Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gədəbəy İcra Başçısından prezidentə şikayət


Bu rayonda vaxtı durduran məmur özbaşınalığı insanları da geri salıb... - Gədəbəy narın-narın talanır...


Ölkəmizin ən geridə qalan rayonlarından biri də dörd bir tərəfdən dağlarla əhatə olunan və düşmən Ermənistanla üzbəüz mövqedə yerləşən Gədəbəydir. 

Diqqətinizə çatdıraq ki, cənab prezident İlham Əliyev rayonda quruculuq-abadlıq işlərinin görülməsi, əhalinin sosial rifahının yüksəldilməsi və işsizlik probleminin aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirir. Lakin yerli məmurların özbaşına əməlləri vətəndaşların güzəranının pisləşməsinə, o cümlədən sosial problemlərin bir-birini əvəz etməsinə gətirib çıxarıb. 2012-ci ildən etibarən rayonda məmur özbaşınalığı daha da dözülməz həddə çatıb. Belə ki, Ramiz Yediyarov Gədəbəy Rayon İcra Hakimiyyətinin (RİH) başçısı vəzifəsinə təyin ediləndən sonra yerli əhalini narahat edən problemləri aradan qaldırmaq əvəzinə, əksinə onlara qarşı çoxsaylı haqsızlıqlar edib.

Qısaca bildirək ki, adı daim qalmaqallı məsələlərdə çəkilən və prezidentin etimadını doğrultmağı bacarmayan Yediyarov Ramiz Qəni oğlu 1966-cı ildə Ermənistan SSR-nin Vedi rayonunda anadan olub. İcra başçısı təyin olunana qədər Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində işləyib.

"Yerli icra başçısı yerlərdə dövlət siyasətini aparan şəxsdir və o, dövlət siyasətindən kənarda heç bir iş görə bilməz"

Vurğulayaq ki, Ramiz Yediyarov icra başçısı kürsüsünə əyləşəndən sonra prezident İlham Əliyev bir neçə dəfə Gədəbəy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə dövlət büdcəsindən külli miqdarda vəsaitin ayrılması barədə sərəncam imzalayıb. Təəssüf hissi ilə bildirmək istəyirik ki, icra başçısı və ətrafında olan bir qrup şəxs büdcə vəsaitlərini təyinatı üzrə sərf etməyərək rayonun bərbad hala düşməsinə səbəb olublar. Ramiz Yediyarovun ən böyük özbaşınalığı isə yerli sahibkarları incitməsi, habelə rayonda sahibkarlığın inkişafına maneçilik törətməsi və vətəndaşların haqsız yerə incidilməsi ilə bağlıdır. Xatırladaq ki, cənab İlham Əliyev bir müddət əvvəl bildirib ki, ölkəmizdə biznes mühitinin daha da yaxşılaşması üçün dövlət dəstəyinin artırılması, təkmil hüquqi bazanın formalaşması dövlət proqramlarına uyğun bölgələrdə istifadəyə verilən fabrik və zavodlarda, emal müəssisələrində ən müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsullara xarici bazarlarda tələbatın artması göstərir ki, dünya iqtisadiyyatının ayrılmaz parçası olan Azərbaycan iqtisadiyyatı dinamik inkişaf yolunda inamla irəliləyir, sənayeləşmə proqramının həyata keçirilməsi istiqamətində önəmli addımlar atılır: "Fəaliyyətini genişləndirən Sumqayıt Texnoparkında olduğu kimi Balaxanıda, Gəncədə də eyni profilli müəssisələrin açılması, aqrar sahəni azot gübrəsi ilə təmin edəcək zavodun inşası, Sumqayıt Kimya Parkının yaradılması başlıca hədəflərdəndir. Ölkədə metallurgiya sənayesinin inkişafı üçün Daşkəsəndə mövcud olan zəngin filiz yataqlarından səmərəli istifadə, 50 min ton yüksək keyfiyyətli məhsul istehsal edən Gəncə aliminium zavodunun işə başlaması ilə bu qiymətli metala olan tələbat da daxili imkanlar hesabına ödənilir". Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, konkret fəaliyyət proqramları əsasında həyata keçirilən layihə və islahatlar düşünülmüş siyasətə və konkret proqramlara əsaslanır: "Azərbaycanın bütün bölgələrində sürətlə davam etdirilən quruculuq, abadlıq işləri, infrastruktur layihələri üçün ən çox tələb olunan inşaat materialı kimi sementlə təminat başlıca amildir.

Ölkədə dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı durur. Çünki dövlətimiz nə qədər güclü olsa insanlar özlərini bir o qədər təhlükəsiz, rahat hiss edəcəklər. Yerli icra başçısı yerlərdə dövlət siyasətini aparan şəxsdir və o, dövlət siyasətindən kənarda heç bir iş görə bilməz".

Ramiz Yediyarovun sahibkarlığın inkişafına vurduğu zərbə

Ölkə başçısının da bildirdiyi kimi, dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı durur və yerli icra başçıları dövlət siyasətindən kənarda heç bir iş görə bilməz. Ramiz Yediyarov isə bu istiqamətdə aparılan dövlət siyasətindən nəinki kənara çıxır, hətta prezidentin tapşırıqlarının əksinə addımlar atır. Dünən şikayət ərizəsi ilə redaksiyamıza müraciət edən Gədəbəy rayon Miskinli kənd sakini Əliyev Oqtay İbrahimov oğlu icra başçısı tərəfindən incidildiyini bildirdi: "Əvvəla ölkədə bu cür gözəl şərait yaratdığına və sahibkarlığın inkişafına göstərdiyi dəstəyə görə ölkə prezidenti cənab İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Biz gədəbəylilər ölkə başçısının həyata keçirdiyi işlərə baxıb həmişə fəxr etmişik və bu gün də edirik. Amma Ramiz Yediyarov prezidentin gördüyü müsbət işlərin üstündən sanki xətt çəkməyə çalışır. Ölkə rəhbərinin sahibkarların rahat fəaliyyəti üçün yaratdığı şəraitdən istifadə edərək Gədəbəy rayonunun Qalakənd kəndi ərazisində turizm obyekti tikmək qərarına gəldim. Baba yurdum olan torpaq sahəsində vətəndaşların rahat istirahətindən ötrü obyekt qurub yaratmaq üçün Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun müavini Qüdrət Paşayevdən xeyir-dua aldım. O da qayıtdı ki, get tik. Min bir əzab-əziyyət hesabına bu il tikintini başa çatdırdım. Obyekt elə bir yerdə tikilirdi ki, tikinti materiallarını usta və fəhlələr ora bir kilometr məsafədən əllərində daşıyırdılar. Obyekt tikilib başa çatmaq üzrəykən, daha dəqiq desəm kosmetik işləri görən zaman icra hakimiyyətinin nümayəndələri gəlib işi dayandırdılar. İcra başçısının müavini Rüstəm Nağıyev heç bir qanuni əsas və məhkəmə qərarı olmadan obyektin bir hissəsini sökdürdü. Halbuki, aidiyyəti qurumlardan, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyindən lazım olan bütün sənədləri almışdım. Sadəcə, bu işdə icra hakimiyyətinin rəhbər şəxslərinin başqa maraqları olduğundan tikintini yarımçıq saxladılar".

"Qüdrət Paşayev açıq-aşkar şəkildə mənə dedi ki, 100 min dollar pul verməlisən"

Şikayətçi deyir ki, obyektin bir hissəsi dağıdılandan sonra onu Gədəbəy Rayon İcra Hakimiyyətinə çağırıblar: "İcra başçısının birinci müavini Qüdrət Paşayev məndən tikintiyə yenidən icazə verilməsi üçün 100 min dollar pul istədi. Mən onun təklifi ilə razılaşmadım və Bakıya gəldim. Paytaxtda olarkən icra başçısının göstərişi ilə əraziyə buldozerlər yeridilərək min bir əzab-əziyyətlə tikdiyim istirahət mərkəzini yerlə-yeksan ediblər. Bilmirik Gədəbəydə özümüzü ermənidən qoruyaq, yoxsa rayonun icra başçısı Ramiz Yediyarovdan? Cənab prezidentimiz Gədəbəy rayonuna lazım olan diqqəti ayırır. Ancaq icra başçısının camaata verdiyi zülm dözülməzdir. Mən obyekti tikməklə insanlara yeni iş yeri yaradıram. Rayonda işsizlik baş alıb gedir. İcra başçısı isə imkan vermir işsizliyi aradan qaldıraq. Gedib Rusiyada işləyib zülmlə pul qazanıb gətirib doğma rayonumuza sərmayə qoymaq istəyirik, lakin Ramiz Yediyarov buna imkan vermir. Axı nə üçün icra başçısı sahibkarlığın və turizmin inkişafına əngəl yaradır? Bu qədər özbaşınalıq və qanunsuzluq olmaz. Tam tikilib başa çatan obyekti sökmək hansı qanuna sığır? Rayon rəhbəri ölkənin mövcud qanunvericiliyinə hörmətsizlik göstərir. Bu adam nə bilirsə onu da edir. Onun üçün dövlətin maraqları yox şəxsi maraqları daha önəmlidir. Prezident xalqın qayğısına qalır icra başçısı isə camaata əlavə problemlər yaradır. Gədəbəyin icra hakimi birinci müavini Qüdrət Paşayevlə baş-başa verərək özbaşınalıq edir. Keçən il obyektin tikintisinə razılıq vermişdilər, amma bu il gəlib sökdülər. Bunu necə başa düşmək olar? Əgər tikinti qanunsuz idisə, niyə keçən il icazə verirdilər? Qüdrət Paşayev açıq-aşkar şəkildə mənə dedi ki, 100 min dollar pul verməlisən. Bu qədər pulum yox idi, açığı olsaydı belə verməyəcəkdim. Axı nəyə görə verməliyəm ki? Tikintiyə başlayanda Qüdrət müəllimə 20 min dollar verdim. O mənə dedi ki, rayonda quruculuq işləri aparılır sən də buna öz köməkliyini göstər. Ermənistanla sərhəd olan bir yerdə cənnət yaradıb vətəndaşların istifadəsinə vermək istəyirdim ki, gəlib burda rahat dincəlib istirahət etsinlər. Obyekti hansı zülmlə tikdiyimi Allah bilir. Nə üçün icra başçısına 100 min dollar verməliyəm? Qüdrət Paşayev dedi ki, bunu ona Ramiz müəllim tapşırıb. Mən pulu bir dəfə verməliyəm və keçən il vermişdim. İkinci dəfə niyə verməli idim?".

"Bilmirik ermənilərə qarşı mübarizə aparaq, yoxsa yerli məmurların özbaşına əməllərinə etirazımızı bildirək"

Oqtay Əliyevin sözlərinə görə, rayonun əksər kəndlərində insanlar çox ağır şəraitdə yaşayırlar: "Onlar üçün yeni iş yeri açmaq istəyirdim. Ki, gəlib burda işləyib ailələrini dolandırsınlar. Başçı buna imkan vermədi. Ramiz Yediyarov onlarla insanın çörəyinə bais oldu. İcra başçısı vəzifəyə keçən gündən bir dənə də olsun müsbət iş görməyib. Gədəbəydə məmur özbaşınalığı ərşə dirənib. Bilmirik ermənilərə qarşı mübarizə aparaq, yoxsa yerli məmurların özbaşına əməllərinə etirazımızı bildirək. Prezident dəfələrlə vurğulayıb ki, döyüş bölgəsində yerləşən rayonlarda əhalinin rifahının yüksəldilməsi məqsədilə hər cür şərait yaradılmalıdır. Gədəbəydə vəziyyət başqa cürdür. Öz maddi imkanım hesabına tikib başa gətirmək istədiyim obyekti vurub dağıtdılar. İcra başçısı kimə arxayındır? Onun arxasında kim dayanıb? Gədəbəy Azərbaycanda qəhrəman rayon kimi tanınır. Rayon camaatı düşmənə sinə gərib. Mənim rəhmətlik babam Cavad Əliyev, onun atası Əli Əliyev vaxtilə ermənilərə qan uddurublar. Ermənistanda Cavad Əliyevi "beş atılan Cavad" kimi tanıyıblar. Azərbaycanlılarla ermənilərin arasında nifaq toxumları yenicə səpildiyi vaxtlarda babam düşmənə qarşı güclü mübarizə aparıb. Ətraf rayonlarda böyük ad-sanı olub. Mən ondan qalan baba yurdumda bir nəvə olaraq iş görmək istəyirdim. Qanunları ayaq altına atan icra hakimi buna maneçilik törətdi. Babam ermənilərə qarşı mübarizə aparanda Ramiz Yediyarov, Qüdrət Paşayev, Rüstəm Nağıyev və digərləri Gədəbəyin xəritədə harda yerləşdiyini belə bilmirdilər. İndi bu şəxslər qəhrəman bir insanın nəvəsinin başına olmazın müsibətlər gətirirlər. Ramiz Yediyarov Ermənistanda olanda Cavad Əliyev ermənilərə göz verib işıq vermirdi".

Miskinli yolunun təmirinə ayrılan vəsait hara yoxa çıxıb?

Narazı vətəndaşın sözlərinə görə, icra hakiminin həyata keçirdiyi qanunsuz işlər Gədəbəy camaatını hakimiyyətdən incik salır: "Gedib başqa ölkələrdə işləyib pul qazanırıq ki, rayona sərmayə qoyub nəysə bir iş görək. Şəxsi maraqlarını hər şeydən üstün tutan icra hakimi isə obyektimi yerlə-yeksan edib. Bu hansı insan hüquqlarına yaraşır? Camaatı ayağa qaldırmaq istəyirlər? Gədəbəylilər hər zaman prezidentə, dövlətə və dövlətçiliyə qarşı sədaqətli xidmət edib. Başçı nə etsə də bizim prezidentə olan inamımızı sarsıda bilməyəcək.

Rayonda problemlərin sayı-hesabı yoxdur. Cənab prezident bir müddət əvvəl Miskinli yolunun tam asfaltlanması məqsədilə büdcədən vəsait ayırdı. Ölkə başçısının imzaladığı sərəncama əsasən Çalburun və Miskinli yolları əsaslı şəkildə təmir edilməli idi. Çalburun yolu asfaltlandı, amma Miskinli kəndinin yolları təmir edilmədi. Miskinli elə bir kənddir ki, burda xalqımızın görkəmli şəxsiyyəti, yazıçı, ədəbiyyatşünas Mir Cəlal Paşayev əmək fəaliyyətinə başlayıb. Belə ki, Mir Cəlal Paşayev ilk təyinatını 1 saylı Miskinli kənd orta məktəbinə alıb. Bu məktəbdən ali məktəblərə yüksək balla qəbul olunan şagirdlərin sayı çox olurdu. Son illər məktəbdə təhsilin səviyyəsi xeyli aşağı düşüb. Bu il bir nəfər belə ali məktəbə sənəd vermədi. Təhsilin məhv olmaq həddinə çatmasında da başçının səhvləri var. Qardaşım Azərbaycanın ərazi bütövlüyü uğrunda canla-başla döyüşüb, düşmənə ağır itkilər yaşadıb. Ramiz Yediyarov, müharibə vaxtı Gədəbəyi düşməndən kimlərin müdafiə etdiyini bilirsinizmi? Müharibədə can qoyan oğlana bir sot torpaq düşmür? İcra başçısı rahat şəraitdə yaşamalıdır, amma başqaları acından ölməlidir? Prezidentin bu adamın əməllərindən xəbəri yoxdur. Ramiz Yediyarov bilsin ki, onun həyata keçirdiyi qanunsuz işlər belə qalmayacaq. Obyektdə son tamamlama işləri gedərkən gəlib uçurtmaları heç cür başa düşülən hal deyil. İcra hakiminin və müavinlərinin məqsədi məndən pul qoparmaq idi. 100 min dolları vermədiyimə görə obyektimi darmadağın etdilər. Qüdrət Paşayev məndən pul istəyəndə ona dedim ki, verməyəcəm. O isə "sən sən ol, mən də mən, gör buranı necə viran qoyuram" dedi. Məhkəmənin qərarı olmadan hansısa obyekti sökmək olarmı?".

"Ramiz Yediyarovun arxasında kimsə durubsa,mənim də arxamda xalqımızın qarantı olan İlham Əliyev cənabları dayanıb"

Oqtay Əliyev deyir ki, tikinti işləri gedərkən icra hakimiyyətinin vəzifəli şəxsləri dəfələrlə gəlib baxıblar. Əgər qanunsuz idisə elə həmin vaxt sökərdilər də: "Niyə sökmürdülər? Digər tərəfdən, tikintiyə başlayanda Qüdrət Paşayevin vasitəsilə icra başçısına 20 min dollar pul verdim və tikintiyə icazə aldım. Fikirləşirlər ki, biznes adamıyam buna görə də əlavə pul almaq istəyirlər. Rayon rəhbərinə bir qəpik də verən deyiləm. Axı nə üçün verməliyəm ki? Torpağın hər bir sənədi var və lazımi orqanlardan icazə almışam. Onu da deyim ki, söküntü işlərini mərhələli şəkildə həyata keçirdilər. Yəni belə etməklə mənim onlara 100 min dollar verəcəyimi düşünürdülər. Gədəbəy kimi ucqar rayonda obyekt tikmək üçün fantastik məbləğ istədilər. O pulu qazanmaq asan deyil. Pul vermədiyim üçün obyektimi sökdülər. Qəzet vasitəsilə cənab prezidentimiz İlham Əliyevdən kömək istəyirəm. Ondan başqa güvənə biləcəyim, kömək istəyəcəyim şəxs yoxdur. Ramiz Yediyarovun arxasında kimsə durubsa, mənim də arxamda xalqımızın qarantı olan İlham Əliyev cənabları dayanıb. İnanıram ki, hər zaman vətəndaşların probleminə öz problemi kimi baxan prezident üzləşdiyim haqsızlığın aradan qaldırılması üçün tədbir görüb icra başçısına layiq olduğu cəzanı verəcək".

Qüdrət Paşayevin oğlu Babək Paşayevin müəmmalı ölümü...

Oqtay Əliyevin üzləşdiyi vəziyyət həqiqətən də, çox acınacaqlıdır. Adam uzun müddət Rusiyada min bir zülmə qatlaşaraq işləyib pul qazanıb ki, gəlib öz rayonunda bir obyekt açsın xalqına fayda versin. Ramiz Yediyarovun maraqları isə buna əngəl törədib. Görəsən, Gədəbəyin rəhbərinin prezidentin sahibkarlığın inkişafına göstərdiyi dəstəkdən xəbəri yoxdurmu? Axı ölkə rəhbəri yerli və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə dəfələrlə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə mane olmamağı, onları incitməməyi tapşırıb. Məgər prezidentin tapşırığı Ramiz Yediyarov üçün bu qədərmi əhəmiyyətsizdir? Şikayətçinin özünün də dedi kimi, tikinti işlərində hər hansı qanunsuzluq var idisə niyə vaxtında müdaxilə edilmirdi? Rayonda icra başçısının "sağ əli" kimi tanınan və onun əsas maliyyə əməliyyatlarını həyata keçirən Qüdrət Paşayev obyekti sökdürəndə böyük bir nəslin nümayəndəsi olan Oqtay Əliyevin Gədəbəy xalqı üçün verə biləcəyi faydanı gözünün önünə gətirə bilmirdi? Bu həmin Qüdrət Paşayevdir ki, general rütbəsi daşıyan qardaşı Ədalət Paşayevə arxayın olaraq rayonda ürəyi istəyən özbaşınalıqları törədir. Bu həmin Qüdrət Paşayevdir ki, oğlu Babək Paşayevin bir neçə il əvvəl intihar edərək həyatına son qoyması ilə bağlı məlumatlar yayılmışdı. Qeyd olunan məsələ ilə bağlı mətbuatda yayılan məlumatda bu cür qeyd edilib: "Mayın 19-da Cəmil Moskvadan qayıdıb gəldi ki, obyektini darmadağın ediblər. O da haqqını tələb etdi, tutub apardılar polisə. Məcbur etdilər ki, razılığını versin. Obyekti qardaşı Zülfüqar işlədirdi. Ona deyiblər ki, səni də, qardaşını da şərləyib tutacağıq. Beləcə razılıq verdi, onu buraxandan sonra qardaşını da götürüb ölkədən getdilər. Bu haqsızlıqları Allah götürməz, bəlalarını verər. Necə ki, Qüdrət Paşayevin qabağına oğul dərdi çıxardı, bunlar da elədiklərinin altını gec-tez çəkəcəklər. Onun oğlu Babək Qobustan türməsində işləyirdi, orada da özünü asmışdı. Başçının müavini hansısa səbəbdən intihar etmiş oğlunu Gədəbəydə dəfn etməyib. Üstəlik, bu müəmmalı ölüm işindən dolayı başlanmış cinayət işinin istintaqı da Qüdrət Paşayevin general rütbəli qardaşı Ədalət Paşayevin vasitəsilə dayandırılıb".

İcra başçısı vergi sistemində çalışarkən hansı işlərlə məşğul olub?

Deyilənə görə, Ramiz Yediyarovla əlbir olaraq rayonda olmazın özbaşınalıqlar törədən Qüdrət Paşayevin adı başqa qalmaqallarda da çəkilib. Belə ki, Gədəbəyin Xar-xar kənd sakini Gündüz Məhəmməd oğlu Hüseynov bir müddət əvvəl RİH-in binasında həbs olunub. Məlumata görə, Gündüz Hüseynov bir müddət əvvəl özünə qarşı dələduzluq əməli ilə bağlı Baş Prokurorluğa şikayət məktubu yazıb. Orada bu əməldə iştirak edən şəxslərdən biri kimi icra başçısının I müavini Qüdrət Paşayevin adını hallandırıb. Vətəndaşın yuxarılara ünvanladığı şikayət məktubunun araşdırılmamış qalması, özünün isə həbs edilməsi rayonda bu həbsin başçının I müavininin sifarişi ilə həyata keçirilməsi xəbərinin yayılmasına səbəb olub. Məlumatda həmçinin bildirilib ki, Gündüz Hüseynovun 2 mərtəbəli, 25 sot həyətyanı sahəsi olan mülkü sənədlər saxtalaşdırılmaqla keçmiş həyat yoldaşı İmamət Hüseynovanın adına keçirilib. İşdə Gədəbəy sakininə qarşı dələduzluq edənlərə yardımçı olmuş şəxs kimi icra başçısının müavini Qüdrət Paşayevin adı hallanıb. Adı bu cür xoşagəlməz işlərə qarışan şəxslər Gədəbəy rayonunda məşhur ad-sanı olan Cavad Əliyevin nəvəsinin tikdirdiyi obyekti darmadağın ediblər. Bu, özbaşınalıq və prezidentin tapşırıqlarına qarşı birbaşa hörmətsizlikdir. Hörmətli Ramiz müəllim, Gədəbəy düşmən Ermənistanla sərhəd mövqedə yerləşir. Bu rayonun camaatı düşməndən qorxub-çəkinmədən uzun illər öz mübarizələrini aparıblar və indi də aparırlar. Lakin vətəndaşlara iki cəbhədə-həm ermənilərə, həm də yerli məmurların özbaşınalıqlarına qarşı mübarizə aparmaq çox çətindir. Axı camaata rahat yaşamağa niyə imkan vermirsiniz? Deyəsən, vergi sahəsində işlədiyiniz vaxtlarda imza atdığınız qanunsuzluqlar yadınızdan çıxıb. Amma tələsməyin biz sizin vergi sektorunda çalışdığınız illərdə həyata keçirdiyiniz əməlləri bir-bir araşdırıb üzə çıxaracağıq.

Gədəbəyin icra başçısı kimdir: Ramiz Yediyarov, yoxsa Namiq Məmmədov?

Bir daha bildirək ki, prezident həmişə yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə sahibkarların fəaliyyətinə kənar müdaxilə etməməyi tapşırır. Bəs siz nəyə görə son tamamlama işləri aparılan turizm obyektini uçurursunuz, Ramiz Yediyarov? Nəyi pis idi ki, obyekt istifadəyə veriləndən sonra həm onlarla insan işlə təmin olunacaqdı, həm də Gədəbəydə turizmin inkişafına öz töhfəsini verəcəkdi. Bu, hər şeydən çox sizin xeyrinizə olan məsələ idi. Təəssüf ki, maddi maraqlar daha üstün tutulub. Ancaq hər şeyi pulla ölçmək doğru deyil. Bu bir. İkincisi, prezident deməyib ki, rüşvətdən, korrupsiyadan uzaq olun? Nəyə görə müavininiz Qüdrət Paşayevin vasitəsilə Oqtay Əliyevdən 100 min dollar istəyirsiniz? Yaxud birinci müavin niyə bu məsələdə sizin adınızdan istifadə edir? Yəni arxanızda dayanan şəxs o qədərmi güclüdür ki, prezidentin tapşırıqlarına sayğısızlıq edirsiniz?.. Bu arada maraqlı bir məqama toxunmaq istərdik. Ay Ramiz müəllim, bizim bildiyimizə görə, prezident Gədəbəy rayonuna sizi icra başçısı təyin edib. Yəni ölkə başçısının imzaladığı sərəncama əsasən rayonun rəsmi icra başçısı sizsiniz. Yerli əhali isə deyir ki, rayonu faktiki olaraq maliyyə idarəsinin müdiri Namiq Məmmədov idarə edir. Camaat da çaş-baş qalıb. Onlar bilmir ki, rayonun icra başçısı Ramiz Yediyarovdur, yoxsa Namiq Məmmədov. Hətta əhali arasında rayonun iki icra başçısının olması barədə atmacalara da yer verilir.
Bu rayonda vaxtı durduran məmur özbaşınalığı insanları da geri salıb...
 

İcra başçısının müavinləri münasibət bildirməkdən imtina etdilər

Ümid edirik ki, yuxarı instansiyalar Oqtay Əliyevin başına gətirilən müsibətə biganə qalmayacaq, onun şikayətini araşdırıb Gədəbəyin icra başçısının törətdiyi özbaşınalıqlarla bağlı zəruri ölçü götürəcəklər. Gələn saylarımızda rayon rəhbərinin fəaliyyətindən narazı qalan yüzlərlə gədəbəylinin etirazını dərc edəcəyik. Vətəndaşın şikayətini araşdırmaq üçün ilk növbədə icra başçısı Ramiz Yediyarova zəng vurduq. Lakin rayon rəhbəri zəngimizə cavab vermədi. Daha sonra onun köməkçisi Elşad müəllimlə əlaqə saxladıq. Başçının köməkçisi məsələdən xəbərsiz olduğunu deyərək bizi Qüdrət Paşayev və Rüstəm Nağıyevə yönləndirdi. Köməkçinin dediyi kimi edib birinci Rüstəm Nağıyevə zəng vurduq. Bir neçə cəhddən sonra adıçəkilən məmurla danışa bildik. Rüstəm Nağıyev yas mərasimində olduğunu bildirərək dəstəyi üstünə asdı. Bundan sonra Qüdrət Paşayevlə əlaqə saxladıq. O da yas mərasimində olduğunu deyərək suallarımızı cavablandırmaqdan imtina etdi. Biz üzərimizə düşən vəzifəni yerinə yetirib qarşı tərəfdən münasibət öyrənməyə çalışdıq. İcra hakiminin müavinləri danışmaq istəmirlərsə bu onların problemidir.

Qüdrət Paşayev Dövlət Feldyeger Xidmətinin rəisi işləyən qardaşı Ədalət Paşayevə arxayındır

Bu arada, apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, Qüdrət Paşayevin qardaşı Ədalət Paşayev Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin rəisidir. Məgər adamın qardaşı general olanda, yaxud hansısa yüksək vəzifədə işləyəndə camaatın haqqını tapdalamalıdır? Qüdrət müəllim bilməlidir ki, onun həyata keçirdiyi özbaşına işlər xidmət rəisi vəzifəsində işləyən qardaşı Ədalət Paşayevin karyerasına mənfi təsir göstərə bilər. Misal olaraq İsmayıllının sabiq icra başçısı Nizami Ələkbərovu göstərə bilərik. Onun rayonda yaratdığı qarışıqlığın sonunda nazir vəzifəsində təmsil olunan qardaşı Füzuli Ələkbərov tutduğu vəzifədən çıxarıldı. İnanırıq ki, yaxın vaxtlarda Gədəbəy rayonunda sosial vəziyyəti gərginləşdirən Ramiz Yediyarov, Qüdrət Paşayev, Rüstəm Nağıyev və digər məmurlar haqqında lazımi ölçü götürüləcək. (gundelik bakı)

Mövzu ilə bağlı bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. 



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar