azərbaycanın keçmiş müdafiə naziri, general-mayor Dadaş Rzayev bildirib ki, ermənilər cəbhə xətti boyunca hər gün hücuma keçir: “Onlar həmişə belə təxribatlarla məşğuldur. Onun Azərbaycan ordusuna heç bir aidiyyəti yoxdur. Atəşkəsi onlar pozur. Biz onların, sadəcə, cavabını verib, susdururuq. Bu dəfə də onlar başlayıb, paylarını da aldılar”. (AzNews.az) D.Razyevin fikrincə, Azərbaycan ordusu müharibəyə həmişə hazır olmalıdır və həmişə də hazırdır: “Sadəcə olaraq, Azərbaycan bu məsələni sülh yolu ilə həll etmək istəyir. Neçə dəfə ölkə prezidenti çıxışında deyib ki, əgər məsələ sülh yolu ilə həll olunmasa, biz işğal altında olan torpaqlarımızı nəyinsə hesabına qaytaracağıq. Təbii ki, bu da müharibə yoludur. Hazırda isə müharibənin olacağı ilə bağlı yenilik yoxdur, ermənilər 20 ildir təxribatla məşğuldur. Həmişə təxribatın qarşısını almışıq və bundan da sonra alacağıq”.

Keçmiş müdafiə naziri hərbi ekspertlərin “müharibə variantı realdır” fikrinə də münasibət açıqlayıb: “Hərbi ekspertlərin müharibə ilə bağlı açıqlamalarına gəlincə, mən onların fikirlərini sensasiya adlandırıram. Bilirəm ki, prezident müharibənin nə vaxt başlamalı olduğunu gözəl bilir. Amma prezident sülh yolunu daha üstün tutur. Bu da xalqına olan istəkdən irəli gəlir. Müharibə faciədir, cavanların qanı töküləcək, həlak olacaqlar. Nə qədər ki, sülh yolu var, bu yolla da siyasətimizi davam etdirməliyik”.

*****

Artıq heç kim şübhə etmir ki, İrəvan cəbhədə təxribatlara əl atmaqla ölkədəki etirazları səngitməyə, diqqəti yayındırmağa çalışır və bir sıra hallarda buna nail olur. Elə sonuncu hücum-diversiya hərəkətlərinin məhz Ermənistan paytaxtında növbəti etiraz aksiyalarının anonsunun verilməsindən sonraya təsadüf etməsi bunun əyani sübutudur. Özü də Gədəbəy cəbhəsinə hücum aktı məhz Ermənistan prezidenti Serj Sərkisyanın ölkədə olmadığı dövrdə həyata keçirilib ki, bu da məsuliyyətdən yayınmaq cəhdi sayıla bilər. Ermənistan prezidentinin mətbuat xidməti 25 iyulda məlumat yayıb ki, Sərkisyan ölkə xaricində, məzuniyyətdədir. Əks təqdirdə həmsədr ölkələrin ən azı bir-ikisi Sərkisyandan danışıqlar gedən gün Azərbaycanın mövqelərinə basqın edilməsi faktına aydınlıq tələb edə bilərdilər. 

Zəruri  bir məsələyə də diqqət yetirmək lazımdır. Düşmən ölkəmizə həmlə edən gün Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) rəisi, Silahlı Qüvvələrin Baş Qərargahının rəis müavini, general-polkovnik İqor Serqun İrəvanda Ermənistan müdafiə naziri Seyran Ohanyanla görüşüb. Rus generalın səfərinin “regionda və dünyada hərbi-siyasi vəziyyətin müzakirəsi, kəşfiyyat əməkdaşlığı” barədə müzakirələr aparmaq məqsədi daşıdığı bildirilir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, Ohanyanla Serqun arasında bu gün keçirilən görüşdə regionda və dünyada hərbi-siyasi situasiya, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət, yaranmış hərbi-siyasi vəziyyətdə Rusiya ilə Ermənistan arasında əməkdaşlığın inkişafı müzakirə olunub. Səfər çərçivəsində QRU rəisinin başçılıq etdiyi nümayəndə heyəti Ermənistan Müdafiə Nazirliyinin və Baş Qərargahının  müvafiq kəşfiyyat bölmələri ilə görüşləri də planlaşdırılıb. 

Bu mənada Gədəbəy cəbhəsində baş verənlərlə bu səfər arasında əlaqə axtaranlar da var. Son zamanlar Ermənistanda anti-Rusiya dalğasının baş qaldırması, Moskvanın Bakıya silah satmasından dolayı ermənilərin narahatlıqlarını nəzərə alsaq, deyə bilərik ki, Rusiya indi də öz müttəfiqinin ürəyinə yol tapmaq üçün yeni layihələri reallaşdırmağa başlayıb. Bu gərginliyin isə Qarabağ cəbhəsində deyil, Ermənistan-Azərbaycan sərhədində baş verməsi təsadüfi sayıla bilməz. Görünür hər vəcdlə qarşıdurmanı Ermənistan-Azərbaycan sərhədinə keçirib Rusiyanı münaqişəyə cəlb etmək planı var. Son zamanlar “sülhməramlı”ların bölgədə yerləşdirilməsi barədə intensiv müzakirələr də diqqət cəlb edir.

Deputat, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında öncə ermənilərin Ermənistan-Azərbaycan sərhədində aktivləşməsinin səbəbləri barədə danışdı: “Birinci Qarabağ savaşı zamanı Ermənistanın hərbi taktikası onsuz da zəif və pərakəndə olan Azərbaycanın silahlı qüvvələrinin gücünü parçalamaq üçün savaşı təkcə Qarabağ coğrafiyasında deyil, digər ərazilərimizdə də aparmaq idi. Məruz qaldığımız işğalın miqyası ermənilərin o vaxtkı hərbi taktikasının onlar üçün uğurla sonuclandığını deməyə əsas verir. 

Lakin dinc dövrdə bir qayda olaraq əsasən Tərtər, GoranboyAğdam cəbhə xətlərində toqquşmaların şahidi olmuşduq. Gədəbəydə düşmənin 5 nəfər canlı qüvvə itkisi ilə başa çatan insident təsadüfi xarakter daşımayıb və müxtəlif siyasi-psixoloji niyyətlər güddüyünü açıq söyləməyə bilərik. Belə ki, son dövrlər ermənilər Qarabağda bütün parametrlər üzrə əməliyyatlarda Azərbaycana uduzur, texnika və silah-sursatın gücü ilə sabitliyi qoruya bilmir. Digər tərəfdən hərbi balansın onların ziyanına dəyişməsi artıq Ermənistan içərisində ciddi siyasi nəticələr doğurur. Ona görə Gədəbəy cinahını Azərbaycanın zəif bəndinə çevirməyə ümid bəsləyərək, həmçinin Azərbaycanın eyni zamanda Ermənistanla müharibə apardığını göstərmək naminə belə təxribata əl atılıb. Bu genişmiqyaslı müharibə demək olmasa da, əvvəlki durumundan xeyli fərqlənir”. 



Z.Orucun sözlərinə görə, son toqquşma ATƏT üçün bir siqnal olmalıdır: “Bütün diplomatik korpus təmsilçilərinin bir hüquq müdafiəçisinin məhkəməsinə səfərbər olunduğu zamanda cəbhədə atışmalar gedir və Azərbaycanının təhlükəsizliyinə ən böyük təhdidlər qaldığı bir zamanda Minsk Qrupu ölkələri torpaqlarımıza və sərhədimizə, hərbçilərə və mülki insanlara deyil, muzdlu şəxslərə və emissarlara total bir maraq nümayiş etdirirlər. Halbuki, Gədəbəydə baş verən əməliyyat bilavasitə Minsk Qrupunun fəaliyyətinə atılan güllələrdir”.

Komitə üzvü bu hadisələrin rus generalın Ermənistan səfəri ilə üst-üstə düşməsini də şərh etdi: “İqor Serqunun Ermənistana səfəri bilavasitə son hadisələrə bağlı olmasa da, belə bir versiyasını irəli sürmək olar ki, həm İŞİD əleyhinə hərbi əməliyyatlara Türkiyənin qoşulması, o cümlədən, Ermənistanın Rusiyanı şantaj edərək ”Azərbaycan təhlükəsi"nə qarşı Moskvanın müəyyən tədbirlər görməsini istəməsi İrəvanın müharibənin hansı ərazilərdə getdiyini rus generala göstərmək hiyləsi kimi də qiymətləndirilə bilər. Baxın, son vaxtlar həm Sərkisyan, həm də Ohanyan bütün siyasi güclərini yalnız bir istiqamətə - Azərbaycana rus silahlarının gəlişini dayandırmağa yönəldiblər. Ona görə də İqor Serqunun belə hiylə planına düşməyəcəyinə inanmaq istərdik və əslində İrəvan Rusiyaya belə ağır beynəlxalq şəraitdə yalnız maneə olur".



Politoloq Arzu Nağıyev isə ermənilərin məhz indiki situasiyada təxribata əl atmasına diqqət çəkərək qeyd etdi ki, belə taktikanın seçilməsi daima müşahidə edilir: “Elə ki, söhbət sülh danışıqlarından və ya beynəlxalq normalardan gedir, həmin ərəfədə ermənilər təxribata əl atırlar. Yadınızdadırsa, düşmən helikopterlərinin mövqelərimizə qədər təxribatçı uçuşlar həyata keçirməsi olayı da danışıqların intensivləşdiyi zamana təsadüf etmişdi. Yəni ermənilər sülh yolunu inkar edirlər”. 

A.Nağıyevin sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəhbərinin İrəvana səfəri də maraq doğurur: “Bu vəzifənin sahibi əsasən görüşlərdə iştirak etmir və əsasən missiyaları qapalı olur. Bundan başqa həmin quruma aid olan dəstələr və şəxslər də məxfi saxlanılırlar. Çox güman ki, rus generalın səfərində məqsəd əməliyyat şəraitini yerində qiymətləndirmək və rəhbərliyə məruzə etməkdir. Bu dəstələr eyni zamanda İrəvanda baş verən məlum hadisələrlə bağlı da təlimatlandırıla bilər. Yəni şəraitə ən güclü təsir edə bilən məxfi əməkdaşları ilə də görüşlərin keçirilməsi mümkündür. Bir sözlə, belə bir vəzifə sahibinin Ermənistana səfəri yaxşı heç nə vəd etmir”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar