Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Görməməzliyin gözəlliyi


Zamin HACI yazır


“Cındırından cin ürkən dərviş yol qırağında oturmuşdu. Padşah ordan keçirdi, hamı ayağa durub baş əydi, bircə dərviş heç qımıldanmadı. Padşah qəzəbləndi: “Sən kimsən ki, mənim hüzurumda qalxmırsan!?” Dərviş soruşdu: “Bəs sən kimsən?”. Padşah: “Mən bu məmləkətin böyüyüyəm!”. Dərviş: “Bəs səndən böyük kimdir?”. Padşah dedi: “Məndən böyük peyğəmbərdir, ondan da böyük Allahdır”. Dərviş: “Allahdan böyük kimdir?”. Padşah bir az düşünüb dedi: “Heç kim, heç nə”. Dərviş dedi: “Bax, həmin heç nə mənəm, yolunla düz get”. 

(Şərq pritçası)

***

Yanılmıramsa, bir ay qabaq olardı (indi bunu dəqiqləşdirmək imkanım yoxdur), “Yeni Müsavat” qəzetində müsəlman din xadimlərindən Hacı İlqar İbrahimoğlunun bir çıxışını – dindarlar buna moizə deyirlər – oxudum. Burda bir haşiyə çıxım. 

Düzünü deyim, mən həmişə o səhifəni bir rəqib gözü ilə oxuyuram. İstəyirəm İlqar bəy islam dininə inanmayanlar haqda nəsə pis bir söz desin, mən də bu sözü tənqid edim. Hələ indiyə qədər bir dəfə də bu halla rastlaşmamışam! İnsan öz inandığı təlimi illərdir dayanmadan təbliğ edir, bu zaman başqalarının inancı ilə də bir işi yoxdur. Məncə bizim cəmiyyətdə qarşılıqlı dinc yaşamağımızın yeganə yolu elə bundan keçir – dözümlü yanaşmaqdan. 

Ümumiyyətlə, nə qədər ki, dünyanın necə yaranması hər hansı elmi-təcrübi yolla sübuta yetirilməyib, hər kəsin inancına hörmətlə yanaşmağa məcburuq. Kim haqlıdır, bunu sübut eləmək mümkün deyil. Hər kəsin əlində bir nəzəriyyə var. Nəzəriyyələrə görə adamlar gərək bir-birini öldürməsin. Mümkün ortaq nöqtələri tapıb yanaşı yaşayaq, o cümlədən, Azərbaycan dindarla dinsizin bir-birinə pis mənada toxunmadığı ölkə olsun. 

Elə İlqar bəyin bir ay qabaqkı moizəsində belə ortaq nöqtələrdən birinin elementlərini gördüyümdən çox sevinmişdim. Uzun müddət “bu gün yazaram, sabah yazaram” düşüncəsi ilə qaldı, indi Ramazan bayramı günündə dedim mütləq yazım, bu da məndən müsəlman icmamıza bir bayram qutlaması olsun. Çünki onların bəziləri yanlış olaraq məni ateist hesab edir. Mən ateist deyiləm – yuxarıda yazdığım kimi, buna heç bir sübutum yoxdur. Eyni zamanda, dindar da deyiləm – eyni səbəbdən. 

Nə isə, demək, İlqar İbrahimoğlu valideynlərin uşaq tərbiyəsi zamanı nə etməli olması mövzusundan danışıb orda İmam Əlidən misal çəkmişdi. Sən demə İmam Əlinin “İnsanın yarısı ağıldır, yarısı görməməzliyə vurmaqdır” məzmunlu bir fikri varmış. Düzü, mən sonra bunu internetdə axtarışa verdim, bənzər fikir islam peyğəmbəri Məhəmmədə aid də çıxdı. Ola bilsin hər ikisi deyib – bunun üzərində çox dayanmaq istəmirəm. 

İlqar bəy deyir ki, gərək valideynlər uşaqlarının müəyyən qüsurlarına, yanlışlıqlarına, bəyənmədikləri hərəkətlərinə göz yumsunlar. Çünki bəzən tənqid daha pis nəticə verir, uşaq tərslik edir, inada düşür və sairə. 

Valideyn olaraq İlqar bəyin nə qədər haqlı olduğunu düşünmüşdüm. Məncə bu “göz yummaq” məsələsindən sui-istifadə etmədən sosial, cəmiyyət daxili işlərdə də yararlanmaq yaxşı olar. Örnəklər çəkim, aydın olsun nə demək istəyirəm. 

Burada heç də “hökumət oğurlayır, ona göz yum” tipli nəsihət edilmir. Çünki burada cəmiyyətə, insana vurulan zərər var. Amma ortada zərər yoxdursa, örnək üçün, kiminsə ateist olmasının dindara nə dəxli ola bilər? Yaxud, biri hicab örtür, başqası örtmür. Yaxud, hansısa insan homoseksualdır. Buna göz yummaq olmazmı? Olar. Mən bu tip xoşgörülüyü, tolerantlığı nəzərdə tuturam. 

Nəzərə almaq lazımdır ki, bəşəriyyət tarixi dini inanc mövzusunda nə qədər nahaq qanlara bələnib. Bu qanlar yenə olmasın deyə göz yummaq fəlsəfəsini təbliğ eləməliyik. Başqa örnək deyim: tutalım ateist (ya da ateist olmayan) kimsə sosial şəbəkədə, mediada dini mövzuda bir zarafat edir. Buna dərhal aqressiv cavab vermək düz yol deyil. Çünki sən də onu öz kitabında qabaqcadan “donuz əti yeyən murdar kafir” adlandırmısan. Bu da elə bir növ qara yumordur. 

Görməməzliyə vurmaq insanı rahatladır, mənasız davalardan, dartışmalardan çəkindirir. Heç də hər şeyə münasibət bildirmək borcunuz, vəzifəniz yoxdur. 

Bu mövzuda araşdırma aparanda İmam Əlinin başqa bir maraqlı fikrinə rast gəldim: “Göz yummayan insanın həyatı qaranlıq, özü kor olar”. Belə baxanda paradoksal səslənir. Necə yəni, həm göz yummursan, gözün açıqdır, həm də dünyanı qaranlıq görürsən? Əlbəttə, burada simvolik “gözdən”, necə deyərlər, qəlbin baxışından söz açılıb. (musavat.com) 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar