Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hakimiyyət üçün kritik 10 gün


Moskva-Vaşinqton duelində riskli seçim anı


İqtidarın Strasburqdan başlayan “avrosınaq” dekadasının Bakıda ATƏT tədbiri ilə son akkordunun vurulacağı gözlənilir; Ukraynaya dair qətnamə layihəsi “balanslı siyasət”i bu dəfə “evdə” imtahana çəkəcək...

Başa çatan həftə və iyulun ilk iki gününü rəsmi Bakı üçün, faktiki olaraq, “Avropa sınağı” (“avrosınaq”) saymaq olar. Diqqət edin, iyunun 23-də Strasburqda AŞ PA-nın yay sessiyası öz işinə başlayıb və bu sessiyada Bakının ən yüksək səviyyədə təmsilçiliyi Azərbaycan tematikasına xüsusi məzmun, həyəcan gətirib.

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyinin başlanması ilə əlaqədar sessiyaya ölkə prezidenti İlham Əliyev də qatılıb. Bundan əlavə, Əliyev iyunun 24-də qurumda məruzə ilə çıxış edib və ona ünvanlanan sualları cavablandırıb. Ayın 25-də, İnsan Haqları və Hüquq Məsələləri Komitəsinin iclasında isə Azərbaycanda siyasi məhbuslarla bağlı təkliflər müzakirə edilsə də, məsələ lazımi həllini tapmayıb.

Məlumdur ki, AŞ PA toplantısı iyunun 27-də öz işini bitirib. Amma elə ertəsi gün - ayın 28-də Bakıda ATƏT Parlament Assambleyasının sessiyası öz işinə başlayıb. Sessiya iyulun 2-dək davam edəcək. Beləliklə, iyunun 23-dən iyulun 2-dək olan “on günlük” Bakı üçün hansısa “Avropa dekadası” testi olacaq. 

Bakı Avropada: AŞ PA-nın sessiyası



Hələ 10 il öncə AŞ PA-nın sessiyasında İlham Əliyev Azərbaycan prezidenti qismində çıxış edərkən çox da inamlı görünməmişdi və sanki özünə bəraət formasında avroparlamentarları inandırmağa çalışmışdı ki, o, demokratikləşmə kursuna sadiqdir və ölkə öz üzərinə götürdüyü öhdəlikləri müntəzəm şəkildə yerinə yetirir. Bu, o zamanlar idi ki, AŞ PA-da ümumi fon və geosiyasi kontekst tamamən başqa idi: Azərbaycanın yeni seçilən prezidenti həm Moskvanın, həm də Qərbin avanslı dəstəyinə malik idi, onun bu və ya başqa addımları ilə bağlı ünvanına deyilən tənqidlər xoş xarakter daşıyırdı və o zaman heç bir çətin sual və ya obstruktiv mahiyyətli aksiyalar da müşahidə olunmurdu.

Lakin 10 il sonrakı sessiyada prezident özünə əmindən də çox əmin görünürdü, ən rahatsız suallara belə çəkinib eləmədən olduqca sərt cavablar verirdi, bununla da mövqeyinin haqlı olduğunu və apardığı siyasətdə yanlışlar olmadığını nümayiş etdirməyə çalışırdı. Yəni bütövlükdə müdafiə deyil, hücum mövqeyindən çıxış edirdi. Hərgah, sessiyada ümumi atmosfer əvvəlki dönəmdən fərqli olaraq heç də əlverişli deyildi: azərbaycanlı hüquq müdafiəçiləri prezidentin çıxışı ərəfəsində iclas zalında əyani etiraz aksiyası təşkil etmiş, bəzi deputatlar isə ölkədə insan haqlarının, söz, ifadə və toplaşmaq azadlıqlarının pozulması ilə bağlı ona kəskin suallarla hücumlar eləmişdilər.

Lakin prezident bu dəfə özünə bəraət qazandırmağa, dəqiqləşmələr etməyə və hətta deyilənlərin əksini inandırmağa səy göstərmirdi, o, sadəcə, sərt formada deputatların yalanını çıxarır, qəti şəkildə iddia edirdi ki, Azərbaycanda hər şey tam qaydasındadır və belə suallar üçün heç bir əsas yoxdur. 

Prezidentin verbal və real davranışında belə kəskin dəyişiklik, əlbəttə ki, heç də Azərbaycanda demokratiya, insan haqları, siyasi məhbuslarla bağlı iradlara əsasların azalması ilə əlaqədar deyil. Tam əksinə: ölkədə demokratiya sahəsində vəziyyət daha da ağırlaşıb və Qərbin rəsmi Bakının ünvanına tənqidləri əhəmiyyətli dərəcədə artıb. 
Ancaq İlham Əliyevin Strasburqdakı inamlı çıxışı göstərdi ki, bunlar onu zərrəcə qorxutmur və hər şeydən göründüyü kimi, o, sərt daxili siyasəti davam etdirəcək - çünki başa düşür ki, bu gün Qərbin Bakı ilə münasibətləri korlaması açıq-aşkar məntiqdən kənardır.

Məsələ də ondadır ki, dünyada, postsovet məkanında və məxsusən Azərbaycan ətrafında geosiyasi kontekst dəyişib. Rusiya ilə Qərb arasında konfrontasiyalı qarşıdurmanın güclənməsi və postsovet məkanında nüfuz dairələri uğrunda mübarizənin həddən ziyadə sərtləşməsi fonunda Azərbaycanın Qərbə siyasi, geosiyasi, energetik və tranzit lazımlılığı (rolu) olduqca artıb. 

Yeri gəlmişkən, hazırkı Qərb-Rusiya qarşıdurmasının Azərbaycanı geosiyasi seçimlə bağlı riskli duruma saldığı və Bakının manevr imkanlarını daraltdığı barədə geniş yayılmış fikir reallığı tam əks etdirmir. Tərsinə, Rusiya ilə Qərb arasında strateji seçim zəruriliyi bir yandan rəsmi Bakı üçün riskləri artırsa da, ikinci yandan, konyunktur geosiyasi bazarlıq və taktiki manevr üçün onun imkanlarını genişləndirib. 

Bu mənada AŞ PA sessiyasında Bakının ünvanına səslənən tənqidlər sırf nümayişkaranə və dozalı xarakter daşımaqla bərabər, bir daha Qərb üçün geosiyasət və energetikanın demokratiyadan üstün olduğunu ortaya qoyub. Rəsmi Bakı Strasburqa, şübhəsiz, bu amili nəzərə alaraq gedib. 

Beləcə, baxmayaraq ki, Bakı demokratiya testindən vaxtaşırı keçə bilmir, AŞ PA sessiyası göstərdi ki, bu testdən növbəti dəfə avroparlamentarların özləri də çıxa bilməyiblər, hansı deputatlar ki, İlham Əliyevi sərt məngənəyə sala bilərdilər. Fəqət, geosiyasi və energetik motivlərin xüsusi əhəmiyyət kəsb eləməsi səbəbindən buna getmədilər. Situativ kontekstdə belə yanaşmanı anlamaq çətin deyil.

Avropa Bakıda: ATƏT PA-nın sessiyası



AŞ PA-nın sessiyasından dərhal sonra, iyunun 28-dən iyulun 2-dək ilk dəfə olaraq Bakıda ATƏT Parlament Assambleyasının sessiyası işinə başladı. Nəzərə alsaq ki, növbəti sessiya Helsinki Yekun Aktının 40 illiyi ərəfəsində keçirilir, o zaman toplantının “Helsinki + 40" devizi altında və Bakıya təklif edilən ”ATƏT məkanında hər kəs üçün təhlükəsizlik" mövzusunda reallaşması təəccüblü olmaz.

Sessiyada 500-dən çox nümayəndənin - siyasətçilərin, deputatların, jurnalistlərin, 68-dən çox ölkənin nümayəndə heyətinin (57 üzv-ölkə, 11 əməkdaşlıq üzrə tərəfdaş dövlət) iştirakı gözlənilirdi və bu, aşağı-yuxarı, oldu. Bakı toplantısına Ermənistandan olan nümayəndə heyəti də qatılıb və ənənəvi destruktiv mövqeyini növbəti dəfə nümayiş etdirib. Təbii ki, cavabları da verilib. (Sessiyadan reportaj-yazı ayrıca təqdim edilir - red.). 

Azərbaycan prezidenti isə öz çıxışında bir daha müasir Ermənistan dövlətinin tarixi Azərbaycan torpaqlarında təşəkkül tapdığını vurğulayaraq diqqəti beynəlxalq təşkilatların Qarabağa dair qətnamələrinin hələ də yerinə yetirilməməsinə, ikili standartlara yönəldib. Sitat: “ Biz 20 ildir, erməni təcavüzündən əziyyət çəkirik. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və 20 ildir, erməni işğalı altındadır. Ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçiriblər. Onların törətdikləri Xocalı soyqırımı dünyanın bir sıra ölkəsində tanınıb... 

Öz müqəddəratını müəyyən etməyə gəlincə, Helsinki prinsiplərinə görə, bu, ərazi bütövlüyünə zidd olmamalıdır. Ermənilər bir dəfə öz müqəddəratlarını müəyyən ediblər, niyə ikinci dəfə Azərbaycan torpaqlarında ikinci dövlət yaratmalıdırlar? Axı indiki Ermənistan da Azərbaycan ərazisində yaradılıb...”

*   *   *

Dünənki sessiyanın məhz Azərbaycan paytaxtında öz işinə başlaması, həmçinin, bir çox başqa məsələlərlə yanaşı, Ukraynadakı situasiyanın, Qarabağ da daxil həlli uzanan münaqişələrin və regional təhlükəsizliklə bağlı məsələlərin müzakirəsini ehtiva edən zəngin gündəliyi foruma xüsusi çalar verən amillərdəndir. Bu çaları bəzi ölkələr tərəfindən xüsusi qətnamə layihələrinin sessiyanın gündəliyinə daxil edilməsi və gözlənilən müzakirəsi əhəmiyyətli dərəcədə gücləndirir və Bakı üçün əlavə “baş ağrısı” yarada bilər. 
Belə ki, amerikalı senator Bencamin Kardinin təşəbbüsü və ABŞ-ın təkidi ilə sessiyanın gündəliyinə Rusiyanın Ukraynaya münasibətdə aqressiv siyasətini və Krımın işğalını pisləyən qətnamə layihəsi daxil edilib. Sənəddə Rusiya “Helsinki Aktı prinsiplərini Ukraynaya münasibətdə aşkar, kobud və cəzasız şəkildə pozmaqda, o sırada ölkənin suverenliyi və ərazi bütövlüyünü qaba şəkildə tapdamaqda” ittiham olunur. 

Qətnamə layihəsi ilə bağlı səsvermə iyulun 1-nə nəzərdə tutulub. Sənədin qəbulu üçün 300 deputatın dəstəyi lazımdır. Qətnamə bəyənilərsə, o zaman ATƏT PA-nın əsas yekun sənədində - Bakı bəyannaməsində əksini tapacaq və sənəd özündə bütün 57 üzv ölkə üçün siyasət, təhlükəsizlik, iqtisadiyyat və insan haqları sahəsində tövsiyələri ehtiva edəcək. Sessiyanın ilk günündəki debatlar müzakirələrin gərgin keçəcəyinə şübhə yeri qoymadı.



Bu mənada ATƏT PA-nın sessiyasının rəsmi Bakıdan ötrü növbəti sınaq, test olacağı şübhə doğurmur. Ancaq Strasburqdakı AŞ PA sessiyasındakı kimi demokratiyaya sadiqlik testi yox, bu dəfə “Ukrayna məsələsi”ndə öz mövqeyini dəqiqləşdirmək və Qərblə Rusiya arasında hazırkı geosiyasi dueldə yerini müəyyənləşdirmək testi olacaq.
Rəsmi Bakı isə BMT-də Ukrayna ilə bağlı məlum səsvermədən sonra Moskva ilə münasibətlərdəki gərginliyi təzə-təzə səngidə bilib. Azərbaycan hakimiyyətini indi ATƏT PA-nın toplantısında, üstəlik forumun ev sahibi qismində daha mürəkkəb və riskli seçim gözləyir.

Nəzərə alanda ki, separatizmin və üzücü Qarabağ probleminin bəlalarını öz üzərində hərtərəfli hiss edən Azərbaycan bütün belə analoji hallarda (təkcə “Krım məsələsi”ndə deyil, həm də Kosovo ilə bağlı məsələdə) daim ölkələrin ərazi bütövlüyü və suverenliyini müdafiə edir, o zaman bu məntiq çərçivəsində o, faktiki surətdə Amerika qətnaməsini dəstəkləməyə məhkumdur.

Lakin o halda Bakı yenidən Kremlin həddən ziyadə sərt reaksiyası və proqnozlaşdırılmayan hədələri ilə üzləşə, uzun müddətə Moskva ilə münasibətlərin pozulmasına risklənə bilər. Bununla belə, az yuxarıda sadalananlar üzündən Azərbaycan iqtidarı Rusiya tərəfdən Ukraynanın ərazi bütövlüyü və suverenliyinin pozulmasını və separatizmi pisləyən ABŞ qətnaməsi əleyhinə də gedə bilməz - belə mövqe açıq-aşkar milli-dövlət maraqlarımızla ziddiyyət təşkil edə, Azərbaycanın özü üçün təhlükəli bumeranq effekti yaradardı. 

Odur ki, rəsmi Bakı bu dəfə, yəqin ki, səsvermə zamanı sənədə nə “hə”, nə də “yox” deyib bitərəf qalmaqla ehtiyatlı və neytral mövqe tutmağa çalışacaq. Bununla belə, hətta o halda da sessiya Qərblə Rusiya arasında kəskin qarşıdurma və debatlar üçün meydan olmaqla rəsmi Bakıdan ötrü əsəbyaradıcı bir faktor olacaq və Azərbaycan üçün olduqca qalmaqallı nəticələr doğura bilər. 

Çünki bu və ya başqa qətnamələrə səsvermə proseslərində Azərbaycanın tutacağı mövqedən asılı olmayaraq, yekun sənəddə Rusiyanı mühakimə edən bəndlər əksini taparsa, bu hadisə tarixdə Bakı bəyannaməsi kimi qalacaq. O zaman Moskva öz neqativliyini ATƏTABŞ-a deyil, həm də qismən foruma ev sahibliyi edənə, yəni rəsmi Bakıya yönəldəcək.

*   *   *   *
Beləliklə, Azərbaycan üçün həddən ziyadə ziddiyyətli və əsəbi “Avropa dekadası” başlayıb. Onun yekunları Rusiya-Azərbaycan-Qərb (AvropaABŞ) üçbucağında qarşılıqlı münasibətlərin ümumi kontekstində müəyyən korrektələrə gətirə bilər.

Zəfər QULİYEV, politoloq


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar