Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FES-in faiz dərəcəsini artırmasının ABŞ-a mümkün neqativ təsirləri


Dünyanın əksər iqtisadçıları və analitiklər hesab edir ki, Federal Ehtiyat Sisteminin martın 14-15-də keçiriləcək iclasında faiz dərəcələri yenidən 0,25 faiz bəndi qaldırılacaq


Hər kəs eyni düşünür - faizlər artırılacaq və bu artım 0,25 faiz bəndindən çox olmayacaq. Belə əminlik bir neçə amilə əsaslanıb.
 
İlk növbədə qeyd etmək lazımdır ki, bu ilin əvvəlindən ABŞ iqtisadiyyatında hər hansı mənfi tendensiya müşahidə olunmayıb. Bu amili daha çox Federal Ehtiyat Sistemi rəhbərinin müavini Stenli Fişer qabardır. Onun israrlı mövqeyi faizlərin qaldırılması ehtimalını artırır. Hazırda müşahidə olunan makroiqtisadi fon həqiqətən əlverişlidir: ölkədə sənaye istehsalında artım, uzunmüddətli istifadəli malları üzrə sifarişlərin artımı, əhalinin həm gəlirlərinin, həm də əsasən xərclərin artımı müşahidə olunur.
 
Eyni zamanda, ötən il ABŞ-da iqtisadi artım cəmi 1,6% təşkil edib ki, bu da aşağı göstərici kimi qiymətləndirilir. Böhrandan əvvəlki 3,5-4%-lik illik iqtisadi artım hələlik əlçatmaz görünür. Martın əvvəlində FES-in sədri Janet Yellen bəyan etmişdi ki, FES artıq mövcud olan iqtisadi duruma müvafiq cavab və reaksiya verməlidir. Mövcud olan durum isə belədir ki, söhbət yalnız faizlərin qaldırılmasından gedə bilər. Əsas məqamlardan da odur ki, Trampın qələbəsindən sonra ABŞ fond indekslərin kəskin artımını (Dow Jones indeksi bir neçə gün ərzində tarixi maksimumlarını yeniləyərək hətta 21-22 min bəndə çatmışdı) tarazlaşdırmaq lazımdır, çünki bu, köpüklərin yaranmasına səbəbdir. Adətən, Mərkəzi Bank faizləri o zaman qaldırır ki, inflyasiya ilə mübarizə aparmaq və iqtisadiyyatda “istiləşməni” aradan qaldırmaq lazım olur. İndi isə bu hallar məhz fond bazarlarda müşahidə olunur, çünki Trampın qələbəsi maliyyə bazarında misli görünməmiş ruh yüksəkliyinə səbəb olub və bunun qarşısı alınmasa, köpüklərin yaranması zaman məsələsidir.
 
Lakin... Həmişə bir “lakin” tapılır. Bizim halda bu daha çox siyasətlə bağlıdır. Belə ki, paradoksal səslənsə də, Tramp administrasiyası tərəfindən hazırlanan və ya bəlkə hazırlanmış və yaxın gələcəkdə irəli sürüləcək iqtisadi siyasətlə faizlərin qaldırılması, yəni pul-kredit siyasətin sərtləşdirilməsi üst-üstə düşməyə bilər. Xatırladaq ki, Trampın iqtisadi siyasətinin əsas istiqaməti infrastruktur layihələri, ixracın stimullaşdırılması, yerli istehsalın artırılması, istehsalın, iri şirkətlərin xaricdən ölkəyə qaytarılmasıdır. Belə ki, əgər pul-kredit siyasəti sərtləşdirilsə, bu, həmin planlara mane ola bilər. Məsələn, FES-in faizlərin dərəcələrinin qaldırılması və bununla pul-kredit siyasətin sərtləşdirilməsi ilk növbədə dolların möhkəmlənməsinə gətirib çıxaracaq. Bu iqtisadi qanuna uyğunluq həmişə qüvvədə olub, indi də əks fikir yoxdur. Aydındır ki, möhkəm dollar ixracatçılara zərbədir. Bundan əlavə FES-in faizlərinin qaldırılması zəncirvarı olaraq bütün faizləri bir qədər qaldıracaq, o cümlədən pərakəndə və kiçik və orta biznes üçün kreditlərin faizləri qalxacaq ki, bu da əlbəttə ki, yeni iqtisadi siyasət üçün heç də müsbət bir xəbər olmayacaq. Faktiki olaraq, FES-in faizlərinin qaldırılması yeni administrasiyaya yeganə cüzi xırda fayda verə bilər: söhbət borclanmanın bir qədər ucuzlaşdırılmasıdır. Belə ki, faizlərin qaldırılması dərhal və ya tədricən, ABŞ-ın dövlət istiqrazları üzrə gəlirliyi azaldacaq ki, anonslaşdırılan infrastruktur layihələr üçün əlavə vəsaitlərin cəlb edilməsi prosesi bir qədər ucuz başa gələcək. Amma şübhəsizdir ki, artan faizlər iqtisadiyyatın stimullaşdırılması üçün dəstək deyil, əksinə maneədir.
 
Xüsusən də indi ABŞ iqtisadiyyatına daxili dəstək lazımdır - bunu iqtisadçılar bildirirlər. Barak Obamadan sonra iqtisadiyyat yalnız bərpaya doğru gedən kimi qalıb, Obama administrasiyası misli görünməmiş böhrandan çıxıb və hazırkı 1,6-2%-lik iqtisadi artıma nail olub, halbuki 2009-cu ildə Obama 2,8%-lik iqtisadi geriləmə fonunda hakimiyyətə gəlmişdi. Bu isə təxminən 50 il ərzində ən pis göstərici olub. İqtisadiyyatın bərpası və böhrandan çıxış üçün büdcə vəsaitləri iqtisadiyyata yönəldilib, bununla da dövlət borcu kəskin artıb. Nəticədə, Obamanın prezidentliyi dövründə ABŞ-ın dövlət borcu təxminən 2 dəfə artaraq 20 trln. dollara çatıb. Əgər infrastrukturun yenidən qurulması məsələsi reallaşsa, dövlət borcu yenidən artacaq. Eyni zamanda Trampın seçkiqabağı proqramın əsas yerlərindən birini vergi yükünün azaldılması vədi tutub. Aydındır ki, bu da büdcənin maliyyə imkanlarını azaldacaq və əlavə maliyyə mənbələrinin axtarılması aktual olacaq. Əlavə mənbələr ya  əlavə borcalma, ya da daxili mənbələr hesabına tapılmalıdır. Birinci yol Trampın öz proqramına ziddir, çünki dövlət borcunun kəskin artırılması əvvəlki administrasiyasının səhvi kimi qiymətləndirirdi. İkinci yol isə FES-dən keçir, çünki faizlərin artması biznesin özünü maliyyələşdirmə imkanlarını azaldacaq. Və ya eyni zamanda istehsalın və malların maya dəyərini artıracaq ki, bu da ixrac məsələsində və hətta idxal malların yerli malla əvəz edilməsində rəqabət qabiliyyətinin itirilməsi deməkdir.
 
Göründüyü kimi, hazırda faizlərin qaldırılması ABŞ üçün heç də birmənalı olaraq faydalı görünmür, bu yalnız siyasi oyunlarının bir alətinə daha çox bənzəyir. Tədricən aydın olur ki, ABŞ iqtisadiyyatı hələ də o dərəcədə bərpa olunmayıb ki, pul-kredit siyasəti sərtləşdirilsin. Belə olan halda sadə çıxış yolu faizləri qaldırmamaqdır. Amma bəlkə də FES-in öz hansısa yarısiyasi-yariiqtisadi məqsədi var? Məsələn, bəlkə hansısa daxili məqsədlərdən irəli gələrək FES-ə möhkəm dollar lazımdır? Və ya maliyyə bazarlarında vəziyyət, yəni köpüklərin yaranması prosesi artıq o səviyyəyə çatıb ki, dərhal addımlar atılmasa, növbəti maliyyə böhranı yaranacaq? Bilinmir. Bizə yalnız nəticələrə tabe olmaq qalır - onlar isə dünya miqyası baxımından ilk növbədə dolların bahalaşmasındadır, qalan nəticələr isə hələlik ABŞ-ın daxili işləridir, qoy özləri onlarla mübarizə aparsınlar...
 
Vahab Rzayev, APA Analitik Mərkəzi

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar