Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ev dustağı edilən MTN generalının vəkilindən ilginc açıqlamalar


Naxçıvanın sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovu döyüb üzünə tüpürüblər; özünün və yaxınlarının əmlakları əllərindən alınıb; vəkili isə muxtar respublikadan zorla çıxarılıb


Hazırda ev dustağı olan  Naxçıvan Muxtar Respublikasının(MR) keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov işgəncələrə məruz qalıb. 

Bu haqda  Bakıdakı çayxanalardan birində keçirdiyi mətbuat konfransında onun vəkili Vüqar Xasayev bildirib. V. Xasayev mətbuat konfransının çayxanada keçirilməsini Bakıdakı mətbuat mərkəzlərində tədbir üçün yer verilməməsi ilə izah edib. 

Vəkilin sözlərinə görə, 15 il Naxçıvan milli təhlükəsizlik naziri olmuş V.Ələsgərov ötən ilin dekabrında tutduğu vəzifədən azad olunub, 2016-cı il martın 7-də isə saxlanılaraq barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bundan sonra istintaq təcridxanasına göndərilib. Martın 11-də isə V.Ələsgərovun yaxınları onun hüquqlarının qorunması üçün vəkil Vüqar Xasayevlə müqavilə bağlayıblar. Bundan 3 gün sonra Vüqar Xasayev Naxçıvana gedərək müvəkkili ilə görüşüb. Martın 14-də baş tutan görüş sonuncu  olub: “Həmin görüşdə o, dövlət tərəfindən təyin olunan Mustafa adlı vəkildən imtina ərizəsi yazdı. Həmin gün 2 dəfə görüşüb mövqeyimizi dəqiqləşdirdik. Vəli Ələsgərov dedi ki, ona qarşı zorakılıq olub. Lakin bu haqda müraciət etməmək qərarı verdik. Vəli Ələsgərovun gözləntiləri vardı ki, ona güzəştlər olacaq. Vəli Ələsgərova qarşı Cinayət Məcəlləsinin 3 maddəsi ilə ittiham irəli sürülüb: 179.3.2 (dövlət məlakını mənimsəmə), 308.1 (qulluq mövqeyindən sui-istifadə etmə) və 309.1 maddələri (vəzifə səlahiyyətlərini aşma). Müdafiə etdiyim şəxs bu ittihamları rədd edir. Digər tərəfdən, bu ittihamları əsaslandıracaq hər hansı sübut yoxdur. Bu maddələr vəzifədən çıxarılan hər bir məmura qarşı irəli sürülə bilər. Yəni növbətçi maddələrdir. O, həbs olunan zaman şokda olub, hansı ifadələr verdiyini bilmir. Bu haqda ərizədə yazdı ki, həmin ifadələrdən imtina edir, iş üzrə obyektiv ifadələr vermək istəyir”.

Vəkil dedi ki, bu görüşdən sonra sabiq nazirlə görüşə bilməyib. Növbəti dəfə Naxçıvana gedəndə isə özü qanunsuzluqla üzləşib: “Mənə Vəli Ələsgərovla görüşməyə şərait yaratmadılar. Evlərində gözlədiyim zaman Vəli Ələsgərovun qardaşı Əli Ələsgərova zəng edib dedilər ki, Naxçıvan Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Şöbəsinin rəis müavini onu küçədə gözləyir. Biz birgə evdən çıxdıq. Rəisi müavini mənə də dedi ki, Əli Ələsgərovla birgə onunla getməliyəm. Onun qanunsuz tələbi ilə razılaşmadım. Buna görə də özü maşından düşüb gəldi, məndən onunla getməyi tələb etdi. Bundan sonra üzərimdə axtarış aparacağını dedi. Bunun yalnız respublikanın baş prokurorunun qərarı əsasında aparıla biləcəyini deyəndən sonra kiməsə zəng etdi. Qulu adlı rəisləri gəldi. Dedi ki, çantana baxış keçirəcəyik. Dedilər ki, baxmasaq, məcburi şəkildə polisə aparacaqlar. Bundan sonra çantama baxdılar”.

Vəkil deyir ki, martın 15-də Vəli Ələsgərovu məcbur ediblər ki, ondan imtina etsin. V.Xasayevin sözlərinə görə, işdə həddən artıq qanunsuzluqlara yol verilib: “Ona saxlanıldığı istintaq təcridxanasında işgəncə veriblər. Keçmiş işçiləri də həmin işgəncələrdə iştirak edib. Bəzi işçilər Vəli Ələsgərovun üzünə tüpürüblər. Bizim vəsatətlərimizi də Vəli Ələsgərovun imtina ərizəsini əsas gətirərək təmin etmədilər”. 




Vəkilin sözlərindən aydın olur ki, Vəli Ələsgərov 22 gün həbsdə saxlanıldıqdan sonra ev dustaqlığına buraxılıb: “Bundan sonra mənimlə skaypla əlaqə saxlayaraq bildirdi ki, həmin imtina ərizəsini məcburiyyət qarşısında, öz həyatını qorumaq üçün imzalayıb. Çünki ona işgəncə veriblər, döyüblər, təhqir ediblər. Ona görə də xahiş edir ki, onun müdafiəsini təmin edim. Aprelin 26-da onunla yenidən müqavilə bağlamışıq”. 

Vəkil deyib ki, V.Ələsgərov digər vəkili Tofiq Allahverdiyevlə də müqavilə bağlayıb: “Tofiq Allahverdiyev də Naxçıvana getdi, lakin ona Vəli Ələsgərovla görüşməyinə imkan vermədilər. İki nəfər  onun qoluna girib Naxçıvan aeroportuna gətirib nəzarət altında təyyarəyə mindiriblər. Onu Naxçıvandan, faktiki, deportasiya ediblər. Vəli Ələsgərova Naxçıvan Prokurorluğunda zorakılıq tətbiq olunmur, onunla ləğv olunmuş MTN-in binasında amansız davranırlar. Maskalı, maskasız şəxslər onu döyürlər, amansız rəftara məruz qalır. Köhnə işçiləri yığıb üzünə tüpürdürlər. Bunu mənə şəxsən Vəli Ələsgərovun özü bildirib. Biz baş prokurora müraciət edirik ki, istintaq Naxçıvanda davam etdirilə bilməz, işə Bakıda baxılmalıdır. Bizə onunla görüşə imkan verilmir”.


 
Vəkil sabiq nazirə qarşı zorakılıq etmiş işçilərin ad-soyadlarının onlara bəlli olduğunu desə də, mətbuata açıqlamaq istəmədi. Dedi ki, Vəli Ələsgərovun həbsi onun barəsində doğru olmayan məlumatların rəhbərliyə çatdırılması ilə əlaqədardır: “Vəli Ələsgərovun işinin hazırda istintaq olunan ”MTN işi" ilə heç bir əlaqəsi yoxdur. Əgər əllərində qanunsuz dinləmə ilə bağlı hər hansı bir sübut olsaydı, ona belə bir ittiham verərdilər. Bu gün onun fiziki məhvi də mümkündür. Biz ölkə rəhbərliyinə, baş prokurora müraciət edərək işin istintaqının Bakıdakı aidiyyəti orqana həvalə olunmasını xahiş edirik. Çünki Naxçıvanda bu iş obyektiv aparıla bilməz, orada işgəncələr altında Vəli Ələsgərovdan istədikləri ifadələri alacaqlar".




Vəkil sabiq nazirin həbsə alınmasının sifariş olduğunu deyib: “Sifariş nədən ibarətdir? Burada hakimiyyətdaxili mübarizə, oyun gedib. Vəli Ələsgərov barəsində cənab Vasif Talıbova və respublika prezidentinə düzgün olmayan məlumatlar verilib. Bunun nəticəsində bu gün Vəli Ələsgərov istintaqa cəlb olunub, təzyiq və işgəncələrə məruz qalır. Ona həbsindən 3 ay əvvəl general-leytenant rütbəsi verilib. O, dövlətçiliyə sadiq olub”. 

V.Ələsgərov Naxçıvan MTN-ə rəhbərlik etdiyi dövrdə jurnalistlər İlqar və Məlahət Nəsibovalar vəhşicəsinə döyülüb, İdrak Abbasovun başına torba keçirilib, Turac Zeynalov həmin qurumda döyülərək öldürülüb. Digər qanunazidd əməllər baş verib və ictimailəşib. “Yeni Müsavat” olaraq vəkildən bu qanunsuzluqlarla bağlı ittihamların olub-olmamasını soruşduq. 

Vəkilin cavabı belə oldu: “Cəmi 3 maddə ilə ittiham verilib. Turac Zeynalovla bağlı Vəli Ələsgərovluq bir iş yoxdur. Bizdə olan məlumat budur. Vəli Ələsgərovun cinayəti varsa, qanunla araşdırılsın, varsa, sübut edib cəzasını versinlər. Bu gün vəzifədə olanlar Vəli Ələsgərovun düşdüyü duruma baxıb qanunsuzluqlardan çəkinməli, ibrət götürməlidirlər”.
Vəkil V.Ələsgərovun sabiq nazir Eldar Mahmudovla əlaqələrinə görə həbsə alınmasına da aydınlıq gətirdi: “Vəli Ələsgərovla Eldar Mahmudov arasında həmişə ziddiyyətlər olub. Sadəcə, kimlərsə yuxarılara səhv məlumatlar veriblər”.

Vəkil dedi ki, Vəli Ələsgərovun Azərbaycanın milli təhlükəsizlik naziri postuna təyinatı məsələsi də müzakirə edilib, onun özü ilə söhbət aparılıb. Təyinat baş tutmadıqda isə ona qarşı repressiv addımlar atılıb, iyrənc kampaniya başladılıb. Özünü həbs edib, yaxınlarının əmlaklarını əllərindən alıblar. Vəkil həmin əmlakların siyahısını da media mənsublarına təqdim edib. 

Həmin siyahını da təqdim edirik:

1. Vəli Ələsgərova məxsus Şahbuz rayonunda fərdi ev;

2. Vəli Ələsgərova məxsus Bakı şəhərində 3 mənzil- onlardan birini prezident verib;

3. Vəli Ələsgərovun qardaşı Əli Ələsgərova məxsus quşçuluq fabriki (təqribi dəyəri 1 milyon 500 min manat);

4.  Əli Ələsgərov tərəfindən dövlətin ayırdığı kreditlə alınmış un və çörək fabriki (təqribi dəyəri 450 min manat);

5. Əli Ələsgərova məxsus 300 min manatlıq fərdi ev 110 min manata satılıb və pulu əlindən alınıb;

6. Qaz və işıq idarələrində qeyri-qanuni olaraq 57 min manat məbləğində cərimələr yazılıb;

7. Əli Ələsgərov 2-3 gün polisdə saxlanıldıqdan sonra 100 min manat pul alınıb buraxılıb;

8. Qohumlara məxsus nəqliyyat vasitələri (təqribi dəyəri 160 min manat);

9. Ümumi sahəsi 550 kv.m. olan dükanlar sökülüb;

10. Əli Ələsgərova qeyri-qanuni 650 min manat vergi borcu yazılıb;

11. Vəli Ələsgərovun bacısına məxsus 8,5 sot torpaq sahəsi (təqribi dəyəri 120 min manat) və 4 otaqlı mənzil (təqribi dəyəri 80 min manat);

12. Vəli Ələsgərovun digər bacısına məxsus 4,5 sot torpaq sahəsi məhkəmənin saxta qərarı ilə alınıb (təqribi dəyəri 50 min manat);

13. 50 nəfərdən artıq yaxın və uzaq qohumu bir gündə işdən azad olunub

V.Xasayev siyahını səsləndirəndən sonra fikrini belə davam etdirdi: “Bu əmlaklar Vəli Ələsgərovun yaxınlarından başqa şəxslərin adına keçirilməklə alınıb. Özlərinə deyiblər ki, ”əmlaklarınızı verin, sizinlə işimiz olmayacaq". Necə oldu ki, Vəli Ələsgərov nazir olanda onun yaxınları bu əmlakları başqalarının adına keçirib bağışlamırlar özgəninkiləşdirmirdilər? Vəli Ələsgərov işdən çıxarıldı, qohumları əmlaklarını başqalarına bağışladılar?"

Vəkil ümumilikdə 6 milyon manat qiymətləndirilən əmlakların qanuni və ya qanunsuz yolla əldə olunması haqda məlumatsız olduğunu söylədi. 

Bundan sonra V.Ələsgərovun digər vəkili Tofiq Allahverdiyev də Naxçıvanda üzləşdiyi qanunsuzluqlar haqda məlumat verdi. Bildirdi ki, ona da müvəkkili ilə görüşməyə imkan vermirlər: “Məni faktiki olaraq Naxçıvandan deportasiya ediblər”.

Vəkil üzləşdiyi qanunsuzluqlarla bağlı baş prokurora müraciət etdiyini də açıqlayıb.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar