Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gədəbəydə Məmmədovlar klanı var?


Rayonun təhsil, səhiyyə və maliyyə sistemi bərbad durumdadır, ünvanlı sosial yardımlar isə başqa qaydalar əsasında verilir


Kiçik Qafqazın orta və yüksək dağlıq qurşaqlarında yerləşən ərazisi Şahdağ silsiləsinin şimal yamacını, Başkənd-Dəstəfur çökəkliyinin və Şəmkir dağ massivinin bir hissəsini əhatə edən Gədəbəy rayonunda məmur özbaşınalıqları əndazəni aşıb. 

Gədəbəy Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Ramiz Yediyarovun imza atdığı bir sıra qanundankənar işlər rayonun yerli idarə və təşkilatlarının rəhbərlərinin bu tip əməllərə meyllənməsinə səbəb olub. Sosial problemlərin xirtdəyə çıxdığı rayonda əhalinin yaşayışı olduqca aşağı səviyyədədir. Bu haqda qəzetimizin əvvəlki saylarında geniş yazılar dərc etməyimizə baxmayaraq, Ramiz Yediyarovun heç bir hüquq normalarına sığmayan hərəkətlərinin qarşısı alınmır.

İcra başçısının və digər məmurların ədalətsiz münasibətindən bezən insanların bir hissəsi isə rayonu tərk etmək məcburiyyətində qalıblar. Təxminən, 100 min nəfərə yaxın əhalisi olan və Ermənistanla üzbəüz mövqedə yerləşən Gədəbəydə əhalinin sosial vəziyyəti getdikcə pisləşir. Qeyd edək ki, icra başçısı sadə vətəndaşlarla bərabər sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə də əlavə problemlər yaradır. Belə ki, Ramiz Yediyarov rayonun turizm sektorunun inkişaf etdirilməsi məqsədilə bəzi layihələr həyata keçirmək istəyən sahibkarların qarşısında müxtəlif şərtlər qoyaraq onların fəaliyyətinə süni şəkildə əngəl yaradır. Prezident İlham Əliyev cənablarının sahibkarlığın inkişafına xüsusi diqqət göstərdiyi bir dövrdə Ramiz Yediyarov sahibkarlara aman vermir. Bunu necə başa düşək? İcra hakimi prezidentin yürütdüyü siyasətə qarşı çıxırmı? Əlbəttə, icra başçısının bu tip hərəkətləri sona kimi belə davam edə bilməz. Yəqin ki, yuxarı orqanlar səviyyəsində onun özbaşına işlərinə tezliklə reaksiya veriləcək və o, qanuni şəkildə cavabını alacaq. Bayaq qeyd etdiyimiz kimi, Gədəbəydə məmur özbaşınalıqları əhalini bezdirib. Bu gün sizə rayonda fəaliyyət göstərən ayrı-ayrı dövlət qurumlarının və onların rəhbərlərinin xoşagəlməz əməlləri barədə məlumat vermək istəyirik.

Baxış Nağıyev rayonun təhsil sistemini bərbad hala salıb

Məlum olduğu kimi, təhsil hər bir millətin gələcəyini müəyyən edən sahələrdəndir. Bunu nəzərə alıb ilk öncə rayonun təhsil sistemindəki nöqsanlardan başlamaq istəyirik. Diqqətinizə çatdıraq ki, Gədəbəy rayonunda 1 peşə təhsili, 84 ümumtəhsil (onlardan 55-i tam orta, 18-i ümumi orta və 11-i ibtidai), 3 məktəbdənkənar tədris və 8 məktəbəqədər tədris müəssisəsi fəaliyyət göstərir. Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri isə Nağıyev Baxış Nağı oğludur. Əldə etdiyimiz məlumatlara görə, Baxış Nağıyev təhsil şöbəsinə müdir keçəndən sonra rayonda fəaliyyət göstərən təhsil müəssisələrində acınacaqlı durum yaranıb: "Gədəbəydə təhsilin vəziyyəti istənilən səviyyədə deyil. Bunu rayonun camaatı çox yaxşı bilir. Şagirdlərin tədris prosesinə marağı zəifdir. Çünki məktəblərin bir çoxunda normal dərs keçilmir. Müəllimlərin yetərli hissəsi repititorluq fəaliyyəti ilə məşğul olduğu üçün məktəbdəki dərslərə o qədər önəm vermirlər. Repititorluq edən müəllimlər direktorlara hər ay nəysə verib dərsə davamiyyətli şəkildə gəlmirlər. Belə olan təqdirdə şagirdlərin dərsə marağı azalır. Rayonun ucqar dağ kəndlərində vəziyyət daha dözülməzdir. Deyilənə görə dağ kəndlərində yerləşən məktəblərin adı yalnız sənəd üzərində mövcuddur. Həmin təhsil müəssisələrində şagird yoxdur. Şöbə müdiri bu məktəblərdə müəyyən maraqlarını həyata keçirir. Hər il dövlət büdcəsindən rayondakı təhsil müəssisələrinin cari təmir işlərinin həyata keçirilməsi üçün vəsait ayrılır. Amma heç bir təmir aparılmır. Rayon Təhsil Şöbəsinin rəhbərliyi büdcə vəsaitlərini təyinatdan yayındıraraq başqa məqsədləri üçün xərcləyir". Verilən məlumata əsasən, geridə qalan qəbul imtahanlarında rayondan olan abituriyentlər zəif nəticə göstəriblər: "Ümumiyyətlə, son illər ali məktəblərə qəbul olan abituriyentlərin sayı azalıb. Ki, bunun başlıca səbəbi təhsil sisteminin düzgün idarə olunmaması ilə bağlıdır. Baxış Nağıyev vəzifədən çıxarılmayana qədər rayonun təhsil sistemi düzələn deyil. O da digər məmurlar kimi icra başçısı ilə yaxın münasibətlərə malikdir. Və bəzi məqamlarda rayonun rəhbərinə hansısa formada yardımlar edir. Aidiyyəti qurumların nümayəndələri gəlib təhsil şöbəsinin fəaliyyətini araşdırsalar, dəhşətli faktların üstü açılar".

Ünvanlı sosial yardımlar niyə ünvanına çatmır?

Qeyd edək ki, dövlət tərəfindən aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi məqsədilə mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzarəti altında görülən işlərin sayəsində ölkə üzrə on minlərlə insanın sosial problemləri öz həllini tapıb. Lakin Gədəbəydə aztəminatlı ailələrin ünvanlı sosial yardımla təmin olunması məsələsində bir sıra çatışmazlıqlar mövcuddur. Araşdırmalar nəticəsində məlum oldu ki, Gədəbəy rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin (ƏSMM) direktoru Məsud Məmmədov ünvanlı yardımları dövlətin təsdiq etdiyi qanunlarla deyil, özünəməxsus qaydalar əsasında verir: "Gədəbəydə yoxsul ailələrin sayı digər rayonlarla müqayisədə daha çoxdur. Bu baxımdan dövlətin rayonda yaşayan əhaliyə qayğısı ildən-ilə artır. Təəssüf ki, kasıb insanlar dövlətin bu qayğısını lazımi səviyyədə hiss edə bilmirlər. Ona görə ki, Məsud müəllim buna imkan vermir. Əhalinin Sosial Müdafiəsi Mərkəzinin heç bir işçisi onun xəbəri olmadan iş görə bilməz. Ünvanlı yardım almaq üçün mərkəzə müraciət edən vətəndaşların hər biri ilk növbədə, direktorun qəbulunda olmalıdır. Belə ki, Məsud Məmmədov açıq-aşkar şəkildə sosial yardım almaq istəyən vətəndaşlara deyir ki, yardımın yarısını mənə verməlisən, razısansa, sənədlərinə qol çəkim, razı deyilsənsə vaxtımı alma. Heç yerdən maddi köməyi olmayan vətəndaşlar məcbur qalıb mərkəz rəhbərinin şərti ilə razılaşırlar. Hazırda rayon üzrə 1540 nəfər insan ünvanlı sosial yardım alır. Onların demək olar ki, yarıdan çoxu yardımlarının yarısını mərkəzin direktoruna verirlər". Deyəsən, Məsud Məmmədov nazir Səlim Müslümovun bu sahədə apardığı islahatlardan xəbərsizdir. Mərkəz rəhbəri bilməlidir ki, həyata keçirdiyi qeyri-qanuni işlər nə vaxtsa ona ciddi problemlər yarada bilər. Odur ki, Gədəbəy ƏSMM-in direktoru sırf vəzifəsinə aid olan işlərlə məşğul olmalıdır.

Biznes fəaliyyəti ilə məşğul olan baş həkim

Gədəbəydə mövcud olan çoxsaylı problemlər rayonun səhiyyə sektoruna da təsirsiz ötüşməyib. Akademik Zərifə Əliyevanın adını daşıyan Rayon Mərkəzi Xəstəxanasında (RMX) keyfiyyətli səhiyyə xidmətlərindən danışmaq yersizdir. Bizə çatan məlumatlarda bildirilir ki, xəstəxananın baş həkimi Ramiz Pirverdiyev Gədəbəyin səhiyyə sistemini bütünlükdə əlində cəmləşdirərək istədiyi formada idarə edir: "Rayonda mərkəzi xəstəxana ilə yanaşı, 5 kənd xəstəxanası, 19 həkim məntəqəsi, 25 kənd tibb məntəqəsi və 1 GEM fəaliyyət göstərir. Dövlət tərəfindən rayonda səhiyyə müəssisələrinin müasir üslubda qurulması istiqamətində yüksək səviyyəli tədbirlər görülür. Buna baxmayaraq, baş həkim Ramiz Pirverdiyevin rəhbərliyi altında fəaliyyət göstərən səhiyyə ocağı vətəndaşlara normal xidmət göstərə bilmir. Ağır xəstələrin əksəriyyəti Bakıya göndərilir. Gədəbəy Rayon Mərkəzi Xəstəxanası ən müasir tibbi avadanlıqlarla təchiz edilsə də, peşəkar həkim qıtlığı bəzi problemlər yaradır. Həkimlərin müəyyən hissəsi müasir tibbi aparatlarla işləyə bilmirlər". Qısa araşdırmalardan sonra öyrəndik ki, yerli sakinlər baş həkimin gördüyü xoşagəlməz əməllərə dəfələrlə etirazlarını bildiriblər. Məsələn, rayon sakini Qəmbər Səfərov bir müddət əvvəl mətbuatda çıxış edərək baş həkimin ünvanına sərt ittihamlar səsləndirib. Vətəndaş aidiyyəti dövlət qurumlarına ünvanladığı şikayət məktubunda xəstəxanaya ayrılan pulsuz dərman preparatlarının baş həkim Ramiz Pirverdiyev və maliyyə idarəsinin rəisi Namiq Məmmədov arasında bölündüyünü qeyd edib: "Tibb müəsissələri üçün ərzaq və digər mal-materiallara ayrılmış büdcə pulları yalnız kağız üzərində mövcud olan firmalara köçürülərək bu şəxslər və faktiki mövcud olmayan firmaların tək sahibi Məmməd Qasımov tərəfindən mənimsənilir. Xəstəxanada guya işləyən, əslində, heç xəstəxananın qapısının haradan açıldığını bilməyən, əmək haqqını baş həkimlə bölən "ölü canlar" barədə yüzlərlə konkret fakt göstərə bilərəm. Amma bunun heç bir xeyri olmaz. Çünki həmin faktlar müəyyən şəxslərin himayəsi ilə tez bir zamanda ört-basdır olunacaq. Mərkəzi Rayon Xəstəxanasının girişini faktiki olaraq baş həkimin obyektləri bağlayıb. "NUR" restoranı və "NUR" marketi Ramiz Pirverdiyevə məxsusdur. Acınacaqlısı budur ki, bu obyektlərdə işləyənlərin çoxu xəstəxananın texniki işçiləridir". İcra başçısı Ramiz Yediyarovun adaşının fəaliyyəti mütləq araşdırılmalıdır. Maraqlıdır, səhiyyə naziri Oqtay Şirəliyev Ramiz Pirverdiyevi baş həkim vəzifəsinə təyin edib ki, biznes fəaliyyəti ilə məşğul olsun, yoxsa əhaliyə xidmət göstərsin? Görəsən, xəstəxana rəhbəri niyə nazirin qoyduğu tapşırıqlara əməl etmir? Ümid edirik ki, Səhiyyə Nazirliyinin rəsmiləri tez bir zamanda Gədəbəy RMX-də yoxlamalara başlayıb baş həkimin qaranlıq əməllərinə işıq salacaqlar.

Maliyyə İdarəsinin rəisi Namiq Məmmədov kimə güvənir?

Gədəbəyin fəaliyyəti qənaətbəxş hesab edilməyən qurumlarından biri də Namiq Məmmədovun rəhbərlik etdiyi maliyyə idarəsidir. Vurğulayaq ki, Namiq Məmmədovun adı indiyə qədər saysız-hesabsız qanun pozuntularında və xoşagəlməz hadisələrdə hallandırılıb. "Gündəlik Bakı" qəzeti olaraq adıçəkilən məmurun fəaliyyətindəki neqativ məqamlar barədə müəyyən vaxtlarda konkret faktları dərc etmişik. Əfsuslar olsun ki, Maliyyə Nazirliyinin rəhbərliyi idarə rəisinin barəsində heç bir ölçü götürməyib. Bu isə Namiq Məmmədovun yüksək rütbəli şəxslərdən biri tərəfindən himayə olunması ilə bağlıdır. Hansı ki, idarə rəisi iştirak etdiyi məclislərin bir çoxunda həmin şəxsin adını çəkərək məhz onun tərəfindən müdafiə olunduğunu bildirir. Etibarlı mənbələrdən əldə etdiyimiz son məlumatlara görə, uzun müddətdir idarə rəisi vəzifəsində çalışan Namiq Məmmədov bu illər ərzində rayondakı dayaqlarını xeyli möhkəmlədib, eyni zamanda özünə böyük biznes şəbəkəsi yaratmağı bacarıb: "Gədəbəy rayonunda yerləşən və dövlət büdcəsindən maliyyələşən idarələrin fəaliyyəti hər ay yoxlanılır. Halbuki, müvafiq qanunlara görə, maliyyə yoxlamaları hər üç ildən bir aparılmalıdır. Namiq müəllim isə qanunlarla özünə sərf edən formada işləyir. Maliyyə imkanları həddən artıq geniş olan məmur rayonda onlarla obyekt tikdirib. Bundan başqa, dayısı Kərəm Allahverdiyevin adına Sumqayıt şəhəri ərazisində böyük ferma yaradıb. Həmçinin müxtəlif adamlarının adına sənədləşdirdiyi evləri, mülkləri də mövcuddur. Namiq Məmmədov ancaq özünü və yaxın ətrafını fikirləşir. Onun üçün tutduğu vəzifənin elə də əhəmiyyəti yoxdur, təki qazancı çox olsun. Rayonun bütün büdcə vəsaitləri məhz Namiq Məmmədovun əlində cəmləşib. O, Gədəbəyin hər bir strukturuna çox asanlıqla təsir etmək, onları istəklərinə razı salmaq imkanlarına sahibdir". Bax belə, hörmətli Ramiz Yediyarov. Məhz sizin rəhbəri olduğunuz rayonda qeyd etdiyimiz problemlər hökm sürür. Siz isə hansısa səbəblərə görə adını çəkdiyimiz məmurları yerində oturda bilmirsiniz. Görəsən, niyə? Biz qəzet olaraq yuxarı dairələrdən xahiş edirik ki, Gədəbəydə büdcə hesabına maliyyələşən bütün idarə və müəssisələrdə təcili yoxlamalara başlasınlar. Əgər bu addım atılmasa, rayonda daha ciddi problemlər meydana gələcək. Bir məsələni də qeyd edək ki, Ramiz Yediyarov vəzifəyə qoyulduğu iki il ərzində vətəndaşların etimadını qazana bilməyib.

Yazı ilə bağlı bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.

P.S. Niyə bütün idarə müdirlərinin soyadı məhz Məmmədovdur?
(Gundelik-Bakı qəzeti)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar