Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həbsdəki oliqarxların azad edilməsinin səbəbləri...



Zahid Oruc: “Bu iş adamları borclarını ödəməklə çox rahat şəkildə öz işlərinə davam edə bilərlər, buna kriminal don geyindirmək lazım deyil”


Vüqar Bayramov: “Son monitorinqlər də göstərir ki, bu həbslər ölkədən investisiyanın xaricə getməsinə gətirib, çıxarmayacaq”

Natiq Cəfərli: “Həbs edilənlərin azad olunması onu göstərir ki, hakimiyyət nümayəndələrinin özləri də maraqlı deyillər ki, bu işlər məhkəməyə qədər gedib, çıxsın və böyük qalmaqallarla nəticələnsin”

Hökumət həbs olunan oliqarxları bir-bir azad edir. Ötən gün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan “Avesta” konserninin prezidenti, iş adamı Hacı İbrahim Nehrəmli sərbəst buraxılıb. 

Bundan əlavə, Bakının Nərimanov rayon Məhkəməsi iş adamı Nizami Piriyev barəsində həbs-qətimkan tədbirini dəyişib. Həbsdən çıxan hər iki iş adamı vaxtı keçmiş kreditlərini ödədiklərini və digərlərini ödəmək barəsində öhdəlik götürdüklərini deyiblər. 

Hacı İbrahim Nehrəmli mətbuata bildirib ki, onunla bağlı işlər qaydasındadır,  “Avesta” konserninin ləğv olunması, ya satılması ilə bağlı yayılan xəbərlər isə həqiqəti əks etdirmir. 

Nizami Piriyev isə bildirib ki, "AzMeCo" şirkətinə məxsus metanol zavodu iyun ayının əvvəlindən fəaliyyətini bərpa edəcək.

Oliqarxların həbs edilərək, “Bondotel”də dindirilməsi mətbuatda nə qədər səs-küy yaratmışdısa, onların azad edilməsi də o dərəcədə diqqəti çəkib. Dövlət vəsaitini mənimsəmək, “maliyyə xəyanət” ilə ittiham olunanların ötən gündən etibarən azadlığa çıxması təəccüblə qarşılanıb. 

Musavat.com-un əməkdaşı bu məsələni ekspertlərlə dəyərləndirib. 

İqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, oliqarxların həbs edilməsi maliyyə nəzarətinin gücləndirilməsi baxımından, müsbət haldır və məsələ yalnız kredit borcları olduğundan, onu ödəyənlərin azad edilməsi də normaldır: “Əgər banklara kredit borclarını qaytara bilməyən iş adamları həbs olunubsa, bu, irihəcmli digər kreditlərin qaytarılması ilə bağlı da məsuliyyəti artırır. Bu, imkan verir ki, iş adamları vergi və kredit öhdəliklərinə daha ciddi yanaşsınlar. 

Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, həbs olunan iş adamlarının həyata keçirdikləri layihələr rentabelli layihələr deyildi. Bizim apardığımız monitorinqlər də göstərir ki, sözügedən iş adamlarının investisiya layihələri üzrə xərc-gəlir analizi həyata keçirilməyib. Bu isə o deməkdir ki, həmin kreditlərin böyük bir qismi rentabelli olmayan investisiya layihələrinə yönəldilib. 

Həmin oliqarxların həbs edilməsi layihələrin dayanmasına səbəb olsa belə, bu, iqtisadiyyat üçün bir zərbə deyil. Çünki, həmin layihələrin gəliri də sual doğurur. Əslində, oliqarxların həbsi maliyyə öhdəliklərini yerinə yetirməmələri ilə bağlı idi. Onların “maliyyə xəyanəti” – yəni kredit öhdəliklərini yerinə yetirməməsi səbəbindən idi. 

Mən düşünmürəm ki, bu həbslər biznes mühitinə mənfi təsir edəcək. Çünki, burada biznes fəaliyyəti ilə məşğul olan və rentabelli layihələri olan, bank və vergi borcları olmayan iş adamlarının həbsindən söhbət getmir. Aparılan son monitorinqlər də göstərir ki, bu həbslər ölkədən investisiyanın xaricə getməsinə də gətirib, çıxarmayacaq. Bu da onu göstərir ki, həmin həbslər külli miqdarda pulun ölkədən çıxmasına gətirib, çıxarmadı”. 

İqtisadçı ekspert Natiq Cəfərli isə musavat.com-a bu həbslərin məhkəməyə daşınmamasının səbəblərini açıqlayıb: “Mən müsahibələrimdə demişdim ki, bu işlərin böyük əksəriyyəti məhkəmələrə qədər gedib, çıxmayacaq. Çünki, məhkəmələrə qədər gedib, çıxması Azərbaycanda iqtisadi mühitin problemlərini, hansı korrupsiya sistemlərindən istifadə olunmasını da üzə çıxa və bu, qalmaqallar yarada bilər. 

Ona görə də, problem məhkəməyə qədər həll olunacaq. Həbs edilənlərin azad olunması da onu göstərir ki, hakimiyyət nümayəndələrinin özləri də maraqlı deyillər ki, bu işlər məhkəməyə qədər gedib, çıxsın və böyük  qalmaqallarla nəticələnsin. Çox güman ki, müəyyən kredit müqavilələri bağlandıqdan, öhdəliklər verildikdən sonra həbs olunanların böyük əksəriyyəti azadlığa çıxacaq”. 

Natiq Cəfərli bu həbslərdən sonra investorların xaricə axın edəcəyini, oliqarxların vəsaitlərini ölkədən çıxaracağını da vurğuladı: “Bu həbslərdən və iş adamlarına qarşı əməliyyatlardan sonra Azərbaycanda onsuz da yaxşı vəziyyətdə olmayan investisiya mühitinin daha da pisləşməsi mümkündür. Təkcə onlara deyil, digər insanlara, bu işlərlə yaxından-uzaqdan əlaqəsi olmayan sahibkarlara da bir siqnal oldu ki, hər an hüquq-mühafizə orqanları tərəfindən onların biznesinə əl qoyula, fəaliyyətləri dayandırıla və qeyri-qanuni elan oluna bilər. 

Ümumiyyətlə, belə proseslər bütün Azərbaycanda investisiya mühitinin daha da korlanmasına, xarici investisiyaların ölkədən çıxarılmasına gətirib, çıxara bilər. Onsuz da Azərbaycanda energetika sektoru istisna olmaqla, digər sahələrə investisiya qoyanlar çox azlıq təşkil edirdi. İndi tamamilə bu investisiyaların kəsilməsi gündəmə gələ bilər. Çünki, ənənəvi sxem artıq dağıdıldı. 

Azərbaycanda qanunun aliliyi prinsipinə əməl olunmadığından investorlar ancaq məmurların qəyyumluğu vasitəsilə iş qurmağa çalışırlar. Bu sxem də dağıldığından Azərbaycanda yaxın zamanlarda investisiya mühitinin kəskin korlanması baş verə və bəzi iş adamları özlərinin vəsaitlərini, daşınmaz əmlaklarını pula çevirərək, ölkədən çıxara, xarici ölkələrə apara bilərlər. 

Ola bilər ki, azərbaycanlı iş adamları  ən yaxşı investisiya mühiti olan qonşu Türkiyəni seçsinlər. Birinci rübün nəticələri ilə bağlı həbslərdən də öncə, Türkiyədə Azərbaycan investisiyalarının həcmində keçən ilə nisbətən ciddi artım müşahidə olunurdu. Türkiyə Statistika Komitəsinin verdiyi məlumatlardan da görünür ki, keçən ilə nisbətən 19-20 faizə yaxın artım var. Bu hadisələrdən sonra vəsaitlərin böyük bir qisminin Türkiyəyə köçülməsi və investisiyaların ora yönəldilməsi gündəmə gələ bilər. 

İnvestisiyaların Azərbaycandan çıxarılaraq, Gürcüstana aparılması da gündəmə gələ bilər. Ola bilər ki, yaxın zamanlarda Gürcüstanda da Azərbaycan investisiyalarının həcmi artsın. Çünki, Azərbaycan investisiyaları üçün başqa ölkələr çox məhduddur. Avropa ölkələrində iş qurmaq, yatırım etmək daha çətindir. Çünki, orada  rəqabətli mühit həddindən artıq yüksəkdir. Türkiyə ilə Gürcüstanda belə investisiyalar üçün daha münbit şərait var. Ola bilər ki, Azərbaycandan çıxarılan investisiyalar bu ölkələrə yönəldilsin”. 

Millət vəkili Zahid Oruc isə bu həbsləri sadəcə, maliyyə əməliyyatı adlandırdı və kredit borcunu ödəyənlərin azad olunmasını da normal qəbul etdiyini vurğuladı: “Beynəlxalq Bankın resursları hansısa özəl qurumun vəsaitləri deyil. Səhmlərinin 51 faizi dövlətin sərəncamındadır. Bank eyni zamanda depozitləri də qəbul edir və onu kredit resursuna çevirir. Ancaq dediyimiz kimi, əsas vəsait dövlətdən gəlir. 

Ona görə də bu həbslərdə məqsəd kimlərinsə iddia etdiyi kimi, biznesi, sahibkarları sıxmaq, təzyiq etmək, vəsaitləri xüsusi qaydada bölüşmək, iş adamlarını məcburi ödəmələrə cəlb etmək deyildi. Əksinə düşünürəm ki, bu addım vəsaitlərin konkret layihələrdən kənara yönləndirənlərin versiyaları, uydurmalarıdır. 

Mənə elə gəlir ki, burada məsələ kifayət qədər sadədir, götürdüyünüz vəsaitləri geri qaytarın. Hamı kredit müddətinin 2018-2019-cu ildə bitməsindən danışır, layihələrə yönəlmiş vəsaitlərin doğru xərcləndiyini iddia edir. Ancaq hər kəsə məlumdur ki, kredit götürən hər bir vətəndaşın aylıq ödəmə ilə bağlı öhdəliyi var. Bəs, necə olur ki, iş adamlarının götürdüyü vəsaitlər birdən-birə 2019-cu ildə birdəfəlik ödənilməli olur?” 

Zahid Oruc vurğuladı ki, burada hakimiyyətin başlıca məqsədi bu insanların ödəməli olduğu vəsaitlərin geri qaytarılması idi: “Mən parlamentdə onu da vurğuladım ki, Beynəlxalq Bankın sərəncamında olan pul kütləsi İqtisadiyyat və Sənaye Nazirliyinin büdcəsindən dəfələrlə çoxdur. Niyə onlar bir dəfə də olsun, hesabat vermirlər? Bu məsələnin çözümü iqtisadi mühiti şəffaflaşdıracaq, kredit sistemində dəqiqlik yaradacaq. 

Vətəndaşlar kredit faizlərinin yüksək olmasından şikayət edirlər. Belə olan təqdirdə, varlı olmaq vətəndaşa üstünlük yaratmalıdırmı? İş adamları 100 milyon vəsait götürüb, məcburi ödəmədən qıraqda qalmalıdır, ancaq 10 min kredit götürən insan ödəyə bilmədikdə onun evi əlindən alınmalıdır? 

Kreditlə bağlı bərabərhüquqluluq dövlətin siyasətinin əsasını təşkil etməlidir. Bu səbəbdən düşünürəm ki, bu iş adamları vəsaitləri ödəməklə çox rahat şəkildə öz işlərinə davam edə bilərlər. Buna heç bir halda kriminal xarakter vermək lazım deyil. Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə qanunvericiliklə verilmiş səlahiyyətlər bu cür dindirmələri tanıyır. Bunu dövlətin iş adamlarına qarşı “səlib yürüşü” kimi təqdim etmək olmaz”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar